Suriya münaqişəsi: Rusiya qırıcıları və pop ulduzları

Fotonun müəllifi Rossiya 1
Image caption Hmeymin hava bazasında Yulia Çiçerina ilə (solda) Zara da (sağda) çıxış edib.

Müharibələr zamanı böyük dövlətlər “qoşunların döyüş qabiliyyətini artırmaq” məqsədilə adətən sənət ulduzlarından istəfadə ediblər.

Məsələn, İkinci Dünya Müharibəsində cəbhə xəttində əsgərlər üçün konsert verən Vera Lynn “ordunun sevimlisi”nə çevrilmişdi.

Komediya aktyoru Bob Hope Vyetnamdakı ABŞ əsgərlərini güldürmək üçün bu ölkəyə yollanmışdı. Və nəhayət son illərin münaqişələrindən olan Əfqanıstan müharibəsində əsgərləri əyləndirmək məşhur Jennifer Lopez-ə həvalə olunmuşdu.

Bütün bunlardan nümunə götürən Rusiya Yeni il bayramı üçün Suriya cəbhəsinə Yuliya Çiçerina və Zara da daxil “məşhurlar” briqadasını göndərib.

Ordenli pop ustaları

“Müharibədə də sevgiyə yer var” – oxuyurdu müğənni Çiçerina Latakiyadakı Hmeymim hərbi hava bazasında.

Onun, əlində balalayka çıxış etdiyi səhnənin arxasında hərbi hava bazasının üçuşlara nəzarət qülləsinin silueti və qum kisələri görünürdü.

Müğənninin sinəsini bəzəyən bir neçə orden də kameranın diqqətindən yayınmamışdı.

BBC Monitoringdən Stephen Ennis yazır ki, Çiçerina da, başqa bir deputat-müğənni, sovet estradasının veteranı İosif Kobzon kimi Ukrayna hökumətinin “qara siyahı”sına düşüb.

Fotonun müəllifi Getty
Image caption Yuliya Çiçerina həm ilhaq edilmiş Krımda, həm də separatçı Şərqi Ukraynada çıxışlar edib
Fotonun müəllifi Getty Images
Image caption Millət vəkili və qocaman estrada ulduzu İosif Kobzon Vladimir Putinin ən qızğın tərəfdarlarından biridir

Buna səbəb onun Rusiya tərəfindən ilhaq olunmuş Krımda konsert verməsi olub.

Hmeymim hərbi hava bazasındakı rus hərbçiləri bundan əvvəl, Yeni il bayramı ərəfəsində məşhur pop ulduzu Zara da feyziyab edib.

Həmin konsertdə döyüşçülər də öz yaradıcılıqlarını nümayiş etdiriblər. Zara ilə birlikdə əldəqayrıma səhnəyə hərbi orkestr və matros rəqqaslar çıxıb.

Hazırda Rusiyanın hərbi hava qüvvələri Suriyada prezident Əsədin qüvvələrinə, habelə onun müttəfiqi – Livan Hizbullahına, antihökumət qiyamçılarına və İslam Dövləti döyüşçülərinə qarşı əməliyyatlarda dəstək verir.

Uzaq sahillərdə

Fotonun müəllifi AFP
Image caption Rusiyanın dövlət televiziyası bildirir ki, Rusiya təyyarələri “terrorçuların” mövqelərinə dəqiq zərbələr endirir

Prezident və ali baş komandan Vladimir Putin özünün Yeni il nitqində həm də “Rusiyanın milli təhlükəsizlik maraqlarını uzaq cəbhələrdə müdafiə edən rus əsgərlərinə” təşəkkürünü bildirmişdi.

Öz siyasi mesajını müğənni Zara da verib. O Gazeta.ru saytına müsahibəsində “terror təhlükəsi ilə döyüşənlərə heyran olduğunu” söyləyib.

Bu günlər Rusiyanın dövlət telekanalları da incəsənət xadimlərinin Suriya cəbhəsinə səfərindən təbliğat faydası götürməyə çalışır.

Rossiya 1 telekanalının efirində gedən başlıqlardan biri də belə idi: “Musiqi sədaları qırıcıların uğultusuna qarışır”.

Fotonun müəllifi Getty Images
Image caption Vera Lynn İkinci Dünya Müharibəsi illərində Britaniya qoşunlarının “sevimli”sinə çevrilmişdi

Bununla belə, insan haqları təşkilatları Rusiyanın hava reydlərini kəskin tənqid edərək bildirirlər ki, bombardmanlar nəticəsində Suriyada indiyədək 200-ə qədər mülki şəxs həlak olub.

Rusiya Müdafiə Nazirliyi bu kimi tənqidləri “qərəz və böhtan” kimi rədd edir.

Kobzonun cəbhə fonoqraması

Suriyada verilən konsertlər 1980-ci illərdə Əfqanıstana sovet müdaxiləsində iştirak etmiş adamlara yaxşı tanışdr. O müharibədə ən çox cəbhə konsertləri verən İosif Kobzon idi.

Veteranlar xatırlayırlar ki, məşhir müğənni hərbi maşınların yük platformasında qurulan səhnələrdə özünün 5 rəqqasəsi və fonoqrammanın müşaiyəti ilə konsertlər verərdi.

Kobzon “əfqan müharibəsi” illərində həmin ölkədə sovet ordusu üçün 9 konsert vermişdi.

Steven Ennis yazır ki, Rusiya sənətçilərindən heç də hamısı belə tədbirlərə qatılmır.

Ukraynanın “qara siyahısı”nda olan müğənni Ruslan Alexno Gazeta.ru saytına deyib: “Ad çəkməyəcəyəm, amma çox məşhur sənətçilər var ki, cəbhəyə getməkdən imtina ediblər”.