Britaniya mətbuatı: Suriya kürdləri Moskvada diplomatik missiyalarını açıblar

“The Daily Telegraph” qəzetinin Moskva müxbiri Roland Oliphant yazır ki, Suriya kürdləri Moskvada diplomatik missiya açıblar.

Məqalədə deyilir ki, bu, Suriya kürdlərinin hər hansı xarici ölkədə açılmış ilk missiyası olacaq və eyni zamanda Moskva bununla, Suriyada yeganə müttəfiqinin prezident Bəşər Əsəd olmadığını nümayiş etdirəcək.

“The Telegraph” bildirir ki, Moskvada Suriya Kürdüstanı missiyasının açılışı Rusiyanın kürdlərin muxtariyyət hüququnu tanımasına bərabərdir. Moskva missiyası rəsmi adı Rojava Özünüidarə Administrasiyası olan Suriya Kürdüstanının Avropa boyunca açmağı planlaşdırdığı bir neçə nümayəndəlikdən birincisi olub.

Rojavanın Avropa elçisi Sinəm Məhəmməd deyib ki, “bu, kürd xalqı üçün tarixi və diplomatik bir məqamdır”.

QHT kimi

“The Telegraph” yazır ki, Moskva nümayəndəliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən rəsmi qaydada diplomatik missiya kimi tanınmır və Rusiya qanunlarına uyğun şəkildə fəaliyyət göstərməsi üçün QHT kimi formalaşdırılıb.

Üstəlik Xarici İşlər Nazirliyi bildirib ki, Suriyanın Moskvadakı səfirliyi həm də ölkənin kürd əhalisinin maraqlarını təmsil edir. “Buna baxmayaraq, - yazır qəzet, - belə bir qurumun ümumiyyətlə açılmasına icazə verilməsi Ankara ilə Moskva arasında gərginliyi bir qədər də artıracaq”.

Fotonun müəllifi AFP
Image caption Rojava nümayəndəliyi Suriya Kürd Demokratik İttifaq Partiyası (PYD) ilə sıx bağldır və Suriyanın Türkiyə ilə həmsərhəd şimalında böyük ərazilərə nəzarət edir.

Qəzet yazır ki, Rojava nümayəndəliyi Suriya Kürd Demokratik İttifaq Partiyası (PYD) ilə sıx bağldır və bu siyasi təşkilat faktiki olaraq Suriyanın Türkiyə ilə həmsərhəd şimalında böyük ərazilərə nəzarət edir. Bu partiyanın postmüharibə məqsədlərindən biri də kürdlər üçün muxtariyyətin təmin edilməsidir.

PYD-ni Kürdüstan İşçi Partiyası PKK-nın qolu hesab edən Türkiyə onun Cenevrə danışıqlarında iştirakına veto qoyub. PKK ABŞ və Britaniyada da terrorçu qruplaşma kimi tanınır.

“Sakit dəstək”

“The Telegraph” yazır ki, PYD-nin hərbiləşdirilmiş qanadı olan YPG İŞİD-ə qarşı mübarizədə ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisya ilə yanaşı Bəşər Əsədi dəstəkləyən Rusiya hava kampaniyası ilə də müttəfiqlik edir. Məqalədə deyilir ki, bu yaxınlarda kürd qüvvələri Rusiyanın hava zərbələrindən faydalanaraq Hələbin şimalındakı İŞİD ərazilərinin içərilərinə irəliləyiblər.

“The Telegraph” bir kürd rəsmisinə istinadən yazır ki, ruslarla əməkdaşlıq barədə rəsmi saziş olmasa da, kürdlərlə Moskva arasında de facto hərbi müttəfiqlik mövcuddur.

Həmin rəsmi həmçinin YPG-nin Rusiyadan silah alıb-almadığı barədə xəbərləri nə təsdiq, nə də təkzib edib. Qəzet yazır ki, Rusiyanın kürdlərə Suriya daxilində muxtariyyət verilməsini nə dərəcədə dəstəkləyəcəyi bəlli olmasa da, Suriya kürdləri Moskvaya bu “sakit dəstək” üçün təşəkkür bildiriblər.

Hamıya müttəfiq kürdlər

Xanım Məhəmməd deyib ki, hətta kiçik bir ofisin açılmasına icazə verməklə Moskva kürd muxtariyyətinə dəstəyini göstərib. O ümid etdiyini bildirib ki, PYD-nin Cenevrə danışıqlarında iştirakına imkan veriləcək. Rusiya hazırda beynəlxalq birliyi məhz Suriya kürdlərinə belə bir imkanın tanınmasına çağırır.

