Britaniyada Aİ referendumu: Suallar və cavablar

Fotonun müəllifi Reuters

Nə baş verir?

İyunun 23-də Britaniyada keçiriləcək referendumda Birləşmiş Krallığın Avropa İttifaqında qalıb-qalmamasına dair qərar qəbul ediləcək. Bu məqalədə oxucuları maraqlandıra biləcək suallara cavablar verilib.

Referendum niyə keçirilir?

Baş nazir David Cameron 2015-ci il seçkisində qalib gəldiyi vaxt belə bir referendumun keçiriləcəyini vəd etmişdi. Bunu onun öz Mühafizəkar Partiyasından olan bir çox deputatlar, habelə Birləşmiş Krallıq Müstəqillik Partiyası – UKİP tələb edirdi. Bu siyasətçilər deyirdilər ki, britaniyalılar 1975-ci ildə keçirilmiş referendumdan bu yana ittifaqa üzvlük haqda rəylərini bildirmək imkanına malik olmayıblar.

1975-ci ildə çoxluq ittifaqda qalmağa səs vermişdi. Lakin o vaxtdan bəri Avropa İttifaqı bir sıra köklü dəyişikliklərə məruz qalıb. Bir çox siyasətçilər deyirlər ki, Avropa İttifaqı indi fərdi ölkələrin gündəlik həyatına həddən artıq müdaxilə edir. Bütün bunlara görə baş nazir qərara gəlmişdi ki, britaniyalılara öz sözlərini demək imkanı verilməlidir.

Avropa İttifaqı nədir?

Avropa İttifaqı (Aİ) Avropa qitəsində yerləşən 28 ölkənin iqtisadi və siyasi birliyidir. Bu ittifaq İkinci Dünya Müharibəsindən sonra yaradılıb. O vaxt belə bir ideya ortalığa çıxmışdı ki, bir-biri ilə ticarət edən Avropa ölkələri gələcəkdə bir-birilə müharibədən çəkinəcəklər.

Sonralar bu ticarət daha da inkişaf edərək “vahid bazar” adlanmağa başladı. Bu bazarda ittifaq üzvləri bir-birilə daha əlverişli əsaslarda alış-veriş edirdilər. Daha sonralar bu ticarətin daha da rəvanlaşdırılması və məzənnə əngəllərinin aradan qaldırılması üçün vahid valyutaya keçilməsi qərara alınmışdı. 19 ölkə yeni pul vahidi olan avrodan istifadə barədə qərar vermişdilər.

Britaniya bu ölkələrin arasında yox idi və indiyədək özünün milli pul vahidi funt sterlinqdən istifadə edir. Avropa İttifaqının öz parlamenti və Avropa Komissiyası adlanan icra hakimiyyəti var. Bu rəhbərlik strukturları ittifaq boyunca ətraf mühit, nəqliyyat, alıcı haqları və hətta mobil telefon xidmətlərinin qiymətlərini tənzimləyir.

Şengen zonası nədir?

Avropa ölkələri arasında passportsuz və vizasız gediş-gəlişə təminat verən zonanın yaradılması barədə saziş 1985-ci ilin 14 iyununda Lüksemburqun Şengen qəsəbəsində imzalanıb. Lakin üzv ölkələr arasındakı fikir ixtilafı bəzi ölkələrin öz sərhəd yoxlanış sistemini saxlaması ilə nəticələnib. Məhz buna görə də Şengen zonası Avropa İqtisadi İcmasından ayrılıqda başa düşülür.

Avropa İttifaqının 26 ölkəsi və daha dörd qeyri-ittifaq ölkəsi – İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn bu sazişin üzvləri hesab olunurlar. İrlandiya Respublikası və Britaniya Şengenə daxil deyillər. Məhz buna görə də qeyri-ittifaq ölkələrindən Britaniyaya səfər edənlər üçün Birləşmiş Krallığın Avropa İttifaqında qalıb-qalmaması fərq etməyəcək. Həmişə olduğu kimi Britaniyaya ayrı, qalan Avropa ölkələrinə isə ayrı vizalar almaq lazım gələcək.

Referendumun sualı nədir?

Fotonun müəllifi AFP

Referendumda bircə sual qoyulur: “Birləşmiş Krallıq Avropa İttifaqının üzvü olaraq qalmalıdırmı?” İki cavab versiyası var: “Bəli” və “Xeyr”.

Brexit nədir?

Brexit Avropa İttifaqından çıxmaq istəyənlərin kampaniyasında işlədilən termindir və iki sözdən düzəldilib: Britain və Exit. Bundan əvvəl Yunanıstanda Grexit “termini” yaranmışdı.

Referendumda kimlər səs verə bilər?

Yaşı 18-dən yuxarı və Birləşmiş Krallıqda sakin olan Britaniya, İrlandiya və Britaniya Birliyinə daxil ölkələrin vətəndaşları bu referendumda iştirak edə bilərlər.

İrlandiya, Malta və Kipri çıxmaq şərtilə başqa Aİ vətəndaşları bu referenduma qatıla bilməzlər.

Bəs axı, David Cameron Britaniyanın Aİ-də daha əlverişli üzvlüyünə çalışırdı?

