Britaniya mətbuatı: Panama niyə cəlbedicidir?

Avropa ofşorlar üzərinə qəti hücuma keçir

“The Guardian” yazır ki, Britaniya və onun Avropa müttəfiqləri “Panama sənədləri qalmaqalına birbaşa cavab olaraq” dünyanın ən zəngin adamlarının pullarını gizlətdikləri ofşor ərazilər üzərinə “çəkic zərbəsi” vəd ediblər.

Britaniya, Fransa, Almaniya və İspaniyanın maliyyə nazirləri bu xüsusda birgə məktub mətninə səs veriblər.

Qəzet Britaniyanın bu hücuma qoşulmasını həlledici hesab edir, çünki “vergidən yayınma cənnətləri” olan ofşor ərazilərin əksəriyyəti məhz Britaniyanın protektoratındadır.

Çəkic zərbəsi

Məqalədə deyilir ki, Britaniyanın maliyyə naziri George Osborne cümə axşamı Fransa, Almaniya, İspaniya və İtaliyadan olan həmkarları ilə birlikdə mürəkkəb ofşor şirkətləri şəbəkələrinin kimə məxsus olduğuna dair informasiyanın dərhal aşkar edilməsi və paylaşılması üçün sistemin yaradılmasına tərəfdar olduğunu bildirib.

Maliyyə naziri deyib ki, Panama sənədləri qalmaqalı ilə əlaqədar bu həftə razılaşdırılmış qaydalar qanunsuz yollarla qazanılmış sərvətin maliyyə sisteminin qaranlıq guşələrində gizlədilməsinə “çəkic zərbəsi” endirəcək.

Osborne deyib ki, Britaniya öz Avropa müttəfiqləri ilə birlikdə məxfi “balıqqulağı” (yalnız çirkli pulların yuyulması üçün yaradılmış şirkətlər) tipli şirkətlərin kimlərə məxsus olduğunu faş edəcək.

Maliyyə naziri deyib ki, gurultulu sözlər və ya populist hiddətlə, oğurlanmış pulların bir pensini də geri qaytarmaq mümkün olmayacaq.

Panama niyə cəlbedicidir?

Beynəlxalq Valyuta Fondunun Washington-da keçirilən yaz iclasında “vergidən yayınanlara qarşı müharibədə” konkret tədbirlərdən danışılıb.

Fotonun müəllifi Getty

Osborne deyib ki, o, 2017-ci ilin yanvarından qüvvəyə minəcək yeni qaydaların başqa ölkələr tərəfindən də qəbul ediləcyinə ümid bəsləyir.

Britaniyanın elan etdiyi yeni qaydalar əsas etibarilə “mənfəətdar şirkətlərin” sahibliyinin şəffaflaşdırılmasına yönəlib.

Başqa sözlərlə söhbət sərvətin gizlədilməsi üçün yaradılmış şirkətlərin kimlərə aid olduğunun bəyan edilməsindən gedir.

Avropada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Ángel Gurría, deyib ki, Panama sənədləri beynəlxalq maliyyə qanunsuzluqlarına bundan sonra dözülə bilməyəcəyini nümayiş etdirib.

O deyib ki, sərvət və hakimiyyət sahiblərinin öz pullarını gizlətmək üçün Panama ofşorlarından istifadə etmə həvəsinin də haradan qaynaqlandığı indi tam bəlli olub, çünki məhz Panama, beynəlxalq şəffaflıq tədbirlərinə ən güclü müqavimət göstərən çox az sayda yurisdiksiyalardan biridir.

Ángel Gurría deyib ki, qanunsuz sərvətlər üzərinə pərdə çəkilməsini təşkil edən peşəkarlara – hüquqşünaslara, mühasiblərə və beynəlxalq təsisatlara qarşı ciddi tədbirlər görülməlidir.

Hökumət, yoxsa ictimaiyyət?

“The Guardian” yazır ki, bununla belə, digər partnyorları Britaniyanı yeni qaydaları yalnız vergidən yayınmaya kömək edən təsisatlara yox, bütün ofşor şirkətlərə qarşı tətbiq etməyə razı salmağa çalışıblar.

