Alim və investor. Putinin qızının biznesdə ilk addımları

Müsahibə
Image caption Putinin qızının göstərildiyi süjet "Rossiya 1" kanalında 1 iyulda nümayiş etdirilib

Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova Rusiya səhiyyəsinin ən böyük özəl investisiya layihəsinin reallaşdırılmasında iştirak edən şirkətin ortağı imiş. Dəyəri 40 milyard rubl olan, böyük oyunçular və məmurlar tərəfindən dəstəklənən bu layihə xərçənglə müasir mübarizə üsullarına fokuslanıb.

İyulun əvvəlində Sankt-Peterburqda "Nüvə səhiyyəsi" adlı ilk sahə simpoziumu keçirilib. Tədbir neytron dağılması üzrə yeddinci Avropa konfransının tərkib hissəsi olaraq təşkil edilib.

Konfransın proqramında onu hətta "mikrosimpozium" olaraq qeyd ediblər, halbuki, bu təyinat heç də spikerlərin statusuna uyğun gəlmir. Tədbirdə baş nazirin müavini Tatyana Qolikova, Peterburqun müvəqqəti qubernatoru Aleksandr Beqlov və "Kurçatov İnstitutu" Elmi Araşdırma Mərkəzinin prezidenti Mixail Kovalçuk çıxış ediblər.

Mikrosimpoziumu az tanınan, təzəlikcə (yanvar, 2019) yaradılmış "Yeni təbabət şirkəti" ("Новая медицинская компания" - «Номеко») təşkil edib.

Dəyəri 40 milyard rubl olan şirkət çoxfunksiyalı səhiyyə kompleksinin tikintisini nəzərdə tutan irimiqyaslı layihədə iştirak edir. "Nomeko"nun aksionerlərindən biri də Mariya Vladimirovna Vorontsovadır.

"The New Times" jurnalının yazdığına görə, bu, prezident Vladimir Putinin böyük qızıdır.

İndiyə qədər Vorontsovanın ancaq elmi uğurları barədə informasiya vardı. Bu məqalədə BBC onun ilk biznesi haqqında məlumat verir.

Möhtəşəm planlar

"Bu, ən təminatlı tibb mərkəzlərindən biri olacaq" - iyunun 29-da "İzvestiya" qəzetinə verdiyi müsahibədə "Soqaz Meditsina" şirkətinin direktoru Vladislav Baranov belə deyib. Şirkət Leninqrad vilayətində reallaşdıracağı layihəni 2021-ci ildə yekunlaşdırmağı planlaşdırır.

"Soqaz" sığorta şirkətinin tibbi xidmtələrə investisiya qoyması təbiidir. Könüllü tibbi sığorta (KTS) bazarının 40%-i bu şirkətə məxsusdur.

Dövlət satınalmaları barədə məlumatlardan göründüyü kimi, Leninqrad vilayətinin hökuməti və "Qazprom"un, "Rosneft"in, "Rosatom"un strukturları öz işçilərinə sığorta polisini məhz "Soqaz"dan alıblar.

Şirkətin sədr müavini Putinin qardaşı nəvəsi Mixail Putindir, şirkətə isə Anton Ustinov rəhbərlik edir. O, neft və qaz üzrə Putinin məsləhətçisi və İqor Seçin hökumətdə işlədiyi dövrdə onun aparat əməkdaşı olub.

Yüksək texnologiyalı, çoxfunksiyalı, "Avropa səviyyəli" onkologiya mərkəzi olan kompleks tikintisinə "Soqaz"ın investisiya qoyacağını ilk dəfə ötən ilin payızında Leinqrad vilayətinin hökuməti açıqlayıb.

Şirkətin məlumatında deyilirdi ki, kompleks Fin körvəzinin yaxınlığında, Vsevoljsk rayonun Yukka kəndində inşa ediləcək.

Layihə üçün 30,4 hektarlıq meşə ərazisi nəzərdə tutulmuşdu, kompleksin sahəsi 110 min kv.m təşkil etməliydi.

