İlk görüşdə hesabı kim ödəməlidir?

Anne Rucchetto and boyfriend Zac Fotonun müəllifi Anne Rucchetto

27 yaşlı Anne Rucchetto yazıçıdır, Kanadanın Toronto şəhərində yaşayır. O, BBC-nin 100 məşhur qadın silsiləsindən yazısında qeyd edir ki, həyatda "hesabı kimin verməsi" mühüm rol oynayır.

Mən ilk dəfə görüşməyə başlayanda anam xəbərdarlıq etmişdi ki, bu dünyada təmənnasız heç nə olmur.

O bunu belə izah edirdi: "Kişilər düşünə bilərlər ki, sənin onlara nəsə bir borcun var".

Bilirdim ki, anamın məqsədi məni vahiməyə salmaq deyil, lakin onun dedikləri hər dəfə kiminləsə tanış olanda məndə bir nigarançılıq oyadırdı. Mənə 5 dollarlıq pivə alan kişilərə borclu qaldığım barədə düşüncəyə üstün gələ bilməyim bir xeyli vaxt aldı. Amma o vaxtdan bəri heç geriyə baxdığım olmayıb.

14 yaşından görüşməyə başlayan birisi kimi uzun müddət yaxşı bir yoldaş tapmaq barədə düşünmüşəm. Bunu da düşünmüşəm ki, ilk dəfə gördüyün adamın hansı davranışlarına diqqət etmək lazımdır.

Bugünlər müxtəlif mobil tətbiqlər və hər cür oriyentasiyadan, kimlikdən və mənşədən olanların internet icmaları sevgili tapmağı asan bir iş edib.

Lakin ilk görüşdə hesabı kimin ödəməli olduğu barədə sual indi də qızğın söhbət mövzusu olur.

Mən belə bir məntiqə söykənirdim ki, qadınlar kişilərlə bərabərdirlərsə, biz hesabın özümüzə düşən payını ödəməli və beləcə görüşün xərcini bölüşməliyik. Bu bir problemə çevrilməsin deyə mən hər dəfə görüş üçün cibə münasib yerləri - ucuz və gur restoranları, qəlyanaltıxanaları, ictimai musiqi yığıncaqlarını, parkları seçirdim.

Fotonun müəllifi Getty Images
Image caption İlk görüşdə hesabı kimin ödəməli olduğu barədə sual indi də qızğın söhbət mövzusu olur.

Lakin beş il bundan əvvəl dostlarım və müəllimlərim məni, bu yanaşmamı alt-üst edən ideyalarla tanış etdilər.

Mən Gloria Jean Watkins kimi feminist yazıçıların yazdıqları ilə tanış oldum. Bu məni cəmiyyətin indiki strukturundan kimin ən çox fayda götürdüyü barədə düşünməyə vadar etdi. Bu və başqa yazıçılar məni hər bir səviyyədə hakimiyyətin necə işləməsi barədə düşünməyə sövq etdilər.

'Daha bahalı həyat tərzi'

Adamlar cəmiyyətin strukturundan asılı olaraq ondan müxtəlif cür fayda əldə edirlər. Bu isə o deməkdir ki, kiminlə vaxt keçirdiyindən asılı olaraq, hərənin öz bərabər xərcini çəkməsini gözləməyə də bilərsiniz.

Qadınlar orta hesabla kişilərdən az qazanırlar. Məsələn Kanada qadını eyni işə görə kişinin qazandığı bir dolların yalnız 69 sentini qazana bilir.

Bu o demək deyildir ki, bizim yaşamaq xərclərimiz onlarınkından azdır. Xeyr, bir çox hallarda əksinə, bizim xərclərimiz çoxdur.

Qadının zahiri görünüşü və davranışından olan gözləntilərin maddi və şəxsi xərcləri var. Qadının fiziki zahiri görünüşünə olan tələb çox yüksək standartlıdır. Bu görünüş əyləncə sənayesindən tutmuş Ağ Evədək hər yerdə ara-sıra lağa da qoyulur.

Bizdən həyatın müxtəlif sferalarında - ailədə, işdə, münasibətlərimizdə və dostluğumuzda kişilərlə müqayisədə daha sakit, daha diqqətli, daha anlaşıqlı, daha üzüyola və daha səxavətli olmaq tələb olunur.

Bunların da öz xərci var. Həm maddi, həm də zehni.

