Pornoqrafiyaya baxmaq istəyən qadınlar üçün xüsusi filmlər

Ericka Lust Fotonun müəllifi Erika Lust Productions
Image caption Rejissor Erika Lust hesab edir ki, pornofilmlər qadınların da təcrübələrini əks etdirməlidir.

"Qadınlar da seksdən xoşlanırlar. Burda olmamız, bu həyatdakı mövcudluğumuz məhz seks sayəsindədir".

Bunlar prodüsser şirkətinin sahibi, erotik film rejissoru Erika Lust-un sözləridir.

O deyir ki, kişilər kimi, qadınlar da pornoqrafiyaya baxmağı xoşlayırlar, ancaq "Mövcud pornoqrafik materialların xeyli hissəsi qadın seksuallığını çox da ciddiyə almayan kişilər tərəfindən istehsal edilib":

"Mən öz filmlərimlə ənənəvi pornoqrafiyaya alternativin olduğunu göstərməyə çalılşıram".

"Maço porno" insanın seks həvəsini öldürür

Dünyanın ən böyük pornoqrafiya saytı "PornHub"-un statistikasına görə, keçən il dünya üzrə bir saniyədə 1000 axtarış qeydə alınıb.

Ancaq Lust hesab edir ki, internetdə asanlıqla tapılan seks materiallarının böyük əksəriyyəti pornoqrafiyanın qaba versiyası - qadının zövq almasına əhəmiyyət verməyən və bəzən də ona hörmətsizlik edən "maço birinin" həzz macəralarıdır.

Lust pornoqrafiya saytlarındakı başlıqların belə seksual və stimullaşdırıcı olmadığını; əksinə, insanın həvəsini öldürən məzmunda olduğunu iddia edir:

"Bu materialların böyük qismindəki seksuallıq mənə uyğun deyil. Mən çəkdiyim filmlərdə seksdən hər kəsin bərabər şəkildə həzz ala biləcəyini göstərmək istəyirəm. Seks insanların birlikdə gözəl vaxt keçirdikləri məşğuliyyət olmalıdır".

"The Hot Bed" podkast seriyasının aparıcılarından və "More Orgasms Please" kitabının müəlliflərindən biri Lisa Williams da bu fikirdədir:

"Oxucularımız və dinləyicilərimiz internetdəki pornoqrafiyanın onların təcrübəsini əks etdirmədiyini deyirlər. Bu filmlərdə qadınların seksdən aldığı həzz və onların arzuları nəzərə alınmır".

Williams deyir ki, internetdəki materiallar hələ də bəzi köhnə və vaxtı keçmiş fikirlərdən asılı qalıb.

Fotonun müəllifi Instagram / @cecile_hoodie
Image caption Lust deyir ki, "İnstaqram"da paylaşdığı materiallar bloklanır

"İnstaqram" və "kölgə qadağası"

Erika Lust öz filmlərini sosial media vasitəsilə təqdim etsə də, onun və digər erotika sənətçilərinin işlərini görmək üçün böyük səy göstərmək lazım gəlir.

Lust bunu sosial media platformalarının erotik məzmunda paylaşımlara mühakiməylə yanaşması və onları qadağan etməsiylə əlaqələndirir.

Rejissor deyir ki, "seksual məzmuna" görə "İnstaqram" onun hesabına və paylaşımlarına tam və ya qismən əngəl törədən "kölgə qadağası" (shadow ban) tətbiq edir.

Bununla bağlı internetdə paylaşımlar edəndə digər erotika sənətçiləri oxşar şikayətlərlə ona müraciət edirlər.

BBC-yə verilən açıqlamada "İnstaqram" rəsmiləri bildiriblər ki, "kölgə qadağası" terminindən istifadə etmirlər, ancaq qayda pozuntusu baş verdikdə "xəbərdar etdikləri məzmunla bağlı" qərar qəbul edirlər. Açıqlamada həmçinin qeyd olunub ki, istifadəçilər bu qərardan şikayət etmək hüququna malikdirlər.

Ancaq Lisa Williams da "@thehotbedcollective" adlı, seksual təlim məzmunlu "İnstaqram" hesabına qarşı eyni cür davranıldığını bildirir:

"Heç bir uyğunsuz paylaşım etməsək belə, onların bəziləri şikayət edilir və silinir. Məsələn, qadınların mastrubasiyasına aid şəkli dərhal sildilər. Bu, ikili standarta oxşayır və qadınların güclənməsinə, öz bədənlərini tanımaq üçün məlumat əldə etməsinə maneə baxımından narahatlıq doğurur".

Amma hətta adlarıyla da qadınları "alçaldan" ənənəvi maço hesabları "internet aləmində məqbul sayılan seksi təmsil edir" - Lust belə deyir.

Image caption Erika Lust

İnsanlar sekslə bağlı informasiyaları hardan alırlar?

BBC-nin bu il apardığı araşdırmaya görə, İngiltərədəki qadınların üçdə biri seks barədə pornofilmlərdən məlumat alır, bu filmlərdə göstərilənləri real hesab edən oğlan uşaqlarının sayı isə 53%-dir.

"Seksual təlim məsələsində cəmiyyətdə böyük bir boşluq var. Ona görə də gənclər pornofilmlərə yönəlirlər. Seks barədə bilmək, seksuallığı başa düşmək istəyirlər və buna görə də pornoqrafiyaya baxırlar" - Erika Lust belə deyir.

Lisa Williams isə hesab edir ki, internetdə "etik" - yəni qeyri-istismar xarakterli pronoqrafiya tapmaq çətindir və bəzi hallarda belə materiala baxmaq üçün pul ödəmək lazımdır.

Erika Lust-un filmlərində rol almış aktrisa Heidi öz təcrübəsi haqda bunları deyir:

"13-14 yaşlarımdan etibarən öz seks istəklərimin fərqinə vardım və internetdə pornoqrafiya izləməyə başladım. Pornofilmlərdən ciddi şəkildə təsirlənən ilk nəslin nümayəndəsi olduğumu düşünürəm. Əslində, pornoqrafiya təkcə gənclərə yox, hamıya təsir edir".

Image caption Pornofilmlərdə rol alan Heidi

Qadınları təmsil edən pornoqrafiya

"Qadınlar da seks istəyi olan varlıqlardır. Ancaq mövcud pornofilmlərə baxmaq və baxıb narahat olmamaq çətindir. Fərqli bədənlər, ehtiras və sevgi görmək istəyirik. Bir yandan şəhvətimizi təmin etmək, digər yandan yeni fikirlər öyrənmək istəyirik" - Lisa Williams belə deyir.

Heidi də pornofilmlərdə fərqli bədən formalı adamlara yer verilməli olduğunu düşünür:

"2 ildir Erikayla birlikdə çalışırıq. Bundan əvvəl mənim kimi azca kök qadının belə filmlərdə rol almadığını gördüm. Bunu fərq etdiyimdə 21 yaşım vardı".

Bu barədə daha geniş