İdeal ofis temperaturu necə olmalıdır?

İstidən bişirəm. Biri pəncərəni aça bilərmi? Fotonun müəllifi allesalltag / Alamy Stock Photo
Image caption İstidən bişirəm. Biri pəncərəni aça bilərmi?

Min illər ərzində isti iqlimə malik ölkələrdə rahat otaq temperaturu əldə etmək əziyyətli bir iş olub.

İnsanlar ağıla gələn müxtəlif yollara əl atıblar: pəncərələrin digər tərəfinə nəm dəsmallar asmaqdan tutmuş, tavanda xüsusi açılan deşik ətrafında yığılan qar üzərindən yelpik yellədərək içərini sərin hava ilə təmin edən qullara qədər.

Günümüzə nəzər salaq: termostatın bir düyməsini sıxmaqla təravətli meh əldə etmək mümkündür.

Bununla belə, işçilərin əksəriyyəti ofis otağı temperaturundan şikayət edirlər. 2015-ci ildə ABŞ-da 129 ofisdə aparılan sorğuda müəyyənləşib ki, işçilərin 42 faizi işlədikləri binanın çox isti olduğunu və 56 faizi çox soyuq olduğunu düşünür.

Ofis havası üçün istənilən temperaturu seçə bilsək də, hərarət həddi haqqında orta qərara gələ bilməmişik.

Londonda ştatdankənar ofis işçisi Ben Morse da bu dilemma ilə qarşılaşıb.

"Hazırda işlədiyim ofisdə hər gün otaq temperaturu üstündə mübahisə düşür. Kondisioner gün ərzində üç-dörd dəfə yandırılıb-söndürülür."

Sinqapurda yaşayan bir layihə meneceri Ai Ling Chang illər ərzində bu barədə bəzi qeyri-adi "çarələrlə" qarşılaşıb.

"İşlədiyim ofislərin birində bir xanım iş yoldaşım isti qalmaq üçün stulunun qoltuqlarını yastıqlarla döşəmişdi. Başqa bir ofisdə bir iş yoldaşım özünü o qədər isti hiss edərdi ki, sərinləmək üçün tez-tez ayaqyolu kabininə girib, paltarlarını soyunardı. Bədəni sərinlənənəcən oradan çıxmazdı."

İşçiləri rahat otaq temperaturu ilə təmin edə bilməmək heç də xəsislikdən irəli gəlmir - onun ciddi maliyyə nəticələri də var.

Birləşmiş Krallıqda (BK) ümumilikdə ofis saatlarının 2%-i iqlimə nəzarət mübarizəsinə həsr olunur ki, bu da ildə 13 milyard funt sterlinq (29 milyard manat) deməkdir.

Avstraliyada isə hərarəti tənzimləmək cəhdləri məhsuldarlığı ildə 6.2 milyard ABŞ dolları (10 milyard manatdan çox) dəyərində aşağı salır.

Temperaturu düzgün seçmək işdən məmnunluğu, məhsuldarlığı və əməkdaşlıq gücünü artıra bilər. Yanlış temperatur işçiləri ləng, kök və hətta xəstə edə bilər.

Facebook-un yaradıcısı Mark Zuckerberg, soyuq konfrans otağının effektivliyinə inanır: 15 dərəcə.

ABŞ-ın keçmiş prezidenti Barack Obama Oval Otağı o qədər isti saxlayarmış ki, hətta müşaviri bir dəfə New York Times qəzetinə zarafatla demişdi: "Ofisdə orxideyalar yetişdirmək olar."

Bəs kim haqlıdır - isti əl feni altında bürünənlər, yoxsa pencəyini soyunanlar?

Fotonun müəllifi Getty/ MANDEL NGAN

Qeyri-mümkün öhdəlik?

Sən demə biz yanlış sual verirmişik. İllər ərzində işəgötürənlər araşdırmalar üçün milyonlarla vəsait xərcləyərək əslində hamımıza agah olan cavabı axtarmağa çalışıblar.

Hər kəsi həmişə məmnun edəcək ofis temperaturu tapmaq sadəcə olaraq qeyri-mümkündür.

"Problemin bir hissəsi, "doğru" temperaturu müəyyənləşdirmək cəhdidir. Bu isə nəyi ölçdüyündən asılıdır," UCL Energy İnstitutundan araşdırmaçı David Shipworth deyir.

Götürək məhsuldarlığı - bütün işəgötürənlər üçün bu göstərici çox vacibdir.

Bir araşdırmada effektivliyə təsir edən mühit temperaturunu yoxlamaq üçün bir sığorta şirkətinin işçilərinin fəaliyyəti izlənilib. Cəmi doqquz qadının fəaliyyəti yoxlanılsa da, nəticələr heyrətamiz olub.

