Niyə Səudiyyə Ərəbistanını tərk etməli oldum?

Basma

29 yaşlı Basma Xəlifə həyatını davam etdirmək üçün doğulduğu ölkəyə qayıdır. Amma bir yanlış-addım bəs edir ki, geri qayıtmasın.

2018-ci ilin oktyabrında məndən Səudiyyə Ərəbistanını tərk etmək istənildi.

Yeni bir həyat qurmaq üçün doğulduğum ölkə haqqında ümidlərim böyük idi.

Səudiyyə Ərəbistanında qadın fəalların həbs edilməsi ilə bağlı qanun barədə gedən müzakirələr haqqında eşitmişdim.

O vaxt mən BBC üçün sənədli film hazırlayırdım. Düşünürdüm ki, bu yolla doğulduğum ölkədəki həyat tərzinə də alışaram.

Amma dərhal ölkəni tərk etməli oldum və eşitdiyimə görə davranışlarım "krallıqda müzakirə edilirmiş".

O an ancaq bir şey hiss edirdim: şok.

Yalnız və yalnız bir məqalə oxumuşdum.

Ən pis halda töhmət və bir daha qadınlara avtomobil idarə etmək haqqı üzrə kampaniya aparan ictimai fəallar haqqında danışmamaq tapşırığı alacaqdım deyə düşünürdüm.

Sonra isə narahatlıq və qorxu hissi bürüdü. Özümə şübhə ilə yanaşmağa başladım: bəlkə doğurdan da çox pis bir iş görmüşdüm. Hər şey o qədər sürətlə baş verirdi ki, fikirləşməyə vaxtım yox idi.

Əgər qalmağa cəsarətim çatsa idi, onların mənim vizamı ləğv edəcəkdilər. Mən dərhal bilet aldım və eyni gündə Londona qayıtdım.

Image caption Kiçik yaşlı Basma valideynləri ilə

Sonuncu dəfə Səudiyyə Ərəbistanında 25 il əvvəl uşaq ikən olmuşdum.

Ötən il oraya qayıdanda isə xoş təəccüb keçirdim: çimərliklər, ticarət mərkəzləri və elit restoranlar.

Ölkədə qaldığım 6 gün ərzində çox yağış yağdı. Bu o qədər nadir hallarda baş verir ki, Londondan yağış gətirdiyimə görə mənimlə zarafat edirdilər.

Krallıq haqqındakı uşaqlıq xatirələrim dumanlıdır.

Mən orada 1989-cu ildə anadan olmuşam və sudanlı valideynlərim ilə paytaxt Riyadda yaşamışam.

Misirdə universitetdə tanış olan valideynlərim, ixtisasca həkim atama Səudiyyə Ərəbistanından iş təklifi gəldikdən sonra, krallığa köçüblər.

Bir neçə il sonra, ona başqa bir iş təklifi gəlir - bu dəfə Şimali İrlandiya - və biz yenidən köçməli oluruq. O vaxt mənim üç yaşım var idi.

Səyahətlərim bununla bitmir.

Şimali İrlandiyada 13 yaşıma qədər yaşadıq və Şotlandiyaya köçdük.

Orada isə 20 yaşıma qədər yaşadım.

Sonra dəb sektorunda ictimai əlaqələr (PR) üzrə altı aylıq iş üçün New York-a getməli oldum. Və 21 yaşımda Londona köçərək moda stilisti işləməyə başladım.

Tez-tez köçmək insanda konkret ev anlayışını formalaşdırmır. Bu həm xoşbəxtlikdir, həm də bədbəxtlik: hər yerdə ev qura bilərsən, amma heç bir yer evin deyil.

Amma köçmək anlayışı mənim həyatıma başqa cür təsir göstərib: yeni insanlar və vəziyyətlərə çox tez uzlaşa bilirəm. Artıq dünyanın hər tərəfində dostlarım var.

İnsanlarla ünsiyyətdən aldığım xoş hisslər məni qaradərili qadınlardan dəb sənayesində iş təcrübələri haqqında müsahibə alaraq vloq kanalı açmağa həvəsləndirdi.

