Kale miqrant böhranı haqqında bu 5 faktı bilməlisiniz

Demontaj briqadaları Fransanın liman şəhəri Kaledə "Cəngəllik" adı ilə tanınan miqrant düşərgəsinin gecəqondu çadırlarını sökməyə gətirilib. Elə isə bu miqrantların kim olduğuna, Kaleyə nə üçün gəldiklərinə və fransız hakimiyyət orqanlarının bu düşərgəni niyə sökmək istədiyinə diqqət yetirək.

Fotonun müəllifi Getty Images
Image caption Düşərgənin cənub hissəsində çadırların demontajına başlanıb. Fransanın yerli hakimiyyət orqanları deyirlər ki, onlar Kaledə maksimum 2000-dək miqrantın qalmasını istəyirlər. Beləliklə, söküntü işləri davam etdiriləcək.

Miqrantlar kimdir?

"Cəngəllik" kimi tanınan düşərgədə nə qədər insanın sakin olduğu barədə müxtəlif təxminlər var. Kale rəsmiləri düşərgədə 3700 miqrantın olduğunu deyirlər. "Help Refugees" xeyriyyə təşkilatı bu rəqəmin 5500 olduğunda israr edir.

Düşərgədəki miqrantların əksəriyyəti müharibənin xaraba qoyduğu Suriya, Əfqanıstan və İraq kimi ölkələrdən və ya Eritreyadakı insan haqları pozuntularından qaçanlardır.

Fotonun müəllifi Getty
Image caption Kale yaxınlığındakı düşərgəyə azı 3700 miqrant və qaçqın sakindir

Lakin bəziləri son vaxtlar münaqişələri bir qədər az olan bəzi Afrika ölkələrindən gələnlərdir. Belələrinin sadəcə olaraq daha yüksək həyat səviyyəsində yaşamaq üçün gələn iqtisadi miqrantlar olduğu barədə tənqidlər səslənir.

"Help Refugees" xeyriyyəsinin məlumatına görə bu düşərgədə 205 qadın və 423-ü kimsəsiz olmaqla 651 uşaq var.

Onlar Kaleyə niyə gəliblər?

Düşərgə ona görə Kaledə salınıb ki, miqrantlar Birləşmiş Krallıq ərazisinə keçməyə çalışırlar. Kaledəki boğaz tuneli Fransanı Britaniyaya birləşdirir və buradan həmçinin Birləşmiş Krallığa bərələr üzür.

Fotonun müəllifi Getty Images
Image caption Bir çox miqrantlar Birləşmiş Krallıq ərazisinə yetişmək üçün maşınların yüklüyünə doluşmağa çalışırlar

Bir çox miqrantlar Britaniya torpağına yetişmək üçün boğaz tuneli ilə Birləşmiş Krallığa gedən yük maşınlarının kuzovlarında və bərələrdə gizlənməyə çalışırlar.

Bu yeni bir hal deyildir. 1999-cu ildə Kaledə ziddiyyətli Sangatte qaçqın düşərgəsi açılmış, gələcək sığınacaq istəyənlərə və insan qaçaqmalçılarına məskən olmuşdu.

2002-ci ildə, o vaxtkı daxili işlər naziri Nicolas Sarkozy-nin bu düşərgəni bağlamaq əmri iğtişaşlarla nəticələnmişdi. O vaxtdan bəri miqrantlar Kaleyə gəlməkdə və burada çadır qurmaqda davam edirlər.

Onlar niyə Birləşmiş Krallığa gəlmək istəyirlər?

Bir çoxları Birləşmiş Krallıqdan sığınacaq istəyirlər. Bəziləri isə ölkəyə gizli daxil olmaq istəyirlər ki, sonradan burada qanunsuz işləyə bilsinlər.

Kale şəhərinin meri Natacha Bouchart deyir ki, qanunsuz miqrantlar müavinətlər baxımından Britaniyaya “yağlı tikə” kimi baxırlar. Onlar düşünürlər ki, buradakı qara iqtisadiyyatda iş tapmaq Fransada olduğundan rahatdır. Hərçənd bəzi araşdırmalar bunun tam mənada doğru olmadığını göstərib.

