Britaniyadakı Stonehenge abidəsini Anadoludan "köçənlər inşa ediblər"

Stonehenge
Image caption Bəzi ehtimallara görə Stonehenge abidəsi 1500 il ərzində inşa olunub

Britaniyada aparılmış araşdırmanın nəticələrinə görə, ölkənin əsas tarixi abidələrindən olan "Stonehenge"-i Anadoludan köç edənlər inşa ediblər. Mütəxəssislər Britaniyada neolit dövründə (e.ə. 5500-800) yaşayanların DNT nümunələrini eyni dönəmdə Avropada yaşayanların nümunələriylə müqayisə ediblər.

Araşdırma nəticəsində məlum olub ki, neolit dönəmində Britaniya adasında yaşayanlar İberiya yarımadasından keçməklə Anadoludan gələnlərdir.

Bu xalqın Britaniyaya e.ə. 4000-ci ildə gəlib çatdığı təxmin edilir.

"Təbiətin ekologiyası və təkamül" adlı elmi jurnalda dərc edilmiş araşdırmaya görə, İngiltərəyə köç e.ə. 6000-ci ildə Anadoludan başlayan böyük miqrasiyanın bir hissəsidir və bu xalqlar Avropaya əkinçilik gətiriblər.

Daha əvvəl Avropada ovçu-yığıcı qruplar yaşayıb.

Əkinçi cəmiyyətin bir hissəsi Dunay çayı boyunca irəliləyərək Mərkəzi Avropaya gedib, digər hissəsi isə Aralıq dənizi sahili ilə nisbətən qərbə doğru irəliləyib.

DNT məlumatları göstərir ki, neopolit dövründə yaşayan britaniyalıların kökü ya sahil boyu, ya da qayıqlarla adadan-adaya keçmiş Aralıq dənizi qrupuna aiddir.

Fotonun müəllifi Royal Pavilion & Museum, Brighton
Image caption Neolit dövründə yaşamış qadın ( Rekonstruksiya - Royal Pavilion & Museum )

Araşdırmaçılar Britaniyadakı ilk əkinçi cəmiyyətlərə aid DNT analizlərinə əsasən müəyyən ediblər ki, bu xalq daha çox İberiya yarımadasında ( indiki İspaniya və Portuqaliya ərazisi ) yaşayanlara yaxın olub.

Bu yarımadada yaşayan xalqlarsa Aralıq dənizi boyunca köç edən qrupun nümayəndələridir.

Onlar Fransadan keçərək şimala irəliləyiblər.

Britaniya adasına isə Uels və ya cənub-qərbi İngiltərədən keçərək girdikləri ehtimal olunur.

Britaniyaya gələn neolit miqrantları əkinçiliklə yanaşı, bura meqalit daşı ilə abidə inşa etmək ənənəsini də gətiriblər.

"Stonehenge" də bu ənənənin yadigarıdır.

DNT analizləri göstərir ki, əkinçiliklə məşğul olan gəlmə xalq yerli ovçu-yığıcı xalqla qaynayıb-qarışmayıb.

Hesab edilir ki, İsveçin qərbində yaşayan bir qrup istisna olmaqla, aborigenlərin yerini gəlmələr tutublar.

Londondakı Milli Tarix Muzeyində çalışan dr. Tom Booth deyir ki, "Neolit əkinçilər gələndən sonra yerli britaniyalıların izinə az rast gəlinir. Bu, genetik miras qoya bilmək üçün onlarının sayca çox az olduğunu göstərir".

Araşdırma zamanı ovçu-yığıcı xalqa aid DNT nümunələri də analiz edilib.

Məlum olub ki, o dövrün bir çox Avropa xalqları kimi, onlar da əsmər bənizli və mavi gözlü olublar.

Neolit əkinçilərininsə dəriləri daha açıq, gözləri qəhvəyi və saçları qara, ya da tünd qəhvəyi rəngdə olub.

Bu barədə daha geniş