"Brexit" ehtimalı funt sterlinqi dollara qarşı zəiflədir

Fotonun müəllifi Getty

Britaniyanın Aİ-dən çıxması ehtimalı ilə əlaqədar ingilis funt sterlinqi bazar ertəsi əsas dünya valyutalarına qarşı ucuzlaşıb.

Dollara nisbətdə funt 1% dəyərdən düşüb - ticarət sessiyası zamanı 1 funt 1,41 dollara satılıb.

Bu, aprelin ortasından funt sterlinq üçün ən aşağı göstərici sayılır.

Avro 0,7% artaraq 0,79 funta bərabər olub.

Maliyyə təhlilçiləri Britaniya valyutasının zəifləməsini ölkənin Avropa İttifaqından çıxması ehtimalından getdikcə artan narahatlıqla əlaqələndirirlər.

Bu günlərdə iki qəzetin keçirdiyi rəy sorğularının nəticələrinə əsasən belə sonluğun mümkünlüyü istisna olunmur.

Sunday Times qəzetinin rəy sorğusuna əsasən, Aİ-dən çıxmağın tərəfdarları bu referendumda 1% üstünlüklə qalib gələ bilərlər.

İndependent qəzetindəki sorğu isə çıxmağın tərəfdarlarına 10% üstünlük verib.

Pullu mərc sövdələşmələri biznesilə məşğul olan bukmeker şirkətləri də son zamanlar Britaniyanın Aİ-dən çıxması ehtimalını artırmağa başlayıblar.

Britaniyanın Aİ-də üzvlüyü barədə referendum iyunun 23-də keçiriləcək.

Britaniyalılar bu referendumda ölkənin Aİ-də qalıb-qalmaması məsələsini həll etməlidirlər.

Britaniyanın baş naziri David Cameron ölkənin Aİ-də qalmasını müdafiə edir, lakin onun Mühafizəkarlar partiyasının daxilində bəzi yüksək rütbəli siyasətçilər Aİ-dən çıxmağın tərəfdarlarıdır.