Britaniya mətbuatı: Hakim müsəlman uşağın sünnətini qadağan etdi

“The Daily Telegraph” qəzeti yazır ki, bu həftə İngiltərə Ədliyyəsi Ailə Bölümünün hakimi misilsiz qərar qəbul edib. Hökmdə deyilir ki, uşaqlar dini kimliklərini özləri müəyyən edən yaşadək sünnət oluna bilməzlər.

Xanım Roberts-in baxdığı ailə işində müsəlman ata və qeyri-müsəlman ana 4 və 6 yaşlarında olan övladlarının müsəlman qaydası ilə sünnət olunması üstündə mübahisə edirdilər.

36 yaşlı əlcəzairli ata deyirdi ki, oğlan uşaqlarının sünnət edilməsi onun dini kimliyinin əsasını təşkil edir.

Ata inandırmağa çalışırdı ki, “sünnət həm dini, həm də sağlamlıq baxımından mühüm prosedurdur”.

Lakin hakim Roberts deyib ki, “bu uşaqların böyüdükdən sonra ataları kimi mömin müsəlman olmaq istəyəcəklərinə heç bir təminat yoxdur”.

Hakim bunu da nəzərə alıb ki, artıq boşanmış ata və ana arasında uşaqların hansının mədəniyyətinə meyl edəcəkləri də bilinmir.

Xanım Roberts bunu da əlavə edib ki, söhbətin yalnız “kiçicik” cərrahiyyə əməliyyatından getməsi ona haqq qazandıra bilməz.

Ən əhəmiyyətlisi isə budur ki, hakim bu işə baxdıqdan sonra, ümumən bütün hallara aid olan məsələ barədə hökm çıxarıb. Bu isə o deməkdir ki, hakim faktiki olaraq, uşaqların öz razılığı olmayan sünnətini qadağan edib.

“The Telegraph” müxbiri Jonathan Wells bu hadisə ilə bağlı müəyyən təbii sualların qalxdığını yazır: Uşaqların sünnət edilməsi üçün ən salamat yaş elmi baxımdan müəyyən edilibmi? Uşaqların sağlamlığı valideynlərin dini inanclarına qurban verilməlidirmi? Və ümumiyyətlə geniş yayılmış oğlan sünnətinə də, qız sünnəti kimi qanunsuz bir prosedur kimi baxılmalı deyilmi?

Məqalədə deyilir ki, bu hadisə Britaniyanın yəhudi icmasının da diqqətindən yayınmayıb.

“Allahla İbrahimin müqaviləsi”

Milah UK sünnət kampaniyaçı qrupunun rəhbəri doktor Simon Hochhauser deyib ki, bu prosedur, əlbəttə, lazımi şəraitdə edilmədikdə, fəsadlar verə bilər, lakin sünnəti təsdiq olunmuş peşəkarlar icazəli mühitdə icra etdikdə heç bir təhlükə olmur.

Simon Hochhauser deyib ki, bu adi bir ailə çəkişməsi idi və hakim bundan çıxış edərək bütün sünnətləri qadağan etməməliydi.

Hüquqi baxımdam valideynlər oğlan uşaqlarını sünnət etməkdə davam edə biləcəklər, lakin bu barədə hər hansı mübahisə növbəti hökmlərin də sünnət əleyhinə olacağını şərtləndirib.

Yəhudi doktor Hochhauser inanır ki, sünnət Allahla İbrahim peyğəmbər arasındakı əhdin bir hissəsidir və bu məsələdə dini-mədəni zərurət cərrahi risklərin üzərindən xətt çəkir.

O deyib ki, bu, kişi üçün yəhudiliyin “ən qüdrətli bəyanatlarından biridir”.

Image caption Məqalədə deyilir ki, bu hadisə Britaniyanın yəhudi icmasının da diqqətindən yayınmayıb.

Doktor bildirib ki, bu adət yəhudilərdə və bir sıra başqa icmalarda əsrlərdir davam etdirilir və heç vaxt dayandırılmayıb.

Sünnətin etik və biloji ziyanları

Lakin Kopenhagen Universitetinin epidemiologiya professoru Morten Frisch belə yanaşma ilə razılaşmır. O deyir ki, ənənə xatirinə cərrahiyyə əməliyyatına heç bir vəchlə haqq qazandırıla bilməz.

“Heç kim zəmanət verə bilməz ki, hər hansı bir uşaq gələcəkdə sünnəti özünün ruhani mənfəəti kimi qəbul etsin” – deyib professor.

“The Telegraph” yazır ki, Frisch əvvəllər sünnətin seksual funksiyaya əngəl törətdiyi barədə elmi iş yazıb.

Lakin professor Frisch bunu da əlavə edir ki, sünnət tibbi etika baxımından da düzgün prosedur sayıla bilməz. Onun sözlərinə görə, Bioetikaya dair Avropa Konvensiyası “sağlam, qoruyucu funksiyası olan, həssas, erogen və bərpa olunmaz toxumanın kəsilib atılmasını” qadağan edir.

“Tibbi etika isə bundan ibarətdir ki, uşaq cisminin bütövlüyü onun valideynlərinin hər hansı dini hisslərindən uca tutulmalıdır”- deyib həkim.

Doktor Frisch habelə sünnətin mümkün sağlamlıq problemlərindən də söz açıb. O deyib ki, psixoloji və post-əməliyyat travması bir yana, sünnət olunmuş xarici cinsi orqanda sonrakı illərdə uretra yolunun daralması və ciddi uroloji problemlər yarana bilər. Alim deyir ki, burada söhbət sünnət olunmuş şəxslərin 5-20 faizindən gedir.

Sünnət qayalığa dırmanmaq kimidir?

