Hesabat: Asiya dünyada milyonerlərin sayına görə irəlidədir

Image caption Hong Kong-da 64 milyarder yaşayır.

Asiya milyonçularının varidatı Şimali Amerika, Avropa və digər bölgələrdən olan milyonçuların aktivlərini üstələyib, Capgemini şirkətinin tərtiblədiyi dünya əhalisinin rifahı barədə hesabatda deyilir.

World Wealth Report adlı hesabata əsasən, Asiya milyonerlərinin aktivləri ötən il ərzində 10 faiz artaraq 17,4 trilyon dollara çatıb.

Şimali Amerikada isə eyni göstərici 16,6 trilyon dollar təşkil edib.

Çində iqtisadi artım tempinin düşməsinə, Yaponyada isə iqtisadiyyatın zəifləməsinə baxmayaraq, aktivləri 1 milyon dollar məbləğini keçənlərin sayı Asiyada 4,69 milyondan 5,13 milyonadək artıb.

"Belə artım templəri davam edəcəyi təqdirdə Asiya-Sakit okean regionu çox güman ki, növbəti 10 il ərzində də üstün qüvvə durumunda qalacaq", hesabatda deyilir.

Son 30 il ərzində dünyada milyonerlərin sahib olduğu aktivlərin ümumi həcmi 4 dəfə artaraq 60 trilyon dollara çatıb.

2025-ci ildə isə, hesabatda qeyd olunduğu kimi, milyonerlərin ümumi aktivləri 100 trilyon dollara çata bilər.

Bundan əvvəl Britaniyanın Oxfam xeyriyyə təşkilatının hazırladığı hesabata əsasən isə, dünyada sayı 73 milyona çatmış ən zənginlərin 1 faizinin varidatı Yer kürəsi əhalisinin qalan hissəsinin sahib olduğu ümumi rifaha bərabər olub.