Fotonun müəllifi NOMEKO.RU
Image caption Leninqrad vilayətində çoxfunksiyalı təbabət kompleksinin layihəsi

2019-cu ilin yanvar ayında federal hökumət meşə fondunun Yukka yaxınlıqdakı 30,4 hektarlıq hissəsini sənaye torpağı kateqoriyasına keçirib. Bu ərazi dövlətə məxsusdur, "Soqaz"ın sturkturu («Soqaz Tibb Texnologiyaları ÇMM» MMC) bu ilin may ayında 49 illiyə icarəyə götürüb ("Rosreyestr"in məlumatı).

Ərazi Leninqrad vilayətinin prestijli rayonlarından birində yerləşir.

Obyektlərin satış qiymətinə görə Vsevoljsk Kurort rayonundan - Peterburq "Rublyovka"sından ("Knight Frank St Petersburg" şirkətinin araşdırmalar şöbəsinin rəhbəri Svetlana Moskovçenkonun BBC-yə verdiyi məlumata görə, Peterburq qubernatorunun evi burda yerləşir) sonra ikinci yeri tutur.

Hökumətin o ərazini tikinti üçün ayırması və layihəni reallaşdıracaq "Nomeko" şirkətinin yaranması eyni vaxta təsadüf edir.

"Nomeko"nun yaranması

Peterburqun mərkəzində, Nevski prospekti və Xilaskar Qan Kilsəsi yaxınlığında, Çeboksar döngəsindəki binada sığorta paketi almaq, stomatoloq qəbuluna yazılmaq olar. Binanın əsas icarədarı "Soqaz", sahibi isə "Soqaz-Əmlak" şirkətidir ("Rosreyestr"in məlumatı).

"Nomeko" şirkəti məhz burada qeydiyyatdan keçib. BBC-nin əməkdaşı Çeboksar döngəsindəki binada işləyənlərdən şirkətin burda yerləşib-yerləşmədiyini soruşub. Onlar bu adı ilk dəfə eşitdiklərini deyiblər.

Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin məlumatına görə, "Nomeko"nun nizamnamə kapitalı yarım milyon rubldur. Şirkətin beş təsisçisi var, hər biri 100 min rubl daxil edərək kapitalın 20%-inə sahib olub, onlardan dördü şirkətin Direktorlar Şurasında təmsil olunub.

Ortaqlardan biri "Soqaz Meditsina"dan olan həmin Baranovdur. Digər üçü prezident yanında elm və təhsil şurasının idarə heyətinin üzvü və təhsil nazirinin keçmiş müavini Sergey Mazurenko, "Soqaz"ın beynəlxalq tibb mərkəzinin baş həkimi Andrey Obrezan və Natalya Buqayenkodur.

Buqayenko haqqında məlumat azdır. Bu ilin iyul ayına qədər o, "Nomeko"nun ilk baş direktoru olub. Çox güman, Buqayenko "Soqaz Meditsina"nın əməkdaşıdır. "ÇMM Soqaz" MMC əməkdaşlarının 2017-ci ildəki ezamiyyət xərcləriylə bağlı publik sənədlərin birində onun da adı var.

"Nomeko"nun beşinci aksioneri Mariya Vladimirovna Vorontsovadır.

Nə üçün BBC bu qənaətə gəlib ki, "Nomeko"dan olan Vorontsova Putinin bu soyadı daşıyan qızıyla eyni adamdır? İyulun əvvəlində "Rossiya 1" dövlət kanalında "Sülhpərvər atom: Rusiyada unikal nüvə təbabəti mərkəzi yaranacaq" adlı süjet efirə gedib.

Həmin süjetdə deyilib ki, 2021-ci ildə Peterburq ətrafında "unikal siklotron"u (ağır yüklü hissəciklərin (proton, ion) sürətləndiricisi) olan nüvə təbabəti mərkəzi olacaq.

Süjetdə bu xəbəri "Nomeko" Direktorlar Şurasının üzvü kimi şərh edənlərdən biri Vorontsova olub. Putinin ailəsinə yaxın olanlardan biri təsdiq edib ki, bu, Rusiya prezidentinin böyük qızıdır.

