Britaniya mətbuatı: Diktatorun “qəhrəman kimi” dəfninə etiraz edirlər

“The Guardian” yazır ki, Filippində yüzlərlə insan qasırğalı havaya baxmayaraq ölkə prezidenti Rodrigo Duterte-nin diktator Ferdinand Marcos-un qalıqlarının qəhrəmanlar məzarlığında dəfn edilməsi barədə qərarına etiraz etmək üçün küçələrə çıxıb.

Polisin məlumatına görə 1500 etirazçı yağışa, küləyə və palçığa məhəl qoymadan paytaxt Maniladakı Rizal parkında uzun bir plakat daşıyırdı. Plakatın üstündə “Marcos qəhrəman deyil” yazılmışdı.

Prezident Duterte-nin qərarına uyğun olaraq Marcos qəhrəmanlar qəbristanlığında sentyabr ayında torpağa tapşırılmalıdır.

Ölkədə bu dəfnin baş tutmaması üçün petisiyanın imzalanmasına başlanılıb.

“The Guardian” Manilada təşkil edilmiş etirazla bağlı ölkə siyasətçilərinin və sakinlərinin fikirlərini öyrənib.

Marcos qəhrəmandırmı?

Fotonun müəllifi AP
Image caption Etirazçıların saxladığı plakatın üstündə “Marcos qəhrəman deyil” yazılıb

Hökumətin insan haqları komissiyasının keçmiş rəhbəri Loretta Ann Rosales mitinqə toplaşanlara deyib ki, o da minlərlə başqaları kimi Marcosun hakimiyyəti illərində həbs edilib, işgəncələrə məruz qalıb, bədənindən elektrik cərəyanı buraxılıb, iffətinə toxunulub.

Xanım Rosalesin sözlərinə görə, bütün bunlar əsas verir ki, 1989-cu ildə vəfat etmiş diktator dövlət səviyyəsində dəfn edilməsin.

“Dediklərim kifayət deyil? Məgər Marcos qəhrəmandır?” - deyə sual edib Rosales.

Etirazçılar bu sualın cavabında “Yox” deyə hayqırıblar.

Etiraz nümayişinə qoşulan Risa Hontiveros deyir ki, o Marcosun qəhrəman kimi dəfn olunmasına etiraz edən petisiyanı senata təqdim edib.

O deyir ki, prezident Duterte keçmiş diktatoru şərəfləndirməklə bu “fəlakətli səhvə” yol verməməlidir.

“Marcos tarixə bizim qəhrəmanlarımızın qarı düşməni kimi düşüb, - deyir Hontiveros, - Bu adamı qəhrəman kimi şərəfləndirmək və onun sümüklərini mərd insanlar və şəhidlər üçün nəzərdə tutulmuş qəbristanlıqda basdırmaq siyasi rəzillikdir”.

Marcosların tarixçəsi

“The Guardian” yazır ki, kütləvi insan haqları pozuntularında və ölkəni talan etməkdə günahlandırılan diktatorun təkrar dəfni məsələsi Filippində emosional və bölücü atmosfer yaradlıb.

Marcos “xalq qəzəbinin dalğası” ilə 1986-cı ildə devrilib.

O bundan sonra arvadı və uşaqları ilə Havay adalarına qaçıb. Diktator üç il sonra Honoluluda vəfat edib.

Həmin vaxt onun cənazəsi Filippinin şimalındakı doğma şəhərinə gətirilmiş və burada şüşə tabutda nümayiş etdirilmişdi.

Məqalədə deyilir ki, bundan sonra onun arvadı İmelda və üç övladından ikisi tədricən siyasi qüvvə toplayaraq ictimai həyata qoşulublar.

İyun ayında prezident kimi and içmiş Duterte isə israr edir ki, Marcos bir hərbçi kimi hərbi qəbristanlıqda dəfn olunmaq haqqına malikdir.

14 illik zülm

Duterte-nin mətbuat katibi Martin Andanar bəyan edib ki, bu məsələdə prezidentin qərarı dəyişməz qalır və Marcos keçmiş prezident və keçmiş əsgər kimi fəxri xiyabanda dəfn olunmalıdır.

Öz növbıəsində Marcosun zamanında repressiyalara məruz qalmış siyasi məhbusların Selda təşkilatı bildirib ki, minlərlə insan haqları qurbanına qarşı dəhşətli ədalətsizliyin qarşısının alınması üçün ali məhkəməyə müraciət olunacaq.

Duterte ilə bu ay sülh danışqılarına başlamalı olan kommunist qiyamçılar da “bu həssas məsələdə” prezidentin belə hərəkətini pisləyiblər.

Onların bəyantında deyilir: “Duterte əslində Marcosun qanlı hərbi despot kimi faşist zorakılığını, insan haqları pozuntularını, korrupsiyasını, 14 illik diktatorluğu ərzində Filippin xalqına etdiyi zülmləri tarixdən silməyə çalışır”.

Bərbər Brexiti dayandıra biləcəkmi?

Fotonun müəllifi Getty

“The İndependent” yazır ki, bir bərbər, insvestisiya firmasının meneceri və daha bir neçə nəfər parlamentin, Britaniyanın Avropa İttifaqı nizamnaməsinin 50-ci maddəsini imzalmasının qanuniliyi məsələsinə baxmasını tələb edib.

Onların ərizəsi üzrə şikayətə Britaniyanın Ali Məhkəməsi baxmalıdır. Başqa sözlərlə, bu adamlar ölkənin Avropa İttifaqından çıxması barədə qərar qəbul etmiş referendumun qanuniliyinə qiymət verilməsini istəyirlər.

