Britaniya mətbuatı: İran Pokemon oyununu niyə qadağan edib?

“The Express” qəzetinin siyasi müxbiri Greg Heffer yazır ki, almanların əksəriyyəti Türkiyənin Avropa İttifaqı üzvlüyünə dair Brüssel və Ankara arasında danışıqların dayandırılmasını istəyir.

Ölkənin bazar günləri çıxan ən böyük qəzeti “Bild am Sonntag”ın keçirdiyi rəy sorğusunda iştirak edənlərin 66 faizi belə düşünür.

Bundan başqa məlum olub ki, rəyi soruşulanların 52 faizi habelə Ankara ilə bağlanmış miqrant sazişinə son qoymağın düzgün addım olacağı qənaətindədir. Bu sazişə əsasən Türkiyə Avropa İttifaqına qaçqın axınının qarşısını almaldır.

“The Express” yazır ki, “hazırda Ankara bu sazişdən Avropanı şantaj etmək və 77 milyonluq əhalisi üçün Şengen zonasına giriş qoparmaq üçün istifadə edir”. Məqalədə bu da qeyd olunur ki, sazişin bağlanmasından sonra miqrant axını kəskin azalsa da, razılaşmanın davam etdirilməsini rəyi soruşulanların yalnız 35 arzulayır.

Rəy sorğusunda iştirak edənlərin üçdə ikisi Türkiyəyə Avropa İttifaqından hər hansı maliyyə dəstəyinin dərhal dayandırılmasını istəyir.

“The Express” yazır ki, Türkiyəyə Şengen zonasına sərbəst giriş sazişə görə artıq ötən iyun ayında verilməliydi, lakin Avropa Komissiyasının rəyinə görə Ankara onun qarşısına qoyulmuş şərtləri yerinə yetirməyib. Ötən həftəsonu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib ki, Ankaranın vizasız gediş-gəliş tələbi yerinə yetirilməsə, onun ölkəsi miqrant sazişindən çıxacaq.

Fotonun müəllifi AFP
Image caption “The Telegraph” yazır ki, Avropa İttifaqının üzvləri arasında Türkiyə ilə münasibətlərdən narahatlıq hissi artır.

Lakin Almaniya kansleri Angela Merkelin administrasiya rəhbəri Peter Altmaier deyib ki, miqrant sazişinə alternativ yoxdur və o bu sənədin qüvvədə qalacağına ümid edir.

Avstriya Türkiyənin Avropa İttifaqına üzvlüyünü istəmir

“The Telegraph” yazır ki, Avropa İttifaqının üzvləri arasında Türkiyə ilə münasibətlərdən narahatlıq hissi artır. Avstriyanın xarici işlər naziri Sebastian Kurz deyib ki, Aİ ilə Türkiyə arasında üzvlüyə dair hər hansı danışıqlara veto qoyacaq.

Ötən həftə ölkə kansleri Christian Kern Türkiyə ilə üzvlük danışıqlarının dayandırılmasına çağırmışdı. O demişdi ki, Türkiyə Avropadan uzaqlaşmaq kursunu davam etdirir və orada baş verənlər Avropanın təməl dəyərləri ilə bir araya sığmır.

“Mənim xarici işlər nazirlərinin şurasında kürsüm və səsim var və mən Türkiyə ilə üzvlük danışıqlarında yeni fəslin açılması ilə bağlı fikrimi bildirəcəyəm. Mən bunun əleyhinəyəm” – deyib cənab Kurz. “The Telegraph” xatırladır ki, Türkiyə ilə danışıqların davam etdirilməsi üçün Avropa İttifaqına daxil bütün ölkələrin razılığı şərtdir.

Cənab Kurz Avropa İttifaqını öz sərhədlərini müstəqil şəkildə mühafizə etməyə çağırıb. O deyib ki, bu edilməsə, Avropa İttifaqının Ankara ilə danışıqlarda mövqeyi zəif olacaq.

Rio 2016 bayrağa görə çinliləri cinləndirib

“The İndependent” yazır ki, Rio 2016-da Çinin dövlət bayrağının təhrif olunması bu ölkənin mediasını və çinli tamaşaçıları qəzəbləndirib.

Təhrif edilmiş bayraqlar medallarla təltif olunma mərasimində görünüb. Məqalədə deyilir ki, Rio Olimpiya Oyunlarının təşkilatçıları hazırda vətənpərvərliyi ilə məşhur olan ölkənin bayraqlarındakı səhvi aradan qaldırmaqla məşğuldurlar.

“The İndependent” yazır ki, müxtəlif ölkələrin dövlət bayraqlarının təhrif olunması halları kifayət qədər tez-tez baş verir. 2012-ci ildə London Olimpiadasında Şimali Koreyanın qadınlardan ibarət milli futbol komandası Kolumbiya ilə matçdan imtina etmək istəmişdi. Səbəb Şimali Koreyanın bayrağının yerində onun qatı düşməni Cənubi Koreyanın bayrağının asılması olmuşdu.

