Tailand: partlayışlar turist şəhərlərini hədəf alıb

Fotonun müəllifi REUTERS

Tailandda turistlərin olduğu şəhərləri hədəf almış bir neçə partlayış nəticəsində dörd nəfər ölüb, onlarla insan yaralanıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Piufang Ringmungsaid deyib ki, hadisə “yerli təxribat” kimi araşdırılır.

Hakimiyyət turistlərin fəal olduğu zonalarda buraxılış-nəzarət məntəqələrinin yaradılacağını deyib.

Cümə günü turist şəhəri olan Hua Hin, Phuket və bir neçə ərazidə bir-birinin ardınca partlayışlar baş verib.

Fotonun müəllifi Reuters
Image caption Hua Hin ətrafında təhlükəsizlik gücləndirilib

Bu hadisə Banqkok yaxınlığında olan dənizkənarı Hua Hin şəhərində bir nəfərin ölümü ilə nəticələnən qoşa partlayışın ardınca baş verib.

Hücumlarla bağlı heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Hadisə tailandlılar kraliça Sirikit-in ad günü münasibətilə həftə sonu bayram keçirdiyi ərəfədə baş verib.

Cümə günü baş verən partlayışlara daxildir:

  • Hua Hin şəhərində bir nəfərin ölümü ilə nəticələnən iki partlayış
  • Surat Thani-də bir nəfərin ölümü ilə nəticələnən iki partlayış
  • Yaralıların sayı açıqlanmayan daha iki partlayış Phuket-də baş verib
  • Trang-da baş verən bir partlayış nəticəsində bir nəfər ölüb
  • Bir bomba orqan işçiləri tərəfindən zərərsizləşdirib
Fotonun müəllifi AFP
Image caption Partlayışlar taylandlılar kraliça Sirikit-in ad gününü bayram etdiyi ərəfədə baş verib

"Bomba partlayışları xaos və qarışıqlıq yaratmağa cəhddir", baş nazir Prayuth Chan-ocha jurnalistlərə deyib. "Biz insanları bundan artıq təlaşa sala bilmərik."

Banqkokda olan BBC müxbiri Jonathan Head deyir ki, hadisənin arxasında Tailandın cənubunda hərbiçilərə qarşı silahlı mübarizə aparan separatist qruplaşmanın durduğu müəyyən olunarsa, bu 12 ildən çox davam edən və 6000-dən çox insanın ölümünə səbəb olan, lakin heç vaxt turistləri hədəfə almayan qruplaşmanın taktikasının dəyişməsi demək olacaq.

Əldəqayırma bomba hücumları Tailandda siyasi iğtişaşlar zamanı tez-tez müşahidə olunurdu. Lakin 2014-cü ilin mayında çevrilişlə hakimiyyət hərbinin əlinə keçəndən sonra bu hadisələr nadir hallarda baş verməyə başladı.

Ötən həftə tailandlılar ölkə siyasətində hərbi təsiri bir neçə il gücləndirməyi nəzərdə tutan konstitusiya dəyişikliyi ilə bağlı referendumda səs veriblər.

Bu barədə daha geniş