BBC Almaniya xidməti Hitleri necə lağa qoyub?

Hitler Fotonun müəllifi Getty Images
Image caption "Bütün tiraniyalar kimi, milli sosializm də son dərəcə ciddiydi və yumoru sevmirdi"

İkinci dünya müharibəsi illərində BBC-nin Almaniya xidməti sıravi almanların hisslərinə xitab edə bilmək, Üçüncü reyxdə nasistlərin informasiya üzərindəki monopoliyasını aradan qaldırmaq üçün satiradan istifadə edib.

1940-cı il. London. Hava çoxdan qaralıb. Avstriyalı emiqrant Robert Lukas masa arxasında oturub yazır. Hər gecə şəhərə bombalar atılır, Hitlerin orduları Avropada hər gün yeni qələbələr qazanırlar, onların İngiltərəyə daxil olması gün-gündən daha real görünür.

Hava həyəcanı siqnalının yüksək səsinə, Lukasın dediyi kimi, "müharibə mexanizmlərinin cəhənnəm səslərinə" baxmayaraq o öz işindədir - "almanların ruhunu xilas etmək uğrunda mübarizə aparır".

Robert Üçüncü reyxin vətəndaşları üçün hazırlanan radioverilişin ssenarisini yazır. Bu onları güldürmək cəhdidir.

Lukas BBC-nin Almaniya xidmətində 1938-ci ilin sentyabr ayından - bu xidmət Süveyş böhranının pik nöqtəsində tələsik yaradılan gündən çalışır. Elə o vaxtdan xidmətin məqsədi nasistlərin Üçüncü reyx daxilindəki informasiya monopoliyasını dağıtmaq idi.

Nasistlər Londondan həyata keçirilən yayına əngəl ola bilmirdilər, radiodalğalar onlara tabe olmurdular. Ona görə də müharibə başlayan kimi hitlerçilər düşmənlərin verilişlərini dinləməyi qadağan etdilər.

Image caption 1938-ci ildən etibarən Robert Lukas (solda) BBC-nin Almaniya xidməti üçün satirik radioproqramlar hazırlayıb.

Bu qadağanı pozanları həbs edir, dinləyib başqalarına danışanları öldürürdülər.

Britaniya radiosunu dinləməyə cəsarət edənlər çox ehtiyatlı olmalıydılar - donosçular hər yerdəydilər. Qonşular xarici radionun səsini eşitməsinlər deyə radioqəbulediciylə birlikdə ədyalın altına girmək lazım gəlirdi.

Bəs, nə üçün belə dramatik situasiyada BBC Almaniya xidməti satiraya əl atmışdı? Axı, o günlərdə britaniyalıların özlərinin zarafata ehtiyacı vardı, "Yenə bu adam!" satirasının uğuru bunu çox aydın göstərmişdi (Kargüzarlığın situasiyanı dərinləşdirilmək və gözə kül üfürmək üzrə naziri rolunda çıxış edən komediya aktyoru Tomm Hendlinin proqramı belə adlanırdı - red.)

Düşmən arxasında gizlənən təbliğat? Kim öz həyatını təhlükəyə atıb ona qulaq asacaqdı?

Həqiqətən də, Lukas özünün "Die Briefe des Gefreiten Adolf Hirnschal" ("Sıravi Adolf Hirnşalın məktubları") verilişini hazırlamağa başlayanda Almaniyada onu dinləyəcək heç olmasa, 50 adamın tapılacağına əmin deyildi.

Sonralar xatırlayacağı kimi, o, "bircə səsin də eşidilmədiyi qaranlığa" danışırdı.

Lukasın proqramının 1940-cı ildə efirə çıxmağa başlaması (digər iki satirik radioseriyayla - "Frau Vernike" və "Kurt və Villi" proqramlarıyla birlikdə) yeni yaradılmış Almaniya xidmətinin necə cəsarətlə eksperiment etdiyini göstərir.

Image caption İkinci dünya müharibəsi illərində BBC-də komediya aktyoru Tommi Hendlinin "Yenə bu adam!" adlı satirik proqramı yayımlanıb.

Almaniya xidmətində nə yetəri sayda əməkdaş və lazım olan qədər avadanlıq, nə də gündəlik antitəbliğat işini təmin edə biləcək zəruri təşkilatlanma vardı. Üstəlik, bu, tam kəşf edilməmiş sahəydi: radio hələ də yeni KİV növü hesab olunurdu, düşmən ərazisinə yayım etməksə tamamilə yeni təcrübəydi.

Eyni zamanda, bu durum yaradıcılıq və eksperiment (bəzən ümidsiz də olsa) atmosferi yaradırdı. Lukas "Sırafi Adolf Hirnşalın məktubları" ideyasını təklif edəndə, BBC rəhbərliyi "Yaxşı, gəlin, bunu da sınaqdan keçirək" deyə cavab vermişdi.

