Britaniya mətbuatı: Prezident BMT-də niyə “vələdüzna” dedi?

Fotonun müəllifi Reuters

“The İndependent” yazır ki, “Filippinin “Fərraş” ləqəbli davakar prezidenti” Birləşmiş Millətlər Təşkilatını ölkəsinin bu qurumdan çıxacağı ilə hədələyib.

Buna səbəb BMT-nin prezidentin narkotik qaçaqmalçılarını qəddarcasına cəzalandırmasını tənqid etməsi olub. Böyük səs çoxluğu ilə ötən may ayında prezident seçilmiş Rodrigo Duterte “son of a bitch” söyüşünü BMT-nin başa düşəcəyi ingilis dilində söyüb.

“Bəlkə yaxşısı budur ayrılaq” – deyib qəzəbli prezident.

Ötən bazar günü Filippinin cənubundakı Davao şəhərində çıxış edən 71 yaşlı prezident BMT-ni aclıq və beynəlxalq münaqişələrlə mübarizədə aciz qalmaqda ittiham edib.

Özünün 20 il mer olduğu şəhərdə etdiyi nitqdə Duterte BMT-yə sanki konkret şəxsə müraciət edirmiş kimi deyib: “Çıxart bizi öz təşkilatından. Onsuz da bizim üçün heç nə etməmisən. Heç nə. Nə vaxt axırıncı dəfə olmusan burda? Heç vaxt. Bircə tənqid eləməyi bacarırsan”.

“The Independent” yazır ki, cənab Duterte ölkədə meydan sulayan narkotik maddə alış-verişinin kökünü kəsmək üçün polislərə narkotik maddə qaçaqmalçılarını sorğu-sualsız vurub öldürmək əmri verib.

O hətta adi vətəndaşlara elan edib ki, narkotik maddə satanı öldürənə orden-medal veriləcək. Məqalədə deyilir ki, Duterte ötən iyunda prezidentliyə başlayandan bəri polis 650 nəfəri öldürüb. Daha 900 nəfərin “ayıq-sayıq vətəndaşlar” tərəfindən qətlə yetirildiyi güman edilir.

“The Independent” yazır ki, BMT məhz belə qəddar mübarizə metodlarına görə Fillippin prezidentini kəskin tənqid edib. BMT-nin qanunsuz edamlar üzrə məruzəçisi Agnes Callamard ötən həftə açıqlanmış hesabatında deyib ki, Filippinin hakimiyyət orqanları adamların qətl məqsədilə hədəflənməsinə və qanunsuz edamlara dərhal son qoymalıdır.

Məruzəçi deyib ki, qanunsuz narkotik maddə qaçaqmalçılığı ilə mübarizə hökuməti beynəlxalq hüquqi öhdəliklərindən azad etmir və qanunsuz qətllərə görə dövlət birbaşa məsuliyyət daşıyır.

Yoxsulluq və tüğyan edən cinayətkarlıqdan təngə gəlmiş xalqın qəzəb dalğasında hakimiyyətə gələn Duterte özünün dövlət nitqində deyib ki, insan haqlarının vəziyyətindən şikayətlər onu narkotiklərə qarşı mübarizədən yayındıra bilməyəcək.

Bazar günü etdiyi çıxşında prezident BMT-dən əlahiddə beynəlxalq qurum yaradılmasını təklif edib və Çin və Afrika ölkələrini bu yeni təşkilata qoşulmağa çağırıb.

Qaziantep matəmində “Ar olsun Erdoğan” şüarları

Fotonun müəllifi PA

“The Guardian” qəzetinin İstanbul müxbiri Constanze Letsch ötən bazar günü Qaziantep terror basqınında həlak olanların dəfn mərasimi, habelə bu basqının ardınca Türkiyə cəmiyyətində getdikcə artmaqda olan narahatlıq və fikir ixtilafından yazır.

Məqalədə deyilir ki, prezident Erdoğan azı 50 nəfərin ölümü ilə nəticələnmiş basqının özünü İslam Dövləti adlandıran təşkilat tərəfindən törədildiyini bəyan etsə də, Qaziantepdəki dəfn mərasimində “ar olsun, Erdoğan” şüarları səsləndirilib.

Yerli millət vəkili Mahmut Toğrul “The Guardian” qəzetinə bildirib ki, basqına məruz qalmış toy məclisinin qonaqları əsasən onun da üzv olduğu kürdyönlü HDP nümayəndələri olublar.

