Britaniya mətbuatı: Londonda korrupsiya puluna ev alan əcnəbilərin adları açıqlanacaq

Türkiyə və Səudiyyə Suriyaya müdaxilə edəcək?

Britaniya qəzetləri şimali Suriyadakı kürd mövqelərinin Türkiyə artilleriyası tərəfindən atəşə tutulduğunu yazır.

“The İndependent” qəzetində dərc olunmuş məqalədə deyilir ki, Türkiyə Suriyanın Hələb vilayətindəki kürd mövqelərini atəşə tutub.

Türkiyə hərbiyyəsi iddia edir ki, əvvəlcə Türkiyənin mövqeləri Suriyanın həmsərhəd Əzəz məntəqəsindən toplardan atəşə tutulub və Türkiyə ordusu məhz bundan sonra cavab atəşləri açıb.

Türkiyənin baş naziri Ahmet Davutoğlu Türkiyə silahlı qüvvələrinin Suriya ərazisinə atəş açdığını mətbuat konfransında təsdiq edib.

“The İndependent” qəzetinin yazdığına görə, Türkiyə həmçinin kürd qüvvələrindən Suriyanın Türkiyəyə həmsərhəd bölgələrini tərk etmələrini tələb edib.

Menaq bazası

Bu arada ABŞ hər iki tərəfi gərginliyi artırmamağa çağırıb.

Fotonun müəllifi EPA

“Biz Suriya kürdlərini və YPG ilə əlaqəli olan başqa qüvvələri yaranmış qatmaqarışıq vəziyyətdən fürsətlənərək yeni ərazilər zəbt etməməyə çağırmışıq” – deyib Dövlət Departamentinin sözçüsü John Kirby.

“Biz həmçinin Türkiyə ərazisindən atəş açıldığı barədə xəbərlər almışıq və Türkiyəni atəşi dayandırmağa çağırmışıq” – deyib sözçü.

“The İndependent” yazır ki, atəşə tutulan məntəqələr arasında Suriya hərbi-hava qüvvələrinin keçmiş bazası Menaq da olub.

Bu bazanı bir neçə gün əvvəl kürd qüvvələri İD-in əlindən almışdılar.

Kürdlərin Demokratik İttifaq Partiyası özünün PYD Rojava adlı Twitter hesabından verdiyi bəyanatda bildirib ki, Menaq aerodromuna atəş açılıb. Twitter mesajına habelə Türkiyə mərmilərinin kraterlərini əks etdirən fotolar əlavə olunub.

Türkiyənin hökumət mənbələri Reuters agentliyinə bildiriblər ki, türklər Əzəz rayonunda PYD-nin postlarını atəşə tutublar.

Kürdlər yeni əraziləri ələ keçiriblər

Bu hərbi hava bazası 2012-ci ildən bəri Suriya münaqişəsinin müxtəlif iştirakçıları tərəfindən hədəflənib. Xəbər verilir ki, bu baza üsyançılar tərəfindən bir il müddətində mühasirədə saxlansa da, 2013-cü ilin avqustunda İD-ə və əl-Qaedaya bağlı Nüsra Cəbhəsinin döyüşçüləri tərəfindən tutulub.

Menag hərbi hava bazası ötən cümə axşamı günü Bəşər Əsəd qüvvələrinin və Rusiya aviasiyasının hücumundan fürsətlənən kürd qüvvələrinin əlinə keçib.

Xəbər verilir ki, həmin gün ərzində Rusiyanın hərbi təyyarələri üsyançıların mövqelərinə azı 30 reyd ediblər.

Bu aviasiya zərbələrinin kürdləri dəstəkləmək məqsədilə endirilib-endirilmədiyi məlum deyil.

Şam Cəbhəsinin komandanı Zekeriya Karslı həmin vaxt demişdi ki, Menaq hərbi hava bazasının itirilməsi vəziyyəti xeyli mürəkkəbləşdirib.

Üsyançıların tərk etdikləri Deyr Cəmeal və əl-Qamiyə kəndləri də kürd qüvvələri tərəfindən tutulub.

Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupunun məlumatına görə “kürdlər Hələb üzərinə hökumət qoşunlarının böyük hücum əməliyyatından fürsətlənərək nəzarətlərində olan ərazini genişləndiriblər”.

“The İndependent” yazır ki, ABŞ koalisiyası İD-lə səmərəli döyüşlərinə görə Suriya və İraqdakı kürd qüvvələrini dəstəkləyir.

