Britaniya mətbuatı: Kardashian: “Sınan adamı düzəltmə, əlini kəsərsən”

İran raketlərindən keçmək istəmir

“The Guardian” qəzeti İran Xarici işlər Nazirinə istinadən yazır ki, Tehran özünün raket proqramını Birləşmiş Ştatlarla müzakirə etmək niyyətində deyil.

İranın xarici işlər naziri bildirib ki, onun ölkəsinin raket proqramı Birləşmiş Ştatlarla danışıqların predmeti ola bilməz.

“Raket proqramı və İslam Respublikasının “müdafiə” qabiliyyəti danışıqlar mövzusu olmayacaq” – deyib Məhəmməd Cavad Zərif Estoniyalı həmkarı Marina Kaljurandla görüşündən sonra.

O əlavə edib ki, Washington Yaxın Şərqdə müdafiıə məsələlərindən həqiqətən də də narahatdırsa, Səudiyyə Ərəbistanı və İsrailin silahla təchizatına son qoymalıdır. “The Guardian” yazır ki, Səudiyyə Ərəbistanı ötən ilin mart ayından bəri Yəməndə İran tərəfindən dəstəklənən şiə qiyamçılara qarşı hərbi əməliyyatlar aparır. İran həmçinin anti-İsrail silahlı qruplaşmaları dəstəkləyir.

İŞİD-ə silahı kim verir?

Lakin bundan əvvəl ABŞ dövlət katibi John Kerry demişdi ki, ABŞ və onun partnyorları İranı narahat edən məsələləri birlikdə müzakirə etməyi təklif ediblər. Kerry bildirib ki, ABŞ hətta bu müzakirələr üçün yeni formatlar barədə təkliflər verə bilər.

Fotonun müəllifi TASNIM
Image caption Məhəmməd Cavad Zərif: “Raket proqramı danışıqlar mövzusu olmayacaq”.

Dövlət katibi deyib ki, İranın özü ilk növbədə bütün aidiyyəti tərəflərə təxribat xarakterli raket təlimlərini və sınaqlarını dayandırmağa hazır olduğu barədə aydın mesaj verməlidir.

Zərif həmçinin işarə edib ki, ABŞ-ın regional müttəfiqlərindən bəziləri məxfi şəkildə İslam Dövləti ekstremistlərini dəstəkləyirlər. “ABŞ İrana qarşı əsassız və dəlilsiz iddialar qaldırmaqdandsa, regional məsələlərə daha ciddi nəzər yetirməlidir, - deyib Zərif, - Cənab Kerry ABŞ müttəfiqlərindən soruşmalıdır ki, İslam Döbvləti silahları kimdən alır”.

Prezident qadınlara fen işlətməməyi tapşırıb

“The İndependent” yazır ki, neftlə zəngin Venesuelanın prezidenti ölkə qadınlarını saçqurudanlardan istifadə etməməyə çağırıb.

Neft qiymətlərinin düşməsi ilə bağlı ölkə gəlirlərinin azalması Venesuelanı qənaət rejiminə keçməyə məcbur edir, lakin Nicolas Maduro-nun çağırışı vəziyyətin nə qədər gərgin olduğunu göstərir.

Prezident qadınlara saç qurutmağın başqa yolları barədə məsələhətlər verməyi də unutmayıb. O həmçinin evlərdə kondisionerlərdən istifadəni azaltmağa çağırıb.

“Mən həmişə düşünmüşəm ki, fendən istifadə etməkdənsə, sadəcə saçlarını barmaqları ilə daraqlayıb havada qurudan qadınlar daha yaxşı görünürlər. Bu bir məsləhətdir” – deyib prezident.

Neft qitymətlərinin düşməsi və bunun nəticəsində elektrik qıtlığı ilə üzləşən ölkənin lideri həmçinin xalqı yayın istisinə qatlaşaraq kondisioner yandırmamağa çağırıb. Lakin prezidentin belə xırda şeylərdə də qənaətə çağırması əhalini vahiməyə salır.

Bir Karakas sakini Əl-Cəzirə telekanalına deyib ki, “prezident belə məsləhətlər verirsə, deməli vəziyyət biz düşündüyümüzdən də pismiş…” “The İndependent” yazır ki, Venesuela hakimiyyəti növbəti 60 gün ərzində ictimai sektorda işləyənlər üçün cümələri istirahət günü elan edib.

Quraqlıq və müxalifət

Bu arada Venesuelada ərzaq qıtlığının yarandığı, supermarketlərdə növbələrin yarandığı xəbər verirlir.