Bu müddət ərzində özümə də suallar verirdim - yerimi tapmaq və kimliyimin kökünü müəyyənləşdirməyə çalışırdım. Dəb dünyasında işləmək insanı özünü təqdim etmək və kim olduğunu ortaya qoymaq haqqında fikirləşməyə vadar edir.

Yaxın Şərq və Qərbdə yaşayan bir sudanlı qadın kimi mən də haraya aid olduğumdan əmin deyildim.

Gəldikləri yerdən özü ilə güclü kimlik və qürur gətirən insanların üstünlük təşkil etdiyi Londona köçmək məni özümü daha çox anlamağa sövq etdi.

Anladım ki, əgər kim olduğumu müəyyənləşdirmək istəyirəmsə, başa dönməli və hələ də üç xalamın yaşadığı Səudiyyə Ərəbistanına qayıtmalıyam.

Ölkədəki mətbuat barədə böyük neqativ düşüncə hakimdir, amma oraya getmədən bunu anlaya bilməyəcəkdim.

Bu səyahətimi kimliyimin digər bir aspekti ilə birləşdirmək istəyirdim: aparıcılıq.

Şotlandiyada məktəb yoldaşlarım mənim xatirə dəftərimə yazmışdılar ki, "çox güman ki, Blue Peter aparıcısı olacağam".

Kiçik yaşlarımdan sual verməyə maraqlı idim.

27 yaşımda fashion vloqumdan bir neçə klip daxil olmaqla produksiya şirkətlərinə məktub yazmağa və onlardan Səudiyyə Ərəbistanına qayıdışım ilə bağlı sənədli filmin çəkilişi üçün mənə dəstək istəməyə başladım.

Xoşbəxtlikdən biri razılaşdı və iki illik planlamadan sonra, rejissorum Jess ilə birlikdə səyahət üçün hazır idik.

Image caption Basma Ciddəyə enərkən

Heç vaxt məqsədim Yaxın Şərqə gedib, riskli iş görmək olmayıb.

Niyyətim həm Qərb, həm də Ərəb mədəniyyətindən qaynaqlanan dəyərlərə malik bir gənc qadının Səudiyyə Ərəbistanında yaşayıb-yaşaya bilməyəcəyini anlamaq idi.

Bazarlıq etmək və dostlarla görüşmək kimi gündəlik işlər görmək istəyirdim. Səudiyyə Ərəbistanı qadın sürücülərə qarşı qadağanı aradan qaldırmışkən, sükan arxasına keçib, bu yeni azadlıqdan yararlanmaq istəyirdim.

Əlbəttə ki, burada hər şeyin fərqli olduğunu bilirdim - qadınlar daha az haqlara malikdir.

Məsələn, qadınlar kişi icazəsi olmadan ölkədən çıxa bilməzlər, icazəsiz bank hesabı aça bilməzlər və restoranlardan kişilərdən ayrı yerlərdə otururlar.

Bu qadağalara baxmayaraq, ölkə dəyişirdi.

Qadınlar artıq baş örtüyü olmadan gəzə bilərlər, sosiallaşmaq üçün daha azaddırlar və artıq karyera sahibi ola bilərlər.

Lakin krallıq hələ də təbəələrini diqqətlə izləyir və dissidentlərin "ağzını sürətlə qapayır".

Ötən ilin oktyabrında Birləşmiş Krallığı (BK) tərk etmişdən az əvvəl, Səudiyyə Ərəbistanının müxalifət ilə necə davrandığını araşdırdım.

Oktyabrın ikisi Səudiyyə ərəbistanlı dissident və jurnalist Camal Kaşıkçının İstanbuldakı Səudiyyə Ərəbistanı səfirliyində itkin düşməsi və daha sonra qətli barədə xəbərlər yayıldı.

Fotonun müəllifi Al Jazeera
Image caption Camal Kaşıkçı Al Jazeera kimi televiziya kanallarında çıxış edirdi

Hadisə nə qədər dəhşətli olsa da qorxmurdum.