ABŞ kürdləri terrorçu saymır

Lakin öz ərazisində 30 ildir ki, kürd separatçıları ilə döyüşən Ankara kürd qüvvələrinə terrorçu qruplaşmalar kimi baxır.

Prezident Recep Tayyip Erdoğan ABŞ-ı kürdlərin PYD və PKK qruplaşmalarını dəstəklədiyinə görə tənqid edib.

“Siz bizim tərəfimizdəsiniz, yoxsa PYD və PKK terrorçu təşkilatlarının?” – deyə sual edib cənab Erdoğan.

Türkiyə həmçinin kürdlərin Suriyaya dair beynəlxalq Cenevrə konfransında iştirak etməsinə qarşı çıxır.

Lakin Dövlət Departamentinin sözçüsü John Kirby bəyan edib ki, ABŞ PYD-ni terrorçu təşkilat hesab etmir.

O deyib ki, kürd döyüşçülər İD-ə qarşı bir çox uğurlu əməliyyatlar həyata keçiriblər.

“Biz onlara, əsasən də havadan dəstək vermişik və dəstək verməkdə davam edəcəyik” – deyib Kirby.

Səudiyyə Suriyaya girəcəkmi?

Bu arada Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bəyan edib ki, Səudiyyə Ərəbistanı Suriyada Türkiyə ilə əlaqələndirilmiş əməliyyatlar keçirmək üçün öz təyyarələrini İncirlik bazasına göndərəcək.

“Əgər vahid strategiya barədə razılaşma əldə olunsa, Türkiyə və Səudiyyə quru qoşunları ilə əməliyyatlara başlaya bilər” – deyib Çavuşoğlu.

Cəbhənin başqa bir sahəsində prezident Bəşər Əsədin qoşunları Hələb yaxınlığındakı Tamura kəndini ələ keçirirərək üsyançıların dövrəsindəki mühasirə ilgəyini bir az da sıxıb.

Suriyanın dövlət televiziyası, habelə Hizbullahın əl-Manar telekanalının verdiyi xəbərlərdə deyilir ki, hökumət qoşunları Hələbə aparan yolların üstündə yerləşən Hayan və Anadan qəsəbələrinə yaxınlaşıb.

ABŞ həmçinin Kremli dinc əhalini və “legitim müxalifəti” bombalamaqda ittiham edib.

Rusiyanın baş naziri Dmitri Medvedev bu kimi xəbərləri təkzib edib.

London əcnəbi korrupsiyaçıların çirkli pullarına qarşı

“The Guardian” qəzeti yazır ki, Britaniya Londonda mülk alan əcnəbi korrupsionerlərin çirkli pulları ilə mübarizəyə başlayacaq.

Yeni qaydalara görə Londonda bahalı mülklər alan ofşor təşkilatlardan bu mülklərin əsl sahiblərinin adlarının açıqlanması tələb olunacaq.

London çirkli pullardan təmizlənmək istəyir

“The Guardian” yazır ki, bu xüsusda qəbul ediləcək yeni qanun Britaniyanın xarici çirkli pullar üçün maqnit rolunu oynamasını dayandırmaq məqsədi güdür.

Fotonun müəllifi PA

Qəzet bildirir ki, yeni qaydalar beynəlxalq və milli antikorrupsiya təşkilatlarının təzyiqi altında qəbul edilir.

Transparency International və Global Witness deyib ki, yalnız ciddi antikorrupsiya qanunları Britaniyanı əcnəbilərin çirkli pullarından təmizləyə bilər.

Bu təşkilatların xüsusi hesabatında deyilir ki, paytaxt Londonun ən bahalı və dəbdəbəli mülklərinə hazırda Britaniyanın Virgin adalarında qeydiyyatda olan ofşor trestləri sahibdirlər.

Rusiya kimi xarici ölkələrdən olan korrupsiyaçılar öz çirkli pulları ilə London mülkiyyətlərini belə ofşor trestlər vasitəsilə alırlar.

Xəbər verilir ki, yeni qanun layihəsində anonim trestlərin London və Britaniyanın başqa şəhərlərində mülkiyyət alması qaydalarının sərtləşdirilməsi nəzərdə tutulub. Yeni qanuna görə bu təşkilatlar Londonda o halda mülk ala biləcəklər ki, əsl sahibin adını açıqlasınlar.