Bəli. Bu, ötən yanvar və fevralda böyük bir xəbər sayılırdı. Baş nazir artıq ittifaqla Britaniyanın xüsusi üzv statusu barədə ilkin danışıqlara başlamışdı. İndi isə belə deyilir ki, referendumda ittifaqda qalmaq qərarı qəbul edilsə, həmin danışıqlar bərpa ediləcək. Bu saziş Avropa İttifaqının Britaniyanın bir sıra spesifik daxili işlərinə qarışmasının qarşısını almaldıır.

Kim Aİ-dən çıxmağın tərəfdarıdır?

Rəy sorğuları Britaniya ictimaiyyətinin tən yarı bölündüyünü göstərir. Ötən seçkilərdə 4 milyon seçicinin (13 faiz) səsini qazanmış UKİP ittifaqdan çıxmaq tərəfdarıdır. Mühafizkar Partiyadan millət vəkillərinin yarısı və bəzi leyborist deputatlar Brexit tərəfdarıdırlar.

Çıxmaq istəyənlər niyə çıxmaq istəyirlər?

Fotonun müəllifi UK Electoral Commission

Onlar inanırlar ki, Britaniya Aİ-yə milyonlarla funt sterlinq üzvlük haqqı ödədiyi halda çox az mənfəət görür. Bu adamlar həm də düşünürlər ki, Britaniyanın öz sərhədlərinə müstəqil qaydada nəzarət etməsi (hərçənd formal olaraq indi də belədir) ölkəyə miqrant axınını cilovlaya bilər. Aİ-dən çıxmaq tərəfdarları Aİ üzvlərindən gələn miqrasiyadan da narazıdırlar. Onlar deyirlər ki, “Avropa Birləşmiş Ştatlarının” yaranmasını istəmirlər.

Kimlər qalmaq istəyir?

Birincisi elə baş nazir David Cameron. Onun kabinetinə daxil 16 nazir də baş naziri dəstəkləyir. Mühafizəkar Partiya referendum kampaniyasında neytral qalacağını vəd edib, lakin leyboristlər, Şotlandiyanın millətçi SNP, Uelsin millətçi Plaid Cymru partiyaları, habelə liberal-demokratlar ittifaqda qalmaq tərəfdarıdırlar. ABŞ prezidenti Barack Obama, Fransa və Almaniya Britaniya vətəndaşlarını ittifaqda qalmağa səs verməyə çağırıblar.

Qalmaq istəyənlər niyə qalmaq istəyirlər?

Avropa İttifaqına tərəfdar olanların fikrincə üzvlük Birləşmiş Krallığa başqa Avropa ölkələri ilə əlverişli ticarət şəraiti yaradır. Onlar həm də qeyd edirlər ki, çox sayda britaniyalı Avropada, çox sayda avropalı Britaniyada yaşayır və işləyir. Bir çox siyasətçilər xarici təhlükəyə qarşı ümumavropa müdafiə sistemini əvəzedilməz sayırlar. Bəzi jurnalistlər və insan haqları fəalları narahatdırlar ki, ittifaqdan çıxmaq demokratik mühitə mənfi təsir edə bilər.

Britaniya ittifaqdan çıxarsa Avropa Məhkəməsini tanıyacaqmı?

Fotonun müəllifi EPA
Image caption Britaniya hökuməti İnsan Haqları Aktından çıxmağı düşünür. Bu akt Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını hazırda Britaniya üçün məcburi edir.

Avropa İnsan Haqları Məhkəməsi Avropa İttifaqının təsisatı deyil və onun Azərbaycan da daxil 47 üzvü var. Odur ki, ittifaqdan çıxmaq Londonu AİHM-in qərarlarından azad etməyəcək.

Buna baxmayaraq, Britaniya hökuməti İnsan Haqları Aktından çıxmağı düşünür. Bu akt AİHM-nin qərarlarını hazırda Britaniya üçün məcburi edir.

İndiyədək hər hansı ölkə Aİ-ni tərk edibmi?

Yox. Amma bircə dəfə Qrenlandiyaya Danimarka daxilində daha geniş muxtariyyət veriləndə bu ada 1982-ci ildə referendum keçirib.

Həmin referendumda Avropanın leyhinə seçicilərin 52 faizi, əleyhinə isə 48 faizi səs verib.

Aİ-dən “boşanma” prosesi nə qədər çəkəcək?

Səsvermədən sonra ittifaqdan tam ayrılmaq üçün minimum müddət iki ildir.

Həmin müddətdə Britaniya Aİ-nin qərarlarına tabe olmalı olacaq. Reallıqda bu proses iki ildən də çox çəkə bilər.

Parlament Aİ-dən çıxış qərarını bloklaya bilərmi?

Prinsipcə bəli. Çünki referendumun nəticəsini parlament ratifikasiya edəcək.

Lakin xalqın iradəsinə bu sayaq hörmətsizlik istənilən siyasətçi, partiya və ya hökumət üçün intihar olardı.

Əgər London gələcəkdə fikrini dəyişsə, ittifaqa qayıda bilərmi?

Bəli. Lakin o zaman Britaniya bütün yeni üzvlər üçün qoyulmuş prosedurlardan keçməli olacaq.

Bu barədə daha geniş