Çılpaq Kardashian Ermənistanı niyə valeh etmədi?

Fotonun müəllifi Getty
Erməni sosial media istifadəçilərinin Kim Kardashianın çılpaq fotosuna reaksiyası, Qərbdəki qədər gur olmayıb.

Erməni əsilli realiti-şou ulduzunun İnstagramda dərc olunmuş fotosunda o tamamilə çılpaqdır və yalnız vücudunun “ən məsuliyyətli” hissələri qara kvadratlarla örtülüb. Bu foto dünyanın bütün mətbuatında və sosial mediasında qızğın müzakirə olunur.

Münasibət tamamilə ikiqütblüdür: Bəzi ulduzlar fotonu tərifləyiblər və hətta həmrəylik naminə özlərinin də çılpaq selfilərini ümumun ixtiyarına veriblər. Onların arasında rok əfsanəsi Ozzy Osborne-un xanımı, 63 yaşlı Sharon Osborne, model və aktrisa Emily Ratakovski, model Jenner Kylie və başqaları da var.

Lakin Holliwood-un kübar aslanları – Bette Midler, Piers Morgan və Chloë Grace Moretz çılpaq selfini qınayıblar.

Kardashianın çılpaq fotosuna dair məqalələri istər bulvar qəzetləri, istərsə də Guardian və Daily Telegraph kimi daha ciddi qəzetlər dərc edib.

Yəni burada qeyri-adi bir şey baş verməyib: tanınmış adam vücudunu nümayiş etdirib, bu isə həm təqdir, həm də tənqid dalğası yaradıb. Twitter və Facebook istifadəçiləri Kardashianın lüt selfisini on minlərlə nüsxə paylaşıblar və mübahisələr “qaynama” həddinə çatıb.

Estetika, yoxsa, açıq-saçıqlıq

Lakin Ermənistanda reaksiya Qərbdə olduğu qədər emosional, kütləvi olmayıb.

Fotonun müəllifi Instagram kimkardashian
Image caption Kim Kardashianın qalmaqallı selfisinə İnstagramda 300 mindən çox şərh yazılıb

"Burda Kardashianı o qədər də sıx izləmirlər, - deyib yeni media üzrə erməni eksperti Samvel Martirosyan BBC Rus xidmətinə, - Ermənistanda çoxları hesab edirlər ki, Kardashian daha çox Ermənistan yox, Amerika hadisəsidir”.

Martirosyan qeyd edir ki, bununla yanaşı, Ermənistanda Kardashianın ayrı-ayrı hərəkətlərini yox, onun özünü tənqid edənlərin sayı da az deyil.

“Ultravətənpərvərlər hesab edirlər ki, o, bütün erməni xalqına rüsvayçılıq gətirir. Onlar Kim Kardashianı erməni kimliyi ilə bağlayırlar” – deyir Martirosyan.

Media ekspertinin fikrincə, bu meyl Kardashianın 2015-ci ildə Ermənistana səfərindən sonra güclənib.

Yerevan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Veronika Şaxnazarova özünü ultravətənpərvər saymır. Tələbə qız İnstagram və Facebook-da Kim Kardashianın tərəfdarlarındandır, lakin realiti-şou ulduzunun son selfisi onu da açmayıb.

"Cavan qızlar baxıb düşünürlər ki, məşhur olmaq üçün kameranın qarşısında lütlənmək kifayətdir, - deyə gileylənir Veronika, - Şərhçilərdən biri yazıb ki, axı bu qadının uşaqları var. Onlar böyüyəndə buna nə deyəcəklər?”

Veronikanın kurs yoldaşı Lusine Kazaryan hesab edir ki, selfie estetik baxımdan internetə verilməməliydi.

“Gənc qadınların vücudlarından başqa da fəxr ediləsi cəhətləri var, - deyir Lusine, - Bu selfie-yə gəlincə isə, onun heç bir estetik dəyəri yoxdur. Bu sadəcə olaraq açıq-saçıqlıqdır”.

Adi hal

Düzünü deyim: Mən Yerevanda bircə qadın da tapa bilmədim ki, (bəlkə də yaxşı axtarmamışam) Kardashianın çılpaq selfie-sini təqdir eləsin.

Mən blognews.am internet portalının baş redaktor müavini Konstantin Ter-Hakalyana müraciət etdim. Onun portalı bloqosferdə gündəlik qaydada erməni seqmentini izləyir.

"Erməni sosial media istifadəçilərini reaksiyalarına görə üç qrupa ayırmaq olar. Əksəriyyət hesab edir ki, Kim Kardashianın hərəkəti, daha doğrusu çılpaq selfie-si onun özü üçün tam təbii bir haldır. Odur ki, bu hərəkəti tənqid etməyə və ya alqışlamağa vaxt və səy sərf eləməyə dəyməz.” – deyir Ter-Nakalyan.

O hesab edir ki, iki qalan qrup - selfie-ni tənqid edənlər və onu qadın vücudunun gözəlliyinin nümayişi sayanlar, habelə Kimin bədən quruluşunu yüksək qiymətləndirənlər azlıq təşkil edirlər.

Fotonun müəllifi Getty
Image caption Kim Kardashianın əri, reper Kanye West arvadının açıq-saçıq fotolarına müsbət yanaşır

Samvel Martirosyan deyir ki, Ermənistanda ultravətənpərvərlərlə yanaşı, kibervətənpərvərlər də var.

"Bunlar o sosial media istifadəçiləridir ki, erməni kimliyinin sosial media və mətbuatda istənilən təzahürünü müsbət bir hadisə kimi qiymətləndirirlər – deyir Martirosyan, - Amma lüt selfie-yə indiki reaksiya ötən ildəkindən zəif olub. Əgər Kardashianın Ermənistana gəlişini 10 balla qiymətləndirsək, hazırkı reaksiya 5-dən artıq deyil”.

Kütləvi informasiya vasitələrinin saytlarında haqqında bu qədər çox söhbət gedən foto Facebook-da 42 min dəfə repost edilib, İnstagramda isə ona 1, 6 milyon “like” qoyulub.

Bu barədə daha geniş