Yeni il hədiyyələrini necə seçməli: 6 məsləhət

Pişik hədiyyə yeni il Yeni il Fotonun müəllifi Getty Images

Araşdırmalar göstərir ki, uğursuz hədiyyə seçimi insanlarla münasibətinizin korlanmasına gətirib çıxara bilər. Bəs, bəyəniləcək hədiyyəni almaq üçün nə etmək lazımdır?

Yenə ilin o vaxtı gəlib çatıb ki, hədiyyə aldığınız adamların siyahısına baxmalı və bəlkə də bu siyahını təzələməlisiniz. Üstəlik, bu dəfə kimə nə almaq və nə qədər pul sərf etmək barədə qərar verməlisiniz.

Britaniyada orta gəlirli ailə Milad bayramında hədiyyələrə 500 funta yaxın pul xərcləyir - təxminən amerikalılar qədər, yəni 650 dollar.

Beləliklə, Yeni il üçün hədiyyə verməli insanların siyahısını öyrənmək (və ya bəlkə də yeniləmək) vaxtı gəlib çatıb. Və yenə kimin nə verəcəyini və nə qədər xərcləməli olduğuna qərar verməlisən.

Hədiyyə almaq bizə ümumən zövq versə də, öz hisslərini bu şəkildə ifadə etmək və bu yolla münasibətləri möhkəmləndirmək o qədər də asan məsələ deyil, çünki uyğun olmayan hədiyyə əks effekt yarada bilər.

Britaniya Kolumbiyası Universitetinin (Kanada) psixologiya üzrə professoru Elizabeth Dunn-un apardığı araşdırma zamanı məlum olub ki, "səhv" hədiyyə almanız qarşı tərəflə sizin aranızda böyük fərq olduğunu üzə çıxararaq münasibətinizdə problemlər yarada, gələcəyinizi şübhə altına ala bilər.

Səhvə yol verməmək üçün nə etmək lazımdır? Ola bilsin, psixologiya mütəxəssislərinin araşdırmaları bu işdə bizə yardımçı olsun.

1. Hədiyyənin qiyməti barədə düşünməyin

Sadəcə çox pul xərcləyib bahalı hədiyyə almaqla problemi həll etmək olmazmı? Axı, bu, həmin şəxsin sizə necə əziz olduğunu göstərə bilər.

Ancaq araşdırmalar göstərir ki, hədiyyənin bahalı olması onun mütləq bəyəniləcəyinə təminat vermir. Hədiyyənin qiyməti artdıqca, onu bağışlayanın gözləntiləri də artır - bizə elə gəlir ki, bu halda mütləq təşəkkür və təqdir görəcəyik.

Fotonun müəllifi Getty Images
Image caption Kimisə hədiyyəylə təəccübləndirmək ideyası heç də həmişə uğur vəd etmir. Ola bilsin, sizdən bəlli bir hədiyyə gözləyirlər, əvəzində isə lazımsız sürprizlə qarşılaşırlar...

Ancaq xərclənən pulun miqdarı hədiyyə verdiyimiz şəxsin daha çox minnətdarlıq hiss etməsinə səbəb olmur.

"Belə görünür ki, hədiyyənin qiymətilə onun doğurduğu təəssürat arasında heç bir əlaqə yoxdur" - Carnegie Mellon Tepper biznes məktəbinin (Pittsburgh, ABŞ) marketinq üzrə dosenti Jeff Galak belə deyir.

İstehlakçıların davranışlarını və nəyisə almaq barədə qərarın verilməsi prosesini araşdıran Galak bildirir ki, müəyyən həddə qədər (ənənəyə və ya gözləntilərə görə) hədiyyənin qiyməti müsbət təsir edə bilər, yalnız müəyyən həddə qədər:

"Bahalı hədiyyə almaqla, siz heç nəyə nail ola bilməzsiniz. Əsas olan hədiyyənin qiyməti yox, özüdür".

2. Hədiyyəni perspektivə nəzərən seçin

Galak-ın sözlərinə görə, hədiyyə alanda onu bağışlayacağınız andan sonrakı perspektivi də düşünmək lazımdır:

"Adətən, insanlar hədiyyəni verəcəkləri anın zövqü barədə düşünürlər, qarşı tərəfin üzündə təbəssüm, sevinc görmək istəyirlər. Ancaq hədiyyə verilən şəxs onu istifadəyə yararlığı baxımından qiymətləndirir".

Başqa sözlə, dostlarınıza və qohumlarınıza onlayn kinoteatr üçün illik abunə hədiyyə edəndə, onların üzündə böyük sevinc əlamətlərinin görünməməsi hədiyyənizin bəyənilməməsi demək deyil. Əksinə, il boyu istifadə ediləcəyinə görə çox bəyəniləcək.

3. Unikallığı və orijinallığı unudun

Galak nəsə fərqli bir şey hədiyyə etmək cəhdlərini yersiz hesab edir. Bəzən insanlar başqalarının arzuladığı və ya artıq başqalarında olan bir şey istəyirlər.

Niyə yanvar boşanmalar ayıdır? Boşanmamaq üçün nə etmək lazımdır?

Araşdırmaların birində məlum olub ki, biz birinə hədiyyə seçəndə, onun xarakterindəki unikal əlamətlərə fokuslanırıq. Bu hiperspesifiklik həmin şəxsin bütün başqa arzu və ehtiyaclarını nəzərdən qaçırmamıza və nəticə etibarilə ona lazım olmayan bir nəsnəni almağımıza gətirib çıxarır.