Məqalədə deyilir ki, Venesuelada elektrik enerjisinin 70 faizini Karoni çayı üzərindəki su-elektrik stansiyası verir. Lakin rəsmilər Quri su bəndində su səviyyəsinin aşağı olması barədə artıq həftələrdir ki, xəbərdarlıq edirdilər. Onlar deyirlər ki, vəziyyət bu şəkildə qalsa, SES ümumiyyətlə dayana bilər.

Cənab Maduronun sosialist hökuməti yaranmış böhrana görə El-Nino siklonunun törətdiyi quraqlığı və müxalifətin təxribarlarını günahlandırır. “The İndependent” yazır ki, əhali prezidentin qənaətlə bağlı çıxışlarını məsxərəyə qoyur.

“Maduro bazar ertəsindən cüməyə, şənbəyə və bazar gününədək işləməyi sevmirsə, bu o demək deyildir ki, biz də belə etməliyik” – deyib müxalifət siyasətçilərindən Maria Corina Machado.

“Bizim istədiyimiz işləməkdir. Maduro, sən isə getməlisən” - deyib müxalifətçi.

Gecə moizələri

Qəzet yazır ki, liderin gecənin gec saatlarında televiziya ilə yayınlanan yarısöyüşlü uzun çıxışları artıq adamları təngə gətirib. Bu Cənubi Amerika ölkəsi artıq illərdir ki, elektrik enerjisinin kəsilməsindən əziyyət çəkir və hətta bir dəfə Maduronun öz dövlət çıxışı zamanı da işıqlar sönüb və teletranslyasiya kəsilib.

Fotonun müəllifi Reuters
Image caption Cənab Maduro mart ayında işçilərə bir həftə məzuniyyət vermişdi.

Ölkənin kənd yerlərinə gəlincə isə, buralar praktik olaraq elektriksiz qalıb.

Cənab Maduro artıq mart ayında işçilərə bir həftə məzuniyyət vermişdi. Bu tədbir elektrik enerjisinə qənaət edilməsi üçün həyata keçirilir.

Prezident Maduro özünün qənaət planı ilə elektrik sərfini 20 faizədək ixtisar etməyi düşünür.

“The İndependent” yazır ki, başqa Latın Amerikası ölkələri də quraqlıqdan əziyyət çəkir, lakin onlar belə ekstremal qənaət tədbirlərinə əl atmalı olmayıblar.

Kardashian ərindən əlini üzüb

“The Mirror” qəzeti yazır ki, Khloe Kardashian hazırda onunla ayrı yaşayan əri Lamar Odomun içki aludəçiliyindən boğaza yığılıb.

Məqalədə deyilir ki, əri 6 ay bundan əvvəl bir fahişəxanada qədərindən artıq spirtli işki qəbul etdiyinə görə xəstəxanaya düşmüş Khloe keçmişinə “həvəsdi bəsdi” deyib.

Lamarın artıq içmədiyini zənn edən Khloe onun içki içən yerdə çəkilmiş fotosunu görəndən sonra ərindən birdəfəlik ayrılmaq qərarına gəlib.

O bu barədə qərarını İnstagram postu ilə bəyan edib.

Yaralar sağalır, çapıqlar qalır

“The Mirror” yazır ki, “ayrılıq naməsində” Khloe bir sıra “ürəkağrıdan” hikmətlər söyləyib.

O yazıb ki, bir kəsdən əlini üzmək hələ ona biganə olmaq deyil.

Fotonun müəllifi Reuters
Image caption Khloe Kardashian və Lamar Odom

Khloe yazır ki, sadəcə olaraq bundan sonra keçmiş basketbolçu ərinin taleyi onun üçün öz taleyindən daha vacib ola bilməz.

“Təəssüf ki, kiminsə qeydinə, həmin şəxsin özündən çox qalmaq mümkün deyil” – yazıb Khloe. “The Mirror” yazır ki, Khloe artıq 2013-cü ildən əri ilə ayrı yaşasa da, o ağır xəstələndikdən sonra boşanma prosesini dayandırmışdı.

“Deyirlər, zaman yaraları sağaldır, - yazır teleulduz, - Bəli yaralar sağalır, amma çapıqlar qalır” . “Sınmış adamı düzəltməyə çalışmaq təhlükəlidir. Onun qırıntıları ilə özünü kəsə bilərsən” – yazır 31 yaşlı Khloe Kardashian.