Dünyada 1%-in sərvəti yerdə qalan 99%-in sərvəti qədərdir

Fotonun müəllifi Getty

Oxfam təşkilatının məlumatına görə dünya əhalisinin ən varlı adamlarının daxil olduğu bir faizin sərvəti qalan 99 faiz əhalinin birlikdə malik olduqları sərvət qədərdir.

Bu rəqəm Credit Suisse bankının oktyabr ayından hazırladığı hesabatdan götürülüb. Oxfam Davosda keçirilən görüşün iştirakçıları olacaq liderlərə bərabərsizliyə qarşı tədbir görülməsi üçün müraciət edir.

Oxfam habelə hesablayıb ki, dünyanlın ən varlı 62 sakini qlobal əhalinin ən yoxsul yarısının malik olduğu qədər sərvət sahibidir.

Təşkilat lobbiçilərin işini və pulların “vergi cənnətləri”ndə saxlanmasını tənqid edir.

Oxfam hələ ötən il proqnozladırmışdı ki, həmin bu bir faiz ilin bu vaxtında qalan dünyanın sərvətinə sahib olacaq.

Siz də “həmin o 1 faiz”də ola bilərsiniz

Dünyanın varlı adamlarının 10 faizinə daxil olmaq üçün 68 min 800 dollar pula və ya bu dəyərdə mülkiyyətə sahib olmaq kifayətdir. Ən varlı 1 faiz qrupuna düşmək üçünsə bu rəqəm 760 min dollardır.

Bu o deməkdir ki, əgər sizin Londonda ipotekasını ödəyib qurtardığınız mülkünüz vardırsa, siz həmin o 1 faizə daxilsiniz.

Bu rəqəmlərin hesablanmasında müxtəlif komponentlər nəzərə alınıb, lakin Credit Suisse bildirir ki, göstəricilərin aşağı həddində müəyyən xətalara yol verilmiş ola bilər.

Bu da nəzərə alınmalıdır ki, bir sıra ölkələrdən adamların sərvətinə dair məlumatların alınması qeyri-mümkündür.

'Aldadıcı hesablama'

Bir sıra analitik mərkəzlər bu rəqəmlərin səhihliyini şübhə altına alıblar.

“The Institute of Economic Affairs” qrupunun baş direktoru Mark Littlewood deyir ki, belə statistika “qondarma” sayıla bilər.

Aktivlərin toplanması və bundan borcların çıxılması və bunun əsasında qlobal “yekun sərvətin” hesablanması metodologiyası o deməkdir ki, dünyanın ən yoxsulları daha çox yüksək borcları olan inkişaf etmiş ölkələrdə yaşayırlar. Biz Harvard Universiteti hüquq fakültəsi məzununun çətinliklərinə hüsn-rəğbətli ola bilərik, lakin düşünmürəm ki, bu, hər hansı inkişaf təşkilatının diqqət mərkəzində olmalıdır,” – deyib Mark Littlewood.

Adam Smith İnstitutunun baş aradşdırmaçısı Ben Southwood da deyir ki, məlumat “aldadıcıdır”.

“Daha məntiqli hesablamalar daha yaxşı bərabərlik nəticəsini verir. Dünya gəlir payının dibindəkilər və ortasında olanların gəlirləri 1998-2008-ci illər arasında 40 faiz artıb. Ömür uzunluğu gözləntisində olan fərq də daralır. Bu isə insanların daha yaxşı qidalandıqlarını və daha yaxşı səhiyyə xidməti aldıqlarını göstərir. Bunun nəyi pisdir?” – deyir tədqiqatçı.

“Bizi varlıların sərvəti yox, yoxsulların rifahı narahat etməlidir" – deyib Ben Southwood.

Dövlət yox, dövlətlilərdən almalı

Oxfamsa bu qənaətdədir ki, 62 ən zəngin insanın dünyanın ən yoxsul 50 faizi qədər sərvətə malik olması bərabərsizliyin əhəmiyyətli dərəcədə artdığını göstərir. Beləki, 50 faiz yoxsulun malik olduğu qədər sərvətə 2010-cu ildə 388 nəfər sahib idi.

Oxfam bəyan edib ki, “hamının firavanlığına işləyəcək iqtisadiyyat qurmaqdansa, biz həmin o 1 faizə fayda verən iqtisadiyyat yaratmışıq”.

Credit Suisse bankının məlumatına görə, ən zirvədə olan 1 faizin sərvəti 2000-2009-cu illər arasında tədricən azalsa da, 2009-cu ildən bəri yenidən qalxmağa başlayıb.

Oxfam isə bildirir ki, sözü gedən 1 faizin 2015-ci ildə malik olduğu sərvət 2000-ci ildə olduğundan artıqdır.

Təşkilat hökumətləri bu sayaq nisbətin dayandırılmasına çağırır.

Oxfam istəyir ki, işçilərə verilən maaşlarla icraçı direktorların gəlirləri arasındakı fərq azaldılsın.

Təşkilat həmçinin kişilər və qadınlar arasındakı gəlir fərqinə son qoyulmasına, qadınların da kişilərlə bərabər vərəsəlik və torpaq sahibliyi hüququna malik olmasına çağırır.

Oxfam həmçinin hökumətlərin lobbiçiliyə qarşı tədbir görməsini, dərman qiymətlərinin azaldılmasını, bərabərsizliyin aradan qaldırılması üçün dövlət vəsaitindən yox, dövlətlilərin vəsaitinin vergilənməsi hesabına əldə olunan pullardan istifadə edilməsini istəyir.