FTB mərhum qatilin iPhonunun kilidini açıb

Syed Rizwan Farook, sağda və onun həyat yoldaşı Tashfeen Malik, dekabr ayında 14 nəfəri qətlə yetirib Fotonun müəllifi
Image caption Syed Rizwan Farook, sağda və onun həyat yoldaşı Tashfeen Malik, dekabr ayında 14 nəfəri qətlə yetirib

Federal Təhlükəsizlik Bürosunun müstəntiqləri Apple-ın köməyi olmadan mərhum San Bernardino-lu cinayətkarın iPhonunun kilidini aça bilib, ABŞ Ədliyyə Nazirliyi məlumat verir.

Apple şirkəti Syed Rizwan Farook-un telefonuna daxil olmaq üçün xüsusi proqram yüklənməsi haqda məhkəmənin qərarına etiraz etmişdi.

Lakin bazar ertəsi günü rəsmilər elan etdi ki, onlar telefona özləri müstəqil daxil olublar və indi vəsatətin geri götürülməsini xahiş edirlər.

Farook və onun həyat yoldaşı dekabr ayında San Bernardino-da 14 nəfəri qətlə yetirib.

Bir qədər sonra onlar polis tərəfindən güllələnərək öldürülüblər.

Farook-un həyat yoldaşı, Tashfeen Malik, atışma günü sosial mediada özünü "İslam Dövləti" adlandıran qruplaşmaya sədaqət andı verib, ABŞ rəsmiləri bildirir.

Ötən həftə prokurorluq açıqlama verib ki, "kənar tərəflər" Apple şirkətinin köməyi olmadan da iPhone-nun kilidinin açmağın mümkün olduğunu deyib.

Apple şirkəti isə başqasının telefonuna necə giriş etmələrini bilmədiklərini deyiblər və hökumətin iPhone-nun "zəif tərəfləri" haqda bütün məlumatları onlarla bölüşəcəyinə ümid etdiklərini açıqlayıblar.

Fotonun müəllifi Getty Images
Image caption Apple şirkətinin rəhbəri Tim Cook: ''Sizin məlumatlarınızı qorumaq bizim öhdəliyimizdir''

Bazar ertəsi Kaliforniya ştatının baş federal prokuroru Eileen Decker bəyan edib ki, müstəntiqlər məsələ ilə bağlı kimliyi açıqlanmayan "üçüncü tərəfin" köməyini qəbul ediblər.

Müstəntiqlərin "San Bernardino atışma qurbanları qarşısında ciddi öhdəlikləri var", o deyib.

"Beynəlxalq və ictimai təhlükəsizliyin qorunması üçün rəqəmsal informasiyaları müvafiq tərəflərlə əməkdaşlıq və ya məhkəmə yolu ilə əldə etmək, hökumət üçün prioritet olaraq qalır", bəyanatda deyilir.

Hadisələrin gedişatına cavab olaraq Apple şirkəti deyib: "Apple şirkəti iPhone telefonlarının içində qoruma sistemi yaratdığına görə biz əvvəlindən FTB-nin tələbinə etiraz etmişik. Biz hesab edirik ki, bu addım düzgün deyil və bu təhlükəli presedent yaradır".

Şirkət bildirib ki, "baza məlumatlarımıza hədə və hücumlar daha tez-tez və mürəkkəb olduqca biz də məhsulumuzun təhlükəsizlik səviyyəsini gücləndirməkdə davam edəcəyik".

Ötən həftə İsrail qəzetlərindən biri məlumat yayıb ki, baş qərargahı İsraildə yerləşən Cellebrite, kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri də məsələyə cəlb olunub.

Şirkətdən BBC-yə bildiriblər ki, onlar FTB ilə əməkdaşlıq edirlər və bundan artığını deyə bilməzlər.

FTB-nin direktoru James Comey deyib ki, bu onun işində həll etməli olduğu "ən çətin sual" olub.

Buna baxmayaraq o, hüquq mühafizə orqanlarının mobil telefon məlumat bazasına daxil olmağa icazə verməsi ilə çoxlu sayda uşaqları terror hücumlarından qoruduğunu açıqlayıb.