Belə ki, 25 dərəcə istidə onlar, 10% səhv edərək dayanmadan yazı yazıblar. Temperatur 5 dərəcə aşağı salındıqda isə məhsuldarlıq yarıbayarı azalıb və səhvlər ikiqat artıb.

Amma hər şey bu qədər sadə deyil. Bir qrup tələbədən sərin (19 dərəcə) və isti (25 dərəcə) otaqda sərfəli mobil tarifi seçmələri istəndikdə, sərin otaqdakıların seçimi digərlərindən iki dəfə daha düzgün olub. Bu isə, isti otaqda mürəkkəb qərarları verməyin daha çətin olduğunu göstərir.

Əslinə mühit temperaturu məhsuldarlıqdan əlavə şeylərə də təsir göstərə bilər - düşüncə tərzinizi dəyişə bilər.

Yaradıcı düşüncə üçün isti mühit daha yaxşı sayılır. Təkrarlanan və ya monoton tapşırıqları icra edən insanların diqqətli qalması üçün isə sərin iş yerləri daha münasib hesab edilir.

27 dərəcədən yuxarı temperatur riyazi biliklərimizə pis təsir göstərir.

Ən təəccüblüsü isə, ətraf-mühitin hərarətinin birbaşa əməkdaşlıq gücünüzə təsiridir.

33 nəfər üzərində aparılan kiçik bir araşdırma göstərib ki, isti otaqlarda ətrafdakılara qarşı daha isti münasibət hiss edilir.

Hətta əldə bir fincan isti çay və ya qəhvə tutmaq belə, işçilərin digərləri haqqında daha səmimi və qayğıkeş tərzdə mühakimə yürütməsinə səbəb olur. Soyuq qəhvə isə soyuqqanlılıq yaradır.

Fotonun müəllifi iStock
Image caption Üşüyürsünüz? Siz tək deyilsiniz

"Tipik" ofis işi üçün - müştərilərə zənglər, sənədlərinin hazırlanması və s. - ideal temperaturun 22 dərəcə olduğu qəbul edilir. Amma məhsuldarlığın azalmasında düzgün seçilməyən hərarəti günahlandırmadan öncə bir şeyi düşünməyə dəyər: adətən bənzəri araşdırmalar kiçikçaplı olur və 100-dən az iştirakçı ilə aparılır.

Bəli, xanımlar, işdə titrəməyin bir səbəbi var

İş yerində həmişə nədənsə şikayət edəcək ən az bir nəfər olacaq prinsipinə əsasən, termal rahatlığı ölçmək sahəsinin işçiləri verilən istənilən temperaturda neçə nəfərin özünü narahat hiss etdiyini hesablamaq üçün Predicted Percentage of Dissatisfied - PPD (Narazıların Təxmini Faizi) metodunu işlədirlər.

PPD-ni hesablamaq üçün menecerlər 1960-c illərdən qalma standart formuldan istifadə edirlər. Bu halda isə binadakı insanların geyim və metabolik dərəcəsi (bədənimizin nə qədər sürətli istilik yaratdığı) kimi faktorlar nəzərə alınır.

Təbii ki, sadalanan ikinci faktor üçün yaş, çəki və ən əsası cins ilə bağlı ehtimallar tələb olunur.

Ofis termostatını idarə edən metabolik dərəcə 40 yaşlı və 70kq çəkiyə malik bir kişiyə tətbiq olunur. Maastricht Universitetinin Tibb Mərkəzindən Boris Kingma buna daha yaxın nəzər salmaq qərarına gəlir.

O müəyyənləşdirir ki, qadınların metabolik hərarəti kişilərdən daha aşağıdır və buna görə də qadınlar üçün ofis temperaturu 3 dərəcə daha artıq olmalıdır.

Ziddiyyət, qadınların daha az əzələsi və daha çox piy hüceyrəsi olması ilə izah olunur ki, bu da onları daha az aktiv edir və nəticədə bədənləri daha az istilik emal edir.

Bir çox ofis işçiləri üçün bu heç də təəccüblü gəlməyəcək.

"İşlədiyim ofisdəki qadın həmkarlarım adətən paltolarını stullarının başına atırlar. Çünki gün ərzində onlara lazım olacağını bilirlər. Bir dəfə mikrodalğalı sobada əl isidici yastıq də görmüşəm," Ben deyir.

