Britaniya mətbuatı: Blair Azərbaycan və Qazaxıstan gəlirlərindən vergini necə ödəyib?

Fotonun müəllifi PA
Image caption Cəna Blair Azərbaycan qazını Avropaya çıxaracaq qaz kəməri konsorsiumuna siyasət və təhlükəsizlik üzrə məsələhətlər verir

Tony Blair məsləhətçi gəlirlərindən vergi ödəyibmi?

“The İndependent” qəzeti yazır ki, Britaniyanın keçmiş baş naziri Tony Blair məsləhətçi kimi aldığı milyonlarla dollarlıq qonorarı indiyədək bəyan etmədiyi trestdə saxlayırmış.

“The Times” qəzetinin apardığı təhqiqat nəticəsində belə bir iddia irəli sürülür ki, keçmiş baş nazir bunu vergidən yayınmaq məqsədilə edirmiş.

“The İndepenendent” xatırladır ki, cənab Blair məsləhətçi kimi Azərbaycan və Qazaxıstan hökumətləri üçün işləyib.

Tony Blair-in sözçüsü qəzetlərdə yer almış iddiaları rədd edərək deyib ki, haqqında danışılan trestin yaradılmasından məqsəd vergidən yayınma olmayıb.

Lakin hakim partiyanın bəzi üzvləri bu kimi izahatla razılaşmırlar. Keçmiş kölgə daxili işlər naziri David Davies bildirib ki, cənab Blair üçün xüsusi vergi şəraitinın yaradıldığı barədə iddialar yoxlanmalıdır.

“The İndependent” yazır ki, Tony Blair 2007-ci ildə baş nazir postunu tərk etdikdən sonra Küveyt, Azərbyacan və Qazaxıstan kimi neftlə zəngin ölkələrə məsləhətçilik edib.

Məqalədə deyilir ki, indiki iddialar Tony Blair üçün o qədər də münasib vaxtda səslənməyib, çünki onun İraq müharibəsindəki rolunu araşdıran Chilcot hesabatı bu yaxınlarda açırqlanmalıdır. Cənab Davis deyib ki, bu hesabatın açıqlanmasını lənğitmək yolverilməzdir. Bir çox tənqidçilər Tony Blair-i 2003-cü ildə İraqa hərbi müdaxilənin başlıca təşəbbüsçüsü olmaqda ittiham edirlər.

Keçmiş cihadçılar cihada qarşı

“The Guardian” yazır ki, Avropa İttifaqı İraq və Suriyadakı “cihaddan” geri dönənlərdən İŞİD-ə qarşı təbliğatda istifadə etməyi planlaşdırır.

Avropa İttifaqınin terrorla mübarizə rəsmisinin dediyinə görə keçmiş cihadçılar başlarına gələnlər barədə açıq çıxış etməli olacaqlar. Aİ antiterror idarəsinin rəhbəri Gilles de Kerchove deyib ki, Avropa ölkələri belə şəxslərdən özünü "İslam Dövləti" adlanan təşkilata qarşı mübarizədə istifadə edə bilərlər. O əlavə edib ki, təbliğat üçün seçilmiş keçmiş cihadçıların hazırda təhlükə təşkil edib-etmədiyi əvvəlcədən müəyyənləşdirilməlidir. O izah edib ki, söhbət ilk növbədə terrorla mübarizədə “əllərində qan olmayan” keçmiş döyüşçülərdən istifadə olunmasından gedir. Gilles de Kerchove deyib ki, “peşmançılıq çəkən keçmiş cihadçılar xilafətin gözəl bir ideya kimi ilk baxışda cazibəli olub sonra necə məyus etməsi” haqqında danışa biləcək ən münasib insanlardır. Kerchove deyib ki, İraq və Suriyadakı döyüşlərdən qayıdan keçmiş cihadçıların ucdantutma kriminallaşdırılması əks-təsirə malik ola bilər.

Fotonun müəllifi AP
Image caption Təkcə Britaniyadan Suriya və İraqa 800 nəfər səfərbər edilib

“The Guardian” yazır ki, bəzi təxminlərə görə 100 ölkədən 30 min səfərbər müxtəlif vaxtlarda İraq və Suriyanın döyüş meydanlarına səfər edib. Təkcə Britaniyadan Suriya və İraqa 800 nəfər səfərbər edilib. Bunlardan yarısının artıq ölkəyə qayıtdığı güman edilir. Ümumilikdə isə cihadçıların 20-30 faizinin öz vətənlərində qayıtdığı düşünülür.

“The Guardian” yazır ki, bu, həmin ölkələrin təhlükəsizliyi üçün ciddi hədə yarada bilər. Məsələn, ötən ay Belçikada intihar partlayışları törədərək 32 nəfərin həyatına son qoymuş terrorçulardan üçü də Suriyadan qayıtmış Avropa vətəndaşları idilər.