London Olimpiadasının təşkilatçıları hadisəni “rüsvayçılıq” adlandırmışdılar. Çinin bayrağı ilə bağlı son insidentə gəlincə isə, ölkənin milli televiziyası səhvi dərhal görmüş və sosial mediada diqqəti bu hadisəyə çəkmişdi.

Hər ulduzun yeri var

“South China Morning Post” qəzeti yazır ki, telekanalın aparıcısı Cui Yongyuan Weibo şəbəkəsindəki 9 milyonluq davamçısına yazırdı: “Dövlət bayrağı elə bir şeydir ki, onun mühümlüyünü hətta ibtidai məktəb uşaqları da bilirlər. Milli bayraq ölkənin simvoludur. Burada səhv yolverilməzdir”.

Çin bayrağında, sol küncə biri böyük dördü kiçik beş ulduz var. Kiçik ulduzlar böyük ulduzu dövrələməli və ona “tuşlanmalıdırlar”. Lakin olimpiadanın atıcılıq və üzgüçülük növləri üzrə medallarının təqdimatı mərasimində qaldırılan bayraqlarda dizayn fərqli olub.

“The İndependent” yazır ki, Avstraliyanın Channel 7 telekanalı da bu həftə Çin tamaşaçılarının qəzəbinə gəlib. Telekanal medal cədvəlində Çin bayrağının yanlış versiyasını nümayiş etdirmişdi. Rio Oyunlarının təşkilatçıları israr edirlər ki, yarışlarda istifadə edilən bütün bayraqlar milli olimpiya komitələri tərəfindən təsdiq edilib.

İran Pokemon oyununu qadağan edib

Fotonun müəllifi AFP Getty
Image caption “The Guardian” yazır ki, İranda internetin filtrlənməsi həyata keçirilir, lakin bu vəziyyət milyonlarla istifadəçinin müxtəlif saytlara qoyulmuş blokları aşmasının qarşısını ala bilməyib.

“The Guardian” yazır ki, İran mobil telefonda oynanan Pokemon Go oyununu qadağan edən ilk ölkə olub. Tehran bildirib ki, oyunun real çoğrafi məkanlardan istifadə etməsi təhlükəsizlik problemləri yarada bilər. İranın yarımrəsmi İSNA xəbər agentliyi Əbülhəsən Firuzabadiyə istinadən bidirib ki, qlobal miqyasda oynanan hər bir oyun İran ərazisində oynanmaq üçün ölkənin Mədəniyyət və İslami İrşad Nazirliyindən icazə almalıdır və Pokemon Go oyunu belə bir icazə üçün müraciət etməyib.

İranda vəzifəli ədliyyə rəsmisi Əbdülsəməd Xürrəmabadi ötən həftə demişdi ki, ultrarealistik Pokemon Go oyunu ölkənin təhlükəsizliyi üçün dilemma yaradır və İran kəşfiyyat xidmətləri qadağanı təsdiqləyib.

“Bu oyunla bağlı çox problemlər var və o təhlükəsizlik baxımından ölkə və adamlarımız üçün problemlər yarada bilər” – deyib Xürrəmabadi Təsnim xəbər agentliyinə.

“The Guardian” yazır ki, İranın texnologiyalara həvəsli gəncləri bu oyuna tez bir zamanda qurşanmışdılar. Bu oyun ötən aydan qlobal fenomenə çevrilib.

İnternet bloklansa da

Bundan əvvəl İran rəsmiləri işarə etmişdilər ki, bu oyunun ölkədə oynanmasına müəyyən şərtlər daxilində icazə verilə bilər. Bunun üçün Pokemon Go-nun yaradıcıları məlumat serverlərini İrana keçirməli və bir sıra məkanları oyundan istisna etməli idilər.

“The Guardian” yazır ki, İranda internetin filtrlənməsi həyata keçirilir, lakin bu vəziyyət milyonlarla istifadəçinin müxtəlif saytlara qoyulmuş blokları aşmasının qarşısını ala bilməyib.

İranda hər dörd nəfərdən birinin istifadə etdiyi Telegram aplikasiyası buna misal ola bilər. Məqalədə deyilir ki, Facebook və Tvitterə qoyulmuş bloklara baxmayaraq milyonlarla iranlı bu şəbəkədən istifadə edir. “The Guardian” yazır ki, son illərdə İran hökuməti daha səmərəli bloklama üsuluna keçib. Məsələn İnstagram və Telegram açıq olsa da, onlardakı namünasib materiallar bloklanır.

Məqalədə deyilir ki, antiblok proqramları giriş sürətini azaldır və bunun Pokemon oyununa necə təsir etdiyi hələlik aydın dedil.

Bir iranlı Tvitterdə zarafartla yazıb: “İranda Pokemon oynamaq çətindir. Pokemonu tutanda gərək ayıq olasan ki, özün bəsic polisinin əlinə keçməyəsən”.