Biz niyə bacarıqsız kişiləri lider seçirik?

Psikolog psixoloq Fotonun müəllifi Getty Images

"İstər siyasət olsun, istərsə də iş həyatı, liderlik məsələsində bacarığa kifayət qədər önəm verilmir", - psixoloq və yazıçı Tomas Chamorro-Premuzik belə deyir.

"Nə üçün bacarıqsız kişilərin çoxu lider olur?" adlı kitabında ("Why So Many Incompetent Men Become Leaders") o, qadınların yüksək vəzifələrə yolunu bağlayan əsas səbəbi bu şəkildə ifadə edir:

"Biz cəmiyyət olaraq kişilərin bacarıqsızlığını o qədər çox sevirik ki, buna görə onlara hətta mükafat da veririk".

Nə üçün bacarıqsızlıq qalib gəlir?

Fotonun müəllifi Getty Images

Siyasətdə və biznesdə lider seçmək bizim üçün məsuliyyət deməkdir. Tomas qeyd edir ki, "Biz təşkilatımız və hətta ölkəmiz üçün də yaxşı lider ola biləcəyini test etmədiyimiz, dərindən öyrənmədiyimiz adamları lider seçirik".

"Seçməyə qərar veririk, amma bu liderlərin öz vəzifələrini yaxşı icra edəcəkləri haqqında heç bir məlumatımız olmur. Yəni, liderlik bacarıqlarına yox, stillərinə və sözlərinə diqqət edirik.

Etibara həddindən artıq çox, bacarığa həddindən artıq az önəm veririk. Bir qayda olaraq, onların mətbuatdakı müsahibələrinə və ya televiziyalardakı çıxışlarına əsasən qərar veririk".

İkincisi, "Təvazökarlıq əvəzinə xarizmanı bəyənirik. Bizim üçün birincisinin önəmli olduğunu desək də, nəticə etibarilə cəlbedici və əyləncəli, komik və xarizmatik liderlərə üstünlük veririk. Amma bu şəxslərin məhz kollektiv üçün çalışacaq yaxşı adamlar olduğunu hardan bilirsiniz?"

Fotonun müəllifi Getty Images

Tomasa görə, üçüncü və ən narahatedici məqam narsistlik əlamətləri olan liderlərə heyranlığımızdır.

"Bir şəxs ancaq özünə və öz hədəflərinə fokuslanmış olanda, ya da özündən çox razı və hətta xəyalpərvərdirsə, beləsindən uzaq durmaq əvəzinə, "əla, bu adam liderlik üçün yaranıb" deyirik".

"Şəxsi keyfiyyətlər üzərində onillər ərzində və dünya miqyasında aparılan araşdırmalar göstərir ki, bu xüsusiyyətlər qadınlardan çox kişilər arasında yayğındır. Pis liderlərin və kişi liderlərin daha çox olmasının səbəbi budur", - Tomas belə deyir.

Eyni səhvləri təkrarlamağımızın və səhv adamları seçməyimizin səbəbləri

Fotonun müəllifi Getty Images

Tomas daha bir məqama diqqət çəkir. "Bəlkə də iş üçün "ən yaxşı namizəd" istəmirik. Əlbəttə, nəzəri baxımdan istəmiş olmalıyıq, amma təcrübədə bunun sübutu varmı?"

Onun statistik göstəricilərə əsasən gəldiyi qənaət belədir: "Şirkət sahibləri və ya insan resursları şöbələri çox zaman qısa müddətli hədəflərə hesablanmış seçimlər edirlər: bu şəxs məni yaxşı göstərər; problemi tez həll edər; təşkilatın dəyişməsinə ehtiyac olmaz, nə desəm, edər və s. kimi.

Halbuki hər bir təşkilatda və ya şirkətdə lider kollektivi və özündən aşağıda olanları idarə edə bilmək bacarığına görə dəyərləndirilməlidir. Amma realda belə deyil - müdirlər öz həyatlarının nə qədər asanlaşıb-çətinləşəcəyini hesablayaraq insanlara vəzifə verirlər".

Düyünü necə qırmaq olar?

Fotonun müəllifi Getty Images
Image caption Tenisçi Roger Federet cinsi mənsubiyyətinə və özünə güvəndiyinə görə yox, çox bacarıqlı olduğuna görə turnirlərdə qələbə qazanır

Bacarıqsız liderlərdən qurtulmaq üçün Tomas şirkətlərə və ya demokratik təşkilatlara aşağıdakıları məsləhət görür.

1. Birini işə götürəndə və ya ona səs verəndə yuxarıda sadalanan əlamətlərə diqqət edin və daha yaxşı liderlik vəd edən xüsusiyyətlərinin olub-olmadığını araşdırın.

Sizə lazım olan xüsusiyyətlər bunlardır:

  • İş bacarığı;
  • İnsanlarla münasibət qurmaq bacarığı;
  • Təvazökarlıq:
  • Dürüstlük;
  • Özünü dərk etmə;
  • Öyrənməyə maraq və öyrənmək bacarığı.

2. İnstinktlərə etibar etməməyi öyrənin. Təəssüratlarınızı və hisslərinizi unudun, ancaq göstəricilərə baxın.

Mümkün olduqca, bir şəxsin iş yerində intriqa bacarıqlarından daha çox liderlik fəaliyyətindəki nəticələrinə diqqət edin.

Tomas deyir ki, "Təşkilatlarda bu haqda məlumatlar kifayət qədər çoxdur. Amma çox vaxt insanlar onlardan istifadə etmir, sadəcə "bəyəndikləri" namizədləri seçirlər".

3. Tomas cinsiyyət bərabərliyindəki pozitiv ayrı-seçkiliyə də mənfi yanaşır. "Bu cür yanaşmalar, adətən, uğursuzluqla nəticələnir, çünki bacarığa yox, cinsi mənsubiyyətə diqqət yetirilir".

"Əgər bu problemi həll etmək istəyirsinizsə, işində bacarıqlı olan qadınların yüksəlməsi üçün keyfiyyəti azaltmayan şərtlər təmin edin ki, onlar da lider ola bilsinlər. Bacarıqsız kişilər üçünsə şərtləri ağırlaşdırın", - Tomas belə deyir.

Problemi qadınlar həll edəcəkmi?

Fotonun müəllifi Getty Images
Image caption Tomas deyir ki, hədəf pozitiv ayrı-seçkilik yox, bacarıq və potensial olmalıdır.

"Problemi qadınlar yox, bacarıq və potensial məsələlərinə ciddi yanaşmağınız həll edəcək", - Tomas deyir.

Əgər bir təşkilatın əsas hədəfi bacarıq və potensialdırsa, bu, "daha çox qadının vəzifə almasıyla nəticələnməyəcək, eyni zamanda lider pozisiyalarında onların kişilərdən daha çox yer tutmasıyla nəticələnəcək".

Fotonun müəllifi Tomas Chamorro-Premuzic
Image caption Psixoloq Tomas Chamorro-Premuzic

Tomas qeyd edir ki, araşdırmaların nəticələrinə görə, "təvazökarlıq, fəaliyyət, ətrafdakılara müsbət təsir etmək bacarığı, özünüdərk, insanlarla münasibətlər və iş bacarığı məsələlərində qadınlar kişilərdən daha üstün performans göstərirlər".

Bundan başqa, inkişaf etmiş ölkələrdə biznes üzrə təhsil də daxil olmaqla, qadınlar bütün sahələrdə kişilərdən daha yüksək nəticələr əldə edirlər.

Bu barədə daha geniş