Bundan başqa xərci kimin çəkməsi kişi-qadın müstəvisinə gətirilməməlidir. Bizim hamımızın gender, sosial və iqtisadi statusumuza, irq və vətəndaşlığımıza əsaslanan təcrübələrimiz var.

Son nəticədə bərabərlik ədalətlilik deyil. Bərabərlik hamının eyni cür ayaqqabılara malik olmasıdır. Ədalətlilik isə ayağına olan ayaqqabıya sahib olmaqdır. Yaxşı münasibətlərdə adamlar ədalətliliyə can atırlar.

Fotonun müəllifi Anne Rucchetto
Image caption Anne Zac-la bir ildən çoxdur ki, sevgilidir

Mən özünün idman maşınları və gəzdiyi yerlərlə öyünən bir kişi ilə ilk dəfə görüşə gedəndə onun hesabı bölüşmək istəməsi məni heyrətləndirdi. Maraqlıdır ki, adətən belə kişilər mənə və rəfiqələrimə "mən feministəm, odur ki, hesabı bölüşmək istəyirəm" deyirlər.

Kişilərin qadınlara onlardan daha az məvacib ödəndiyini bilib-bilməməsindən asılı olmayaraq həqiqi vəziyyət belədir və bu vəziyyətdən əlbəttə ki, kişilər faydalanırlar.

Bu o demək deyildir ki, kişilərin işi ağır deyil və hesabı da onlar ödəməlidirlər. Buna görə də məndən az qazanan kişi ilə görüşdə mən özüm hesabı paylaşmaqdan məmnun oluram.

Əgər hiss etsəm ki, kişi mənimlə birinci görüşdə hesabı ödəməklə məni özünə "borclu" hesab edir, onda mən tam hesabı ödəməkdə israr edirəm və qapını bu kişi ilə hər hansı gələcək ünsiyyətin üzünə həmişəlik bağlayıram.

"Çətin mütənasibsizlik"

Mən həm kişi, həm də qadınlarla görüşürəm və ən gülməlisi budur ki, qadınlarla və ya cinsiyyəti fərqli adamlarla görüşəndə hesabı ödəməkdən ötrü həmişə mübahisə düşür. Yəni hamı istəyir ki, masanın hesabını o ödəsin.

Mən bir ilə yaxındır ki, Zac-lə yoldaşlıq edirəm. Onun heyvanları sevməsi, dostlarını yüksək qiymətləndirdiyini deməsi və əmək bərabərliyi haqqında düşüncələri məndə xoş hisslər oyadıb. Birinci görüşümüzün hesabını o ödəyib, ikincini mən.

İndi biz bir yerə çıxanda və yaxud bir-birimizin evinə qonaq gedəndə cibimizə münasib tərzdə xərcləri bölüşürük. Ola bilsin ki, bu qayda gələcəkdə dəyişsin, amma indilik hər ikimiz üçün mütənasiblik yaradır. Bizim ən mühüm məqsədimiz bir-birimizə hörmət etdiyimizə əmin olmaqdır. Biz istəmirik ki, ikimizdən biri özünün lazımınca qiymətləndirilmədiyini və yaxud ondan sui-istifadə edildiyini düşünsün.

Birinci görüşlərin bir xüsusiyyəti də budur ki, sən cəmiyyətdəki insanların resurslara müxtəlif çıxışı olduğunu görürsən. Əgər biz yaxşı dost və ya yoldaş olmaq istəyiriksə, qeyri-bərabərliyimizə meydan oxumaq hər bir münasibətin mühüm hissəsidir.

Birinci görüşdə hesabı kimin ödəməsi münasibəti müəyyən etmir.

Bağlar sıxlaşdıqca, adamlar hamını məmnun edən həll yolu tapa bilirlər. Birinci görüşdə hesabı kimin ödəyəcəyindən olan gözləntilərə baxmayaraq mərifətli olmaq həmişə yaxşı cəhətdir.

100 Qadın layihəsi

BBC-nin 100 Qadın layihəsi hər il dünya boyu 100 ən ilhamverici və nüfuzlu qadını seçir və onların həyat hekayəsini paylaşır.

2018-ci il qadın hüquqları üçün mühüm il olduğundan, BBC-nin 2018-ci il üçün 100 Qadın layihəsində ehtiras, qəzəb və hiddətdən güc alaraq yaşadıqları mühitdə gerçək dəyişikliklərə nail olan öncül qadınlar yer alıb.

Bu barədə daha geniş