Fotonun müəllifi VLADIMIR RODIONOV/TASS
Image caption Putinin ailəsiylə birlikdə son şəkli 2002-ci ildə dərc edilib, amma artıq o vaxt qızlarının üzü gizlədilirdi

Vorontsovanı dövlət kanallarında əvvəllər də göstəriblər.

2017-ci ildən etibarən o, "Rossiya 1", "Rossiya 24" kanallarının süjetlərində yer alıb. İyuldakı süjetə qədər Vorontsovanı Səhiyyə Nazirliyinin endokrinologiya üzrə Milli Tibbi Araşdırmalar Mərkəzinin elmi əməkdaşı kimi təqdim edirdilər.

"The New Times" jurnalı bu adı və vəzifəni daşıyan şəxsin president Putinin böyük qızı olduğunu yazıb.

"Reuters" agentliyi isə 2015-ci ildə məlumat verib ki, Putinin böyük qızı Mariya Moskva Dövlət Universitetinin fundamental təbabət fakultəsinin məzunudur və endokrinologiya üzrə ixtisaslaşır.

BBC bununla bağlı Kremlin mətbuat xidmətinə sorğu göndərib və cavab gözləyir.

Qeyri-publik şəxs

Rusiya prezidenti öz övladları haqqında danışmağı xoşlamır. Vorontsovanın bioqrafiyasının detalları onun namizədlik dissertasiyasına verilən rəylərdən bəlli olur. İndi Mariyanın 34 yaşı olmalıdır.

2014-cü ildə o, MDU-nun fundamental təbabət fakultəsini bitirib ("müalicə işi" ixtisası üzrə). 2014-cü ilə qədər Səhiyyə Nazirliyinin Uşaq Endokrinologiyası İnstitutunun Dövlət Federal Büdcə İdarəsi "Endokrinoloji elmi mərkəzi"ndə ordinatura keçib.

Bundan sonra həmin institutun böyümə və somantik inkişaf şöbəsi bazasında aspiranturada oxuyub.

"Hipofizar nanizmi olan uşaqların böyümə hormonu preparatlarıyla müalicəsi: tibbi və iqtisadi aspektlər" mövzusunda dissertasiyasını Mariya iki il əvvəl müdafiə edib.

Hipofizar nanizm və ya cırtdanlıq - orqanizmdəki boy hormonunun çatışmazlığı ucbatından fiziki inkişafın və boy atmanın dayanmasıdır. Rusiyada bu xəsətlikdən əziyyət çəkən 4 min uşaq qeydə alınıb.

Vorontsova həm də Rusiya Gənc Endokrinoloqlar Cəmiyyətinin sədr müavinidir. Saytdakı səhifəsində onun dörd dil (ingilis, alman, fransız, niderland) bildiyi yazılıb.

"The New Times" jurnalı və "Reuters" agentliyi yazıblar ki, Vorontsovanın əri niderlandlı iş adamı Yorrist Yost Faassendir. 2006-cı ilin aprelində o, Rusiyaya ""Qazprom" MMC-də işə düzəlmək üçün" gəlib, artıq 2007-ci ildəsə bu şirkətdə biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin edilib.

"The New Times" jurnalı iddia edib ki, həmin dövrdə o, artıq Mariyayla tanışıydı, amma prezident qızının Fassenlə nə vaxt ailə qurduğu məlum deyil. Elmi məqalələrini Mariya bəzən ərinin soyadıyla dərc etdirir.

Image caption Keçən ildən etibarən Putinin kiçik qızı Katerinanı da dövlət kanallarında göstərməyə başlayıblar

Nüvə təbabəti mövzusu Vorontsovanın kiçik bacısına - Katerina Vorontsovaya da yad deyil. Proton terapiyası mərkəzi Lomonosov adına MDU-nun texnologiya vadisində tikiləcək. Bu layihə Tixonovaya məxsus "İnnopraktika" şirkətinin kurasiyasındadır, tikintini dövlət şirkəti "Rostex" reallaşdıracaq.

