DƏRGİ - İstilərdə düzgün sərinləmə yolları

serinlemek Fotonun müəllifi Getty Images

Yayın son günləri olmasına baxmayaraq, havanın hərarəti kifayət qədər yuxarıdır. Bəs sərinlənmək üçün nə etməli? BBC Future bir neçə variantı nəzərinizə çatdırır.

Bu il yay fəsli dünyanın hər bir yerində isti havalarla müşayiət olunub. Bəzi ölkələrdə hələ də davam edən günəşli günlərdə müxtəlif sərinlənmə üsullarına nəzər salmışıq. Bəs bu üsullardan hansını elmi araşdırmaların nəticələri də dəstəkləyir? Gəlin baxaq...

İsti yoxsa, soyuq içkilər qəbul etmək?

İsti havalarda çoxlu maye qəbul etmək ən düzgün seçimdir. Belə ki, böyrəklərimizi qorumaq məcburiyyətindəyik. Lakin mayeni buz kimi soyuq və ya isti içmək barədə müzakirələr var.

İsti içkinin arxasında yatan nəzəriyyə onun insanı daxildən müvəqqəti isitdiyidir. Bu halda daha çox tərləyir və sərinlənmiş olursunuz. İnsan bədəni saatda iki litrə qədər tər ifraz edə bilər ki, bu, əsas bədən temperaturuna çatmaq üçün effektiv bir vasitədir.

Lakin həmin tər yeni maye ilə əvəz olunmalıdır. Əks halda quruluq baş verə bilər və buna görə də bəziləri isti içkidən yan keçməyi məsləhət bilir.

Bəziləri isə həddən artıq çay və ya qəhvə içməməyi tövsiyə edirlər. Çünki onların tərkibində quruluq yaradan kofein var. Fəqət normal miqdarda qəbul edilən kofeinin sidikqovucu xüsusiyyəti barədə dəlil demək olar ki, yoxdur.

Fotonun müəllifi Thinkstock

Doğrudur ki, soyuq içkinin üstünlüyünü göstərən araşdırmalar çox olub. İsti və ya soyuq içkilərin qəbulu zamanı bədən temperaturunu nəzərdən keçirən sınaqlar da az olmayıb və müəyyənləşib ki, hərarəti aşağı endirən ən effektiv vasitə soyuq içkilər qəbul etməkdir.

Lakin bu qənaətlərin bir problemli tərəfi var: temperaturu ölçmək üçün istifadə edilən metod. Ürəkli könüllülərin bədən hərarəti düz bağırsağa yeridilən termometr vasitəsilə ölçülür.

Ottava Universitetinin termo-tənzimləyici fiziologiya üzrə dosenti Ollie Jay-in vurğuladığı kimi, soyuq içkidəki maye birbaşa termometrə yaxın bir hissəyə - mədəyə gedir. Buna görə də hərarətin aşağı düşdüyünü görürük.

Onun komandası bədənin müxtəlif hissələrinə yerləşdirilən səkkiz termometrlə sınaqlar həyata keçirdikdən sonra, tərin artma reaksiyası əsasında isti içkilərin bədəni daha sərinləşdirdiyi qənaətinə gəlib.

Beləliklə, isti içkilər təri artıraraq sizi daha sərin saxlaya bilər. Bununla belə, isti içki bəzi məqamlarda bu işin öhdəsindən gəlməz: son dərəcə rütubətli havada və tərin buxarlanmasının qarşısını alan qalın paltarlar geyinəndə. Bu zaman soyuq içki qəbul edin.

Fotonun müəllifi Getty Images
Image caption Əgər hava çox istidirsə, ventilyator sizi sərinlətməyəcək

Ventilyator almaq?

Ventilyator mehi ilk baxışdan insanı sərinlədir, ancaq havanı soyutmur. Onlar havanın yerini dəyişərək bədənin sərinlənmək üçün yaratdığı normal üsulların effektivliyini artırmaq məqsədilə meh əmələ gətirir.

Ventilyatorlardan geniş istifadə olunur. Hətta günvurmadan əziyyət çəkən üç nəfərin işıq vertolyotunun yaratdığı havadan sərinlənməsi barədə dəlil də mövcuddur.

Lakin bu dəlillər qarışıqdır. Cochrane Reviews-un müəllifləri dünya üzrə ən yaxşı nəticələri axtarır, təhlil edir və müxtəlif üsulların effektivliyi və ya əks təsiri barədə qənaətlərə gəlməyə çalışırlar.

