Britaniya mətbuatı: Media azadlığı xəritəsində “Azərbaycanın rəngi” qaradır

“The İndependent” qəzeti hər həftəsonu dünyanın müxtəlif məzmunlu xəritələrini dərc etmək ənənəsinə sadiq qalır.

Bu həftəsonu dərc edilmiş “media azadlığı xəritəsi” jurnalistlərin öz xəbər və reportajlarını sərbəst şəkildə hazırladıqları və ya medianın sərt şəkildə nəzarət olunduğu ölkələri müxtəlif rənglərdə əks etdirir.

Sarı da qaranın tayıdır?

Mətbuatın ən az azad olduğu söylənən ölkələr qara rənglə göstərilib. Onların sayı cəmi 16-dır, amma aralarında Azərbaycan da var.

Xəritədə Eritreya, Şimali, Koreya, Çin, Misir, Türkmənistan, İran və bir neçə başqa ölkəni də qaraya boyayıblar.

Xəritə qara rəngin “son dərəcə ciddi vəziyyəti” bildirdiyini göstərir.

Britaniya “qənaətbəxş vəziyyət” qrupuna salınıb. Sarı rənglə göstərilən bu kateqoriyada ABŞ, Kanada, Avstraliya, İspaniya, Fransa da var. Sarı - medianın ən yaxşı vəziyyətdə olduğunu göstərən rəng deyil.

Yaxşı vəziyyət kateqoriyasına daxil olan ölkələrin rəngi yaşıldır. Bu rəngdə Almaniya, İrlandiya, Skandinaviya ölkələrini, Yeni Zelandiyanı və hətta Kosta Rikanı görürük.

Məqalədə deyilir ki, bu xəritəni məxsusi olaraq “The İndependent” qəzeti üçün Statista statistika agentliyi Sərhədsiz Müxbirlər təşkilatının 2016-cı il üçün Dünya Mətbuat Azadılığı İndeksinin əsasında tərtib edib. Bu hesabatda dünyanın 180 ölkəsində media azadlığının vəziyyəti təhlil edilir.

Qəzet yazır ki, bu hesabata görə ötən il dünya boyunca mətbuat azadlığı az qala 4 faiz tənəzzül edib.

Fotonun müəllifi Shutterstock
Image caption “Media azadlığı xəritəsində” ölkələr müxtəlif rənglərdə əks etdirilib.

Paranoya

Sərhədsiz Müxbirlər təşkilatının baş katibi Christophe Deloire yazdığı məqalədə qeyd edir ki, bir çox dünya liderlərində “legitim jurnalistikadan paranoya” yaranıb və buna görə də açıq müzakirə və müstəqil jurnalistika üzərinə hücumlar baş verir.

Məqalədə deyilir ki, ən böyük media azadlığına Finlandiya, Norveç, Danimarka və Yeni Zelandiya malikdir.

Son hesabatda ilk dəfə olaraq Afrika qitəsi media azadlığının vəziyyətində Amerika materikini geridə qoyub.

Bu da qeyd olunur ki, media azadlığının ən yaxşı vəziyyətdə olduğu Avropada da vəziyyət pisləşməkdədir.

Məqalədə deyilir ki, Avropa boyunca aparılan antiterror və anticasus tədbirləri media azadlığına mənfi təsir göstərir.

Polşanın tənəzzülü

Bir sıra ölkələrdə insanların güdülməsini leqallaşdıran qanunlar qəbul edilib, maraqların toqquşması baş verir.

“The İndependent” yazır ki, hökumətlər dövlət mediası və hətta bəzən müstəqil mətbuat üzərində nəzarətini gücləndirib.

Məsələn, təkcə Polşa mətbuat azadlığı reytinqində bu il birdən-birə 29 pillə aşağı sürüşüb.

Bu ilin əvvəllərində Polşada qəbul edilmiş yeni qanun hökumətə ictimai media qurumlarına rəhbərliyin təyin edilməsi səlahiyyəti verir.

Bu qanunvericvlik aktının qəbul edilməsi media və insan haqları təşkilatları tərəfindən kəskin tənqid olunur.

Media vəziyyəti onsuz da yaxşı olmayan Çində vəziyyət Xi Jinping-in 2012-ci ildə hakimiyyətə gəlməsi ilə daha da pisləşib.

Blair Nazarbayevə milyonlarla dollarlıq nə məsləhət verib?

“The Daily Telegraph” qəzetinin baş müxbiri Robert Mendick yazır ki, Britaniyanın keçmiş baş naziri “Qazaxıstan diktatorundan” öz məsləhətçilik işi üçün ilə 5 mln dollar istəyibmiş.

Məqalədə deyilir ki, sızmış sənədlərdən Tony Blair Associates (TBA) şirkətinin sual doğuran sövdələşmələrlə Qazaxıstan hökumətindən milyonlarla dollar istədiyini göstərir.

Fotonun müəllifi Reuters
Image caption Britaniyanın keçmiş baş naziri Tony Blair.

Qəzet yazır ki, cənab Blair-in şirkəti “Qazaxıstan hökuməti və onun avtokratik prezidentinə” azı altı il müddətində verdiyi məsləhətçilik xidmətindən milyonlarla funt sterlinq əldə edib.

Müəllif belə bir iddia irəli sürür ki, cənab Blair Nazarbayevə konsaltinq xidmətini ilk dəfə 2009-cu ildə təklif etmək üçün danışıqlar aparıb və 2011-ci ildən etibarən rəsmən hökumətlə işləməyə başlayıb.