Professor Frisch də razılaşır ki, belə cərrahi əməliyyatlara 18 yaşınadək qadağan qoyulmalıdır. Doktor bunu da əlavə edir ki, sünnətə müəyyən xəstəliklər zamanı həqiqətən də ehtiyac ola bilər. Söhbət fimoz, balanit və penisin xərçəngi kimi xəstəliklərdən gedir.

Alim bildirir ki, normal halda hər doğulan 250 oğlan uşağından yalnız birində 18 yaşınadək sünnət əməliyyatı lazım gəlir. “The Telegraph” yazır ki, planetin kişi əhalisinin üçdə biri sünnət edilib.

Məqalədə deyilir ki, hazırda Britaniya Səhiyyə İdarəsi də bu kimi əməliyyatları arzuolunmaz hesab edir. Həkimlər deyirlər kİ, Britaniyada hər il 100-dək oğlan uşağı sünnət əməliyyatının fəsadları ilə xəstəxanalara gətirilir.

Lakin Simon Hochhauser öz mövqeyində qətidir. O deyir ki, sünnət valideynlərin uşaqların fikrini soruşmadan qəbul etdikləri yeganə qərar deyil. Məsələn, alpinizmi sevən valideynlər uşaqlarını da qayalara dırmaşmaq kimi təhlükəli işlərə cəlb edirlər.

ABŞ prokurorluğu Panama sənədləri əsasında cinayət işləri açır

Fotonun müəllifi Reuters
Image caption Ötən həftə Mossack Fonseca-nın Panamadakı ofisinə polis reydi keçirilib.

“The Guardian” qəzeti yazır ki, ABŞ prokurorluğu Panama sənədləri adını qazanmış informasiya sızması ilə bağlı cinayət işlərinin qaldırılmasına başlayıb.

ABŞ-ın Manhattan prokuroru Preet Bharara Panama sənədlərini dərc və təhlil edən Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumuna (BTJK) məktubunda bildirib ki, qalmaqalın mərkəzində olan Mossack Fonseca hüquq firmasından əlavə materialların təqdim edilməsi tələb olunub.

Bundan əvvəl prezident Barack Obama sənəd sızmasının “çox mühüm məsələ” olduğunu bildirmişdi. O demişdi ki, beynəlxalq vergidən yayınma “nəhəng problem”dir.

Obama həmçinin bəyan etmişdi ki, sızmış sənədlərdən baş verənlərin “əksəriyyətinin qanunsuz əməl olduğu” görünür. ABŞ prezidenti bunu da vurğulamışdı ki, qanunlardakı çatışmazlıqlardan yaranan bu cür problemlər orta sinfə mənsub olan ailələrin yaşayış səviyyəsinə ağır zərbə vurur.

“The Guardian” yazır ki, ABŞ baş prokurorluğu sözü gedən cinayət işlərinin başa çatmaması ilə bağlı hələlik geniş açıqlama verməyib. Məqalədə deyilir ki, New York ştatının cənubu üçün baş prokuror sayılan cənab Bharara maliyyə sektorundakı cinayətlərə qarşı özünün amansızlığı ilə ad çıxarıb.

Qəzet yazır ki, Panama sənədlərində 200-dək ABŞ vətəndaşının adı çəkilir. Bunların arasında Wall Street maliyyəçisi Benjamin Wey də var. O ailə üzvlərinin köməyi ilə milyonlarla dollar çirkli pulların yuyulmasında, “balıqqulağı” tipli ofşor şirkətlərinin yaradılmasında ittiham edilir.

Liderləri haqq-hesaba çəkən sənədlər

Məqalədə deyilir ki, Panama sənədləri Mossack Fonseca firmasının dünya boyunca fərdlər üçün ofşor şirkətləri yaratdığı bəlli olub. “The Guardian” yazır ki, Panama sənədləri bütün dünyada ictimaiyyətin hiddətinə, İslandiyada baş nazirin, İspaniyada sənaye nazirinin istefalarına səbəb olub.

Habelə Britaniya baş naziri David Cameron özünün və ailəsinin gəlirləri və vergi ödənişləri barədə hesabat verməyə məcbur edilib. Qəzet yazır ki, bütün bunlar dünya tarixində misli görünməmiş hadisələrdir. Məqalədə deyilir ki, ötən həftə Mossack Fonseca-nın Panamadakı ofisinə polis reydi keçirilib. Bu reydlər üçün sanksiyanı Panamanın baş prokuroru verib.

Mossack Fonseca dünyada 4-cü böyük ofşor hüquq firmasıdır. Bu firma müxtəlif fərdlər üçün ofşor zonalarda şirkətlərin qeydiyyatına kömək etməklə məşğul olur.

Pul gizlədənlər başqalarının "cibinə giriblər"

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu bəyan ediblər ki, böyük pulların vergidən gizlədilməsi qlobal yoxsulluqla bağlı vəziyyətin pisləşməsinə birbaşa səbəb olur.

Dünya Bankının prezidenti Jim Yong Kim deyib ki, dünyanın ən qüdrətli və ən zəngin adamlarının ofşorlarda külli miqdarda pulları gizlətməsi dünyada yoxsulluğa son qoyulması missiyasına ciddi zərbə vurur.

O deyib ki, vergilər ödənməyəndə və dövlət aktivləri mənimsənəndə “yoxsulluğa son qoyulması və firavanlığın bərqərar edilməsi” missiyasına mənfi təsir göstərir.

BVF-in icraçı direktoru Christine Lagarde deyib ki, Panamada vergidən qlobal yayınmalarla bağlı törədilən əməllər çoxdan həyəcan doğurmuşdu, lakin bununla əlaqədar heç bir tədbir görülmürdü.

Xanım Lagarde bildirdib ki, qlobal zənginlər beynəlxalq qanunların zəifliyindən sui-istifadə ediblər.