Mən Səudiyyə Ərəbistanına jurnalist kimi yox, rejissor kimi və ailəmə baş çəkmək üçün gedirdim. Bununla belə, Ciddəyə enib krallıqda iki həftəlik səyahətimə başlar-başlamaz düşündüm, "Mən nə etdim?".

Amma qohumlarımı görən kimi özümü təhlükəsiz hiss etdim.

Ən böyük xalam Səudiyyə Ərəbistanında 25 ildir ki, yaşayır və buradan heç vaxt köçmək istəməz. Səudiyyə vətəndaşı olmasa da, təhsil üzrə uğurlu bir karyerası var.

O, tez-tez səyahət edir və krallıq heç vaxt buna qarşı çıxmayıb. O, burada yaşaya biləcəyim barədə mənə kömək etdi.

Günlərimizi təkcə qohumlarla keçirmirdik.

Səudiyyəli rəsmilər, yerli qaydalara əməl etməyimiz üçün bizə gözətçi təyin etmişdi.

Produksiya komandamız da səudiyyəlilərdən ibarət idi - sürücü, kamera köməkçisi və sair. Gözətçimiz bizi bir o qədər çox idarə etməsə də, varlığını belə müdaxilə saymaq mümkün idi.

Produksiya komandamız da bizim davranışlarımızı idarə edirdi.

Onlar "həyalı" görünmək üçün Jess və mənə əba (uzun üst geyim) geyinmək lazım olduğunu dedilər. Maşının kənarında rəqs etdiyimə görə də məni danladılar.

Çünki ictimai yerlərdə rəqs etmək qadağandır. Gözətçini saymasaq, biz normal Səudiyyə həyatı yaşadıq - ticarət mərkəzlərində bazarlıq edir, dostlarla görüşür və ailə üzvləri ilə vaxt keçirirdik.

Image caption Basma yeni abaya alır

Bir axşam biz dostumuzun dostu tərəfindən qonaqlığa dəvət olunmuşduq.

Komandamızdan azad idik və taksi sifariş edib, yola düşdük.

Londonda olduğum partilərdən maraqsız olsa da, qadınlar bəzəkli idilər və gözəl paltarlar geyinmişdilər. Musiqi səslənir və hər kəs rəqs edirdi.

Fərq onda idi ki, qadınlar daha qapalı geyinmişdilər, insanlar daha mühafizəkar davranırdılar və spirtli içki yox idi.

İslamda günah sayılan spirtli içki qəbulu Səudiyyə Ərəbistanında qadağandır və buna görə həbsə düşmək ehtimalı var. Mən spirtli içki içmirəm, amma içsə idim belə, səyahətim əsnasında spirtli içki almaq çətin və təhlükəli olardı.

Image caption Basma açılış qonaqlığında iştirak edir

Qonaqlıqdan bir neçə gün sonra, gözətçilərimdən maşın sürüb-sürə bilməcəyimi soruşdum.

Əgər buraya köçsə idim, mütləq ki, avtomibilim olacaqdı. İnsan haqları fəallarımın illərlə apardığı kampaniyalardan sonra, keçən ilin iyununda krallıq, tarixində ilk dəfə qadınlara maşın idarə etmək hüququnu verir.

Bu addım ölkədə baş verən sosial dəyişikliyin bir hissəsi kimi qiymətləndirilir. Belə ki, ölkədə ilk kinoteatrlar da fəaliyyət göstərməyə başlayır.

BK sürücülük vəsiqəm üzərimdə idi və qadınların illərlə arzuladığı azadlığı sınamaq istəyirdim. Amma hər şey elə burada pis məcra almağa başladı.

Gözətçim digər maşından telefonumu stereoya qoşmaq üçün kabel gətirən əsnada, qadağa qalxan zaman səudiyyəli qadın haqları fəallarının həbs olunması barədə bir məqalə oxuyurdum.