"İnnopraktika" 2015-ci ilin yanvar ayında məşhurlaşıb. RBK-nın nəşri məlumat verib ki, şirkət MDU-nun elmi texniki vadiylə genişləndirilməsi istiqamətində irimiqyaslı layihə üzərində işləyir. MDU əməkdaşlarından biri BBC-yə deyib ki, hazırda bu layihənin dəyəri 110-120 milyard rubldur. Tixonovanın preident Putinin kiçik qızı olduğunu "Reuters" və "Bloomberg" yazıb.

MDU, "Rostex" və "İnnopraktika" BBC-nin suallarına cavab verməyiblər; o cümlədən, Mariya Vorontsova da Rusiya Gənc Endokrinoloqlar Cəmiyyətinin saytındakı şəxsi profilində qeyd olunmuş elektron ünvana göndərilən sualları cavabsız qoyub.

Yenə orda göstərilən "Whatsapp" nömrəsinin profilinə ilanı qabdan yemləyən qadın heykəlinin şəkli qoyulub. Bu Gigieyadır - yunan mifologiyasındakı sağlamlıq ilahəsi. Bu nömrəyə edilən zənglər və yazılan mesajlar da cavabsız qalıb.

Daha möhtəşəm planlar

"Nomeko" iyul ayında Peterburqda keçirdiyi simpoziumda (yaradılmasından cəmi altı ay sonra) Leninqrad vilayətində tikilməsi nəzərdə tutulan təbabət kompleksinin yeni layihəsini təqdim edib və layihənin bu variantı vilayət məmurlarının dediklərindən daha möhtəşəm olub.

Kompleksin sahəsi iki dəfə artırılaraq 200 min kv.metrə çatdırılıb. Bu, Avropanın ən böyük ticarət mərkəzi olan "Aviapark"ın yarısı, Botkin xəstəxanasının bütün sahəsi qədər ərazi deməkdir.

İndi plana onkoloji mərkəzin, çoxprofilli klinikaların, reabilitasiya və tibbi idman mərkəzinin, təhsil kompleksinin və nüvə təbabəti mərkəzinin tikintisi də daxil edilib. "Nomeko"nun prezentasiyasında bildirilib ki, qalereyalar vasitəsilə bütün binalar arasında əlaqə yaradılacaq.

Yeni təbabət mərkəzi bir il ərzində 20 min xəstə qəbul edəcək, orda hər il 10 minə yaxın əməliyyat gerçəkləşdiriləcək. 3500 pasient stasionarda onkoloji müalicə alacaq. "Nomeko" vəd edir ki, yeni kompleks təminat səviyyəsinə görə dünyanın 3 ən yaxşı tibb müəssisəsindən biri olacaq.

Amma "Soqaz"ın əsas "fişka"sı proton terapiyası mərkəzidir. Nüvə təbabətindəki bu üsul onkoloji xəstəliklərin müalicəsində müasir istiqamətlərdən biridir.

O, şüa terapiyasından daha az zərərlidir və xərçəng şişinin vacib orqanlara yaxın olduğu hallar üçün nəzərdə tutulub. Proton terapiyasından beyin, baş, boyun və digər xərçəng şişlərinin müalicəsi zamanı, daha çox da uşaqların müalicəsində istifadə olunur.

"Nüvə təbabəti" simpoziumunda bu haqda Vorontsova da danışıb:

"Əlbəttə ki, uşaqlara böyüklər üçün olan müalicənin tam eynisini tətbiq etmək olmaz, amma nüvə təbabəti pediatriya üçün də çox aktualdır. Uşağa yetkin yaşlı adamın kiçik versiyası kimi yanaşmaq olmaz.

Buna baxmayaraq bir çox şiş növlərinin radiofarmpreparatlarla müalicəsi üsulu özünü doğruldub. Problem ondadır ki, bu sahədə araşdırmaların sayı azdır və buna görə də terapiya sxemlərini optimallaşdırmaq mümkün olmur".

2020-ci ildən etibarən pasientlər üçün proton terapiyasının xərcini dövlət ödəyəcək - Məcburi Tibbi Sığorta Fondunun vəsaitləri hesabına. 2020-ci ildə buna 5 milyard rubl, 2021-ci ildəsə 5,5 milyard rubl vəsait ayrılacaq.

