Penis botoksu etdirən kişilər danışır: Özümüzə inam artdı

  • Rick Kelsey
  • Müxbir, Victoria Derbyshire Proqramı
Abdul Hasan
Şəklin alt yazısı,

Abdul Hasan penis dolğusu sayəsində özünü "yeni biri" kimi hiss etdiyini söyləyir

Penis qalınlığını artırmaq üçün edilən penis dolğusu (botoksa yaxın əməliyyat) səbəb ola biləcəyi bütün fəsadlara baxmayaraq ən azından Böyük Britaniyada məhşurluq qazanmaqdadır. Bu proseduru etdirən iki kişi bunu niyə etdiklərini və özlərini necə hiss etmələri barədə BBC-yə danışıblar.

Bu, 27 yaşlı Abdul Hasan-ın ilk penis dolğusu proseduru deyil. Bu dəfə isə o, sevgilisinə sürpriz etməyi planlaşdırır. Onlar 8 ildir ki, sevgilidirlər, amma sevgilisini cinsi tərəfdən məmnun edib-etmədiyi Abdul üçün həmişə bir sual olaraq qalıb.

Abdul sonuncu penis dolğusu prosedurunun sevgilisini "100%" təccübləndirdiyini söyləyir. "Bir daha etsəm bundan bir şey olmaz deyə düşündüm. Bu məni bir şəkildə xoşbəxt edir" deyir.

Şəklin alt yazısı,

Penis dolğusunun təsiri orta hesabla 18 ay davam edir

Penis dolğusu dərinin altındakı yumşaq toxumalara hialurion turşusu kimi mayelər yeridilərək həyata keçirilir.

Cərrahiyyə əməliyyatı tələb etməyən bu prosedur ixtisaslaşdırılmış klinikalarda bir neçə saat içində həyata keçirilir. Bir prosedur təqribən 3000 funt sterlinq təşkil edir. Yeridilən maye nisbətinə görə, penis çevrəsi orta hesabla 1-2 sm böyüyür və təsiri 18 ay davam edir. Lakin penis dolğusu kimi proseduralarla bağlı çox az qanuni qaydalar vardır.

Böyük Britaniya Uroloji Cərrahiyə Birliyindən olan Dr. Asif Muneer bu proseduranı kiməsə tövsiyyə etməyəcəyini, hətta etməyi düşünənləri bu fikirdən yayındıracağına cəhd edəcəyini bildirir.

"Bu cür böyütmə proseduraları penis çevrəsini genişləndirmə məqsədi daşıyır, amma uzunluğuna təsir etmir. Yəni funksional olaraq bir yaxşılaşmanı təmin etmir. Hətta gələcəkdə cinsi funksional pozuntulara səbəb ola bilər".

Dr. Muneer məhşurların və cəmiyyətə təsir göstərən insanların bu cür kosmetik müdaxilələri internet vasitəsilə təşviq etdiyini, bunlardan təsirlənərək bədənləriylə bağlı inamsızlıq hissi keçirənlərin də penis dolğusu kimi kosmetik proseduru həyata keçirdiklərinə diqqəti yönəldib.

"Gizlədəcək bir şeyim yoxdur"

"Özünə inamsızlıq" Abdulu 10 millimetrlik dolğu etdirməyə sürükləyən səbəbdir.

Abdulun penisinin boyu və qalınlığı Britaniya Milli Sağlamlıq Sisteminin (NHS) standartlarına görə normal ölçüdədir. Amma Abdul yenə də idman zalının soyunma otağında ətrafındakı çılpaq kişiləri görən zaman özündən "bir az utandığını" söyləyir. İlk penis dolğusu prosedurasından sonra özünü çox rahat hiss etdiyini, amma mümkün fəsadlardan da qorxduğunu bildirir.

"Dolğu etdirdim və özümə inamı yenidən qazandım. Artıq gizlədiləcək bir şeyim yoxdur".

Təchizat sürücüsü kimi çalışan Abdul bu prosedurdan sonra sosial mühitlərdə də özünü daha yaxşı hiss etdiyini söyləyir: "Yeni bir insan oldum. Digər insanlara daha rahat yaxınlaşmağa başladım".

Şəklin alt yazısı,

Mr. Asif Muneer NHS-nin kişilərin özü-özlərinə yeritdikıəri penis dolğusunun səbəb olduğu sağlamlıq problemlərini düzəltməyə məcbur olduğunu söyləyir

Böyük Britaniyanın kişi cinsi sağlamlığı üzrə ixtisaslaşmış olan ən böyük iki kosmetik cərrahiyyə klinikası Victoria Derbyshire proqramına verdikləri açıqlamada penis dolğusu proseduruna marağın artığını söyləyir.

