Britaniya mətbuatı: “Çayxor ingilislər” çay içməyi niyə tərgidirlər?

“The İndependent” yazır ki, Ukraynanın Xarici İşlər Nazirliyinin bəyanatında Vladimir Putinin Kiyevlə müharibəyə haqq qazandırmağa çalışdığı bildirilib.

"Putin daha çox müharibə istəyir. Rusiya gərginliyi artırır və Ukraynaya qarşı əlimyandıda casus belli axtarır və Qərbin reaksiyasını sınağa çəkir” – yazıb Tvitterdə Uktraynanın xarici işlər naziri Dmitro Kuleba.

Məqalədə deyilir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti 2014-cü ildə ilhaq edilmiş Krıma bir neçə Ukrayna silahlı reydinin qarşısının alındığını bildirdikdən sonra Putin Kiyevi terrora əl atmaqda və təhlükəli oyun oynamaqda ittiham edib.

O deyib ki, Kiyevin hərəkətləri “axmaqlıqdır” və “cinayətdir” və əslində Ukrayna ilə onun şərqindəki münaqişəyə dair sülh danışıqalrını davam etdirmək mənasızdır.

"Terrorçu reydlər"

Bundan əvvəl FTX Krıma Ukrayna hökuməti tərəfindən təşkil edilmiş bir sıra “terror hücumlarının” qarşısını aldığını bəyan etmişdi.

FTX iddia edir ki, Ukraynanın Müdafiə Nazirliyi Krımın mühüm infrastrukturlarını hədəfləyir.

“The İndependent” yazır ki, Ukraynanın cənubundakı Krım yarımadası 2014-cü ildə Rusiya tərəfindən ilhaq edildikdən sonra Kiyev və Moskva arasında mübahisə obyektinə çevrilib.

Fotonun müəllifi Reuters
Image caption Ukrayna prezidenti Petro Poroşhenko Krıma müdaxilə cəhdi barədə iddiları rədd edib.

Məqalədə deyilir ki, Ukraynanın Müdafiə Nazirliyi “Krım ərazisində təxribat əməliyyatları” ilə məşğul olduğuna dair ittihamları rədd edib.

Nazirlik bildirib ki, belə ittihamlar Rusiya Federasiyasının Krım ərazisinə çox sayda qoşun gətirməsinə və yeni təcavüzə hazırlaşmasına haqq qazandırmaq məqsədi güdür.

Ukrayna təhlükəsizlik xidmətinin sözçüsü Yuriy Tandit bəyan edib ki, Kiyevin Krımı zorla geri almaq fikri yoxdur.

FTX isə iddia edir ki, ötən şənbə Krım ərazisində “terrorçuları” həbs edərkən bir qulluqçusunu itirib.

FTX həmçinin iddia edir ki, Krım ərazisində Ukrayna “təxribat” qruplarına aid 20 partladıcı qurğu aşkar edib.

Rusiya tərəfi bildirir ki, “Ukrayna xüsusi xidmətlərinə çalışan şübhəlilər” həbs edilirlər və artıq ifadə verirlər.

Türkiyə NATO-dan çıxacağı ilə hədələyir

Fotonun müəllifi Getty
Image caption Türkiyə NATO-da ABŞ-dan sonra sayca ən böyük orduya malik ikinci ölkədir və Qərbin həlledici müttəfiqidir, “The Daily Mail” yazır.

“The Daily Mail” yazır ki, Türkiyənin xarici işlər naziri, NATO Ankaranın müdafiəsinə gəlməzsə, ölkənin təşkilatdan çıxmaq məsələsinə baxa biləcəyini deyib.

Türkiyə Vaşinqtonu baş tutmayan çevriliş cəhdindən sonra Ankaranı lazımınca dəstəkləməməkdə ittiham edir.

Məqalədə deyilir ki, Anadolu agentliyinə müsahibəsində xarici işlər naziri Mevlüt Çavuşoğlu Avropa İttifaqını anti-Türkiyə hisslərini və prezident Erdoğana qarşı düşmənçiliyi qızışdırmaqda ittiham edib.

O Avropa İttifaqının Türkiyədə baş tutmamış çevriliş məsələsində mövqeyini tənqid edib və deyib ki, Avropa İttifaqı Türkiyəni “itirirərsə” yalnız özünü günahlandırmalı olacaq.

Məqalədə deyilir ki, Türkiyə NATO-da ABŞ-dan sonra ən böyük orduya malik ikinci ölkədir və Qərbin həlledici müttəfiqidir.

