Novak Djokovic: Matç saxtakarlıqları geniş yayılmayıb

Image caption Novak Djokovic düşünmür ki, danışılımış matçlar hazırda geniş yayılıb

Novak Djokovic tennis üzrə Avstraliya Açıq Çempionatının başlanğıcına kölgə salmış korrupsiya iddiaları ilə bağlı deyib ki, danışlımış oyunlar praktikası tennis idmanının yuxarı eşelonlarında geniş yayılmayıb.

Karyerasının əvvəllərində matçı uduzması müqabilində ona veriləcək 110 min dollardan imtina etdiyini bildirən dünyanın 1 nömrəli tennisçisi əlavə edib ki, tennisin elitası arasında matçların saxtalaşdırılmasına dair “həqiqi sübutlar” yoxdur.

“Bunlar şayiələrdir” – deyib 10 Böyük Dəbilqə titulunun sahibi.

BBC və BuzzFeed News xəbər portalı tennis matçlarının saxtalaşdırılmasını və ya danışılımış oyunların yer aldığını göstərən məxfi sənədləri əldə ediblər.

Bu sənədlər göstərir ki, son onillik ərzində ilk əlliliyə daxil 16 oyunçu matçları dəfələrlə qəsdən uduzduqlarına dair şübhələrə görə Tennis İntizam İdarəsinə (Tennis Integrity Unit - TIU) dəvət edilib.

Aralarında Böyük Dəbilqə qalibləri olan bu tennisçilərin yarışlarda iştirakının davam etdirilməsinə imkan yaradılıb.

Peşəkar Tennis Assosiasiyasının (Association of Tennis Professionals) rəhbəri Chris Kermode matçların saxtalaşdıılması faktlarının ört-basdır edilməsi və ya lazımi ciddiliklə aparılmamasına dair bütün iddiaları rədd edib.

Bununla belə, o əlavə edib ki, “BBC və BuzzFeed saytlarının məlumatları on il bundan əvvələ aid olsa da, hər hansı yeni informasiya araşdırılacaq”.

Birləşmiş Krallığın mədəniyyət, media və idman naziri John Whittingdale BBC-yə deyib ki, tennis “başqa idman növlərinin səhvlərindən dərs almalıdır”.

İdman və futbola qarşı “buna bənzər keçmiş iddiaların ört-basdır edildiyi hiss olunur – deyib nazir, - Bunlar çox ciddi iddialardır və çevik şəkildə araşdırılması mühümdür”.

İddialardan biri budur ki, 2007-ci ildə tennis rəsmilərinə Wimbledonda oynanmış üç matç da daxil 26 min matça dair hesabat təqdim olunub və bunların arasında qaydaları pozmuş şəxslərin istefaya göndərilməsi üçün kifayət qədər dəlillər olub.

Lakin bu barədə heç bir ölçü götürülməyib.

"Mən danışlımış matçlar barədə məlumatım əsasında deyə bilərəm ki, belə şeylər yüksək səviyyələrdə baş vermir” – deyə əlavə edib Djokovic.

"Debütant mərhələsində, ola da bilərdi, olmaya da bilərdi. Amma mənim bu barədə danışmaq səlahiyyətim yoxdur. Mən ancaq öz fikrimi deyə bilərəm. Bunun üçün təşkilatlar, rəsmilər, belə şeylərin izinə düşməli olan adamlar var” – deyib çempion.

Djokovic artıq bir dəfə matçı uduzması üçün ona 2007-ci ildə Peterburq Açıq Çemionatında müraciət edildiyini etiraf edib.

"Mənə, mənimlə işləyən adamlar vasitəsilə çıxmışdılar, - deyib tennisçi, - Əlbəttə, bu təklif dərhal rədd edilib. Heç mənə gəlib çatmayıb, əslində".

Melburnda keçirilən Avstraliya Açıq Çempionatında yarışan tennisçilər bu açıqlamalara münasibət bildiriblər.

Djokovic kimi Roger Federer də düşünür ki, matç saxtalaşdırmalarının hansı miqyasda yayıldığını dərk etmək çətindir.

Lakin 17 dəfə Böyük Dəbilqə qalibi olmuş çempion əlavə edib: “Görünür hazırda bu əhvalata görə bu adamların üzərinə təzyiqlər artıb və bu, çox yaxşıdır”.

Dünya çempionu Serena Williams deyib ki, danışlmış matçlar mövcuddursa da, o bu barədə heç nə bilmir.

Amerika tennisçisi deyib ki, o, yalnız öz adından danışa bilər. O qeyd edib ki, qarşılaşdığı bütün rəqiblərilə oynamaq ona son dərəcə çətin olub.

Fotonun müəllifi Getty
Image caption Serena Williams Avstraliya Açıq Çempionatında altı dəfə qalib olub

Williams Avstraliya Açıq Çempionatının qalibi titutlunu İtaliya tennisçisi Camila Giorgi üzərində 6-4 7-5 hesablı qələbə ilə qoruyub.

Kişilər arasında çempion Djokovic turnirə Cənubi Koreya tennisçisi Chung Hyeona 6-3 6-2 6-4 hesabı ilə qalib gələrək başlayıb.

Sızdırılmış sənədlər arasında 2007-ci ildə Nikolay Davıdenko və Martin Vassallo Arguello arasında keçirilmiş matçın təhqiqatına aid olanı da var.

Nəticədə hər iki oyunçu yoxlamadan təmiz çıxıb, lakin təhqiqat genişləndirilərək yüksək səviyyəli oyunçuların mərcqoşan qumarbazlar şəbəkəsi ilə əlaqələrini də əhatə edib.

Sənədlər göstərir ki, Rusiya, İtaliya və Siciliyada, təhqiqatçıların fikrincə, danışlımış matçlarla əlaqəsi olduğu düşünülən və yüz minlərlə dollar qazanan sindikatlar aşkar edilib.

Bu matçlardan üçü Wimbledon yarışında yer alıb.

2008-ci ildə tennis rəhbərliyi üçün hazırlanmış məxfi hesabatda bildirilirdi ki, bu matçlarla əlaqəsi olan 28 oyunçunun işi araşdırılmalıdır. Buna baxmayaraq bu tövsiyəyə heç vaxt əməl olunmayıb.

Kermode deyib ki, 2008-ci ildə yaradılmış TIU indiyədək 6 “ömürlük qadağan” iddiası da daxil olmaqla 18 ittiham üzrə qalib gəlib.