Bəhreyn şiə ayətullahın vətəndaşlığını əlindən alıb

Fotonun müəllifi AFP
Image caption Fəallar Şeyx İsa Qassımın başqa vətəndaşlığının olmadığını bildirirlər

Sünni rəhbərlik tərəfindən idarə olunan Bəhreyn tanınmış şiə din xadimnin vətəndaşlığını əlindən alıb.

Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, Şeyx İsa Qassım mövqeyindən istifadə edərək “xarici maraqlara xidmət göstərib” və “təriqətçiliyi və zorakılğı” təbliğ edib.

Ayətullah dini rütbəsinə malik olan din adamı şiə icmasının daha çox siyasi və ictimai hüquqular tələbi ilə keçirdiyi etirazları dəstəkləyib.

Keçən həftə hökumət öndə gedən müxalif şiə qruplaşmasının fəaliyyətini dayandırıb.

Bəhreyn hökuməti bildirib ki, Wefaq Milli İslam Cəmiyyətinin ofisi də qapadılıb və onların hesabları dondurulub.

Qrupun vəkilinin bildirdiyinə görə bu addım “gözlənilməz” olub.

Wefaq-ın siyasi lideri, şiə din xadimi Şeyx Əli Salman həbsdədir və onun həbs müddəti bu yaxınlarda doqquz ilədək artırılıb.

O, 2015-ci ildə itaətsizlikdə və nifrət yaratmaqda və dövlət qurumlarını təhqir etməkdə ittiham olunub.

Wikileaks tərəfindən dərc edilmiş ABŞ diplomatik sənədlərində Şeyx İsa Qassım, Wefaq-ın mənəvi lideri kimi təqdim olunur.

O, həmçinin Bəhreynin şiə icmasının mənəvi lideri hesab edilib.

Dərc olunmuş ABŞ diplomatik sənədlərində bildirilir ki, din xadimi 1990-cı illərdə İranın Qum şəhərində təhsil alıb və eyni zamanda İraqın Nəcəf şəhərində yaşayıb.

Ayətullah Qassım Bəhreyndə doğulub və fəalların bildirdiyinə görə, onun başqa vətəndaşlığı yoxdur.