Britaniya mətbuatı: Neft qiymətləri “dirilənədək”, neft rejimləri çökə bilər

Britaniyanın ən parlaq neft təhlilçilərindən biri Ambrose Evans-Pritchard “The Daily Telegraph” qəzetində yazır ki, ötən həftə sonu OPEC ölkələrinin Rusiya ilə danışıqlarının iflasa uğraması qlobal bazarlardakı tələb-təklif balansına bir zərrə də təsir tməyib.

“Hasilatın dondurulması barədə xəyallar siyasi gözdən pərdə asmadan başqa bir şey deyildir” – yazır ekspert. Məqalədə deyilir ki, OPEC kartelinin heç bir üzvü hazırda, onsuz da indi olduğundan artıq neft hasil etmək iqtidarında deyildir.

Rusiya tükənməkdə olan Qərbi Sibir yataqlarının son qətrələrini sağmaqdadır. Sanksiyalar onu yeni yataqlar inkişaf etdirmək imkanından məhrum edib. Müəllifin fikrincə, Səudiyyənin Doha sammitində özünün Körfəz ölkələri ilə ittifaqını pozması bir daha sübut edib ki, innən belə qlobal nefti idarə edən hansısa bir strukturun olması barədə son ümidlər puç olub.

“Bu onu göstərir ki, OPEC hər hansı mənalı bir şəkildə artıq mövcud deyil” – yazır Ambrose Evans-Pritchard. Brent markasından olan neftin qiyməti erkən Asiya bazarlarında 7 faiz düşüb, lakin ən heyrətamizi qiymətlərin necə bir sürətlə dirçəlməsi olub.

Hasilat hər yerdə düşür

Təhlilçi yazır ki, bazarın dinamikası dəyişib. Hasilat hər yerdə azalır: Çində, Latın Amerikasında, Qazaxıstanda, Əlcəzairdə, Şimal dənizində. ABŞ-ın şist sənayesi də tənəzzüldədir. ABŞ-da hasilatın günə 9, 4 milyon barreldən bu il 8,6 milyon barrelə düşəcəyi gözlənilir.

Məqalədə deyilir ki, Çin yeni strateji neft anbarları tikintisini sürətləndirib. Onun neft idxalı ötən il günə 6, 7 milyon barreldən bu il 8 milyon barrelə qalxıb. Goldman Sachs şirkəti bildirir ki, dünya boyunca tələbin artması və hasilatdakı fasilələr artıq bu ilin 3-cü rübündə neft qiymətlərini sabitləşdirə bilər.

Müəllifin fikrincə, Küveytin neft sektorundakı tətil bir qədər də davam etsə, qiymət artımı daha tez baş verə bilər. Bu tətil artıq indidən bazarı 1, 6 milyon barrel neftdən məhrum edib.

Məqalədə deyilir ki, Küveytdəki tətil tamailə başqa bir məqamdan da xəbər verir. Bu hadisə neft şeyxləri üçün, subsidiyalara alışmış əhaliləri sakitləşdirməyin nə qədər çətin olduğunu göstərir.

Səudiyyə o qədər də zəngin deyil

Fotonun müəllifi AP
Image caption OPEC təşkilatının Doha görüşü nəticəsiz bitib

Məqalədə deyilir ki, “Səudiyyənin de facto hakimi şahzadə Məhəmməd bin Salman” Doha görüşünü iflasa uğratdıqdan sonra, hətta Norveçdən də istehsalı dondurmağı tələb edib. Ambrose Evans-Pritchard yazır ki, şahzadə öz ölkəsinin ən zəngin neft dövləti olduğunu, zəifləri silkələməklə öz ölkəsinin qazanacağını düşünür. “Bu bir qumardır, - yazır təhlilçi, - Səudiyyə öz büdcəsindəki dəlikləri yamamaq üçün hər ay xarici valyuta fondundan 10 milyard dollar xərcləməyə məcburdur”. Ambrose Evans-Pritchard yazır ki, Səudiyyə üçün riyalın sabitlyini qoruyub sxalamaq, Rusiya üçün üzən rublun sabitliyini saxlamaq qədər çətindir.

“Səudiyyə düşünüldüyü qədər də zəngin deyil, - yazır Ambrose Evans-Pritchard, - Adambaşına düşən gəlirə görə o, Yunanıstanla eyni vəziyyətədir. Standard & Poor Səudiyyənin kredit reytinqini haqlı olaraq iki dəfə kəsib. Səudlar heç yaxşı vaxtlarda da normal ehtiyat fondu yarada bilməyiblər. Onların ehtiyatları öz tutumuna görə Küveyt və Əbu Dabidən də 60 faiz azdır”.

Məqalədə deyilir ki, Səudiyyə neft qiymətlərini aşağı saxlamaqla bir neçə hədəfi vurmağı düşünürdü. O İran, Rusiya, Arktika, Kanada , Venesuela, ABŞ şisti və hətta bərpa olunan enerji növlərinə müharibə elan etmişdi.

Təhlilçi yazır ki, birinci hədəf İran idi, ikinci hədəf olaraq isə hazırda günə 10, 8 milyon barrellə ən böyük hasilatçı olan Rusiya seçilmişdi.

“The Telegraph” yazır ki, Rusiya özünün ehtiyat fondlarını bu ilin sonlarınadək yeyib bitirəcək və bundan sonra Vladimir Putin dəhşətli qənaət tədbirlərinə əl atmalı olacaq. Məqalədə deyilir ki, ola bilsin, Səudiyyə nəyin bahasına olursa-olsuin qiymətləri bir neçə ay da aşağı həddə saxlamağa çalışır. Lakin Səudiyyənin bəlası bundadır ki, o artıq öz əlində qlobal alət olan OPEC-i öldürüb.