Moorgate Aesthetics və Androfill klinikaları 3 il əvvəl ayda ən çox 10 nəfərin penis dolğusu haqqında məlumat almaq üçün müraciət etdiyini, indi isə ayda orta hesabla 700 kişinin müraciət etdiyini bildirirlər. Aparılan prosedurların sayı da 3 il əvvəllə müqayisədə 20 dəfə artıb. Bu iki klinikada ayda orta hesabla 130 kişi penis dolğusu etdirir. Bu klinikalarda prosedura mütəxəssis həkimlər tərəfindən təsdiqlənmiş tibbi mayelərdən istifadə olunaraq aparılır. Amma mütəxəssislər özü-özünə edilən (DİY) dolğu proseduralarının da sayının artdığını, bunun narahatlıq yaratdığını bildirirlər.

Dr. Muneer bir çox kişinin vazelin, müxtəlif yağlar və silikon kimi maddələri özü-özlərinə penislərinə yeritdiklərini və bunun da yarada biləcəyi potensial problemlərdən xəbərsiz olduqlarını söyləyir.

Dr. Muneer bu proseduranı həyata keçirənlərin adətən infeksiya problem ilə üzləşdiyini və dövlətin onlara vermiş olduğu tibbi xidmətdən faydalanmaq məcburiyyətində qaldıqlarını bildirir: "Ölmüş toxumanı və dolğu maddələrini təmizləmək üçün cərrahiyyə əməliyyatı keçirməyə məcbur oluruq. Hətta çox zaman bütün penis dərisini alıb, yerinə bədənin başqa bir yerindən dəri nəqli etməyə də məcbur oluruq".

"Bütün kişilər daha böyük penis istəyir"

Stuart Price ilk penis dolğusu prosedurası üçün klinikadadır. 36 yaşlı Stuart bütün kişilərin imkanı olsa penislərini böyüdəcəklərini söyləyir.

Stuart son vaxtlar 50 kq artıq çəkidən azad olub və bu da bədənində bəzi dəyişikliklərə səbəb olub : "Əslində ehtiyacım olduğunu düşünmürəm, amma bunun özümə inamımı daha artıracağını düşünürəm. Penisim bir az daha böyük olarsa özümü daha yaxşı hiss edərəm".

Stuart saç əkimi əməliyyatları üçün araşdırma aparan zaman penis dolğusu elanları ilə qarşılaşdığını və proseduranın cərrahi müdaxilə tələb etməməsini bəyəndiyini bildirir.

Böyük penis əfsanəsi

NHS və Londondakı King's College tərəfindən 2015-ci ildə aparılan araşdırmada dünya miqyasında 15 min kişinin penis boyu və qalınlığı araşdırırlıb. Araşdırmaya görə, orta hesabla bir penisin ereksiya vəziyyətindəki uzunluğunun 13 sm olduğu məlum olub.

Araşdırmada iştirak edən kişilərin sadəcə 5 faizinin penisinin boyu orta hesabdan yuxarı çıxıb. 0.14 faizinin isə ereksiya vəziyyətində ikən 7,60 sm-dən aşağı olan "mikro penis"ə sahib olduqları müşahidə edilib.

Penis çevrəsinin orta uzunluğu isə normal halda 9 sm, ereksiya vəziyyətində isə təqribən 11,5 sm olduğu nəticəsi əldə olunub.

Stuart penisinə 15 millimetrlik qialuron turşusu dolğusu etdirməyə qərar verib. Üzdəki qırışıqlıqları düzəltmək üçün də adətən bu dolğu məhsulundan istifadə olunur. 15 millilitr klinikanın bir prosedurada istifadə edə biləcəyi maksimum miqdardır.

Stuart-ın sevgilisi Carys isə penisin proseduradan sonra "çox böyük" olacağından narahatdır. Dolğu maddələri istənilən vaxtı bədəndən geri alına bilər.

Şəklin alt yazısı,

Carys sevgilisi Stuart penis dolğusu etdirməyə qərar verdiyi zaman yanında deyilmiş

Stuart sevgilisinin çəkinməsinə baxmayaraq proseduranı həyata keçirir və proseduradan bir saat sonra fərqi ölçmək vaxtı gəlir. Sturat-ın normal vəziyyətdəykən 12.5 sm olan penis çevrəsi boyu 15 sm-ə qalxıb.

Stuart "Daha böyük hiss edirəm. Həqiqətən çox xoşbəxtəm".

Abdulun penisi isə 10 sm-dən 11.5 cm-ə yüksəlir.

Həkimlər proseduradan sonra kişilərə dörd həftə ərzində cinsi münasibətlərə girməməyi tövsiyyə edirlər. Abdul gözləməyin onun üçün problem olmadığını deyir: "Tövsiyyələrə riayət etməyib fəsadlarla qarşılaşmaq istəməzsiniz, xüsusilə də bu hissələrdə".