Britaniya mətbuatı: Avropa "məsuliyyətsiz Boris Johnsonu" tənqid edir

"The Independent" yazır ki, siyasətçilər, kampaniyaçılar və ekspertlər Britaniyanın yeni baş naziri Theresa May-in İqlim Dəyişikliyi Nazirliyini ləğv etməsini "açıq-aşkar axmaqlıq", "dərindən narahatedici" və "dəhşətli" adlandırıblar.

Xəbər verilir ki, ləğv edilən nazirliyin işləri yenicə yaradılmış Biznes, Enerji və Sənaye Strategiyası Nazirliyinə verilib. Məqalədə deyilir ki, ötən bazar ertəsi hökumət müşavirləri Birləşmiş Krallığın özünü daşqınlara, quraqlığa, qızmar havalara və ərzaq qıtlığına hazır etməsinin zərurəti barədə xəbərdarlıq etmişdilər.

Bütün bunlara səbəb kimi məhz iqlim dəyişikliyi göstərilirdi.

Bundan az əvvəl Andrea Leadsom ətraf mühit naziri postuna təyin edilmişdi. Bu həmin rəsmidir ki, ötən il enerji naziri vəzifəsinə təyin ediləndə "iqlim dəyişikliyi həqiqətdirmi" sualını vermişdi.

"The İndependent" yazır ki, keçmiş enerji və iqlim dəyişikliyi naziri Amber Rudd ötən noyabrda Birləşmiş Krallıqda "kömürün 2025-ci ilədək bağlanacağını" elan etmişdi. Xanım Leadsom isə kömür sənayesindən bunun nə demək olduğunu soruşmuşdu.

"Açıq-aşkar axmaqlıq"

Keçmiş leyborist lider Ed Miliband İqlim Dəyişikliyi Nazirliyinin ləğv olunmasını "açıq-aşkar axmaqlıq" adlandırıb. Hökumətin bu addımı ilə bağlı Greenpeace təşklilatı da dərin narahatlıq ifadə edib. Kampaniyaçı qrupun icraçı direktoru John Sauven isə deyib ki, yeni kabinetdə iqlim dəyişikliyinə inanmayanların çoxalması narahatlıq doğurur.

Yaşıllar Partiyasından millət vəkili Caroline Lucas deyib ki, iqlim dəyişikliyi bütün dünyanı hədələyən ən ciddi təhlükə sayılmalıdır.

“İqlim dəyişikliyi onunla məşğul olan ayrıca nazirliyin mövcudluğunu tələb edir. Onun ləğv olunaraq başqa bi nazirliyin zirzəmisinə atılması geriyə doğru ciddi addımdır" - deyib Lucas.

Fotonun müəllifi PA
Image caption Boris Johnson Brexit kampaniyasının aparıcı liderlərindən olub.

Yerin Dostları qrupunun baş direktoru Craig Bennett deyib ki, iqlim dəyişikliyi artıq Britaniyada baş verir. Ətraf mühit iqtisadçısı Stephen Devlin isə yeni baş nazirin belə bir ilk addımını "dəhşətli yalnış" adlandırıb.

Avropanın "ikrah hissi"

"The Guardian" yazır ki, Avropa Boris Johnsonun Birləşmiş Krallığın xarici işlər naziri təyin edilməsini hiddətlə qarşılayıb.

Fransanın xarici işlər naziri britaniyalı həmkarını açıq şəkildə "yalançı" adlandırıb. Almaniya xarici işlər naziri isə Boris Johnson-un "göz baxa-baxa yalan danışan" olduğunu dilə gətirib. Məqalədə deyilir ki, Avropa İttifaqının yüksək vəzifəliləri Boris Johnsonun təyinatından "ikrah hissi" keçirdiklərini gizlətməyə heç çalışmayıblar da.

Onlar Britaniya referendumunda ölkənin Avropa ittifaqından çıxması qərarının qəbul edilməsinə görə məhz Boris Johnson-u ittiham edirlər. Onların fikrincə Johnson referendumdan əvvəl Britaniya ictimaiyyətini vicdansızcasına aldadıb və referendumdan sonra bunun məsuliyyətindən boyun qaçırıb.