2014-cü ilin sonlarında sözü gedən kontraktın təzələnməsinə yaxın cənab Blair-in komandası hökumətə 6, 3 milyon dollar dəyərində bir sıra xidmətlər təklif edirmiş. TBA-in gördüyü iş üçün dəyəri, şirkətin ən yüksək vəzifəli işçilərindən Andreas Baumgartnerin 2014-cü ilin dekabrında Londondakı Qazaxıstan səfirliyinə göndərilmiş email-indən görmək olur.

Mürəkkəb sxem

Bu məktubda TBA verdiyi “siyasi məsləhət” üçün $2.65 mln, Nazarbayevə qanunun aliliyi prinsipinin bərqərar edilməsi üçün məsləhətə $2.55 mln və vətəndaş xidməti akademiyasının işi üçün $1.1 mln istəyirdi.

Bu məktubda daha sonra qeyd olunurdu ki, TBA Qazaxıstanın Milli Bankı ilə daha bir sərfəli kontraktı ələ keçirmək istəyir.

Elə buradaca göstərilirdi ki, ertəsi gün cənab Blair-in bankın rəhbəri Kayrat Kelimbetovla görüşü olmalıdır.

“The Daily Telegraph” yazır ki, cənab Kelimbetov bir il sonra, 2015-ci ilin noyabrında Qazaxıstanın milli pulunun devalvasiyasına görə işindən qovulub.

Bu email-dən o da bəlli olurdu ki, TBA Qazaxıstanın Kızılorda əyaləti ilə bağlı üçüncü bir kontrakta sahib olmağı da planlaşdırırmış.

Bu pullar cənab Blair tərəfindən özünün biznes maraqlarını idarə etmək üçün yaratdığı silsilə firmalardan biri olan Windrush Ventures No.3 LP şirkəti vasitəsilə ödənməli imiş.

“The Daily Telegraph” yazır ki, “korporativ imperiyanın” strukturu çox mürəkkəbdir və bu səbəbdən də TBA şirkətinin və şəxsən Blair-in nə qədər pul əldə etdiyini müəyyənləşdirmək qeyri-mümkündür.

Məqalədə deyilir ki, Blair-in sərvəti, onun arvadı və övladları ilə birlikdə malik olduqları bir neçə mülk də daxil 80 mlrd funt sterlinq civarında təxmin edilir, hərçənd Blair bu məbləğin xeyli şişirdildiyini iddia edir.

Direktordan sürücüyədək

2014-cü ildə təklif edilmiş layihə “Qazaxıstanı çıxdığı səfərdə dəstəkləmək: Qazaxıstan və TBA arasında əməkdaşlığı davam etdirmək” adlanırdı.

Bu müqaviləyə görə bir layihə rəhbəri və bir kiçik məsləhətçi Qazaxıstan paytaxtı Astada oturmalıydı.

Lakin TBA, xidmətin istifadə edəcəyi maşın və sürücü üçün pulun da Qazaxıstan vergiödəyənindən alınmasını tələb edirdi, - yazır “The Daily Telegraph”. Buna əlavə olaraq layihə üçün tərcüməçilər də verilməliydi.

Email-dən bəlli olur ki, Qazaxıstan həmçinin Tony Balir-in səfərlərini, birinci dərəcəli oteldə yaşamasını, nəqliyyat, yemək və başqa xidmətləri də qarşılamalıydı.

Robert Mendick yazır ki, Blair-in hər səfərində onu 5 nəfərədək yoldaş müşayiət edirdi.

“The Telegraph” “The Daily Mail” qəzetinə istinadən yazır ki, bütün xərclərin arasında ən böyüyü peşəkar xidmətlər idi.

Məqalədə deyilir ki, cənab Blair Qazaxıstana 1991-ci ildən rəhbərlik edən Nazarbayevlə hələ özünün baş nazirlik dövründən tanış idi.

“Qazaxıstanın nəhəng tərəqqisi”

Image caption Qazaxıstanın paytaxtı Astana şəhərində müasir dizaynda inşa edilmiş bina.

“The Telegraph” yazır ki, sızmış məktubdan cənab Blair-in Nazarbayevə “ictimai əlaqələr xidməti” təklif etdiyi görünür.

Qəzetin iddia etdiyinə görə, bu məsləhət xidməti 2011-ci ilin dekabrında neft şəhəri Janaozendə baş vüermiş qanlı hadisələrlə bağlı idi.

Qəzetin yazdığına görə, cənab Nazarbayev 2012-ci ilin iyulunda Cambridge Universitetində çıxış edərkən Janaozen hadisələri barədə, “nə qədər faciəli olsa da, bu hadisələr

Qazaxıstanın nəhəng tərəqqisini əngəlləməməlidir” demişdi. Bu çıxışın hazırlanmasında Tony Blair-in kömək etdiyi iddia olunurdu.

“The Telegraph” yazır ki, cənab Blair-in sözçüsü “2011-ci ildən əvvəl Qazaxıstanla heç bir əlaqənin olmadığını” söyləyib.

O deyib ki, xidmətlər üçün ödənişlər cənab Blair-ə yox, ölkədə çalışan peşəkar komanda üzvlərinin gündəlik xərclərinə sərf olunub.

“Cənab Blair” bu layihədən şəxsi ödəniş almayıb” – deyib sözçü.

Sözçü həmçinin bildirib ki, TBA Qazaxıstan hökumətinə həmişə, baş vermis faciəli hadisələrin tam beynəlxalq araşdırılmasını məsləhət görüb.

Bu barədə daha geniş