Britaniya mətbuatı: Türkiyədə Osmanlı imperiyası niyə dəbdədir?

“The Economist” yazır ki, indi Türkiyə siyasəti və mədəniyyətində Osmanlı imperiyası dəbdədəir.

Sultan Süleymanın həyatı barədə 2011-ci ildə çəkilmiş “Möhtəşəm yüz il” serialı beş mövsüm ərzində 47 ölkdədə böyük tamaşaçı auditoriyası toplayıb.

Məqalədə deyilir ki, elə bu müddətdə prezident Recep Tayyip Erdoğanın sultansayağı hakimiyyəti daha aqressiv olub.

“The Economist” yazır ki, ölkənin keçmişi təbliğ olunarkən, Osmanlı sülaləsinin tənəzzülünə səbəb olanlar – irqi gərginlik və Birinci Dünya Müharibəsi unudulur. Halbuki bunların nəzərdən keçirilməsi müasir Türkiyənin parçalanmalara məruz qalmasının səbəblərinə işıq sala bilərdi.

Məqalədə deyilir ki, indi Türkiyədə Osmanlı imperiyasının Birinci Dünya Müharibəsində məğlubiyyətini, 1923-cü ildə küldən törəmiş müasir respublikaya keçid kimi unutmağa çalışırlar.

Müəllif yazır ki, bu unutqanlıqda iki məqam arasındakı əlaqə də itib-batır: Osmanlı hərbiyyəsi 5 cəbhədə döyüşdüyü halda onun ərazisində müstəqillik hərəkatları güclənirdi.

“Müharibədəki məğlubiyyət Osmanlı imperiyasına son qoymuş və bundan doğan çoxsaylı regional millətçiliklər miras qalmışdır” – yazır məcmuə.

Unudulmuş məğlubiyyət

Fotonun müəllifi Getty

“The Economist” yazır ki, buna baxmayaraq Türkiyənin mədəniyyət təsisatları nəinki bu məğlubiyyəti öyrənmir, hətta qəbul da etmirlər.

Məqalədə xatırladılır ki, 2015-ci ilin aprelində Ermənistanda “erməni soyqırımının” yüz illiyi qeyd olunarkən, Türkiyə eyni gündə Geliboluda həlak olmuş Antanta və türk əsgərlərinin yadetmə mərasimini keçirirdi.

Bu hadisə mətbuatın çox mənfi reaksiyasına səbəb olmuşdu. Belə bir nəticə çıxarılmışdı ki, Türkiyə diqqəti “erməni soyqırımı” məsələsindən yayındırmağa çalışırdı.

Türkiyənin kürdlərlə davam edən gərginliyi də yüzillik tədbirlərdə yada salınmırdı. Halbuki Britaniya kürdlərə osmanlıların məğlubiyyətindən sonra dövlətçilik veriləcəyini vəd etmişdi. Bu vəd yerinə yetirilmədiyindən sonrakı illərdə kürdlərin Mustafa Kemal Atatürk hökumətinə qarşı üsyanları başlanmışdı.

Məqalədə deyilir ki, ermənilərin “soyqırımını” qeyd etməsi və ölkənin cənub-şərqində kürd separatçılarla döyüşlərin davam etməsi Türkiyədə keçmişin müasir dövrümüzə hələ müdaxilə etdiyini göstərir.

İstanbulun fəthi və süqutu

“The Economist” yazır ki, bu keçmiş realist olaraq müasir günümüzə ayaq açır. 2015-ci ilin fevralında Osmanlı imperiyasının qurucusu 1-ci Osmanın babası Süleyman şahın sümükləri Suriyadakı məqbərədən Türkiyəyə köçürülüb.

Rəsmilər bunu milli tarixin qorunması kimi təqdim edirdilər.

Elə bu ayın əvvəlində İstanbulda iki asma körpüyə iki osmanlı sultanının adları verilib.

İstanbulun mərkəzindəki məşhur Gezi parkında isə osmanlı qışlaları üslübunda ticarət pasajının tikintisi nəzərdə tutulub.

Bu ilin mayında Erdoğan və baş nazir Yıldırım İstanbulun fəthinin 563-cü ildönümünü bayram ediblər. Halbuki İstanbulun fəthi xristian dünyasında “İstanbulun süqutu” kimi yad edilir, çünki osmanlılar həmin şəhəri öz paytaxtları edəndən bəri Şərqi Roma xristianlığının mərkəzi İslam mərkəzinə çevrilib.

“The Economist” yazır ki, həmin ildönümünə həsr edilmiş şənliklərdə qala divarlarının maketi “Dirçəldi, yüksəlir” sözləri ilə bəzdilmişdi. Bu tədbirlər, əsası Atatürk tərəfindən dünyəvilik və respublikaçılıq bayramı kimi qoyulmuş 19 may gənclər gününü unutdurmuşdu.

Osmanomaniya

Məqalədə deyilir ki, islami imperiya keçmişinin yad edilməsi hökumətin yeni milli siyasətinin istiqamətini göstərir: İslamı Türkiyə siyasətinin mərkəzinə çevirmək, Yaxın Şərqin keçmişlərdə Osmanlı imperiyasına aid olmuş yerlərini təsir altına almaq və daha çox sultanlığı ehtiva edən prezidentlik sistemini inkişaf etdirmək.

“Osmanomaniya yüksəlişdədir, - yazır “The Economist” – Lakin imperiyanın son müharibəsinin tarixi öyrənilmir”.

Məcmuə yazır ki, İstanbulda açılmış “Birinci Dünya Müharibəsi” sərgisi də bir sıra yeni eksponatların, tarixi fotoşəkillərin ekspozisiyasına baxmayaraq həmin müharibədəki məğlubiyyətdən nə kimi nəticə çıxarılmalı olduğuna da işarə etmir.