“The Telegraph” yazır ki, Rusiyada kiçik bir kürd diasporası var və Moskva Soyuq müharibə illərində PKK-ya fəal dəstək verib. Rusiya təhlilçilərindən Fyodor Lukyanov “The Telegraph” qəzetinə bildirib ki, “hamı kürdlərə potensial müttəfiq kimi baxır”.

Fotonun müəllifi
Image caption İŞİD-ə qarşı kürd qadınlarının xüsusi birləşmələri də vuruşur.

“Kürdlərsə bu oyunu çox yaxşı oynayırlar. Məhz buna görə də türklər narahatdırlar” – deyib Lukyanov.

Seks kölələri İŞİD-dən qisas alacaqlar

“The Express” qəzeti isə İraqda İŞİD-ə qarşı döyüşən yezidi qadınlarda yazır. Məqalədə deyilir ki, İraqda vaxtilə İŞİD-in seks əsirliyində olmuş yüzlərlə yezidi qadın “intiqam missiyası”na başlayıb.

Onlar doğma torpaqlarını özünü İslam Dövləti adlandıran təşkilatın cihadçılarından geri almağa və hələ də onların əsirliyində olan yezidi qadınları azad etməyə and içiblər.

“The Express” yazır ki, hazırda yezidi qadınlar İraqın Mosul şəhərini İŞİD-dən geri almağı məqsəd qoymuş qadın legionuna qoşulublar.

“Günəşin xanımları”

Kürd qruplaşmasının kapitanı Xatun Xider məlumat verib ki, İŞİD-in seksual kölələyində olmuş 123 qadın 500 başqa qadınla birlikdə ön cəbhədə döyüşmək üçün təlim keçir. “Günəşin xanımları” adlı döyüş batalyonu artıq Sincarın İŞİD cihadçılarından geri alınmasında fəal iştirak edib.

BMT-nin məlumatına görə hazırda İraqda İŞİD kimi tanınan qruplaşmanın əsirliyində və girovluğunda 3500 nəfər var. Bunların əksəriyyətini yezidi qız və qadınlar təşkil edirlər. Xanım Xider qəzetin müxbirinə deyib ki, onlar Mosulun geri alınacağına və əsirlikdə olan bacılarının azad ediləcəyinə inanırlar.

“Bizim bir çox qadınlarımız Mosulda seks köləsi kimi saxlanır – deyib qadın batalyonun komandiri, - Ailələrinin gözləri yoldadır. Bizim də gözümüz yoldadır. Biz bütün bu bölgənin etnik azlıqlarının azadlığı uğrunda döyüşürük”.

Titanic gəmisinin qayıdışı

Fotonun müəllifi PA
Image caption Titanic gəmisi 1912-ci ildə faciəli şəkildə bataraq 1500 nəfərin ölümünə bais olub.

1912-ci ildə faciəli şəkildə bataraq 1500 nəfərin ölümünə bais olmuş Titanic gəmisinin “canlı maketi” 2018-ci ildə üzməyə başlaycaq. “The İndependent” yazır ki, fəlakətli gəminin tam oxşarı olsa da, ondan xeyli təkmil Titanic-2 Avstraliya milyarderi Clive Palmer və onun Blue Star Line şirkətinin ideyasından doğulub.

Məqalədə deyilir ki, yeni Titanic 1912-ci ilin Titanic-indən 4 metr enlidir və onun gövdəsi müasir təhlükəsizlik qaydalarına uyğun şəkildə layihələndirilib.

Yeni gəminin uzunluğu 270, hündürlüyü 53 metr və çəkisi 40 min ton olacaq. Əsl Titanic-də olduğu kimi onun müasir maketində də sərnişin kayutları 1-ci, 2-ci, 3-cü kateqoriyalara bölünəcək.

Gəminin doqquz mərtəbəsi, 2400 sərnişin və 900 heyət üzvü üçün nəzərdə tutulmuş 840 kayutu olacaq. Laynerdə üzgüçülük hovuzları, türk hamamı və idman zalları da olmalıdır.

Batmamaq üçün hər şey nəzərdə tutulub

Blue Star Line şirkətininn marketinq direktoru James McDonald deyib ki, yeni Titanic bütün müasir təhlükəsizlik və evakuasiya vasitələrinə malik olacaq.

Titanic-2-də müasir gəmilərə xas bütün sistemlər – peyk nəzarəti, rəqəmsal naviqasiya və radar sistemləri qurulacaq.

Cənab McDonald deyib ki, onların şirkəti Titanic-2 adının və brendinin müəlliflik hüquqlarına sahibdir. O bildirib ki, 2 il bundan sonra dənizlərə çıxacaq gəmiyə artlıq sərnişin növbəsi var.

Gəminin ilk səfəri Şərqi Çindən Dubaya ediləcək. Titanic-2-nin 106 il əvvəl fəlakətə uğramış adaşı Britaniyadan Amerikaya üzürdü.