Əgər müdiriniz kondisioneri söndürmək niyyətində deyilsə, isti qalmağın başqa yolları var. Son psixoloji sınaqlara görə, bunun səbəbi isə odur ki, daxili termometrlərimiz düşündüyümüz qədər etibarlı deyil.

Bu il dərc olunan kiçik bir araşdırma belə deməyə əsas verir.

Belə ki, 32 iştirakçı ayrı-ayrılıqda həm günəş şüası, həm də soyuqluq əks edən işıqlarla işıqlandırılmış otaqlarda 1 saat vaxt keçiriblər. Onlar hər on dəqiqədən bir özlərini nə dərəcədə isti hiss etdiklərini dilə gətiriblər.

Lakin könüllülər, orada olduqları müddətdə otaq temperaturunun artırılıb-azaldığından xəbərdar olmayıblar.

Bununla belə, soyuq hava buraxılan, lakin günəş işığı əks olunan otaqdakı könüllülər özlərini daha isti hiss ediblər.

"Burada, qırmızı ocaqlara və mavi buzlara qədər gedib çatan uzun tarixi əlaqə mövcuddur," UCL araşdırmaçısı Shipworth deyir.

Ümid edilir ki, nə vaxtsa psixoloji tryuklar enerji fakturalarına qənaətlə yanaşı, işçiləri də xoşnud edə biləcək.

Termostatı söndürməyin başqa faydaları da ola bilər. Kingma-ya görə, həyatımızın böyük hissəsini temperaturun idarə edildi mühitdə keçirmək, heç də ekoloji məsuliyyətli bir şey deyil.

Bu, bizim sağlamlığımıza ziyan göstərə bilər - obezelik epidemiyasını artırar və diabet kimi metabolik çatışmazlıqları sürətləndirər.

"Mülayim soyuq və mülayim isti mühitə alışmaqla, ürək-damar və metabolik məşğələləri etmiş oluruq," o deyir.

Mülayim temperatur müxtəlifliyi sağlam ola bilər, amma ekstremal isti və ya soyuqda işləmək son dərəcə təhlükəlidir.

Bəs sizin hüquqlarınıza nə daxildir?

Bir çox ölkələrdə qanunla müəyyən olunan minimum iş temperaturu tətbiq olunsa da, əksər ölkələrdə yuxarı limit yoxdur. Əksinə, temperaturun "qənaətbəxş" olmasını dəstəkləyirlər.

Britaniyada bu, nadir hallarda problemə çevrilir. Amma günəş istiliyini ölkədən əsirgəmədiyi zaman, bir çox iş yerləri hazırlıqsız yaxalanır.

"Ofislər, xəstəxana palataları və sinif otaqları - xüsusilə də qədim binalarda yerləşən - dözülməz dərəcədə isti ola bilirlər," UNISON adlı həmkarlar ittifaqının baş katibi Dave Prentis deyir.

"Britaniyada qanuni minimal temperatur uzun illərdir tətbiq olunsa da, qanuni maksimal temperaturun vaxtı gəlib-keçir."

Əgər özünüzü ofisdə yox, saunadaymış kimi hiss edirsinizsə, həmkarlarınızla ümumi razılığa gəlməyə çalışın.

Əgər işçilərin ən az 10%-i ofis temperaturundan şikayət edirsə, qanuni olaraq müdirlər yoxlamaq məcburiyyətindədirlər.

Avstraliyada 34 dərəcədən isti olduqda, işçilər hər saatın yarısını istirahət edə bilərlər.

Əgər heç biri işə yaramazsa, pulsuz içməli su və müntəzəm fasilələr haqqınızı tələb edin.

Termostat üstündə müharibələr isə yaxın gələcəkdə səngiyə bilər.

"Biz sürətlə fərdi nəzarət sisteminə doğru irəliləyirik," Shipworth deyir.

Yəni, öz iqlim sistemi olan masalar üzərində işlər gedir: ayaqlarınızın üzərini isti saxlayacaq qızıdırcılar və təyyarələrdəki kimi açıb-bağlaya biləcəyiniz hava ventilyatorları.

Bəs ideal ofis temperaturu necə olmalıdır?

Bunu söyləmək qeyri-mümkündür, lakin Shipworth-ə görə, təxminən 22 və 24 dərəcə selsi arası qənaətbəxş səslənir.

Optimal temperatur dərəcəsinin 22 olduğuna səmimi qəlblə inanan Sinqapurun ilk baş naziri Lee Kuan Yew-dan öyrənə bilərik.

1999-cu ildə ona ünvanlanan bu tropik ölkə iqtisadi uğurlarını nəyə borcludur sualına, Yew gözlənilməz cavab vermişdi: kondisionerlərə.

Bu barədə daha geniş