Bu vəsait hər il 2 min pasientin müalicə xərcini ödəməyə imkan verəcək (Bir pasientin müalicəsi təxminən 2-2,5 milyon rubla başa gəlir). Amma Rusiyada bu müalicəyə hər il 25-35 min arası pasiyentin ehtiyacı olur, onlardan təxminən 3 mini uşaqlardır (RİA "Novosti").

Kompleksin 2021-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub. Hələ ki, tikinti işləri başlamayıb - BBC-nin müxbiri ərazidə ancaq sıx meşəlik görüb.

Image caption BBC-nin əməkdaşı təbabət kompleksinin tikiləcəyi ərazidə ancaq sıx meşəlik görüb

"Soqaz" layihəyə qoyulan investisiyasnın məbləğini rəsmi olaraq açıqlamır (Şirkətin mətbuat xidməti BBC-nin bununla bağlı sualına cavab verməyib). Aprel ayında "RBK Peterburq" nəşri "Soqaz"dakı mənbəyə istinadən layihənin 30 milyard dəyərində olduğunu yazıb.

Şimal-qərbdəki ən böyük və çoxprofilli "Skandinaviya" və "ABA-Peter" klinikalar şəbəkəsinin qurucusu Qleb Mixaylikin sözlərinə görə, layihənin dəyərini hər kv.metrə 3 min avro (210 min rubl) xərc nəzərdə tutaraq hesablamaq lazımdır.

Deməli, layihəyə qoyulacaq investisiyanın məbləği 40 milyard rublu keçə bilər. "Soqaz"ın əməkdaşı da BBC-yə bu məbləği deyib.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, "Bu mərkəzin tikilməsinə və işinin təşkilinə şəxsi biznes tərəfindən investisiya qoyulması ölkəmiz üçün müstəsna haldır".

Onun sözlərinə görə, yeni təbabət kompleksi sayəsində vilayət "sağlamlıq turizminin dünya səviyyəsində inkişafı üçün ölkənin xəritəsində dayaq nöqtəsinə çevriləcək".

Qeyri-publik şirkət

"Nomeko" bu bahalı layihədəki formal rolunu nə KİV-də, nə prezentasiyalarda, nə də öz saytında açıqlayıb. "Nomeko" və yeni təbabət mərkəzi haqqında materiallar "Rossiya 1" kanalında nümayiş etdirilmiş süjetlə eyni vaxtda aksionerləri "Soqaz" və Putinin yaxın dostu Yuri Kovalçuk olan "Milli Media Qrupu"ndakı "İzvestiya" qəzetində, "Beşinci kanal"da və "REN TV"-də işıqlandırılıb. Amma bu materialların heç birində "Nomeko"nun özü və fəaliyyəti barədə hər hansı məlumat verilməyib.

"Nomeko"nun saytında yazılıb ki, şirkətin məqsədi "diaqnostika və müalicənin yüksək texnologiyalı üsullarını klinikalarda səmərəli şəkildə tətbiq etmək üçün aparıcı elmi araşdırma təşkilatlarıyla tibb müəssisələri arasında qarşılıqlı fəaliyyət interfeysi yaratmaqdır".

Buna nail olmaq üçün "Nomeko" nüvə təbabəti də daxil olmaqla, diaqnostika və müalicənin yeni üsullarını inkişaf etdirəcək və sertifikatlaşdıracaq. Eyni zamanda, "maksimum qısa müddət ərzində" diaqnostika və müalicənin yeni üsullarının kardiologiyaya tətbiqini təmin etmək də şirkətin planları arasındadır.

Bundan başqa, şirkət həkimlərin və mütəxəssislərin əlaqəli təlimi üçün sistem yaratmağı, o cümlədən, şirkətin bütün biznes sahələri və böyk məlumatlarla iş üçün vahid İT-platforma qurmağı da planlaşdırır.

"Nomeko" öz partnyorlarını da açıqlayıb - "Soqaz Meditsina", EAM "Kurçatov İnstitutu" və Beryozin Sergey adına Tibb İnstitutu (BSTİ).

