Britaniya mətbuatı: Ananın oğluna aşiq olmasının elmi izahı varmış

“The Daily Telegraph” qəzetinin müxbiri Charlotte Gill çox həssas bir məqama toxunur. Onun məqaləsində deyilir ki, ananaın öz oğluna aşiq olması nə qədər iyrənc görünsə də, belə hadisələr heç də nadir hallarda baş vermir.

O misal kimi 51 yaşlı Kim West-in öz oğlunu doğandan 30 il sonra ona vurulmasını misal gətirir. Müxbir yazır ki, mətbuata ötən həftə çıxmış bu hadisə geniş hiddətə səbəb olmuşdu, lakin ana və oğul artıq evlənərək ailə həyatına başlayıblar.

“The Telegraph”-ın məqaləsində deyilir ki, ana-bala internetdə təhqir və hədələrlə üzləşdiklərindən, habelə həbs qorxusundan qaçaraq haradasa gizləniblər. Gill yazır ki, ictimai qəzəbin gücünə baxmayaraq, belə faktlar kifayət qədər tez-tez üzə çıxır. Zaman-zaman öz nəvələrinə vurulan babalar, qızlarını “kişi” kimi sevən atalar barədə xəbərlər yayılır.

Alimlərsə bildirirlər ki, belə münasibətləri tətikləyən sevgi yox, Genetik Seksual Cazibədir (Genetic Sexual Attraction - GSA). “Bu elə bir fenomendir ki, bu barədə heç kəs müzakirə açmaq istəmir. Çünki insest tabu mövzu hesab olunur”, – yazır qəzet.

Məqalədə bildirilir ki, ictimaiyyətin təəccübünə səbəb olsa da, belə hadisələrin gələcəkdə daha da artacağı gözlənilir. Buna səbəb müasir mayalandırma texnologiyalarıdır. Alimlər deyirlər ki, GSA bioloji qohumlar arasında baş verən çox güclü cazibədir.

Bu fenomeni ilk dəfə 1980-ci illərdə öz oğluna dəlicəsinə vurulmuş Barbara Gonyo təsvir edib. Müxbir yazır ki, West-i oğluna vurulduğuna görə ittiham edənlər bu bioloji cazibənin nə dərəcədə qüdrətli olduğunu təsəvvür etmirlər.

Alimlərin fikrincə, bu dəyişdirilməsi son dərəcə çətin olan hissiyyatdır. GSA ucbatından ailələrin dağılması və faciələrin yaşanması fakrtları saysız-hesabsızdır. Lakin buna baxmayaraq bu sahədə araşdırma aparmaq istəyənlər çox azdır. “Axı kim insest üzrə professor olmaq istərdi?” – deyə sual edilir məqalədə.

Lakin sahə üzrə artıq mövcud ekspertlər izah edirlər ki, əksər hallarda birlikdə yaşayan ailələrin bioloji üzvləri arasında seksual cazibə 6 yaşadək sönüb gedir. Alimlərin fikrincə insest bu proses hansı səbəblərə görə isə işləməyəndə baş verir. “The Telegraph” yazır ki, erkən parçalanmış ailələrin üzvləri sonradan, yetkin yaşda təkrar birləşəndə də GSA baş verə bilər.

Əslində Britaniya Ovladlığa Qəbul Etmə Mərkəzinin və London Kollec Universietetinin məlumatına əsasən GSA hallarının 50 faizi təkrar qovuşmuş ailə üzvləri arasında baş verir. Məqalədə deyilir ki, müasir zəmanəmizdə ən böyük təhlükə yumurta və sperm donorluğundan istifadənin artmasıdır. Müxbir yazır ki, insanların süni mayalandırılması klinikalarında çox vaxt məhdud ərazidən əldən edilmiş donor spermlərindən istifadə olunur.

Belə meyl gələcəkdə çox sayda insanın bir-biri ilə bioloji qohumluğa malik olmalarından xəbərsizliyinə səbəb olacaq. “The Telegraph” yazır ki, GSA hallarının kifayət qədər çox olması hətta bu problemlə məşğul olan icma internet saytlarının yaranmasına səbəb olub.

Məqalədə deyilir ki, GSA təhülkəsini mövcud qanunlar da kəskinləşdirir. Məsələn Britaniya qanunlarına görə uşaq yalnız 16 yaşına çatdıqdan sonra onun yaranması üçün sperm vermiş şəxsin kimliyini öyrənə bilər. Müxbir bu nəticəyə gəlir ki, West kimi insanları ittiham etməkdəndənsə, GSA hallarının qarşısının alınması yolları barədə ciddi düşünmək lazımdır.

