Britaniya mətbuatı: Kim daha çox sevilir? İlk uşaq, ya sonbeşik?

Liviya – İŞİD-lə müharibənin yeni meydanı

“The Guardian” yazır ki, İslam Dövləti adlanan təşkilatın Suriya və İraqda sıxışdırılması, bu bölgəyə cihad səfərbərləri axınının azalması, əcnəbi ekstremistlərin səmtini Liviya tərəfə dəyşib.

Bu barədə xəbərdarlığı ABŞ prezidenti Barack Obama kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşdə səsləndirib.

Bu görüşdə İŞİD-ə qarşı ABŞ strategiyasının nəticələrinə baxış keçirilirdi.

Bundan bir neçə gün əvvəl prezident Barack Obama Liviyadakı hakimiyyət vakuumunun ekstremistlər tərəfindən doldurulmasına yol verilməsini öz prezidentliyinin “ən böyük səhvi” adlandırmışdı.

“Biz və xarici müttəfiq və partnyorlarımız əcnəbi terrorçuların Suriya və İraqa yolunu kəsdikdən sonra, Liviyaya axışan İŞİD döyüşçülərinin sayı artıb” – deyib prezident Mərkəzi Kəşfiyyat İdarəsinin Virginia ştatındakı iqamətgahında.

ABŞ Silahlı Qüvvələrinin Afrika komandanı general David Rodriguez bu həftənin əvvəllərində bəyan etmişdi ki, ABŞ kəşfiyyatının təxminlərinə görə Liviyadakı İŞİD döyüşçülərinin sayı ötən il ərazində iki dəfə artaraq 4000-6000 nəfərə çatıb.

Obama deyib ki, ABŞ İŞİD-i Liviyadan vurub çıxarmaq üçün bütün mümkün alətlərdən istifadə etməklə yanaşı, Liviyanın yeni hökumətinin ölkədə təhlükəsizliyi bərqərar etmək cəhdlərini dəstəkləyəcək.

Uman yerdən küsərlər

Bundan əvvəl Liviya məsələsi ilə bağlı Obama ABŞ-ın bəzi müttəfiqlərinin mövqeyindən giley bildirmişdi.

Fotonun müəllifi AP
Image caption "Dünya boyunca terrorçu hücumlara baxmayaraq İŞİD-in özəyi tükənməkdədir," ABŞ prezidenti Barack Obama vurğulayıb

O demişdi ki, Liviyanın qarışıqlığa yuvarlandığı bir vaxtda Britaniya baş naziri David Cameron-un diqqəti öz ölkəsinin daxili problemlərinə yönəlmişdi. Barack Obama Fransa və Britaniyanı Liviyada hərbi hərəkətə dəstək bildirdikdən sonra, bu işə praktik dəstək verməməkdə ittiham etmişdi.

ABŞ prezidenti demişdi ki, son onilliklərdə ABŞ-ın bir sıra partnyorları onu müxtəlif regionlarda fəal hərbi əməliyyatlara cəlb etdikdən sonra çəkilib bir tərəfdə dururlar.

“The Guardian” yazır ki, böyük bir ehtimalla Obama bu kimi məsələləri gələn həftə əvvəlcə Körfəz ölkələri və Səudiyyə Ərəbistanı, daha sonra isə David Cameron-la müzakirə edəcək.

Bu arada çərşənbə günü Britaniya siyasətçiləri xarici işlər naziri Philip Hammondu Britaniya qoşunlarının Liviyada dislokasiya olunması ilə bağlı planların təfərrüatlarını açıqlamağa çağırıblar.

Bu çağırışlardan az əvvəl Liviyanın yeni hökuməti İslam Dövləti ilə döyüşdə kömək üçün Qərb ölkələrinın silahlı qüvvələrinin müdaxiləsi ricasını geri götürdüyünü bildirmişdi.

Tripolidə Fayez əs-Sərracın başçılığı ilə yeni birlik hökuməti təşkil edilsə də, bu hökumət hələlik bir biri ilə rəqabət aparan fraksiyalar, habelə Tobrukdakı paralel parlament üzərində nüfuzunu bərqərar edə bilməyib.

Bu arada aşkar olub ki, Britaniyanın xüsusi hərbi qüvvələri artıq bir müddətdir, Liviyada hökumətin İŞİD-lə döyüşlərində iştirak edirlər.

11500 hava zərbəsi

Çərşənbə günü etdiyi çıxışda Obama bildirib ki, ABŞ və müttəfiqləri hələlik İŞİD-i məğlub etmək missiyasını başa çatdırmayıblar.

Onun sözlərinə görə, buna baxmayaraq, İslam Dövləti adlandırılan təşkilat indiyədək nəzarətində olan 28 min kvadrat kilometrlik ərazini itirib.

Prezident deyib ki, bu, ABŞ və müttəfiqlərinin qruplaşma üzərinə 11 min 500 hava zərbəsi nəticəsində mümkün olub.

“Bu gün Suriya və İraq torpağında İŞİD müdafiə mövqeyinə keçməli olub, - deyib Obama, - Ərəb partnyorlarımız da daxil, 66 üzvü olan koalisiyamız hücumdadır. Biz indi hücum məqamındayıq və bu məqamı itirməməliyik”.

İŞİD uduzduğunu bilir

Bir vaxtlar əl-Qaeda barədə işlətdiyi leksikondan istifadə edən ABŞ prezidenti vurğulayıb ki, dünya boyunca terrorçu hücumlara baxmayaraq İŞİD-in özəyi tükənməkdədir.

