"Asiyalı valideynlərimin tələbkarlığına görə tənha qalmışam"

family pictures Fotonun müəllifi Katie Horwich/BBC

Bir gənc qadın sosial şəbəkə vasitəsiylə həyatıyla bağlı ona məsləhət verilməsini xahiş edib. Onun bu xahişinə cavab olaraq bütün dünya boyu istifadəçilər öz məsləhətlərini göndəriblər.

Heç zaman düşünməzdim ki, özümü tənha hiss etməyim barədə sosial mediada yerləşdirdiyim posta bütün dünyadan bu qədər reaksiya gələcək.

Birdən-birə insanlar mənə məsləhət verməyə, dostluq təklif etməyə başladılar. Çoxları eyni hissləri keçirdiklərini qeyd edirdilər.

Mən yarı-avstraliyalı, yarı-çinliyəm.

Mənə elə gəlir ki, böyüdüyümüz dövrdə bizə qarşı, xüsusiylə də, qızlara qarşı valideynlərin tələbkar münasibətinin kökləri onların immiqrant olmasından qaynaqlanır.

Mən onları çox istəyirəm, lakin düşünürəm ki, şəxsiyyət kimi formalaşmağıma onların təsiri olub.

Mən utancağam, introvertəm, uzunmüddətli dostlarım yoxdur.

Yeniyetmə olanda da özümü tənha hiss edirdim, indi isə hətta daha çox, çünki yetkin yaşlarında dost tapmaq daha çətin olur, artıq hamının öz dost çevrəsi formalaşıb.

Mən istərdim ki, dostlarım çox olsun.

Valideynlərimin evindən ötən il çıxmışam, lakin real həyat barədə bildiyim elə də çox deyil, işdə və potensial sevgilinlə görüşdə, cəmiyyətdə özümü necə aparmalıyam, onu bilmirəm.

Özümü olduğumdan sanki, beş yaş daha kiçik hiss edirəm.

Bu yaxınlarda mənim 25 yaşım tamam olacaq, mən dəyişiklik istəyirəm, amma bunun yolunu bilmirəm.

Valideynlərimin evində qalanda axşam saat 9 olanda sanki, komendant saatı başlayırdı.

Həmişə mənə belə suallar verilərdi: "Gəzməyə kiminlə çıxırsan? Hara gedəcəksiniz? Səni kim gətirəcək?"

Anam məni yola salanda qapının ağzında belə deyərdi: "Axşam saat 9-dək qayıtmasan polisə zəng edəcəyəm".

Fotonun müəllifi Katie Horwich/BBC
Image caption Anam həmişə deyərdi: "Axşam saat 9-dək qayıtmasan polisə zəng edəcəyəm".

"Komendant saatım" çatanda mənə anamdan çoxlu sayda mesajlar gələrdi. Eyni vaxtda atam da mesajlar göndərirdi.

Atam yazırdı: "Niyə evə gəlməmisən!"

Nida işarəsinin qoyulması isə atamın qəzəbləndiyindən xəbər verirdi.

Bəzən isə bu cür mesajlar üçün daha yumşaq ton seçilirdi: "Nahar hazırdır".

21 yaşım olanda onlar gerçəkdən də polis çağırdılar.

Üç aylığa Kanberradan Sidneyə köçmüşdüm, təcrübəçi kimi işləməyə.

Valideynlərim məni ailəvi dostlarıgildə qalmağa məcbur etdilər. Onlar mənim nə vaxt gəlib-getdiyimi izləyirdilər.

Təcrübəçilik dövrünün sonunda bu hadisəni qeyd etmək məqsədiylə işdə bir məclis keçirildi. Mən də həmkarlara qoşuldum.

Qaldığım evdə isə ailəmizin dostları yatmayıb mənim qayıtmağımı gözləyirlərmiş.

Bir azdan sonra anamdan və atamdan mesajlar gəlməyə başladı: "Niyə evdə deyilsən? Evə qayıt".