Bundan başqa, biz, adətən, müxtəlif adamlara müxtəlif şeylər almağa çalışırıq, hətta bilsək də ki, onların hər biri başqasına alınan hədiyyəni daha çox bəyənərdi. Üstəlik, çətin ki, kimsə sizin başqalarına nə hədiyyə etdiyinizi araşdırsın.

Fotonun müəllifi Getty Images
Image caption Hədiyyə seçimində öz qiymətləndirmənizə əsasən davranmayın, ümumi maraqlarınıza uyğun gələn və hər ikinizin bəyəndiyi bir şey alın

Galak qeyd edir ki, başqalarının təqdirini qazanmaq üçün müxtəlif hədiyyələri almaq yanlış taktikadır. Bundan başqa, ola bilsin, siz öz individuallığınızı qorumaq üçün özünüzdə olan bir şeyi başqasına hədiyyə etmirsiz.

Sizin krosovkalarınızdan dostunuzun da xoşu gəlir? Ona da eynisindən alın, öz unikallığınıza fokuslanıb qalmayın.

4. Ortaq maraqlarınıza uyğun hədiyyələr alın

Psixologoya professoru Dann təklif edir ki, hədiyyə alıb sevindirmək istədiyiniz adamla oxşar cəhətlərinizi aydınlaşdırın.

"Ən asanı özünə nəsə almaqdır. Hədiyyə aldığınız adamla oxşar cəhətləriniz varsa, bu oxşarlığı ifadə edən bir şey seçin. Belə hədiyyənin bəyənilmə şansı daha çoxdur".

Daha yaxşısı, hansı təcrübənizi bağışlamağı düşünməkdir. Məsələn, kulinariya kursuna və ya konsertə bilet kimi. Araşdırmalar göstərir ki, bu tip hədiyyələr sizi qarşı tərəflə yaxınlaşdırır - hətta həmin kursa və ya kinoya birlikdə getməsəniz belə.

5. Nə istədiklərini soruşun

Dann deyir ki, hədiyyə olaraq nə istədiyini birbaşa şəxsin özündən də soruşmaq və ya mümkün hədiyyələr siyahısından seçməsini xahiş etmək də olar.

Araşdırmalar göstərir ki, insanlar onların öz seçimiylə alınmış hədiyyələrdən daha çox məmnun qalırlar.

"Çox vaxt biz məsələyə yaradıcı yanaşmaq, öz hədiyyəmizlə kimisə təəccübləndirmək istəyirik. Amma ən yaxşı hədiyyə - arzulanan hədiyyədir".

Galak da eyni fikirdədir: insanın könlünü xoş etməyin ən sadə üsulu onun nə istədiyini soruşmaqdır. Hədiyyə seçənlərin heç də hamısı bu üsulu bəyənməyəcək, çünki nə üçünsə belə qəbul olunub ki, hədiyyə "sürpriz" olmalıdır. Ancaq elm əksini sübut edir.

Fotonun müəllifi Getty Images
Image caption Hədiyyələrin maddi dəyəri insanları bizim düşündüyümüzdən daha az maraqlandırır

Galak deyir ki, "İnsandan hansı hədiyyəni istədiyini soruşmaq az qala tabu hesab olunur. Amma çox nahaq - hər kəsə onun istədiyi şeyi bağışlasaq, hamımıza faydalı olar".

6. Hədiyyə barədə uzun-uzadı düşünməyin

Uyğunsuz bir şey almaq təhlükəsi barədə uzun-uzadı düşünməyin. Tamamən yararsız hədiyyə nadir hallarda olur - əgər lap da mənasız bir şey almasanız.

Hədiyyə verdiyiniz adam bütün hallarda sizə minnətdar olacaq - bu və ya digər dərəcədə. Galak deyir ki, araşdırmaya cəlb etdiyi min nəfərdən yalnız bir neçəsi verilən hədiyyədən narazı qaldığını bildirib.

Yaxın adamınıza nəsə faydasız bir şey almış olsanız belə, onu düşünmənizdən məmnun olacaq, başa düşməyə çalışacaq ki, niyə məhz bu hədiyyəni seçmisiz.

"Kimsə gözlənilməz bir hərəkət edəndə, məsələn, qəribə hədiyyə alanda, siz bunun səbəbini tapmağa çalışırsız, onun beynindəkilər barədə düşünməyə başlayırsız", - Chicago Universitetinin Booth məktəbinin professoru Nicholas Epley deyir.

Epley bizm başqalarını necə anladığımızı və buna əsasən onlar haqqında hansı qənaətə gəlməyimizi araşdırır. O aşkar edib ki, bizim hədiyyə seçməyə çox vaxt sərf etdiyimizin bilinməsi qarşı tərəfin əməyimizi qiymətləndirməsinə və hətta lazımsız hədiyyəni də bəyənməsinə səbəb ola bilir.

Qədim atalar sözünü xatırlayaq: vacib olan hədiyyə yox, diqqətdir.

Uyğun olmayan hədiyyə seçmiş olsanız belə, bu situasiyadan uduşlu çıxan biri olacaq. Həmin "biri" sizsiniz.

Epley deyir ki, "Hədiyyə alan şəxs onun seçiminə çox vaxt sərf edəndə sevindirmək istədiyi adamla özü arasında bir yaxınlıq hiss edir. Hədiyyə qarşı tərəfin xoşuna gəlməsə də, seçmə prosesi və həmin şəxs barədə düşünmək hədiyyə verənin ruhi vəziyyətinə müsbət təsir edir".

Materialın orijinalını ingilis dilində buradan oxuyun BBC Worklife

Bu barədə daha geniş