Panama Sənədləri: Qalmaqal nəyə görədir?

Fotonun müəllifi AFP Getty
Image caption Panama Karib hövzəsində yerləşən bir neçə populyar “vergi cənnətlərindən” biridir

Çox güclü bir sənəd sızması nəticəsində zənginlərin və qüdrətlilərin sərvətlərini gizlətmək üçün ofşorlardan necə istifadə etdikləri üzərindən pərdə qalxıb.

Sənədlər dünyanın ən məxfi şirkətlərindən biri olan Panama Mossack Fonseca hüquq firmasından sızıb.

Panama Sənədləri (Panama Papers) nədir?

Sənədlər Mossack Fonseca müştərilərinin çirkli pulları yumağa, sanksiyalardan yan ötməyə, vergilərdən yayınmağa necə nail olduqlarını göstərir.

Sənədlərdən birindən bəlli olur ki, bir şirkət, pulların hakimiyyət orqanlarından gizlədilməsi üçün bir milyonçuya saxta sahiblik qeydiyyatı kağızı təklif edib. Bu, çirkli pulların yuyulması və vergidən yayınmanın önlənməsi üçün nəzərdə tutulmuş beynəlxalq qaydaların birbaşa pozulması deməkdir.

Bu, tarixdə ən böyük məlumat sızmasıdır və 2010-cu ildə Wikileaks təşkilatı tərəfindən açıqlanmış sənədlərin həcmini kölgədə qoyur.

Aydınlıq üçün demək olar ki, Wikileaks-in açıqladığı sənədlərin sayını San Francisco əhalisi ilə müqayisə etmək olarsa, Panama Papers sızmasında açıqlanan sənədlər Hindistan əhalisi qədər olub.

Sənədlərdə kimlər var?

Məlumatlar hazırkı və sabiq 12 dövlət və hökumət başçısı ilə əlaqalədir. Bunların arasında öz ölkələrini talan etməkdə ittiham olunan diktatorlar da var.

Burada həmçinin dövlət başçılarının və başqa siyasətçilərin 60-dan çox qohumu və yaxın adamının da adları keçir.

Sənədlərdə habelə Rusiya prezidenti Vladimir Putinin yaxın yoldaşlarından ibarət dəstənin 1 milyard dollar çirkli pulları yuması barədə də məlumat var.

Bu sənədlərdə Çin prezidenti Xi Jinpingin qayınının, Ukrayna prezidenti Petro Poroşenkonun, Argentina prezidenti Mauricio Macri-nin, Birləşmiş Krallığın baş naziri David Cameron-un mərhum atasının və Pakistan baş naziri Nəvaz Şərifin üç övladının da adları var.

Sənədlərdən bəlli olur ki, İslandiyanın artıq qalmaqalla bağlı istefa vermiş baş naziri Sigmundur Gunnlaugsson, arvadının sərvəti ilə bağlı maraqları bəyan etməyib.

Qalmaqal habelə dünya futbol təşkilatı FİFA-ya toxunub.

Sənədlərin bir qismindən görünür ki, FİFA-nın etika komitəsinin əsas üzvlərindən uruqvaylı vəkil Juan Pedro Damiani və onun hüquq firması FİFA-nın keçmiş vise-prezidentinə bağlı azı 7 ofşor şirkətə hüquqi xidmət göstərib. FİFA vise-prezidenti ötən ilin mayında futbol korrupsiyasına dair ABŞ-da aparılan istintaqın gedişində həbs olunub.

Sızmadan bu da aşkara çıxıb ki, 500-dək bank, onların filial və şöbələri təxminən 15 min 600 “balıqqulağı” (shell) tipli şirkəti Mossack Fonseca-da qeydiyyatdan keçirib.

Kreditorlar müştərilərinin vergidən yayınmasına onlara kömək etdikləri barədə ittihamları rədd edirlər.

“Vergi cənnətləri” – vergisiz ərazilər necə işləyir?

Vergisiz ərazilərdən və ya “vergi cənnətlərindən” istifadənin qanuni yolları olsa da, ondan əsas etibarilə pul sahibinin kimliyinin və pulların mənşəyinin gizlədilməsi və vergilərdən yayınmaq üçün istifadə edilməsi məlum olur.

Əsas iddialar “balıqqulağı” tipli şirkətlərin yaradılması üzərində cəmləşib. Bu şirkətlər ilk baxışdan tamamilə qanuni biznes kimi görünürlər, lakin əslində “balıqqulağı” kimi boşdurlar. Onlardan yalnız pulların köçürülməsi və gizlədilməsi üçün istifadə olunur.

Adı çəkilənlər nə deyirlər?

Mossack Fonseca bildirib ki, 40 ildən artıq bir müddətdə fəaliyyət göstərsə də, heç bir kriminal fəaliyyətdə ittiham və məhkum edilməyib.

Cənab Putinin sözçüsü Dmitri Peskov isə bildirib ki, bütün bunlar Putini və ölkə rəhbərliyini gözdən salmaq istəyən jurnalistlərin və başqa təşkilatların işidir. O deyib ki, sızmaların nəşri “Dövlət Departamentinin, Mərkəzi Kəşfiyyat İdarəsinin və başqa təhlükəsizlik xidmətlərinin hər hansı bir keçmiş əməkdaşı tərıfindıən həyata keçirilib.

FİFA bildirib ki, hazırda cənab Damianinin işini araşdırır. Damiani Reuters agentliyinə bildirmişdi ki, araşdırma altında olan FİFA üzvünün korrupsiyada ittiham olunduğunu bilən kimi onünla bütün əlaqələri qırıb.

Panama Sənədlərini kim sızdırıb?

11,5 milyon sənəd Almaniyanın Sueddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib və Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu (International Consortium of Investigative Journalists - BTJK) ilə paylaşılıb.

Bundan sonra BTJK Britaniyanın “The Guardian” qəzeti də daxil, 76 ölkənin 107 media qurumu ilə əməkdaşlıq edib.

BBC mənbənin kimliyini bilmir, lakin firma bildirir ki, xaricdə yerləşən serverlərdən edilmiş haker hücumunun hədəfi olub.

Bütövlükdə şirkətlər, trestlər və fondlar da daxil 214 min təşkilatın informasiyaları sızdırılıb.

Sənədlərdəki informasiyalar 1977-ci ildən başlanıb ötən ilin dekabrınadək davam edir. Sızmış sənədlərin ən böyük qismini elektron məktublar təşkil edir, lakin müqavilələrin və pasportların fotosurətləri də sızdırılıb.

Sənədləri haradan oxuya bilərəm?

Hazırda axtarışlı arxiv mövcud deyildir.

Bu çox nəhəng məlumat bankıdır və deyildiyinə görə sənədlərin əksəriyyətində (pasport mılumatları da daxil) şəxsi məlumatlar var və onlar heç də təkcə cinayətkar fəaliyyətdə şübhəli şəxslərə aid deyil.

Bu öz yerində, amma burada çox informasiya var. BTJK, bu işə qarışacağı olan əsas fiqurların geniş siyahısını verib. Burada siz ölkələr üzrə də axtarış apara bilərsiniz.

Panama Sənədlərinə dair ən son yeniliklərlə BTJK-nın saytında qeydiyyatdan keçməklə tanış olmaq olar.

Həmçinin oxuyun: Panama sənədləri - Fazil Məmmədov Əliyevlər ailəsilə necə ortaq oldu?

Bu barədə daha geniş