“The Guardian” Bloomberg-in reportajına istinadən yazır ki, Britaniya rəsmiləri Fransa tərəfindən təklif olunan tam dəyişiklik paketinə müqavimət göstərir.

Bununla belə, cənab Osborne-un sözçüsü London və Paris arasında bu istiqamətdə hər hansı fikir ayrılığı olduğu barədə xəbərləri təkzib edib.

“The Guardian” yazır ki, Britaniyanın maliyyə naziri Washington görüşündə həmkarlarının təzyiqlərinə də məruz qalıb, beləki bir çox dünya liderləri Londonu onun ofşor adalarındakı çoxsaylı şirkətlərin “aqressiv məxfiliyinə” görə tənqid edirlər.

Bununla belə, məqalədə vurğulanır ki, mənfəətdar şirkətlərin şəffaflaşdırılması məsələsində, Britaniya, əksinə, başqa Avropa ölkələrindən daha irəli gedib.

Beləki Britaniya bütün ofşor şirkətlərin mənfəətdar sahiblərinin adlarının ictimaiyyət üçün açıq olacağını elan edib, halbuki başqa ölkələr belə sahiblikdən yalnız hökumətlərin xəbəri olmasını istəyirlər.

Osborne bildirib ki, “biz bütün mənfəətdarlığın axtarışlı sistem formatında olmasına tərəfdarıyıq”.

Çin və Rusiya şəffaflıq istəmir

Sözü gedən məktub hələlik yalnız Britaniya, İtaliya, Almaniya və Fransa tərəfindən imzalanıb. G20 qrupunun digər üzvləri, xüsusilə də ABŞ, mənfəətdar sahibliyin ictimaiyyətə açıqlanmasına qarşı çıxırlar.

ABŞ hesab edir ki, gizli şirkətlərin sahiblərinin adları yalnız dövlət orqanlarına bəlli olmalıdır.

“The Guardian” yazır ki, ABŞ özünün ofşorlara tam məxfilik imkanı verən Delaware kimi ştatlarının zərər cəkəcəyindən narahatdır.

Məqalədə deyilir ki, bəzi məlumatlara görə, Avropa maliyyə nazirlərinin sözü gedən məktubundakı təklifləri Çin və Rusiya qəbul etmir.

Böyük 20-lərin sammitinə ünvanlanmış məktubda deyilir ki, “bu yeni təşəbbüs mənfəətdar sahibkarlığın şəffaflaşdırılması və cinayətkarların fəaliyyətinə imkan verən məxfilik pərdəsinin qaldırılması istiqamətində əhəməiyyətli addım olardı”.

Məktubda bildirilir ki, hazırkı beynəlxalq maliyyə sistemindəki dəliklər cinayətkarların çirkli pulları yuması və vergidən yayınma halları üçün şərait yaradır.

BP baş direktorunun 20 milyon dollarlıq mükafatına etiraz edilir?

“The Daily Telegraph” qəzeti yazır ki, neft-qaz nəhəngi BP-nin səhmçiləri şirkətin baş icraçı direktoru Bob Dudley-ə az qala 20 milyon dollarlıq illik mükafatın verilməsinə qarşı çıxıblar.

Fotonun müəllifi AP
Image caption BP baş direktoru Bob Dudley-ə 20 milyon dollarlıq illik mükafat veriləcək

İllik baş məclisdə bosun mükafatlandırılması qərarının əleyhinə səhmçilərin 59 faizi səs verib.

Bu qərarın rəsmən icbari olmadığı xəbər verilir.

Qəzet yazır ki, səhmdarları qəzəbləndirən baş icraçı direktora belə bir mükafatın şirkətin rekord itkilərə məruz qaldığı bir vaxtda verilməsi olub.

“The Telegraph”, şirkəti 1995-ci ildə tərk etmiş işçilərdən biri ilə Londonun Excel Centre mərkəzindəki görüşdən sonra danışıb.

“Mənim cənab Dudley-ə çox böyük hörmətim var, lakin belə bir mükafat səhmdarlar üçün qeyri-məqbuldur” – deyib David Tindall.