Mən onlara cavab yazdım ki, işdə bir məclisidir, orada iştirak edirəm, ətraf hay-küylüdür.

Lakin anam elə hey zəng edirdi. Nəhayət, anamın zənginə cavab verdim. Onun qışqırdığı ilk sözlər belə oldu: "Biz haradan bilək ki, səni oğurlamayıblar və bizə cavab yazan səni oğurlayan deyil?".

Valideynlərim o günü hətta polisə də zəng etmişdilər - polisdən isə onlara deyilmişdi ki, mənim 21 yaşım olduğuma görə, onlar heç nə edə bilməzlər.

Ötən Yeni İl qabağı da oxşar vəziyyət yaranmışdı. Mən dostlarımla gecə saat 1-dək bir bayramqabağı məclisdəydim. Valideynlərim elə hey zəng edirdilər, polisə müraciət edəcəklərini bildirirdilər. Bütün tanışlarıma zəng edib məndən xəbər tuturdular.

Bu məni bezdirdi, axı, mən bu cür tədbirlərə nadir hallarda gedirdim və valideynlərimin zənglərinə görə tədbirdən ləzzət ala bilmədim.

Mən artıq o yaşdan çıxmışam ki, valideyinlərim mənim hər addımımı güdsünlər.

Mənə elə gəlir ki, valideynlərimin davranışı mənə yaxşı dostluq əlaqələri qurmağımın qarşısını alıb.

Məktəblik dövründə onlar mənə dostlarımın evinə getməyə icazə vermirdilər, çünki qız evdən kənarda vaxt keçirməməlidir - bu "düzgün başa düşülməyə bilərdi".

Onlar mənim sinif yoldaşlarım barədə hər şeyi bilməyə çalışırdılar. Mənə yalnız vyetnamlı və livanlı qız rəfiqələrimlərlə vaxtımı keçirməyə icazə verilirdi, çünki valideynlərim onları tanıyırdı. Dostlarım isə gərək, yalnız qız olardılar.

Fotonun müəllifi Katie Horwich/BBC
Image caption "Dostlarım yalnız qızlar olmalı idi"

Mənim 13 yaşım olanda onlar onlayn danışdığım bütün adamları izləyirdilər.

Onlar mənim email-imin inbox-una baxanda yüzlərlə emaili silirdilər.

15 yaşımadək anam mənimlə yolu keçəndə əlimdən tutub keçirdi.

Valideynlərimin təsirinin altına ən çox düşən böyük qardaşım olub. Onun az qala 30 yaşı var və indiyədək heç yerdə işləməyib. Bütün günü evdə oturub videoya baxır, kompüterdə oyunlar oynayır.

O, testlərdən 96/100 bal toplayıb, yaxşı universitetə daxil olub, magistr dərəcəsini alıb, lakin özünə layiq bilməyən işdə, misal üçün admin işində işləmək istəmir, anam isə işədüzəlmə məsələsinə onun bu cür yanaşmasını dəstəkləyir.

Böyük qardaşım rədd cavabına dözə bilmir, emosional dözümlüyü və ünsiyyət qurmaq bacarığı yoxdur.

İş o yerə çatıb ki, valideynlərim səyahətə çıxanda da onu özləriylə aparırlar, sanki, o hələ uşaqdır.

İkinci qardaşım isə məktəbdə pis oxuyub. Ona görə də evdə ona daha az təzyiq edilib. O, universitetdə oxumayıb, 16 yaşından işləməyə başlayıb və hazırda maliyyə sektorunun təhlilçisi kimi işləyir və maaşı da orta maaş səviyyəsindən yüksəkdir. Onun indi 27 yaşı var və valideynlərimizdən ayrı yaşayır.

Kiçik bacım isə ailəmizin ən kiçik övladıdır. O, valideynlərimizlə şirin dillə danışmağı, lazım gələndə yalan da işlətməyi bacarır və bu səbəbdən özünü daha azad hiss edə bilir.