"İŞİD və ərəb gəncləri"

“The İndependent” yazır ki, yeni rəy sorğusu İslam Dövləti adlandırılan (İD) təşkilatın ərəb gənclərinin əksəriyyəti tərəfindən dəstəklənmədiyini göstərib.

Ərəb Gəncliyi Sorğusunun nəticələri "terrorçu qruplaşma olan İŞİD-in" iddialarının həqiqət olmadığını isbata yetirib, yazır nəşr.

Sorğu nəticəsində bəlli olub ki, ərəb gənclərinin əksəriyyəti İŞİD-i nəinki dəstəkləmir, hətta onun fəaliyyətindən narahat olduğunu bildirir.

Böyük araşdırma zamanı 18 və 24 yaşları olan və Yaxın Şərq və Şimali Afrikanın 16 ölkəsində yaşayan 3500 respondentlə üzbəüz söhbətlər aparılıb.

Fotonun müəllifi AP
Image caption ABŞ kəşfiyyatının təxminlərinə görə özünü İslam Dövləti adlandıran qruplaşmanın 10-20 min arası döyüşçüsü var. Rusiya hökuməti bu rəqəmin 70 min olduğunu bildirir.

“The İndependent” yazır ki, belə bir rəy sorğusu hər il ASDA Burson-Marsteller firması tərəfindən aparılır.

Araşdırma göstərib ki, davakar taktika və İslamın təhrif edilmiş interptretasiyası müasir ərəb gəncliyi tərəfindən rədd edilir. Bu sorğuda rəyi soruşulanların 77 faizi İŞİD-in “yüksəlişindən” narahatlıq keçirdiyini bildirib.

Respondentlərdən yalnız 15 faizi inanır ki, ekstremist qruplaşma son nəticədə məqsədinə çataraq İslam xilafətini qura biləcək. Sorğuda iştirak edənlərin 76 faizi İŞİD-in iflasa uğrayacağına inanır.

Təməl inanclar "rədd edilir"

Araşdırma bunu nümayiş etdirib ki, ərəb gənclərin əksəriyyəti təkcə İŞİD-in zorakılığını rədd etməklə kifayətlənmir, üstəlik qrupun təməl inanclarını yanlış hesab edir.

Respondentlərin 78 faizi hətta “İŞİD taktikasını yumşaltsa onu dəstəkləyərdinizmi” sualına da mənfi cavab verib. Yalnız 9 faiz əmin olmadığını söyləyib.

Sorğuda belə bir sual da verilib ki, gənclərin İŞİD-ə üzv olmasına əsas səbəb nədir. Gənclərin əksəriyyəti əsas səbəb kimi işsizliyi və iş imkanlarının azlığını göstərib.

Washington-da mənzillənmiş Yaxın Şərq Siyasəti analitik mərkəzindən ekspert Həsən Həsən İŞİD səfərbərliyinin uğuruna gənclər arasında işsizliyin əsas səbəb olduğu barədə fikri dəstəkləyib.

“The İndependent yazır ki, İŞİD üzvləri özlərinin hərəkata qoşulmalarının əsas səbəbi kimi işsizliyi və maddiyyatı göstərməkdən imtina etsələr də, onların başqa bəyənatları əsas səbəbin məhz bu olduğunu sübuta yetirir.

Cənab Həsən bundan çıxış edərək bildirib ki, rəy sorğusunun belə nəticələri İŞİD-lə mübarizənin yalnız hərbi yolla aparılmasının kafi olmadığını göstərib.

“İŞİD-lə mübarizə yalnız hərbi və təhlükəsizlik tədbirləri ilə parılmamalıdır, - deyib ekspert “The İndependent” qəzetinə - İŞİD zəifləyə və hətta aradan gedə bilər, lakin onu stimullaşdıran xəstəlik daim dərində qalacaq. Bu isə o deməkdir ki, gələcəkdə başqa terrorçu qruplaşmalar təşəkkül tapa bilər.

Rəyi soruşulanların 50 faizi İŞİD-in yüksəlişini əsas narahatlıq səbəbi kimi göstərib. Ötən il bu rəqəm 37 idi.

“The İndependent” yazır ki, ərəb ictimai rəyində yaranan bu meyllərin arxasında İŞİD taktikasının son vaxtlarda daha da qəddarlaşması və Avropa şəhərlərində törədilmiş hücum aktları ola bilər. Ekspertlər buraya həmçinin qadınların zorla evləndirmə üçün oğurlamnmasını da əlavə edirlər.

Təşkilatın məxfiliyi ucbatından İD-ə üzv olanların sayının dəqiq müəyyən edilməsi mümkün deyil.

Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə hazırda İŞİD-in toplam 10-20 min arası döyüşçüsü var. Rusiya hökuməti bu rəqəmin 70 min olduğunu bildirir.