BSTİ Direktorlar Şurasının sədri Arkadi Stolpner deyir ki, "Nomeko" layihədə əsas rollardan birinə sahib olacaq: "Bildiyim qədərilə şirkət kompleksin idarəçiliyini öz üzərinə götürəcək və ola bilsin, tikintisiylə də məşğul olacaq.

Amma onun əsas vəzifəsi "təlabatı təşkil etməkdir", yəni klinikanı işə hazır personal və müasir texnikayla təmin etmək və onun işini təşkil etmək".

"Nomeko"nun mətbuat xidməti BBC-nin suallarına cavab verməyib.

Fotonun müəllifi LENOBL.RU
Image caption Leninqrad vilayətində tikiləcək çoxfunksiyalı təbabət kompleksi, yuxarıdan görünüş

Elit hospital

Qleb Mixaylik Leninqrad vilayətində təbabət kompleksinin tikilməsini hazırda Rusiya səhiyyə sisteminin ən böyük investisiya layihəsi adlandırır. O, kompleksi hipermarketlə müqayisə edir:

"Bu, həqiqətən də tibbi xidmətlərin hipermarketi olacaq. Orda diaqnostika və poliklinika xidmətlərindən tutmuş ən mürəkkəb tibbi yardıma qədər hər şey olacaq. Hospital dünyada mövcud olan ən müasir tibbi texnologiyalardan istifadə etmək imkanı qazanacaq".

O, həmçinin qeyd edir ki, Rusiyanın ən böyük sığorta şirkətlərindən biri olan "Soqaz" müştəri axının öhdəsindən gələ bilmir: "Bütün məşhur şirkətlər öz işçilərinə "Soqaz"ın sığorta polisini alırlar.

Bir çox səbəblərə görə, Rusiya elitasına elit hospital lazımdır".

"Nomeko"nun baş direktoru Baranov "Beşinci kanal"a müsahibəsində deyib ki, tibb mərkəzində İcbari Tibbi Sığorta üzrə də polislər almaq mümkün olacaq.

Səhiyyə Nazirliyi hələ ki, mərkəzin gələcəyini proqnozlaşdırmır. Nazir Veronika Skvortsova BBC-nin "Dövlət yeni klinikayla necə əməkdaşlıq edəcək" sualına "Bu haqda danışmaq hələ tezdir" deyə cavab verib.

"Bizdə dövlət - sahibkar əməkdaşlığı forması çox yayğındır, pulsuz tibbi yardıma dövlət təminatı proqramınyla çalışan təşkilatların 34%-i özər qurumlardır.

Ona görə də onların (yeni kompleksin) bizə yardım etmək gücünü biləndə baxarıq, görək, pulsuz xidmətin hansı həcmini dövlət "Soqaz"dan ala bilər". Skvortsova həmçinin qeyd edib ki, təbabət mərkəzi ilk növbədə onkoloji xəstəliklərin müalicəsiylə məşğul olacaq.

BSTİ Direktorlar Şurasının sədri Arkadi Stolpner vurğulayıb ki, artıq onların institutu proton terapiyasını tətbiq edir, bir regionda oxşar funksiyalı iki mərkəzin olması məntiqli deyil, ona görə də yeni klinikanın nüvə təbabətinin başqa sahəsiylə, məsələn, karbon terapiyasıyla məşğul olması daha doğru olardı.

Onun sözlərinə görə, 2025-ci ildə dünyada 100-ə yaxın proton terpaiyası mərkəzi olacaq, ona görə də Leninqrad vilayətinə sağlamlıq turistlərinin böyük axınına ümid etmək lazım deyil.

Bundan başqa, Stolpner qeyd edir ki, proton terapiyası sahəsində texnologiyaların dəyişməsi riski böyükdür.

Xərçəngin Profilaktikası Fondunun direktoru İlya Fomintsevsə yeni kompleksin personal təminatı problemiylə üzləşə biləcəyinə diqqət çəkir. O deyir ki, Sankt-Peterburqun bütün yaxşı onkoloqları artıq müəyyən komandalarda çalışırlar və öz yerlərini tərk etmək istəməzlər.

Andrey Zaxarov, Yuri Baranyuk və Yana Milyukovanın iştirakıyla

Bu barədə daha geniş