Onların hələ də həbsdə olub-olmadığını bilmək istəyirdim və gözlədiyim kimi, hələ də dəmir barmaqlıqlar arxasında idilər.

Image caption Artıq qadınlar sürücülük vəsiqəsi almaqda azaddırlar

Heç təəccüblənməmişdim.

Səudiyyə Ərəbistanında sistemə qarşı mübarizənin insanı həbsə apardığını bilirdim, amma produksiya komandasından bir nəfər dediklərimi eşitmişdi. O, xəbərə yox, mənə qəzəbləndi.

Qadınların cəsarətinə görə sevindiyimi yox, krallığı tənqid etdiyimi düşündü.

Heç nədən xəbərim yox ikən, komandanın boslarına və bizim BK-dakı produksiya komandamıza zənglər edilib.

Mən şoka girmişdim və çox qorxurdum. Heç kimin hisslərinə toxunmaq və heç kimin başını aşağı salmaq istəmirdim.

Bircə məqalə oxumuşdum. Vəssalam. Və etdiyim heç bir araşdırma və ya axtarış bunun krallıqda təhqir sayıldığını deməmişdi.

Bizim BK-dakı redaktorumuz mənə zəng vurub, Səudiyyə Ərəbistanını dərhal tərk etmək lazım gəldiyini dedi. Krallığa cəmi altı gün idi ki gəlmişdim və hələ planımda çoxlu şeylər var idi.

Qaçış klubuna qoşulacaqdım və qadın sahibkarlar ilə görüşəcəkdim. İndi isə çantamı yığıb, getməli idim.

Image caption Basmaya filmi dayandırmaq və BK-ya qayıtmaq lazım gəldiyi deyilir

Həbs olunacağımı düşünmürdüm (bir məqalə oxumağa görə nə tutulmaq?!), amma vizamın ləğv ediləcəyindən qorxub, riskə getmək istəmədim. Xalalarımla vidalaşan zaman göz yaşlarımı tuta bilmədim və bu ölkədən çıxmaq üçün aeroporta yollandım.

Təyyarəmiz Londonun Heathrow aeroportuna enəndə rahat nəfəs aldım. Krallıqdakı nəzarətdən canım qurtarmışdı. Britaniyalı olduğuma görə özümü heç vaxt bu qədər xoşbəxt hiss etməmişdim. Bunu heç nəyə dəyişməzdim.

Səudiyyə Ərəbistanını tərk etdikdən sonra, oradan heç kim mənimlə əlaqə saxlamayıb. Düşünürəm ki, sənədli filmim hazır olduqda, bir daha krallığa girə bilmərəm və bu öz qərarımdır.

Səudiyyə Ərəbistanında yaşaya biləcəyimi düşündüyüm üçün özümü sadəlövh hesab etmirəm, amma artıq bilirəm ki, ora heç vaxt mənim evim ola bilməz.

Həyatımı özüm istədiyim kimi yaşamaq istəyirəm və bir qadın kimi orada bunu bacarmaq qeyri-mümkündür. Səudiyyəli qadınlar oradakı həyatın çətin olduğunu düşünmürlər.

Bilmədiyin bir şeydən məhrum olduğunu düşünməmək normaldır. Məncə, onlar daha çox şeyə layiqdirlər: bərabər haqlar, daha böyük azadlıqlar, hakimiyyətin onlara etibarı.

Səudiyyə Ərəbistanındakı təcrübəmə baxmayaraq, gələcəyə ümidim böyükdür.

Keçən ilin dekabrında amerikalı müğənni Jason Derulo krallıqda həm kişi, həm də qadınların iştirak etdiyi açıq hava konserti vermişdi. Bəzi qadınlar konsertə öz maşınları ilə getmişdilər.

Bir neçə il əvvəl belə bir axşamı haqqında düşünmək ağlasığmaz səslənərdi, indi isə normaldır.

Real dəyişiklik vəd edən çoxlu pozitiv şeylər baş verir. Amma onlara şahid olmaq ixtiyarım olacağını bilmirəm.

Bu barədə daha geniş