Bununla belə, NATO Ankaradan səslənən bəyanatlara cavab olaraq bildirib ki, Türkiyənin təşkilatda üzvlüyü heç bir sual doğurmur və Ankara çevriliş cəhdindən sonra da təşkilatın dəstəyindən əmin ola bilər.

NATO-nun bəyanatında deyilir: “Türkiyə NATO-nun birgə səylərinə əhəmiyyətli töhfə verən dəyərlıi müttəfiqdir”.

“Türkiyə alyansın konsensusa əsaslanan qərarlarının qəbulunda tam iştirak edir…NATO Türkiyənin töhfələrinin davam edəcəyinə əmindir və Türkiyə də NATO-nun həmrəylik və dəstəyinə əmin ola bilər” – deylir bəyanatda.

Çevriliş cəhdindən sonra Türkiyə hökumətinin dəstəklənməsi məsələsinə gəlincə isə, bəyanatda deyilir ki, elə hadisə baş verən gecə NATO-nun baş katibi Türkiyənin xarici işlər naziri, daha sonra isə prezident Erdoğanla telefon söhbəti edib, çevriliş cəhdini sərt şəkildə pisləyib və Türkiyənin demokratik təsisatlarına tam dəstək bildirib.

“NATO Türkiyənin seçkili hökumətinə dəstək verib və Türkiyə xalqının cəsarətini alqışlayıb” – deyilir bəyanatda.

“The Daily Mail” yazır ki, bu arada Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, onun ölkəsi Rusiya ilə birlikdə Suriya münaqişəsinin həll yolunu tapmaq məqsədilə “güclü mexanizm yaradır” və bununla əlaqədar Türkiyənin kəşfiyyat və hərbi rəhbərləri Moskvaya səfər edəcəklər.

Cavuşoğlu bunu da deyib ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə məhsullarının idxalı üzərindən embarqonu qaldırmağı vəd edib.

Prezidentlər həmçinin Türk Axını qaz kəməri layihəsini dirçəltmək barədə razılığa gəliblər.

“Çay milləti” çayı tərgidir?

Fotonun müəllifi Getty
Image caption Son beş ildə Britaniyada adi paket çayılarının satışı 14 faiz azalıb, The Guardian qəzetindəki məqalədə deyilir.

“The Guardian” yazır ki, belə getsə britaniyalıların çay içmək kimi milli ənənələri yox ola bilər.

Məqalədə deyilir ki, son beş ildə Britaniyada adi paket çayılarının satışı 14 faiz azalıb.

Bəzi xəbərlərə görə bu il çayın satışı daha 5 faiz düşə bilər. Hərçənd hazırda Britaniyada ildə 614 milyon furnt sterlinqlik çay satılır.

Ekspetlər deyilər ki, bu məsələdə problemi yaradan gənc nəslin yavaş-yavaş çay içməkdən intina etməsidir. “The Guardian” yazır ki, məsələn 55-64 yaş arasında olanların 33 faizi gündə 5 fincanadək çay içirsə, 16-34 yaşlıların cəmi 16 faizi belə edir.

Məqalədə bu da qeyd olunur ki, indi gənclər daha çox yaşıl çay içməyə üstünlük verirlər və bu səbəbdən də yaşıl çayın satışı son iki ildə 39 faiz artıb.

“Amma necə ola bilər ki, milli xarakterimizi formalaşdırmış adət belə bir təhlükə ilə üzləşsin?” – deyə sual edir qəzet.

Bu suala ekspert Richard Caines belə cavab verir ki, indi gənclər tamamilə yeni məhsullara üstünlük verirlər. Cavanlar daha pürrəngi qara çaydan daha çox çürbəvür meyvə çaylarına üstünlük verirlər.

Ekspert güman edir ki, qara çayın populyarlığını azaldan həm də adamların, xüsusilə də gənclərin öz dişlərinin ağlığını qorumaq istəməsidir.

Bu barədə aparılmış rəy sorğusu göstərib ki, gənclərin tən yarısını qara çaydan çəkindirən məhz dişlərin saralması təhlükəsidir. Lakin çox sayda gənc bunu da deyir ki, çayın tərkibində kafeinin çox olması onun günortalar və axşamlar içilməsini ziyanlı edir.

Lakin qidalanma mütəxəssisi Morgaine Gaye deyir ki, gənc nəsil indi çayı əsasən valideynlərinin evində içir, öz dosltları ilə olanda isə başqa içkilərə üstünlük verir.

“Ümumilikdə isə çay dəstgahının zamanı, deyəsən, başa çatır” – yazır “The Guardian”.