Bir çox ofşor trestlərin siyahılarında çox sayda şirkətlər onların direktorları kimi qeydiyyatdan keçiblər. Belə vəziyyət mülkləri alanların konkret şəxsiyyətinin gizlədilməsinə imkan yaradır.

Yeni qanuna görə mülklərin əsl sahiblərinin adlarını açıqlamayan şirkətlərin mülkiyyətləri əllərindən alınacaq.

Keçmişdə alınmış mülklər də?

Global Witness təşkilatından Chido Dunn deyib ki, hazırda kampaniyaçılar yeni qanunlara keçmişlərdə alınmış mülkiyyətlər məsələsinin də daxil edilməsinə çalışırlar.

Bəzi təxminlərə görə hazırda 120 milyard funt sterlinq dəyərində olan Britaniya mülklərinin sahibləri ofşor qurumlardır.

Bunların əksəriyyəti Rusiyadan, Afrikadan və başqa yerlərdən olan oliqarxların çirkli pullarının yuyulması ilə məşğul olur.

Chido Dunn deyib ki, çirkli pulların yuyulmasına şərait yaradılması xarici korrupsiyanın güclənməsinə, yoxsulluğa və milli təhlükəsizliyin hədələnməsinə səbəb olur.

Kampaniyaçılar deyirlər ki, xarici korrupsiyaçıların çirkli pullarına görə Londondakı mülklərin və evlərin qiymətləri son illərdə əlçatmaz həddə yüksəlib.

“MDB oğrularının evləri”

Transparency International təşkilatı Londonda ofşor qurumların mülkiyyətində olan əksəriyyəti dəbdəbəli və lüks 36 min mülk aşkara çıxarıb.

Kampaniyaçılar belə mülklərin sahiblərini rüsvay etmək üçün “oğurluq evlər” adlı turlar keçirmək niyyətindədirlər.

“The Guardian” yazır ki, belə evlərin arasında Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil şəxslərin anonim şirkətləri tərəfindən alınanları da var.

Məqalədə deyilir ki, sual doğuran evlərdən biri də polkovnik Qəddafinin oğlu Səədi üçün alınmış 10 milyon funt sterlinqlik malikanədir. Londonun Hampstead məhəlləsində yerləşən bu mülkün Liviyadan oğurlanmış pullar hesabına alındığı düşünülür. Bu pullar Liviyadan Virgin adalarında qeydiyyatda olan ofşor şirkət vasitəsilə çıxarılıb.

Korrupsiyada ittiham olunan keçmiş Qırğızıstan prezidenti Maksim Bakıyevin Surrey-dəki 3, 5 milyon funt sterlinqlik malikanəsi Beliz-də qeydiyyatdan keçmiş Limium Partners Ltd şirkəti vasitəsi ilə əldə olunub.

“The Guardian” yazır ki, hökumət ötən yay çirkli pullarla alınmış mülklərə qarşı mübarizə aparılacağını elan edəndən bəri Londonun ev bazarında qiymətlər bir xeyli düşüb.

Belə məlumatlar da var ki, belə mülklərdən bəzilərinin sahibləri onları aldıqları qiymətdən xeyli ucuzuna satmağa çalışırlar.

Valentin günündə çiçək və şokolad dəbdən düşür

“The Daily Telegraph” qəzeti yazır ki, hər il fevralın 14-də keçirilən müqəddəs Valentin və ya sevgililər günündə şokolad, gül və açıqça bağışlamaq adətləri yavaş-yavaş dəbdən düşür.

Fotonun müəllifi Getty

İndi sevgililər bir birlərini restoranlara, hətta xarici səfərlərə dəvət edirlər.

Ötən il britaniyalıların yalnız 25 faizi Valentin günündə sevgililərinə açıqça göndərib, halbuki ondan bir il əvvəl bu rəqəm 75 faiz idi.

Buna baxmayaraq, ümumilikdə Valentin bazarının gəlirləri artmaqda davam edir.

Əgər 2014-cü ildə adamlar “sevgililər günü”nə 430 milyon funt sterlinq xərcləmişdilərsə, ötən il bu rəqəm 460 milyon funt olub. Bu il bu rəqəmin 470 milyon funta çatacağı gözlənilir.

Builki Valentin gününün bazara düşməsi də xərclənən pulların məbləğini heç şübhəsiz artıracaq.

Bu barədə daha geniş