Rejimlər çökə bilər

RBC Capital Markets Helima Croft deyib ki, OPEC-ə üzv olan rejimlərin əksəriyyəti, hətta neft qiymətlərinin 100 dollar olduğu vaxtlarda da, siyasət və təhlükəsizlik məsələlərinin həllində vurnuxurdular, indi isə onlar öz sabitliklərini qoruyub saxlamaq üçün borca girməyə hazırdırlar.

Venesuela artıq çöküb. O dörd günlük iş həftəsinə keçib. İnflyasiya 700 faizə çatıb. Prezident Maduro neftçilərin maaşlarını vermək üçün pul tapmır. Qəzet yazır ki, belə davam edərsə, ölkə 2002-ci ildə olduğu kimi hasilatı 80 faiz azaltmalı olacaq və Çinin maliyyə dəstəyi olmasa, humanitar fəlakətlə üzləşəcək.

Anqola artıq borc almaq üçün maliyyə təsisatlarına üz tutub. Nigeriyada Buhari hökuməti silahlı qruplaşmaların rüşvət pulunu verə bilmədiyindən mədən və kəmərlərə hücumlar artıb. İndi ölkə günə 390 min barrel az neft ixrac edir.

Gələcək neft bazarının ümidi olan İraq da hələlik yaxşı durumda deyil. O da Beynəlxalq Valyuta Fonduna möhtac qalıb. Belə bir şəraitdə İŞİD Liviyanın neft rayonları üzərində nəzərətini gücləndirib və başqa bir neft ölkəsi olan Əlcəzairi “qarışdaracağını” vəd edib.

“Bu ölkələrdən hər biri istənilən an nəzarətdən çıxa bilər. Onlardan iki-üçünün eyni vaxtda nəzarətdən çıxması da istisna olunmur – yazır təhlilçi, - Ucuz neft heç vaxt iqtisadiyyatımız üçün təhlükə olmayıb, lakin biz növbəti neft qıtlığından daha çox qorxmalıyıq”.

Hollandiyaya neft lazım olmayacaq

Image caption Hollandiya tamamilə elektrikə keçməyə hazırlaşır

Sanki bu mövzunun davamı olaraq “The Guardian” yazır ki, Hollandiya tamamilə elektrikə keçməyə və 2025-ci ildədək benzin və dizel yanacağı işlədən maşınları qadağan etməyə hazırlaşır.

Məqalədə deyilir ki, belə bir qanun layihəsi artıq Senat səsverməsinə təqdim olunub. Qanun layihəsində 2025-ci ildən başlayaraq benzin və dizellə işləyən avtomobillərin satışına qadağan qoyulması nəzərdə tutulub.

“The Guardian” yazır ki, parlamentin aşağı palatasından keçmiş bu qanun layihəsinə senat bu günlərdə baxacaq. Məqalədə deyilir ki, koalisiya üzvü olan leyboristlərin təqdim etdiyi layihənin ilkin variantında benzinlə işləyən maşınların tamamilə qadağan olunması nəzərədə tutulmuşdu, lakin sonradan artıq mövcud avtomobillərin sıradan çıxanadək istifadədə qalmasına icazə verilib.

Lakin qanun 2025-ci ildən sonra ölkədə benzinlə işləyən avtomobillərin satışını qeyd-şərtsiz qadağan edəcək. Layihədə həmçinin qarşıdan gələn 10 ildə bütün Hollandiya yol şəbəkəsinin elektrikləşdirilməsi nəzərədə tutulur.

Bununla belə, koalisiyanın əsas partiyası VVD bu qanunun əleyhinədir. VVD lideri Halbe Zijlstra qanunun müddəlarında nəzərdə tutulmuş məqsədləri qeyri-real adlandırıb. Lakin leyboristlər əmindirlər ki, “benzinsizləşdirmə” artıq 2023-cü ilin sonlarından nəzərə çarpmağa başlayacaq. “The Guardian” yazır ki, hazırda Hollandiyada satılan elektrik avtomobilləri bütün avtomobil satışının yalnız 10 faizini təşkil edir.

Ağıl yaşda yox, iş saatlarındadır

“The İndependent” qəzeti yazır ki, yaşı qırxdan yuxarı olanların daha səmərəli işləməsi üçün onların iş həftəsi üç gün olmalıdır. Yeni elmi araşdrıma göstərib ki, orta yaşlılar 25 saatlıq həftə ərzində işləyərkən onların zehni-qavrama qabiliyyəti özünün pik nöqtəsinə çatır, lakin daha uzun iş saatları olan həftədə “yorğunluq və stress” özünü göstərməyə başlayır.

Avstraliyada keçirilmiş təcrübə zamanı 3000 kişi və 3500 qadına iş saatları ərzində zehni tapşırıqlar verilib. Nəticədə bəlli olub ki, həftədə 25 saat işləyənlər zehni tapşırıqların öhdəsindən uğurla gəliblər, halbuki həftədə 55 saat işləyənlərin zehni göstəriciləri pensiyaçılardan da zəif olub.

Elmi araşdırmanın müəlliflərindən professor Colin McKenzie deyib ki, hazırda dünya hökumətləri pensiya yaşını mümkün qədər ləngitməyə can atırlar. Belə bir şəraitdə daha ahıl yaşlarda işləyən insanlar üçün həftə saatlarının normativləşdirilməsi mühüm rol oynaya bilər. Başqa sözlərlə, iş saatlarının kəmiyyəti düzgün olduqda intellektual səviyyə yaşdan yox, iş saatlarından asılı olur.

Bu barədə daha geniş