“İŞİD-in Suriya və İraqdakı özəyi tükənməkdə davam edir və onların sıraları son iki ildə ən seyrək həddinə çatıb. Onlar getdikcə bu döyüşü uduzduqlarını başa düşürlər” – deyib Obama.

Bununla yanaşı prezident ertiraf edib ki, İŞİD hələ də Brüssel və İstanbuldan İraqadək günahsız uşaqları qətlə yetirmək iqtidarındadır.

Prezident deyib ki, İŞİD belə basqınlarla Qərbin kollektiv cəhdlərini zəiflətməyə çalışır.

“Amma onlar bir daha yanlıblar. Onların vəhşiliyi bizim birliyimizi və bu terrorçu təşkilatı Yer üzündən silmək əzmimizi gücləndirib” – deyib ABŞ prezidenti.

Ailədə “əziz-xələf” kimdir?

“The Daily Telegraph” qəzetində Helena Horton yazır ki, yeni elmi araşdırma zamanı anaların 74, ataların isə 70 faizinin övladlarından birinə başqalarından daha rəğbətli yanaşdıqlarını etiraf ediblər.

Fotonun müəllifi Getty

California Universitetindən olan sosioloqların apardığı araşdırma göstərib ki, ailələrdə adətən ilk uşaq hamıdan daha çox “əziz-xələf” olur.

Valideynlər konkret olaraq balalarından ən çox hansını istədiklərini açmasalar da, ortancıl və kiçik qardaş-bacılar böyük uşağa daha çox rəğbət qərəzi olduğunu söyləyiblər.

Onlar deyirlər ki, ailədə valideynlərin ilk övlada hüsn-rəğbəti qalanları ruhdan salır.

Birinci olmağın özü də yetərlidir

Journal of Family Psychology məcmuəsində dərc edilmiş məqalədə deyilir ki, tədqiqatçılar öz təcrübələri üçün yaş fərqləri 4 ildən artıq olmayan bacı-qardaş cütləri ilə söhbət aparıblar.

Tədqiqatçılar bu nəticəyə gəliblər ki, ailələrin ilki olanlara inam və seçkinlik hissi verən, onların sadəcə olaraq birinci olmaları faktıdır.

Professor Katherine Conger hələlik başa çatmamış bu tədqiqat barəsində şərh verərkən deyib ki, bu araşdırma ailədə sonbeşiklərin sevimli olduqları və daha çox nəvaziş gördükləri barədə mifi alt-üst edib.

Onlar araşdırma zamanı tamamilə əks nəticəyə gəliblər. Rəyi soruşulmuş 384 ailədə böyük uşaqlar valideynlərin onlara daha böyük qayğısını hiss etdiklərini deyiblər.

Bu həm də onunla izah edilə bilər ki, ilk uşaqların məktəb imtahanları və idman yarışları valideynlər üçün də ilk sınaq kimi maraqlı olur.

Professor Conger təəccübləndiyini gizlətmir. O “The İndependent” qəzetinə bildirib ki, şəxsən özü ailənin ilk övladının üzərinə daha çox məsuliyyət payı düşdüyünü və onun daha az nəvaziş gördüyünü düşünürmüş.

Sağlam ailəni xəstəlik yaradıb

“The İndependent” qəzetində dərc edilmiş maraqlı yazılardan biri də ailə münasibətlərinə həsr edilib.

Fotonun müəllifi Getty

Məqalədə Frank Sinatranın 1955-ci ildə oxuduğu bir mahnının sözləri xatırladılır: “Sevgiylə evlilik, at-araba kimidir”.

Lakin Nature Communications jurnalında dərc olunmuş elmi məqalədə deyilir ki, kişilər və qadınlar arasında monoqam münasibətlərin yaranmasında “romantik səbəblərin” rolu elə də çox olmayıb.

İnsanlar monoqam, yəni bir kişi və bir qadından ibarət olan ailə növünə cinsi yolla yayılan xəstəliklərdən qorunmaq üçün keçiblər.

Alimlər erkən insan cəmiyyətlərində müxtəlif cütləşmə davranışlarının öyrənilməsi üçün riyazi modelləmədən istifadə ediblər.

Erkən ovçu-yığımçı icmalarında bir ovuc kişi daha çox sayda qadın üzərində monopoliyaya sahib olurdu.

Belə olduğu halda kiçik qrupların arasında cinsi yolla ötürülən xəstəliklər çox sürmürdü və icmanı o qədər də təsirləndirmirdi.

Hər şey əkinçilikdən başlanıb

Lakin insanlar əkinçiliyə keçdikdən sonra icmalar da böyüməyə başlamışdı.

Alimlər qrupunun nəticələrinə görə, seksual yolla ötürülən xəstəliklər belə icmalarda daha geniş yayıla bilirdi.

“The İndependent” yazır ki, müasir təbabətin olmadığı vaxtlarda sifilis, süzənək, xlamidioz kimi xəstəliklər geniş yayılaraq fəsadlara, o cümlədən qısırlığa səbəb olurdu.

Alimlərin fikrincə, məhz belə bir vəziyyət insanların getdikcə monoqam münasibətlərə üstünlük verməsinə səbəb olub.

Kanadadakı Waterloo Universitetində tətbiqi riyaziyyat professoru və sözü gedən məqalənin müəllifi Chris Bauch yazır ki, yoluxucu xəstəliklərin yayılması insan cəmiyyətində bir sıra sosial normaları diqtə edib.

Alim yazır ki, “ətraf mühit bizim sosial normalarımızı, bizim sosial normalarımız isə ətraf mühiti dəyişdirir”.

Bu barədə daha geniş