Həmin satirik proqramlar BBC, təbliğata cavabdeh olan Britaniya məmurları və almandilli qaçqın-imiqrantlar arasında qəribə koalisiyanın nəticəsi olaraq meydana gəlmişdi.

Bir tərəfdən Britaniyanın rəsmi şəxsləri israr edirdilər ki, Almaniya xidmətinin yayını istisnasız olaraq ingilis variantında olmalıdır - "Yorkşir pudunqi qədər ingilis variantında".

Amma bu xidmət həm də alman mentalitetini bildiyini və anladığını nümayiş etdirməliydi, ona görə də hələ də şübhəylə yanaşılan imiqrantların (Axı, onların vətəni İngiltərənin düşməniydi) köməyinə ehtiyac vardı.

Tərcümə çətinlikləri

Bu qəribə alyans sayəsində qeyri-adi məzmunlu proqramlar yarandı.

"Adolf Hirnşal" cəbhə xəttində olan alman kapralın öz arvadına göndərdiyi uydurma məktublar seriyasıydı. Onları yollamazdan əvvəl kapral yazdıqlarını cəbhə yoldaşına oxuyurdu.

İlk baxışdan Adolf Hirnşal "sevimli fürerə" sadiq biri kimi görünür. Ancaq onun sədaqət izharı o qədər saxta və ağlasığmaz səslənir ki, proqram müəlliflərinin məqsədi aydınlaşır - nasist şüarların riyakarlığını göstərmək.

Rusiyaya müharibə elan ediləndən dərhal sonra qələmə aldığı ilk məktubunda Adolf arvadına sovet sərhədinə göndərilmələriylə bağlı leytenantdan eşitdiyi xəbərə necə sevindiyini yazır:

"Mən həyəcanla yerimdən sıçrayıb dedim: Cənab leytenant, icazə vermənizi xahiş edirəm ki, artıq ruslarla vuruşmağa başlayacağımıza nə qədər çox sevindiyimi izhar edim. Məgər bizim sevimli fürerimiz hələ 1939-cu ildə deməmişdimi ki, ruslarla dostluğumuz əbədi və dönülməzdir?"

Hirnşal mütləq sədaqət maskası altında hitlerçi siyasətin Rusiyaya münasibətdə necə riyakar olduğunu ortaya qoyur.

Alman incəsənət tarixçisi və yazıçısı, 1936-cı ildə İngiltərəyə qaçmış Bruni Adler eyni metoddan "Frau Vernike" seriyasında istifadə edir.

Burada baş qəhrəman Berlindən olan sərt, amma xeyirxah və boşboğaz evdar xanımdır. Öz monoloqlarında o, haqsızlıqdan, ərzaq talonlarından və müharibə dövrünün digər çətinliklərindən şikayətlənir və bu zaman kifayət qədər sağlam düşüncə nümayiş etdirir.

Onun nasizmə sadəlöhv dəstəyini müharibə dövrünün sərt reallıqlarıyla toqquşduran Adler öz məqsədinə nail olur.

Bir gün frau Vernike rəfiqəsindən niyə bu qədər kefsiz olduğunu soruşur və dərhal da suala özü cavab verir.

"Doğrudanmı, ancaq ona görə ki, sənin ərin öz müəssisəsini bağlamaq məcbiriyyətində qalıb, oğlunsa vermaxtda vuruşur və bundan iyrənib? Ya da ona görə ki, qızın Elzbet ikinci ildir ictimai işlərlə məşğuldur və dediyinə görə, sənin artıq ailə həyatın yoxdur? Yəni sən bundan narazısan?"

Bütün bunlar sərt ironiya kimi səslənirdi.

Image caption BBC Avropa yayınlarının direktoru Noel Nyusam Almaniya üçün hazırlanan verilişərdə satiradan istifadə edilməsinə şübhəylə yanaşırdı.

"Kurt və Villi"nin ssenarilərini də Bruno Adler yazırdı. Bu proqram iki dostun dialoqundan ibarətiydi. Onlardan biri məktəb müəllimi, digəri Almaniyanın Təbliğat Nazirliyində işləyən məmurdu.

Cəbhədə baş verənləri Berlin barlarının birində pivə içə-içə müzakirə edərkən Kurt orta statistik sadəlöhv alman rolunda çıxış edir. Villi isə sinik və əxlaqsız fürsətçidir, etibar etdiyi dostuna nasistlərin təbliğat maşınının hiylələrindən və uğursuzluqlarından danışır.

Həmin proqramlarda başqa dilə, bu halda alman dilindən ingilis dilinə və şifahi nitqdən yazılı mətnə tərcüməsi çətin olan yumordan istifadə olunurdu.

Və təbii ki, o yumoru ancaq o dövrün kontekstində başa düşmək mümkündür. Amma hətta o vaxt da yumor suallar yaradır, qızğın mübahisələr doğururdu.

