Səudiyyə ruhaniləri Peyğəmbər Məscidinə hücumu pisləyib

Fotonun müəllifi Reuters
Image caption Səudiyyə Ərəbistanı daxili işlər nazirliyinin bəyanatına görə, iyun ayında naməlum şəxslər bu krallıqda 26 hücum həyata keçiriblər

Səudiyyənin yüksək rütbəli ruhaniləri Mədinədə həyata keçirilən 3 intiharçı hücumu qəti şəkildə pisləyib.

Uləmalar Şurası bildirir ki, bombaçılar "müqəddəs olan" hər bir qaydanı pozublar. Mədinədə Peyğəmbər məscidinə hücum nəticəsində 4 mühafizəçi həlak olub. Qatif və Ciddədə isə hücumlar intiharçıların ölümü ilə nəticələnib.

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb. Lakin əsas şübhələr özünü İslam Dövləti adlandıran qruplaşmanın üzərinə düşür.

Mədinədə hücumçu partlayıcı qurğunu Peyğəmbər məscid kompleksi qarşısında avtomobil dayanacağında işə salıb, nəticədə dörd mühafizəçi həlak olub və beş nəfər xəsarət alıb, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Partlayış

Hadisə bazar ertəsi minlərlə zəvvarın axşam namazı üçün toplaşdığı vaxt baş verib. Peyğəmbər məscidi Məhəmməd peyğəmbərin dəfn yeri və müsəlmanların əsas ziyarətgahlarındandır. Mədinə İslamda Məkkədən sonra əhəmiyyətinə görə ikinci şəhərdir.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, intiharçı hücumçu mühafizəçilərin diqqətini cəlb etdikdən sonra partlayıcı qurğunu işə salıb.

Bazar ertəsi bu hadisədən əvvəl ölkənin şərqindəki Qatif şəhərində şiə məscidi yaxınlığında və Ciddədə Amerika konsulluğu yaxınlığında partlayışlar baş verib. Ciddədəki hadisədə iki mühafizəçi yaralanıb.

Fotonun müəllifi Zillur Rehman
Image caption Bazar ertəsi axşam saatlarında baş vermiş partlayışda 4 nəfər dünyasını dəyişib

Partlayışın müqəddəs Ramazan ayında Mədinədə baş verməsi bütün dünya müsəlmanlarının sarsılması deməkdir, BBC Ümumdünya Xidmətinin yaxın şərq proqramlarının redaktoru Alan Johnston deyir. Onun sözlərinə görə, şübhələr özünü İslam dövləti adlandıran qruplaşmanın üzərinə düşür.

Səudiyyə Ərəbistanı DİN- in bəyanatına görə, iyun ayında naməlum şəxslər bu krallıqda 26 hücum həyata keçiriblər.

Bu barədə daha geniş