Onların 2012-ci ildə bu məqsədlə ventilyatorlar barədə məlumat toplamaq cəhdinə isə sınaqların azlığı mane olmuşdu. Araşdırmaların əksəriyyəti müşahidə xarakterli olduğuna görə, bəzilərində ventilyatorların köməyə çatdığı göstərilmiş, bəzilərində isti havada bir işə yaramadığı irəli sürülmüşdü.

Ümumilikdə düşünülür ki, ventilyator temperatur 35 selsiyə qədər olan zaman işə yarayır. Bundan yuxarı göstəricidə ventilyator isti havanı bədənə üfləyəcək və narahatlığa səbəb olacaq. Yəni, əgər hava son dərəcə istidirsə, ventilyator quruluğu artıra bilər.

Rütubət zamanı da ventilyatorlar effektiv olmur. Hava bir yerdən başqa yerə hərəkət etsə də, nəmli olduğundan tərin buxarlanmasını çətinləşdirir.

Lakin nəzarətli sınaqlar aparılmayana qədər ventilyatorların dəqiq təsirini əminliklə deyə bilmərik və bu cür sınaqları planlamaq da asan deyil. Araşdırmaçıların isti havalar başlayar-başlamaz ləvazimat və vəsaitləri hazır olmalıdır. Hətta bu halda belə, temperaturun düzgün səviyyəyə çatması üçün bir neçə ilə gözləməli ola bilərlər.

Əmin olduğumuz bir şey var: ventilyatorlar heç də həmişə uzunmüddətli çıxış yolu olmur. 1999-cu il Ohayo ştatının Cincinnati şəhərində 17 nəfər istidən həyatını itirmişdi və onunun ventilyatoru onlar ölü tapılan zaman mənzillərində işləyirmiş.

Biz onların ventilyator olmasa daha tez öləcəyini və ya çox isti binalarda yaşadıqlarına görə ventilyator aldıqlarını bilmirik.

Nəticə: Daha çox məlumata ehtiyac var... lakin əgər ən az 37C dərəcə istidirsə, ventilyatoru söndürməyə dəyər.

Fotonun müəllifi Getty Images
Image caption İstilənmə riski təkcə yaşlılar üçün keçərli deyil

İstinin sağlamlığa təsirindən yalnız yaşlı insanlar narahat olmalıdır?

İsti havalarda xəstəxanaya üz tutan insanların sayının artdığı doğrudur və daha çox yaşlılar müraciət edirlər.

Orqanizmin ən yaxşı işlədiyi temperatur göstəricisi çox dar çərçivədədir - 36 və 37.5C arası. Dəri, dərin toxumalar və orqanlardakı termoreseptorlar 1C qədər kiçik ölçü fərqini belə dərhal hiss edir.

Olduğumuz mühitin temperaturu bədən temperaturundan artıqdırsa, sərinlənmək üçün tərləməyə başlayırıq. Həmçinin əl və ayaqlarımıza daha çox qan göndərərək istini yayırıq. Ona görə də gecə ərzində çox vaxt əl və ayaqlarımız daha isti olur.

Bu termo-tənzimləyici üsulların hər ikisi də ürəyin çox işləməsini tələb edir və nəticədə yaşlı insanlar ürəktutması və ya ürək çatışmazlığı yaşayırlar. Və soyuq havanın sağlamlığa təsirlərindən fərqli olaraq, bu daha sürətlə baş verir. Əksər ölüm halları havalar istiləşdikdən sonrakı ilk 24 saat ərzində yaşanır.

Başqa bir problem isə yaşlıların bədənin əsas temperaturunu əldə etməsi zamanı yaşadıqları lənglikdir. Bu halda onlar istilənməni hiss etməyə bilirlər və bədənləri gənclərin bədənindən daha tez quruyur.

Lakin istilənmə riski təkcə yaşlılar üçün keçərli deyil. Körpə uşaqlar və xroniki sağlamlıq problemləri yaşayan insanlar da istidən təsirlənə bilərlər.

Eləcə də yerimək qabiliyyəti məhdud olan şəxslər. Onlar üçün isti havada dərhal pəncərəni açmaq və ya çıxan təri əvəzləmək üçün tez-tez maye qəbul etmək çətin ola bilər.

Çox isti keçən gündüz və gecələrdə bədəni sərinlətmək xüsusilə qəlizləşir.

2003-cü ildə Avropada yaşanan istilərdə təxminən 30 min insan həyatını itirmişdi. Bəzi göstəricilər isə rəqəmin 70 minə çatdığını deyirdi. Fransada ölən 15 min insandan 1321 nəfərinin yaşı 64-ə qədər idi.

Nəticə: Xüsusilə yaşlı insanlar ehtiyatlı olmalıdırlar, amma eləcə də bir çoxları.