Məqalədə deyilir ki, İD bu hücum üçün məsuliyyəti üzərinə götürməyib, lakin bir sıra təhlilçilər və yerli sakinlər məxsusi olaraq etnik kürdlərin hədəfləndiyinə diqqət çəkirlər.

Bəzi təhlilçilər bildirirlər ki, İŞİD bundan əvvəl də Qaziantepdəki etnik və təriqət gərginliyindən faydalanmağa çalışıb.

“The Guardian” yazır ki, baş nazirin müavini Mehmet Şimşek bu hücumu “vəhşi basqın” adlandırıb.

O deyib ki, “bütün terrorçu qruplar – PKK, İŞİD və Gülen hərəkatı – bunların hamısı Türkiyəni hədəfləyirlər, lakin inşaallah biz qalib gələcəyik”.

Millət vəkili Toğrul bildirib ki, İŞİD-in Qaziantepdə əvvəllər də fəaliyyət göstərməsi barədə Türkiyə hökumərtinə çoxsaylı məlumatlar verilsə də, Ankara hərəkətə keçməyib.

Qaziantep basqınına görə Türkiyə hökumətini tənqid edənlərin arasında ölkə müxalifəti də var.

Əsas müxalifət partiyası olan CHP-dən millət vəkili Akif Ekici deyib ki, hökumətin “kəşfiyyat işində ciddi qüsurlar var və hakimiyyət gələcək basqınların qarşısının alınması üçün müxalifətlə sıx iş birliyində fəaliyyət göstərməlidir.

“The Guardian” yazır ki, baş nazir Binali Yıldırımın Qaziantep basqının ardınca bütün xalqı birliyə çağırmasına baxmayaraq, bəzi siyasətçilər hökumətin özünü tənqid edirlər.

Bu siyasətçilər bildirirlər ki, Ankara PKK, İŞİD və Fethillah Güleni “bir taxçaya” qoymaqla böyük strateji səhv edir.

Müxalifət bildirir ki, belə strategiya, kəşfiyyatı gözdən salır və onun konkret düşmənə qarşı tədbirlər görməsinə mane olur.

Bu arda kürdyönlü HDP-nin həmsədri Selahattin Demirtaş deyib ki, “gəlin başsağlıqlarını birləşdirək”.

“Burada sənin yasın, mənim yasım söhbəti ola bilməz. Bizim yasımız ola bilər” – deyib Demirtaş.

Avropa İttifaqından çıxmaq istəyənlər, avropalıların getməsini istəmirlər

Fotonun müəllifi PA

“The Express” yazır ki, bu yaxınlarda keçirilmiş rəy sorğusu Brexit tərəfdarlarının, miqrantların ölkədən çıxıb getmələrini istəmədiyini göstərib.

British Future analitik mərkəzinin apardığı rəy sorğusundan bəlli olub ki, Britaniyanın Avropa İttifaqından çıxmasını istəyən hər 10 nəfərdən səkkizi Avropa miqrantlarının Britaniyada qalmasını istəyir.

British Future bildirib ki, britaniyalıların fikrincə, hərəkət azadlığının məhdudlaşdırılması yalnız yeni miqrantlara tətbiq olunmalıdır. Təşkilat qeyd edir ki, rəyi soruşulanların üçdə ikisinin fikrincə ölkənin idarə olunan miqrasiyaya ehtiyacı var.

British Future qrupunun strategiya direktoru Jill Rutter deyib ki, adamların mühüm qərarların qəbuluna cəlb edilməsi miqrantlar və əhali arasında anlaşmanın yaranmasına kömək edib.

Rəy sorğusu bunu da göstərib ki, adamların 62 faizi ölkədə aşağı ixtisaslı miqrantların sayını az görmək istərdi.

Bu da məlum olub ki, sorğuda iştirak edənlərin yalnız 12 faizi ölkəyə ixtisaslı miqrantların gəlməsinə qarşı olduğunu bildirib.

Rəyi soruşulanların 46 faizi ixtisaslı miqrantların artmasını, 42 faizi isə olduyğu səviyyədə qalmasını istəyib.

“The Express” xatırladır ki, Britaniyada hazırda 3 milyon Avropa İttifaqı vətəndaşı var.

Britaniyanın Avropa İttifaqından çıxması üçün kampaniya aparmış millət vəkili Gisela Stuart da deyib ki, rəy sorğusunun nəticələri britaniyalıların Avropa İttifaqı miqrantlarının Britaniyada qalmalarını istədiyini göstərib və hökumət onlara bu təminatı verməyə tələsməlidir.

Əlaqəli mövzular