Lənət şeytana! “Üç muşketyor”un 175 yaşı tamam oldu

"Üç muşketyor" filmindən səhnə Fotonun müəllifi Vladimir Peslyak/TASS

Onun 18 yaşı var . Əynində rəngi solmuş göy gödəkcə, başında lələkli beret var. O çılğındır, idarəolunmazdır, sadəlövhdür. Sarı-qırmızı rəngli qoca Bear atında gəzir və dünyanın ən möhtəşəm şəhərlərindən birini nəyin bahasına olursa-olsun, fəth etmək istəyir.

O, ən məşhur qaskoniyalıdır. Onun adı Dartanyandır.

Dünya onun varlığından fransız yazıçı Aleksandr Dümanın alovlu qələmi sayəsində xəbər tutub. Onun "Üç muşketyor" romanı 175 il əvvəl - 1844-cü ilin yaz günlərində Parisin "Le Siècle" qəzetində dərc olunub. Əsər Dartanyan və onun dostları Atos, Portos və Aramisin başgicəlləndirici, avantürist və romantik macəraları haqqındadır.

Fotonun müəllifi Getty Images

"Bəli, hesab edə bilərik ki, Fransanın beş əsr yarımlıq tarixi barədə biz istənilən tarixçidən daha çox məlumat vermişik" - Aleksandr Düma memuarlarında belə yazırdı.

Baş qəhrəmanların hər birinin prototipi vardı. Eyni zamanda, Dümanın fantaziyası çox şeyi dəyişmiş, məsələn, muşketyorları qocaltmışdı, çünki yazıçının təsvir etdiyi hadisələr zamanı onlar hələ uşağıydılar.

Beləliklə, Dartanyan - Şarl de Bats-Kastelmor, qraf Dartanyan. O, Rişelyenin deyil, Mazarinin dövründə (1862-ci ildə onun 18 yox, 13 yaşı vardı) yaşayıb; marşal yox, qraf titulu daşıyıb.

Həqiqi Dartanyan 1644-cü ildə muşketyorluğa başlayıb, Fronda zamanı Mazarinin etibarlı adamı olub, Fukenin həbsində iştirak edib, 1673-cü ildə, Maastrixt döyüşündə həlak olub.

Dartanyanın həyatı xeyli şişirdilmiş şəkildə üç cildli "Dartanyanın memuarları" kitabında təsvir edilib. Amma kitabı o özü yox, Qasyen de Kurtil de Sandra yazıb.

Aleksandr Duma romanını məhz bu psevdomemuara əsaslanaraq yazıb.

Atosun prototipi isə muşketyor Arman de Siyeq Datos Dotvildir. Bu iki Atos arasındakı yeganə bənzərlik ancaq adlarıdır. Həqiqi Atos qaskoniyalı kapitant-leytenant de Trevilin qohumu olub.

Portosun əzəmətli görünüşünü arxasındakı şəxs muşketyor İsaak de Potrodur. O, vaxtından əvvəl istefa verərək Qaskoniyaya gedib, döyüşlərdə aldığı yaraların fəsadları nəticəsində dünyasını dəyişib.

Və nəhayət, Aramis - onun prototipi de Tervilin alayındakı kapitan-leytenantın və həqiqi Atosun qohumu olan muşketyor Anri Daramitsdir.

Anri Daramits xidmət müddəti bitəndən sonra istefaya çıxıb, Bear şəhərinə qayıdıb, evlənib, üç oğlu dünyaya gəlib.

Dartanyanın tarixçəsi "İyirmi il sonra" və "Vikont de Barjelon və ya On ildən sonra" əsərlərində davam etdirilib, amma bu kitabların heç biri birincisi qədər populyar və sevilən olmayıb.

"Üç muşketyor" yüzlərlə dəfə nəşr olunub, 100 dəfədən çox lentə alınıb və heç şübhəsiz, gələcəkdə də bu əsər əsasında film çəkmək istəyənlər çox olacaq.

Dərc olunmuş nüsxələrinin sayına görə dünyadakı bütün bədii ədəbiyyat nümunələri arasında Dümanın kitabları ilk yerlərdən birini tutur. Bu kitabların ümumi sayı milyonlarladadır.

Bu barədə daha geniş