Ötən cümə günü Britaniya polisi 5 nəfəri həbs edib. Onlardan 4-ü 2015-ci ilin noyabrında Paris basqınları törədənlərlə əlaqədə olmaqda şübhəli bilinir.

Buna baxmayaraq, cənab De Kerchove “cihaddan qayıdanların ucdantutma məsuliyyətə cəlb edilməsini” məsləhət görmür. Onun sözlərinə görə, “məsələn Suriya və İraqda 1 həftə olub geri qayıdanların həbsxanaya salınmasından heç bir fayda yoxdur”. O həmçinin tövsiyə edib ki, qayıdanların İD sıralarında hansı işləri gördüyünə də diqqət yetirilməlidir, beləki onlardan bəzilərinin işi yalnız qab-qacaq, paltar yumaq və xörək bişirmək olub. De Kerchove, həmçinin əcnəbi cihad döyüşçülərinə ən sərt yanaşma nümayiş etdirən Belçikanın mövqeyini tənqid edib. Belçika İraq və Suriyaya yollanmış cihadçıların sayına görə Avropada ən böyük göstəriciyə malikdir.

Fotonun müəllifi AP
Image caption Britaniya Daxili İşlər Nazirliyi İraq və Suriyadan qayıdan vətəndaşların işlərinə ayrı-ayrı olmaqla baxır

Digər tərəfdən Belçikanın təhlükəsizlik xidmətləri də son vaxtlar kəskin tənqidlə üzləşir. Avropa ölkələri Belçikanı, məsələn, nəqliyyat xidmətindəki təhlükəsizlik xəbərdarlıqlarına məhəl qoymamaqda ittiham edirlər.

Kerchove deyib ki, başqa bir narahatlıq doğuran məqam Avropa təhlükəsizlik xidmətlərinin şübhəli şəxslər barədə çevik məlumatlar ala bilməməsidir. Belə məlumatlar adətən Birləşmiş Ştatların təhlükəsizlik xidmətlərində olur. Kerchove deyib ki, hazırda onun idarəsi informasiya mübadiləsinə dair ABŞ-la əlaqələrin sıxlaşdırılmasına çalışır.

Bu arada Britaniya Daxili İşlər Nazirliyi “The Guardian” qəzetinin sorğusuna cavab olaraq bildirib ki, London İraq və Suriyadan qayıdan vətəndaşların işlərinə ayrı-ayrı baxır.

Antibiotiklərə tabe olmayan süzənək

“The Daily Telegraph” qəzeti təhlükəli zöhrəvi xəstəlik olan süzənəyin “dərmanlara tabe olmayan” yeni növünün Britaniyada qeydə alınmasından yazır. Ökənin səhiyyə orqanları ötən sentyabrından bəri elmi adı qonoreya olan bu xəstəliyin yeni “supürtörədicisinin” 15 nəfərdə aşkar olunduğunu xəbər vermişdi.

Fotonun müəllifi
Image caption Hazırda isə cinsi yolla keçən yeni yoluxdurucunu gəzdirən 34 nəfər qeydə alınıb

Hazırda isə cinsi yolla keçən bu yoluxdurucunu gəzdirən 34 nəfər qeydə alınıb.

Ekspertlər bildirirlər ki, antibiotiklərə tabe olmayan qonoreya törədicisi ölkə boyunca yayılaraq təhlükəli vəziyyət yarada bilər.

Alimlər həmçinin deyirlər ki, süzənəyin yeni növü qadınlarda sonsuzluq kimi halın törənməsində xüsusi rol oynayır.

İngiltərə Səhiyyə İdarəsi bildirir ki, hazırda bu bakteriyanın ilkin mənbəyi olan şəxslər axtarılır və mövcud pasientlərin müalicəsində yalnız “qısmən uğur” əldə edilib.

Bundan əvvəl Dünya Səhiyyə Təşkilatı getdikcə daha çox xəstəliklərin virus və bakteriyalarının antibiotiklərə dözümlü olması barədə xəbərdarlıq etmişdi. Təşkilat bildirmişdi ki, belə bir vəziyyət yaxın gələcəkdə ən adi xəstəliklərin sağalmaz xarakter almasına gətirib çıxara bilər.

Ekspertlərin fikrincə, süzənək xəstəliyi ilə bağlı son məlumatlar təhlükənin böyüklüyünü göstərir.

İngiltərənin yüksək vəzifəli səhiyyə rəsmisi doktor Elizabeth Carlin deyib ki, azitromisin antibiotikinə tabe olmayan süzənək ciddi təhlükə sayılmalıdır.