Diabetin müalicəsində insulinə son?

diabet Fotonun müəllifi Getty Images

Hollandiyalı alimlərin sınaqdan keçirdiyi yeni tibbi üsul 2-ci tip diabet müalicəsində insulin iynəsindən istifadəyə son qoya bilər.

Guardian qəzetinin yazdığı xəbərə görə, bir saat davam edən əməliyyat nəticəsində xəstələr bir il ərzində insulin iynəsinə ehtiyac hiss etmirlər.

Amsterdam Universitetinin Xəstəxanasında çalışan qastroenteroloq, professor Jacques Bergman "Bu müalicə sayəsində insulindən istifadə təxirə salına bilər və hətta buna son qoyula bilər. Bu, çox ümidvericidir" deyib.

Bergman əməliyyatın xəstələrə heç bir ağrı vermədiyini də söyləyib.

Kiçik balon

Alimlər kiçik bağırsaqda selikli qişa pərdəsini yox edərək yeni pərdənin yaranmasına şərait yaradırlar və bu müddətdə 2-ci tip diabet xəstəsi olan insanların qan şəkəri səviyyəsi sabit vəziyyətə gəlir.

Amsterdamda 50 xəstə üzərində aparılan sınaq zamanı xəstənin ağzından kiçik bağırsağa ucunda kiçik balon olan bir boru salınır. Balon isti suyla doldurulur və seliklə qişa pərdəsi istiylə yandırılır. İki həftə ərzində yeni bir selikli qişa pərdəsi yaranır və xəstənin səhhətində yaxşılaşma nəzərə çarpır.

"90 faiz stabil"

Müalicədən bir il sonra belə xəstəliyin 90% faizinin stabil olduğu müşahidə olunub. Araşdırmalara əsasən, 2-ci tip diabet xəstələrində kiçik bağırsaqdakı selikli qişa pərdəsindəki qida udmasıyla insulin müqavimətinin inkişafı arasında bir əlaqə var.

"Əməliyyatdan bir gün sonra xəstələrin qan şəkəri səviyyəsində möhtəşəm bir yaxşılaşma görürük. İndi əsas məsələ budur: Bu, daimi müalicədir, yoxsa bunu təkrarlamaq lazımdır? İnsulindən tamamilə imtina edilməlidirmi?" - Hollandiya mətbuatına açıqlama verən Bergman belə deyib.

Bergman "Ancaq ilkin nəticələr o qədər yaxşıdır ki, xəstələrin çoxu müalicədən sonra insulindən istifadəni dayandırıb" deyə əlavə edib.

Bu yeni tapıntı xüsusilə dərman qəbul edən qan şəkəri səviyyəsi yüksək həddə olan insan üçün uyğundur.

İnsulin iynələrindən xilas olmaqla yanaşı araşdırmaçılar bu müalicəni alan xəstələrin ürək və qan dövranı sistemi xəstəliklərinə, böyrək problemlərinə, eyni zamanda ayaq və əllərdə qıcolmalara məruz qalma riskinin daha aşağı olduğunu söyləyirlər.

İndi araşdırmalar yaşları 28-75 arasında olan 100 xəstə üzərində davam etdiriləcək.

Bu barədə daha geniş