“The Economist” yazır ki, baş tutmamış çevriliş cəhdi və bunun ardınca baş verən siyasi hadisələrdən sonra mədəniyyət məsələləri çətin bir müddət Türkiyə gündəliyinin başında olsun.

“Çox güman ki, 2018-ci ilədək keçiriləcək bütün yüzillik yubileyləri də hakim partiyanın osmanlı üslubundan kənara çıxmayacaq” – yazıb “The Economist”.

Cinayətkarlığı mətbuat artırır?

Fotonun müəllifi Getty

“The İndependent” yazır ki, psixoloqların fikrincə, kütləvi atışmaların media tərəfindən geniş işıqlandırılması bu cür cinayətlərin artmasına rəvac verir.

Psixioloqlar düşünürlər ki, ictimaiyyətə qarşı odlu silahla cinayət törədənlərin adlarının və simalarının sosial media və mətbuatda görünməsi bu adamlara onların arzuladıqları məşhurluğu vermiş olur.

Məqalədə deyilir ki, hazırda ABŞ-da orta hesabla hər 12 gündən bir atışma baş verir. Psixoloqlar hesablayıblar ki, əgər jurnalistlər, bloger və sosial media istifadəçiləri öz aralarında sözü bir yerə qoyub bu xəbərləri yaymasalar, belə cinayətlərin sayı 30 faiz azala bilər.

Qərbi New Mexico Universitetinin tədqiqatçıları deyirlər ki, reytinq və reklam satışı naminə kütləvi atışmaların işıqlandırılmasına son qoyulmalıdır.

Məqalədə deyilri ki, bu yaxınlarda kütləvi qırğın törətmiş münhenli gəncin Norveç qətliamçısı Anders Breivikə heyran olduğu bəlli olub.

Bu il ABŞ tarixində də ən pis atışma baş verib. Orlandonun gey klubunda 49 nəfər qətlə yetirilib.

Qərbi New Mexico Universitetindən Jennifer Johnston deyib ki, kütləvi atışmalar onların mediada işıqlandırılması ilə yanaşı yüksəlməkdə davam edir.

Tədqiqatçı bildirir ki, burada nəyin əvvəl, nəyin sonra gəldiyini söyləmək çətindir. Kütləvi atışmaların artımı onların mediada işıqlandırılmasını artırır, yoxsa əksinə?

Amerika Psixoloqları Assosiasiyasının illik yığıncağında doktor Johnston deyib ki, mətbuat bu mənada zorakılığın artmasındakı məsuliyyəti barədə düşünməlidir.

O deyib ki, mətbuat özünün maliyyə maraqlarını “ictimai marağın təmin edilməsi” devizi ilə pərdələyir.

24 saatlıq xəbər yayını

Psixoloqların qənaətinə görə, əksər atışma törədənlərin əsas motivinin məşhurlaşmaq olduğu aydındır.

Bu adamların əksəriyyəti depressiyadan, sosial təklənmədən və xəstə özünəvurğunluqdan əzab çəkirlər.

Psixoloqlar məktəblərdə, başqa ictimai yerlərdə kütləvi qırğın törədən şəxsin portretini də işləyib. Bu, əsas etibarilə ağdərili, ənənəvi seksual vərdişləri olan kişilərdir. Onlar cəmiyyətdə böyük məqam tuta bilməmələrini “ədalətsizlik” kimi qiymətləndirirlər.

“Təəssüf ki, bir çox kütləvi qatillərin ən böyük istəyi şöhrətdir” – deyib doktor Johnson.

Xanım Johnson və həmkarı Andrew Joy bunu da vurğulayıblar ki, bu sayaq şöhrətpərəstlik xüsisən də 1990-cı illərdən bəri yüksəlişdədir.

Bu həmin dövrdür ki, əksər ölkələrdə xəbərlərin 24 saat ərzində yayınına başlanıb.

Telefonunuzu gecələr doldurmayın

Fotonun müəllifi AFP

“The Mirror” mobil telefon istifadəçilərinə maraqlı bir məsləhət verib: Telefonunuzu gecələr, özünüz yatanda elektrik şəbəkəsinə qoşmayın.

Telefon batareyalarının enerji ilə doldurulması üçün ən münasib vaxt özünüzün oyaq, telefonun isə istifadəsiz olduğu vaxtdır.

“The Mirror” yazır ki, əksər adamlar telefon batareyasının doldurulmasını gecə saatlarına saxlayırlar. Bu isə kökündən yanlışdır.

İstehlakçılıq eksperti Dominic Littlewood bildirir ki, batareyaların telefon sahibinin yatdığı saatlarda doldurulması yanğın təhlükəsi yaradır. Ələlxüsus da elektrik şəbəkəsinə qoşulu telefon yatağınızdadırsa.

Ekspert bildirir ki, şəbəkədə olan telefonların qızması yorğan-döşəyə od sala bilər.

Littlewood yarızarafat deyib ki, yatmazdan əvvəl telefonunuzu heç olmasa mətbəxdə tavanın içinə qoyun.

Bu da həqiqətdir ki, telefonun lazım olduğundan daha uzun müddət şəbəkədə olması onun batareyalarını vaxtından əvvəl sıradan çıxara bilər.

Kompüter məsləhətçiləri isə tövsiyə edirlər ki, telefonun batareyasını heç vaxt “ağzınadək” doldurmayın.

Onların fikrincə, telefonun vaxtaşırı 100 faiz doldurulması batareyaların ömrünü qısaldır.

Bu barədə daha geniş