Paris və Berlinin təşvişi

Fransanın xarici işlər naziri Jean-Marc Ayrault iki il əvvəl Parisin meri olarkən o vaxt London meri olan Boris Johnson-la görüşüb.

O, Fransa radiosunun Boris Johnson-un təyinatından təəccüblənibmi sualına - "Bu, referendumun ardınca Britaniya siyasətində yaranmış böhranın göstəricisidir" cavabını verib. Ayrault deyib ki, bu təyinat Brexit prosesini sürətləndirməlidir.

"Biz bu ikibaşlı, yayğın vəziyyətin baş alıb getməsinə yol verə bilmərik" - deyib xarici işlər naziri. "The Guardian" yazır ki, Johnson-un təyinatı ilə bağlı Berlində də təşviş yaşanır. Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, Boris Johnsonun referendumdan əvvəlki davranışı ziyanlı və məsuliyyətsiz olub.

O deyib ki, Britaniya xalqı məsuliyyətsiz siyasətçilər tərəfindən "Brexit toruna" salındıqdan sonra hazırda ayılma mərhələsinə daxil olub. Almaniya naziri deyib ki, referendum başa çatandan sonra məsuliyyyəti çiyinlərinə götürməli adamlar bu yükün altına girmək əvəzinə qraf Spencerin malikanəsində qolf oynamağa gediblər.

Qaymağın pişiyə tapşırılması

Fotonun müəllifi EPA
Image caption Avropa parlamentinin sədri Martin Schulz deyib ki, Theresa May-in ilk kabenitində təyinatlar Mühafizəkarlar Partiyasında daxil problemlərin həllinə yönəlib.

Özünün bloqpostunda Avropa komissiyaslnın vise-prezidenti Frans Timmermans deyib ki, o səmimi bir anqlofildir, lakin Avropa İttifaqından çıxmaq üçün Britaniyada aparılan kampaniyadakı "nifrət və nadanlıq" onu təəccübləndirib.

O deyib ki, Boris Johnson-un referendum debatlarına nasist söhbətini gətirməsindən dəhşətə gəlib. Qəzet xatırladır ki, ötən may ayında Boris Johnson Avropa İttifaqını Hitler layihəsinə bənzətmişdi. Timmermans habelə Boris Johnsonun Obama haqqında dediklərini yada salıb. Johnson demişdi ki, ABŞ prezidenti "Keniya kökənli" olduğuna görə Britaniyaya kin bəsləyir. Avropa rəsmisi Johnson-un dediklərini irqçilik adlandırıb. "The Guardian" yazır ki, Almaniyanın başqa çevrələrindən də Johnson-un təyinatına reaksiya mənfi olub. Yaşıllar Partiyasının həmsədri Simone Peter Johnsonun təyinatını "qaymağın pişiyə etibar edilməsinə" bənzədib.

Almaniya ictimai ZDF telekanalının Brüssel müxbiri Anne Gellinek isə deyib ki, keçmiş London merinə "əməlli-başlı" nifrət var.

Boris həm Britaniya, həm də Avropaya ziyan vuracaq

"The Guardian" yazır ki, Boris Jonhsonun gələn bazar ertəsi xarici işlər nazirlərinin görüşünə yollanacağı Brüsseldə onu heç də böyük həvəslə gözləmirlər.

Avropa parlamentinin sədri Martin Schulz deyib ki, Theresa May-in ilk kabenitində təyinatlar Mühafizəkarlar Partiyasında daxil problemlərin həllinə yönəlib.

O deyib ki, bu qorxulu dövrə təhlükəli şəkildə davam edir və bu həm Britaniya, həm də Avropa İttifaqına böyük ziyan vuracaq.

"Bu vəzifədə sakitliyə və səmimi danışqlara hazır olan birisi olmalıdır. Bu, bizim Boris Johnson-da gördüyümüz keyfiyyətlər deyil" - deyib bir Avropa diplomatı.

Məqalədə deyilir ki, Parisdə Johnson-u onun Fransaya qarşı mənfi münasibətinə görə tanıyırlar. "The Guardian" yazır ki, Boris Johnson fransız dilində səlis, lakin ləhcə ilə danışır. O əvvəllər Churchill haqqında kitabının təqdimatı üçün Parisə tez-tez səfərlər edib və bu kitab Fransada yaxşı satılıb.