Karadzic Bosniya soyqırımına görə 40 il azadlıqdan məhrum edilib

Fotonun müəllifi AFP

Bosniyanın serb lideri Radovan Karadzic soyqırım və 1992-95 -ci illər müharibəsinə görə müharibə cinayətləri ittihamı ilə 40 il müddətinə azadlıqdan məhrum edilib.

Haaqadakı məhkəmə onu 11 ittihamdan 10-da təqsirkar bilib. Bunların arasında 1995-ci il Srebrenitsa soyqırımı da var.

Cənab Karadzic hazırda 70 yaşındadır və keçmiş Yuqoslaviyanın zorakı çöküşü zamanı baş vermis cinayətlərdə indiyədək ittiham edilmiş siyasi fiqurların ən böyüyüdür.

Onun işi üzrə dinləmə İkinci Dünya Müharibəsindən bəri ən mühüm cinayət məhkəmələrindən biri sayılır.

O deyib ki, bütün ittihamları rədd edir və məhkəməyə deyib ki, işinə xitam veriləcəyini gözləyir.

Cənab Karaciç iddia edir ki, sözü gedən qırğınlar onun komandanlığı altında olan qüvvələr tərəfindən deyil, ayrı-ayrı cinayətkar fərdlər tərəfindən törədilib.

Ona qarşı soyqırım, eksterminasiya (kökünü kəsmə), zor gücünə köçürmə və bəşəriyyətə qarşı cinayətlər də daxil 11 ittiham irəli sürülüb.

Onun özünə vəkillik etdiyi məhkəmə prosesi artıq 8 ildir ki, davam edir.

Bosniyada gedən müharibədə azı 100 min insan həlak olub. Münaqişə, 1995-ci ildə BMT vasitəçiliyi ilə son qoyulanadək 4 il davam edib.

Bosniya serb qüvvələrinin komandanı general Ratko Mladiç də Haaqa məhkəməsinin hökmünü gözləyir.

Fotonun müəllifi Reuters
Image caption Cənab Karadzic-ə qarşı soyqırımı, eksterminasiya, zor gücünə köçürmə və insanlığa qarşı cinayətlər də daxil 11 ittiham irəli sürülüb

Radovan Karadzic Bosniyada 1000 gün ərzində davam etmiş terrorun başında durmaqda ittiham edilir.

BBC müxbiri Allan Little deyir ki, prokurorlar üçün ən çətin iş Bosniyada tördəlilmiş cinayətlərlə Karadzicin birbaşa bağlılığını isbat etmək olub.

Bu işə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılmış hərbi cinayətlər məhkəməsi baxıb.

Bosniyanın Sarayevo şəhərində yaşayış binalarını bilərəkdən hədəfləyən gündəlik bombardmanlar, habelə snayper atəşləri ilə 12 minə yaxın sakin öldürülüb.

Cənab Karadzic həmçinin Serbiyadan qopmuş Bosniya Serb Respublikasında “etnik təmizləmə” kampaniyasına rəhbərlik etməkdə günahlandırılır.

1992-ci ilin aprelindən başlayaraq Bosniya serb qüvvələri xüsusilə də şərqi Bosniyada adamların zorla köçürülməsi kampaniyasını aparıb.

Köçürülənlərin evləri çox vaxt yandırılar və ya partladılardı.

Fotonun müəllifi Reuters
Image caption Bosniya serblərinin keçmiş lideri 1990-cı illərin ortalarında ictimai diqqətdən kənarda qalandan bəri alternativ təbabət mütəxəssisi adı altında həbsdən yayına bilib

Bosniya serb qüvvələri Bosniyanın parçalanması məqsədini gizlətmirdilər.

Onlar Bosniyaya qanunsuz dövlət və Serbiyanın bütövlüyünə təhlükə kimi baxırdılar, - deyib Karadzic.

Etnik təmizləmə kampaniyası 1995-ci ilin iyulunda Bosniyanın şərqindəki Srebrenitsada törədilmiş qətliamla kulminasiya nöqtəsinə çatıb.

Anklav üç il müddətində Bosniya serb qüvvələri tərəfindən mühasirədə saxlanıb və döyüşlərdə hər iki tərəfdən çox sayda ölənlər olub.

Srebrenitsa serb qüvvələrinin əlinə düşəndə buradakı 8 min müsəlman kişi və oğlan uşağı bir neçə günün ərzində qətliam edilərək kütləvi məzarlıqda basdırılıb.

Bu qətliam ABŞ başda olmaqla NATO qüvvələrinin müdaxiləsinə və bombardman kampaniyasına səbəb olub.

Radovan Karadzic 2008-ci ildə Belqradda həbs edilənədək 13 il ərzində alternativ təbib “doktor Draqan Dabiç” adı ilə Serbiya paytaxtında gizlənə bilib.

Fotonun müəllifi AP
Image caption Radovan Karadzic, 1995-ci ilin avqustu

Ömrün məqamları:

1945: Çernoqoriyada doğulub

1960: Sarayevoya köçüb

1968: İlk şeirlər toplusunu buraxıb

1971: Tibb fakültəsini bitirib

1983: Crvena Zvezda Belqrad futbol klubunun psixoloqu olub

1990: Serbiya Demokratik Partiyasının sədri seçilib

1990-cı illər: Bosniya serblərinin lideri

2008: Serbiyada həbs edilib

2009: Haaqada məhkəməsi başlanıb