Kale meri bunu da düşünür ki, miqrantların Britaniyaya can atması bu ölkədə kimlik kartlarının olmaması və bu səbəbdən də polisin adamları küçələrdə saxlayıb kimliklərini soruşa bilməməsi ilə bağlıdır.

Fotonun müəllifi Getty Images
Image caption Düşərgədəki miqrantların çoxu Britaniyaya gəlmək istəyir

Britaniya Qırmızı Xaç Komitəsi bildirir ki, miqrantların əklsəriyyəti Birləşmiş Krallıqda iş tapmaq perspektivlərinin daha yaxşı olduğunu düşünür və ya ingiliscə danışa bildikləri üçün bu ölkəyə gəlmək istəyirlər.

Bir başqalarının isə Birləşmiş Krallıqda qohumları var və ya bu qənaətdədirlər ki, burada mənzil təminatı və təhsil daha yaxşıddır.

Birləşmiş Krallıq miqrantların son hədəf kimi gördükləri yeganə ölkə deyil. Avropa İttifaqının statistika qurumu – Eurostat tərəfindən verilmiş məlumata görə, Birləşmiş Krasllığa 2015-ci ildə 39 min sığınacaq ərizəsi verilib. Bu, Avropanın bir neçə ölkəsi ilə müqayisədə xeyli azdır. Məsələn Almaniyaya az qala 477 min, Macarıstana 177 min və İsveçə 162 min insan sığınmaq istəyir.

Düşərgəni niyə sökürlər?

Fransanın hakimiyyət orqanları miqrantları yaxınlıqda yerləşən və yaşamaq üçün uyğunlaşdırılmış yük konteynerləri parkına və ya ölkənin baçqa yerlərindəki saxlama düşərgələrinə köçürmək istəyir.

Düşərgənin təmizlənməsi əməliyyatına onun cənub hissəsindən başlanıb. Hakimiyyət orqanları burada minədək miqrantın olduğunu təxmin edir. Xeyriyyə təşkilatları isə bu təxminlərin xeyli azaldıldığını iddia edir və bildirirlər ki, əslində oradakı miqrantların sayı üç dəfə çoxdur.

Xanım Bouchart bildirib ki, hökumət həmçinin qarşıdan gələn aylarda düşərgənin şimal hissəsindəki miqrantların da sayını azaltmaq istəyir.

Bu, şəhər portunun genişləndirilməsi üçün 650 milyon avroluq layihənin reallaşdırılmasına imkanlar açardı, deyib xanım Bouchart Reuters agentliyinə.

Bəs sonra nə olacaq?

Uyğunlaşdırılmış yük konteynerləri quru və isti olsa da, düşərgə sakinləri onları xoşlamırlar və bildirirlər ki, ora köçürülmələrinə fiziki müqavimət göstərəcəklər.

Fotonun müəllifi AFP
Image caption Hakimiyyət orqanları miqrantları yaşayış üçün uyğunlaşdırılmış yük konteynerlərində və Fransanın başqa yerlərindəki mərkəzlərdə məskunlaşdırmaq istəyir

Miqrantlardan biri BBC müxbirinə bildirib ki, o köçürülməkdənsə küçəsdə yatmağa üstünlük verərdi. Bir başqaları isə deyirlər ki, bundan sonra da Birləşmiş Krallığa yetişmək cəhdlərini davam etdirə bilmələri üçün boğazın yaxınlığındakı başqa miqrant düşərgələrinə köçürülmələrinə etiraz etmirlər.

Onlar narahatdırlar ki, konteynerlərə köçürülməyə razılıq versələr, onları zorla Birləşmiş Krallıqda yox, Fransada məskunlaşmaları üçün forma doldurmağa məcbur edə bilərlər.

BBC müxbiri deyir ki, bütün hallarda konteynerlərdə məskunlaşmaq üçün 300-dən də az yer qalıb. Halbuki düşərgə sakinlərinin təxmini sayı 3 mindir.