"Taxtların oyunu" serialı 2018-ci ildə başa çatır

Fotonun müəllifi HBOPA WIRE

Rekordları qıran fantastika dram serialı Taxtların oyunu (Game of Thrones) səkkizinci mövsümdən sonra başa çatacaq, Amerikanın HBO teleşirkəti bildirib.

HBO-nun proqram müdiri Casey Bloys bu barədə Televiziya Tənqidçiləri Assosiasiyasının konfransında danışıb.

Gələn ilin yayında nümayiş etdiriləcək 7-ci mövsüm, əvvəl nəzərdə tutulduğu kimi 10 deyil, 7 seriyadan ibarət olacaq. Son mövsüm isə 2018-ci ildə çəkiləcək.

Taxtların oyunu serialı George R R Martinin romanlarına əsasən çəkilir.

Cənab Bloys bildirib ki, son mövsüm üçün nəzərdə tutulacaq epizodların sayı hələlik bəlli deyil.

"İstehsalçıların bizə təqdim edəcəyi bütün seriyaları alacağıq," - o bildirib.

Ötən il serial rekord sayda - 12 ədəd Emmy Mükafatı qazanıb.