“The İndependent” yazır ki, bu olduqca ciddi və həlledici məsələdir, beləki Ali Məhkəmənin qərarı parlamentin referendumun nəticələrini tanımaması ilə nəticələnə bilər.

İddiaçılar bu qənaətdədirlər ki, Avropa İttifaqının 50-ci maddəsinin işə salınması sadəcə baş nazirin ricası ilə deyil, parlamentin qərarı ilə baş verə bilər.

Avropa İttifaqının nizamnaməsinə görə ittifaqdan çıxmaq istəyən üzv ölkə nizamnamənin məhz 50-ci maddəsini imzalamalıdır.

İş parlamentə çıxsa…

“The İndependent” yazır ki, Ali Məhkəmənin bu iddia ilə razılaşdığı təqdirdə parlament 50-ci maddə məsələsini müzakirə etməli olacaq. Parlamentdə isə Avropa İttifaqından çıxmağa tərəfdar olan millət vəkillərinin sayı həlledici olacaq qədər çox deyil.

Məqalədə deyilir ki, Morgan Stanley şirkətinin təxminlərinə görə millət vəkillərinin əksəriyyəti 50-ci maddənin işə salınmasının və ya başqa sözlərlə ölkənin Avropa İttifaqından çıxmasının əleyhinə səs verəcək.

Bloomberg saytı yazır ki, iddia ərizələri bir vahid şikayət formasında hazırlanıb. Bu iddiaları qaldıranların arasında SCM Private investisiya firmasının yaradıcısı Gina Miller və Deir Dos Santos adlı bərbər də var.

London Universitet Kollecinin professoru Jeff King deyir ki, bu, Britaniya tarixində konstitusiya qanunu ilə əlaqədar baxılacaq ən mühüm iş olmalııdır.

Britaniyada hakim naziri danlaya bilər

ABŞ-dan fərqli olaraq Britaniyanın ayrıca konstitusiyası yox, qanunlar, adətlər və tarixi orta əsrlərə gedib çıxan ədliyyə qərarları məcmusu var.

"Məhkəmə bu işə çox ciddi baxacaq və çevik hərəkət edəcək” – deyib hakim Brian Leveson iyulun 19-da keçirilmiş ilk dinləmədə.

“The İndependent” yazır ki, baş nazir Theresa May-in kabineti 50-ci maddənin parlamentdə müzakirə edilmədən imzalanmaması üçün ciddi təzyiq altında olacaq.

“Lakin nəzəri baxımdan məhkəmə hakimi istənilən naziri həbsxanaya sala bilər” – deyilir məqalədə.

Bu da qeyd olunur ki, millət vəkilləri 50-ci maddənin əleyhinə səs versələr, onda iş appelyasiya qaydasında Avropa Ədalət Məhkəməsinədək gedib çıxa bilər.

“Bundan sonra Britaniyanın Avropa İttifaqından çıxmağını istəyən düşərgənin Avropa Məhkəməsinə yalvarmaqdan başqa çarəsi qalmayacaq” – yazır “The İndependent”.

71 yaşlı balerina

“The Daily Telegraph” yazır ki, Britaniyada 71 yaşlı qadın Kral Rəqs Akademiyasında 6-cı dərəcəni qazandıqdan sonra ölkənin ən yaşlı balerinası adını qazanıb.

Xanım Doreen Pechey deyib ki, o nəhayət uşaq vaxtı həyata keçirə bilmədiyi arzusuna çatıb.

Məqalədə deyilir ki, iki il əvvəl diz qapaqlarının dəyişdirilməsi əməliyyatından keçən qadın artıq rəsmən Kral Rəqs Akademiyasınınü üzvüdür.

“The Telegraph” yazır ki, qismən təqaüddə olan elektrik mühəndisi Pechey artıq on ildir, rəqs məşğələlərinə gedir.

Qadın deyib ki, bu, onun həyatında ərə getməsindən və mühəndis diplomu almasından sonra üçüncü əlamətdar hadisədir.

Kasıblığın üzü qara olsun

Xanım Pechey təəssüflə xatırlayıb ki, onun baletlə uzaq 1950-ci illərdə məşğul olmasına valideynlərinin imkansızlığı mane olub.

O deyib ki, uşaqlıq illərində həmişə ona verilən cibxərci pullarını yığar, yaşadıqları şəhərə balet gələn kimi teatra qaçarmış.

Xanım Pechey-in ballet dərsləri almaq arzusunun həyata keçməsində Kanadada yaşayan qardaşı qızı Diann əsas rol oynayıb.

Diann balet müəllimidir və bibisinin o vaxt 61 yaşı olmasına baxmayaraq ona təlim verib.

Pechey Britaniyada rəqs üzrə 6-cı dərəcəni bu yaşda alan ilk şəxsdir, lakin o, hazırda 7-ci dərəcəni almaq üçün məşqlər edir.

Bütün balaca qızlar kimi

O deyib ki, bütün balaca qızlar balerina olmağı arzulayırlar və o, 71 yaşı var deyə “içindəki balaca qızı öldürə bilməzdi”.

“The Telegraph” qəzetinin yazdığınas görə, balet məşğələləri Pechey-in zahiri görkəmini o qədər dəyişib ki, hətta köhnə rəfiqələri də onu dərhal tanıya bilmirlər.

O deyir ki, əvvəllər 20 ölçülü paltarlar geyinirdisə, indi ölçüsü 12-yə düşüb.

71 yaşlı balerina deyir ki, hər gün vanna otağında dişlərini silərkən 2 dəqiqə ərzində bir ayağı üstündə durmağı məşq edir.

“The Telegraph” yazır ki, xanım Pechey artıq sanballı teatrlardan dəvətlər alır.

Əlaqəli mövzular

Bu barədə daha geniş