Bütün pəncərələri açmaq?

İsti olan zaman bir çoxumuzun etdiyi ilk iş pəncərələri açmaq olur. Lakin bu, gün ərzində əks təsir edə bilər.

Yalnız və yalnız çöldəki hava evin havasından sərin olduğu halda pəncərələri açın. Bu isə, adətən, gecə vaxtı olur.

Çox isti havada isə gün ərzində pəncərələri bağlı saxlayın. Çünki içəridə daha çox kölgə olduğuna görə hava daha sərin qala bilər.

İsti havada açıq olan pəncərələrdən içəri daxil olan yel də əhəmiyyətsizdir. Yel meh olmadığı üçün sizi sərinlətməyəcək və tozun çoxluğu allergiyası olan insanlara daha pis təsir göstərəcək.

Nəticə: təbii ki, çölün havası içəridəkindən istidirsə, pəncərəni açmağa dəyməz. Amma gecə ərzində pəncərələri açıq saxlamaq sizə sərinlik bəxş edə bilər.

Fotonun müəllifi Thinkstock
Image caption Az miqdarda pivə qəbulu su qədər nəmləndirici ola bilər

Pivə içmək?

1958-ci ildə lentə alınan İsgəndəriyyədə "Buz kimi Soyuq" (Ice Cold in Alex) filmində Ser John Mills-in obrazı səhradan çıxaraq buz kimi pivə içəcəyi anı həvəslə gözləyir. İstəyinə çatandan sonra onu barda oturub pivə sifarişini gözləyən görürük. Pivəni başına çəkər-çəkməz məşhur ifadəsini işlədir: "Gözləməyə dəyərmiş".

İsti günün sonunda pivə içmək üçün Şimali Afrika səhrasını keçməyə gərək yoxdur. Bəs o, sizi sərinlədəcəkmi? Tam yox.

Bir bakal pivənin ziyanı olmaz. Müxtəlif araşdırmalar, tədqiqatçılar iştirakçıları isti olana qədər hərəkət etdirib və onların sərinlənməsini yoxlayıblar: pivə ilə və alkoqolsuz.

1985-ci ildə baş tutan bir araşdırmada isti və rütubətli mühitdə hərəkət edən insanlar pivədən sonra sidik ifraz ediblər. Bu isə yaxşı nəticə deyil və göstərir ki, bədən mayeni hopdurmaq əvəzinə ifraz edir. Lakin alkoqolsuz və ya az alkoqollu pivə ilə müqayisədə fərq təəccüblü dərəcədə az olub.

Daha yeni bir araşdırma da oxşar qənaətə gəlib. Nəmləndirmə üçün isotonik idman içkiləri və sadə su daha effektiv sayılsa da, pivə gözlənəndən daha nəmləndirici təsirə malik olub.

Bir ispan araşdırmasında qaçış lövhəsi üzərindəki 40 dəqiqəlik hərəkətdən sonra qəbul edilən su və pivənin eyni nəmləndirmə işini yerinə yetirdiyi müəyyənləşib.

Heç kim pivənin nə vaxt ayaqyoluna getmək istəyi yaratdığını bilmir. Bir fərziyyəyə əsasən, bədən pivəni quru olduğu və maye ehtiyacı yarandığı zaman digər mayelərdən daha çox hopdurur.

Bunların hamısı kiçik çaplı araşdırmalar olduğuna və bədən temperaturuna köklənmədiyinə görə pivənin sərinlədici təsirini təsdiqləmək mümkün deyil. Lakin bir və ya iki bakal pivə nəmləndirmə işini yerinə yetirəcək. Elə buna görə də İsgəndəriyyədə "Buz kimi Soyuq" filmindəki bir bakal pivəni həqiqətən də gözləməyə dəyərmiş.

Nəticə: Doğru - əgər bir və ya iki bakaldan artıq deyilsə.

Bildiriş

Yazıda göstərilənlər ümumi məlumat xarakteri daşıyır və həkiminiz və ya səhiyyə işçisinin tibbi məsləhətinə əvəzləyici kimi qəbul edilməməlidir. Səhifədəki məlumatlar üçün BBC məsuliyyət daşımır və ya cavabdeh deyil. BBC yazıda istifadə olunan xarici internet səhifələri üçün məsuliyyət daşımır, eləcə də səhifələrdə qeyd edilən və ya məsləhət bilinən heç bir kommersiya məhsulunu məsləhət bilmir. Sağlamlığınız barədə narahatlığınızı hər zaman həkiminizlə bölüşün.

  • Bu yazının ingilis dilində əslini BBC Future oxuya bilərsiniz.

Bu barədə daha geniş