Səhmdarlar icraçı direktorlara, şirkətin illik fəaliyyət və qazancından asılı olmayaraq yüksək mükafatların verilməsi əleyhinə çıxırlar.

Mükafatı faizlərə yox, işə verirlər

“The Telegraph” yazır ki, ümumi əhval-ruhiyyəni əsəbi edən həm də neft bazarındakı qiymətlərin rekord aşağı həddə olmasıdır.

Lakin BP-nin sədri Carl-Henric Svanberg belə mülahizələrlə razılaşmadığını bildirib. O deyib ki, rəhbərliyin mükafatları, gəlirlərin faizləri ilə yox, onların gördükləri işin ağırlığı ilə ölçülür.

“Bu baxımdan direktorlar şurası hesab edir ki, 2015-ci il BP üçün uğurlu olub” – deyib Svanberg.

“The Telegraph”ın yazdığına görə “səhmdar qiyamı” o qədər güclü olub ki, Svanberg bəzi barışdırıcı fikirlər söyləməyə məcbur olub.

O deyib ki, səhmdarların narahatlıqları yaxın gələcəkdə nəzərə alınacaq.

“Biz böyük səhmdarlarımızla oturub bu məsələləri müzakirə edəcəyik” – deyib sədr.

BP qaydalarını dəyişməli olacaq

Londonun bir sıra mötəbər investisiya firmaları səhmdarların narazılığına şərik çıxırlar. Onlar bildirirlər ki, neft şirkətləri başçılarının səhmdarların mövqeyinə belə biganə yanaşması düzgün deyildir və BP heç şübhəsiz bütün bunları nəzərə almaya bilməyəcək.

“The Telegraph” yazır ki, BP-nin ən böyük 15 səhmdarı direktorlar şurasını səhmdar qiyamına diqqətlə yanaşmağa çağırıblar.

Məqalədə deyilir ki, cənab Dudley-nin builki mükafatı 2014-ci ildə olduğundan 20 faiz artıq müəyyən edilib, halbuki şirkət 2015-ci ildə 5, 2 milyard ziyana işləyib.

2014-cü ildə şirkət 8, 1 milyard dollar mənfəət əldə etmişdi.

BP qlobal neft qiymətlərinin düşməsi ilə bağlı 4 minədək işçisini ixtisar edib.

Çex Respublikası yox, Çexiya

“The İndependent” yazır ki, Avropanın əksər ölkələrindən fərqli olaraq çexlər öz ölkələri üçün bir sözdən ibarət ada malik deyildilər, lakin indi bu nöqsanın aradan qaldırılması üçün addım atılıb.

Fotonun müəllifi Getty

Ən böyük çətinliyi Çex Respublikası adının xarici dil variantları yaradırdı.

Yeni qaydaya görə indi ölkənin adı ingilis dilində Czechia, alman dilində Tschechien, fransız dilində Tchequie olacaq. Çexlərin öz dilində ölkənin adı “Cesko”-dur.

Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, ölkə adı üçün bir sözdən ibarət ad iki sözdən daha praktikdir.

Qonşu Slovakiyanın tam adı Slovak Respublikasıdır.

Ölkənin yeni adı barədə qərarı prezident Miloş Zeman, baş nazir Bohuslav Sobotka, parlamentin iki palatasının spikerləri, xarici işlər və müdafiə nazirləri birlikdə qəbul ediblər.

Onların verdikləri birgə bəyanatda xarici ölkələrdən Çexiyanın adı üçün bir söz işlədilməsi rica olunur.

İndi Xarici İşlər Nazirliyi bu qərar barədə BMT-yə müraciət edəcək.

Bəzilər yeni ad variantından narazıdırlar, çünki xüsusən də alman dilində ölkənin adı Rusiyanın “Çeçnya”sına bənzəyir.

Daha mühafizəkar vətəndaşlar isə deyirlər ki, yeni ad ölkənin iki tarixi regionu – Moraviya və Sileziyanı əks etdirmir. Bunların Çexiyaya daxil hissəsi Bohemiya kimi tanınır.

Azərbaycan mediası artıq bir xeyli müdətdir ki, onsuz Çexiya sözünün işlədirdi.

Bu barədə daha geniş