Həmin proqramların hər hansı faydası olurdumu? Satiradan silah kimi istifadə etmək olarmı? Yumor almanlara öz mövqelərini ingilislərin düşüncəsinə uyğunlaşdırmağa kömək edəcəkmi? Bu proqramlar sayəsində onlar müharibənin tezliklə bitməsini arzulayacaqlarmı?

BBC Avropa yayınlarının direktoru Noel Nyusam buna şübhəylə yanaşırdı. 1944-cü ildə o, "Kurt və Villi" haqqında belə yazırdı:

"Əgər bu, gülməli və əyləncəlidirsə, ancaq təəssüfə layiq məqsədə xidmət edə bilər - Almaniyada gərginliyi azaltmağa... Yox, əgər "Kurt və Villi" gülməli deyilsə, bu seriya qiymətli vaxtın səmərəsiz istifadəsindən başqa bir şey deyil".

"Almanlar evlərindəki radionu Londona kökləyəndə zarafat eşitməməlidirlər".

Satirik təbliğatın əhəmiyyətinə şübhələr lap əvvəldən mövcud olub. BBC Almaniya xidmətində ilk eksperiment 1 aprel 1940-cı ildə səsləndirilib. Jurnalistlər təbliğata cavabdeh olan dövlət məmurlarını inandırmalı olublar ki, avstriyalı qaçqın Martin Miller tərəfindən Hitlerin çıxışına parodiya olaraq yazılan və səslədirilən mətn istisna təşkil edəcək.

Ancaq bu, istisna olaraq qalmır, həmin parodiyadan sonra digər yumoristik proqramlar hazırlanır.

Eyni şey oxşar formatlarla eksperimentlər edən sovet radiaosunda da vardı, Amma bu radionun heç bir proqramı "Adolf Hirnşal", "Frau Vernike" və "Kurt və Villi" kimi efirə mütəmadi olaraq çıxmırdı.

BBC Almaniya xidmətinin satirik seriyaları 1940-ci ilin yayından ta müharibə bitən qədər yayınlanıb - bəziləri həftədə bir dəfə, bəziləri iki həftədən bir.

Amma Almaniyada bu verilişlərə kimlər qulaq asırdı və necə reaksiya verirdilər?

Robert Lukasın sözlərinə görə, İkinci dünya müharibəsi qurtaran kimi onlar Almaniyadan gələn "təşəkkür məktubları selinə" məruz qalıblar.

"Londan proqramları Hitlerin apardığı müharibənin ən qara günlərində məni intihardan qoruyub" - BBC-nin arxivində saxlanan məktublardan birində belə yazılıb.

Bir başqasında oxucu bunları qeyd edib: "Ancaq və ancaq BBC sayəsində mən özümdə mənəvi güc tapıb onların əməllərinə ortaq olmadım".

Məktubların çoxunda satirik proqramlara xüsusi yer verilib. "Sizin bizə həm də yumor bəxş etməniz dözülməz həyatı az da olsa yüngülləşdirirdi". Dinləyicilərdən biri heyranlıqla "Siz bizim xalqın ruhunu çox yaxşı başa düşürsünüz" yazıb.

Fotonun müəllifi Library of Congress
Image caption Bəzi tarixçilər deyirdilər ki, nasistləri satirik şəkildə təqlid etmək mənəvi baxımdan doğru deyil.

Faşistləri lağa qoymağı mənəvi baxımdan yolverilməz hesab edənlər (Bu məsələ hətta "Böyük diktator" filminin müəllifi Çarli Çaplini də düşündürüb - o, nasistlərin vəhşiliyi haqda eşidəndə) varsa, bu məktublarla tanışlıqdan sonra onlar da satirik proqramlara haqq qazandıra bilərlər.

Alman filosofu Teodor Adorno iddia edirdi ki, antifaşist satira milli sosializmin həqiqi dəhşətini əks etdirmir, onu banallaşdırır.

Amma məgər gülüş adamlara insanın əslində necə olmalı olduğunu xatırlatmırmı? Satirik proqramların mövcudluğu insan ağlına və ən əsası da dinləyicilərin humanizminə inamı nümayiş etdirmirmi?

"Bütün başqa tiraniyalar kimi, milli sosializm də çox ciddiydi və yumoru sevmirdi" - Robert Lukas belə yazırdı.

Ola bilsin, Almaniya xidmətinin ilk satirik proqramlarının əsas uğuru məhz bundaydı: satira nasistlərin qarşılıq verə bilmədiyi sferaydı.

O vaxt Frau Vernike və ya Adolf Hirnşaldın absurd monoloqlarını çox az adam dinləyibsə belə, həmin monoloqlar heç də həmişə çox-çox gülməli olmayıblarsa belə, onlar adamları sakitləşdirir və ola bilsin, kimlərisə hətta maarifləndirirdi.

Bu sübut edir ki, Lukasın "almanların ruhunu xilas etmək" missiyası heç də uğursuz olmayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş