NATO: Rusiyanın hava zərbələri Suriyada "sülh prosesini pozur"

Fotonun müəllifi EPA
Image caption Jens Stoltenberg Rusiya aviasiyasının Suriyada qiyamçıların mövgeyinə zərbə endirməsini sülh danışıqlarına maneə adlandırıb.

NATO-nun Baş katibi Jens Stoltenberg alyansın Suriyada siyasi tənzimləmə ideyasını birmənalı olaraq dəstəklədiyini bəyan edib.

Lakin Rusiya aviasiyasının Suriya qiyamçılarının mövgeyini atəşə tutması məsələnin siyasi həlli prosesini pozur, Stoltenberg qeyd edib.

Bundan əvvəl Rusiya Müdafiə nazirinin müavini Anatoli Antonov bildirmişdi ki, Rusiya Qərb həmkarlarına Suriyada əməliyyatları əlaqələndirmək məqsədilə məşvərət şurası yaratmağı təklif edib, lakin ABŞ bu təklifi qəbul etməyib.

Nazir müavini əlavə edib ki, bu cür mərkəzin İordaniyanın Amman şəhərində yaradılması təklif olunmuşdu, lakin Rusiyanın bu təklifinə rədd cavabı verilmişdi.

Bundan bir qədər əvvəl Suriyada vəziyyətin tənzimlənməsinə dair tərəflər arasında aparılan danışıqlar dayandırılıb.

Rusiya XİN-i danışıqların dayandırılmasına görə məsuliyyəti Suriya müxalifətinin üzərinə qoyaraq, Ər-Riyaddan gəlmiş nümayəndə heyətini danışıq prosesini pozmaq cəhdində ittiham edib.

ABŞ isə danışıqların məhz Rusiya tərəfinin Suriyada hərəkətlərinə görə təxirə salındığını zənn edir.

Bu barədə daha geniş