Bir dəfə mən anama birbaşa sual verdim: "Nə vaxtadək məni güdəcəksiniz, buna nə vaxt son qoyulacaq?"

"Hətta yaşın 40 yaşını keçsə də belə, mən bunu davam edəcəyəm", - anamın cavabı belə oldu.

O, bunu tamamailə ciddi deyirdi. O düşünür ki, mən ömrümün sonunadək subay qalacağam.

Kinolarda göstərirlər ki, qızlara işlərinə, tanışlıqlarına dair dəstək və məsləhət verən dostları olur.

Mənim belə dostlarım olsaydı, düşünürəm ki, romantik münasibətlər qurmaqda mənim bu qədər səhvim olmazdı.

Mənim postumdan sonra xeyli insan mənə yazdı, mən də onlara mümkün qədər tez cavab göndərməyə çalışıram.

Keçirdiyim gözəl hisslər təsviredilməzdir.

Bir oğlan mənə yazıb ki, onun da valideynləri çox sərt xasiyyətlidirlər. Odur ki, o, üsyan edərək nəşə qəbul edib, içki içib, sekslə məşğul olub. Mən onunla iki saatadək telefonla danışmışam. Düşünürəm ki, o mənə mentorluq edə bilər.

Mənə yazanlar çoxlu kitab və roman oxumağı məsləhət görüblər. Daha bir mesajı isə kifayət qədər faydalı saydım. Həmin mesajda mənə özümü psixiatra göstərmək və psixoloji sağlamlığımla bağlı məsələləri müzakirə etməkdən çəkinməmək məsləhət görülüb.

Daha bir məsləhət isə özüm üçün hobbi tapmaq olub - deyirlər ki, bundan sonra dostları daha asan əldə edə bilərərm.

Fotonun müəllifi Katie Horwich/BBC

Mən stolüstü oyunların həvəskarıyam - lakin bu cür oyunlar üçün qarşı tərəf də olmalıdır.

İndi məndə stolüstü tennis və ya badminton oynamaq həvəsi də yaranıb.

Eləcə də istərdim ki, kiminləsə səyahətə çıxım, çimərliyə gedim, müxtəlif yerləri gəzib dolaşım.

Bilirəm ki, bunun üçün özümü bir az əziyyətə salmalıyam. Amma əziyyət çəkməyə dəyər, çünki istəyirəm ki, xoşbəxt olum, dostlarım olsun.


Karen-dən bəzi faydalı məsləhətlər

  • Teleseriallar azarkeşisinizsə serialsevərlər icmasına qoşulun, onlarla görüşlərdən çəkinməyin. Onlar mehribandırlar və ümumi maraq dost tapılmasına kömək edə bilər.
  • Çalışın tez-tez "İnan mənə" cümləsini işlədin. Misal üçün, valideynlərimə hansısa bir faktdan danışanda, axırda həmişə "inan mənə" cümləsini də əlavə edirəm. Eləcə də, nəyisə xahiş edəndə çalışın, gülümsəyin və başınızla təsdiqləyici işarə edin.
  • Xeyriyyə təşkilatlarına könüllü işçi kimi qoşulun, kitab klublarına üzv olun, xorlarda iştirak edin, digər bu kimi fəaliyyət növlərində iştirak edin.
  • Cəsarətli olun və insanları görüşə dəvət edin. Yox cavabı alanda cəhdlərinizi kəsməyin, cəhdlərinizi davam edin.
  • Əgər siz ekstrovert deyilsinizsə, tez bir zamanda bezə bilərsiniz. Odur ki, tələsməyin, ətrafınızdan (iş yerindən/klublardan/kurslardan) başlayın və zaman amili öz işini görəcək.
  • Kim olduğunuzu özünüz üçün aydınlaşdırırn. Tez-tez görüşlərə gedin. Özünüzə nə qədər çox inansanız, o qədər də çox dost əldə edə bilərsiniz.

Bu barədə daha geniş