İsti qışın qlobal temperatur rekordu: niyə belə oldu və il necə davam edəcək

Termometr Fotonun müəllifi AFP

Ötən həftənin sonlarında alimlər qış təqviminin yekunlarını müzakirə ediblər. Nəticələrin analizi göstərib ki, 1880-ci ildən - temperatur göstəriciləri qeyd olunmağa başlanandan sonra müşahidə edilən ən isti qış builki olub; həm də təkcə dünyanın ayrı-ayrı regionlarında yox, bütün Şimal yarımkürəsində və bütövlükdə planet üzrə.

Ən yüksək göstəricilər Rusiyada qeydə alınıb.

1910-2000-ci illər ərzindəki orta göstəriciylə müqayisədə dekabr-fevral aylarında Avropada təxminən 3 dərəcə istiləşmə olubsa, Moskvada, Sankt-Peterburqda və hətta Novosibirskdə havanın temperaturu orta aylıq göstəricini təxminən 7 dərəcə üstələyib.

Müqayisə üçün: bu qış Londonda orta temperaturu aşma həddi 2 dərəcədən az, Vladivostokda 3 dərəcə, Monrealda təxminən 4 dərəcə olub.

Hələ bir ay əvvəl Rusiyanın Hidrometereologiya Mərkəzi xəbərdarlıq etmişdi ki: "Yanvar ayının temperatur norması 4-12 dərəcə və daha çox artıb. Mərkəz Federal Dairəsində yanvar ayının orta temperaturu maksimum həddə çatıb".

Fevral ayında hava anomaliyası aradan qalxmayıb, əksinə, normadan daha çox uzaqlaşıb. Rusiyanın paytaxtında yeni qış temperaturu rekordu yaranıb: fevralın 19-da termometrin göstəricisi 4,7 dərəcəyədək yüksəlib.

Səbəb nədir?

Əlbəttə, dərhal ağla gələn versiya qlobal istiləşmədir, halbuki səbəb bu deyil, ən azı bilavasitə deyil.

Planetdə orta temperatur həqiqətən artır, ancaq heç də belə sürətlə yox. Ötən əsrin göstəricilərilə müqayisədə son 20 ildə Yer kürəsi təxminən 1,14 dərəcə istiləşib.

Təkcə Rusiyada yox, Avropa və ABŞ-da da hava anomaliyasını yaradan səbəb başqadır.

Adətən, şaxtanı Şimal yarımkürəsinə siklon və antisiklonlarla birlikdə aşağı enliklərə hərəkət edən Arktika soyuq hava kütlələri gətirir. Ancaq hələ dekabr ayında şimal qütbündə genişmiqyaslı aşağı təzyiq qeydə alınmış və bu, soyuğun şimaldan cənuba keçməsinə imkan verməmişdi.

Yanvar ayında da vəziyyət dəyişmədiyi üçün qış aylarında küləklər planetin şimal qütbündə dövrə vurmağa davam etdi və materikin insanlar yaşayan hissələrinə gəlib çatmadı.

"Soyuğun cənuba keçməsinə mane olan dövri hərəkət, yəni qütb dairəsi ətrafında hərəkət xəritədə çox aydın görünür" - Saratov Dövlət Universitetinin meteorologiya və iqlimşünaslıq kafedrasının dosenti Svetlana Morozova belə deyir.

Həmkarı Serafima Lapina isə əlavə edir ki, "Rusiyanın Avropa hissəsində qışın soyuq keçməsini mütəxəssislər çox vaxt Asiya antisiklonunun qərb "ətəklərinin" təsiriylə əlaqələndirirlər. Ancaq bu yalnız o halda mümkündür ki, həmin antisiklona Arktika havası da qarışmış olsun".

Meteoroloqlar deyirlər ki, şimal qütbünün soyuq hava kütlələri aşağı enliklərə gəlib çatmayanda, qış aylarının temperaturu yüksəlir. Bu ilsə havanın dövriyyəsi sabit qalıb və bütün qış mövsümü ərzində dəyişməyib.

Fotonun müəllifi AFP

Qütb küləyi niyə "həbsdə" qaldı və əvvəllər də belə hallar olubmu?

Birinci sualın sadə cavabı belədir - məlum deyil. Mümkün səbəblər o qədər çoxdur ki, heç bir meteoroloq bununla bağlı qəti fikir bildirməz - ən azı indi. Tomsk Dövlət Universitetinin meteorologiya və iqlimşünaslıq kafedrasının müdiri Valentina Qorbatenkonun sözlərinə görə, dövriyyənin sonunu, yəni ən azı bir il gözləmək lazımdır ki, vəziyyəti analiz etmək mümkün olsun.

Hərçənd professor hesab edir ki, hətta bu dərəcədə kəskin fərqlərdə belə, çoxillik normadan uzaqlaşmaq normal haldır. Bunu misli görünməmiş bir şey kimi qəbul etmək və çox isti keçən qışa görə panikaya düşmək lazım deyil.

Məsələn, keçən qış vəziyyət bunun tam əksiydi - bir ucu şərqi Sibirə, digəri ABŞ-a qədər gedib çıxan qütb qasırğasına görə yanvar ayı anormal dərəcədə soyuq keçmişdi. Elə güclü şaxta düşmüşdü ki, ABŞ-ın bir neçə ştatda fövqəladə vəziyyət elan etmək lazım gəlmişdi.

Bunun çox sayda səbəbi ola bilər, çünki Yerin atmosferi "içində hava qaynayan böyük bir qazandır və orda o qədər çox amil var ki, hamısını hesablamaq sadəcə mümkün deyil. Məsələn, Arktikada buzlar əriyir - suyun duzluluğu, sıxlığı, dövriliyi artır və nəticədə hansısa mikrosirkulyar dəyişiklikllər baş verir; həm də yalnız atmosferdə yox, okeanda da. Üstəlik, onların heç də hamısı görünən deyil. Yəni atmosfer fəaliyyətinin çoxillik, çoxəsrlik mərkəzlərinin yerdəyişməsi baş verir" - professor Qorbatenko belə deyir.

O həmçinin qeyd edir ki, belə dəyişiklikləri proqnozlaşdırmaq və buna əsasən qışın indiki kimi isti, yoxsa həmişəkindən soyuq keçəcəyini demək də mümkün deyil.

Ümumiyyətlə, bütün proqnozlar retrospektivə əsaslanır: keşmişdən analogiyalar, oxşar situasiyalar axtarılır və onlar əsasında qənaət formalaşdırılır. Proseslərin builki inkişaf ardıcıllığına alimlər daha əvvəl heç rast gəlməyiblər. Ona görə də bizə məlum olan və olmayan göstəriciləri ən güclü kompüterə yükləsək belə, analoqunu tapa bilməyəcək.

Ancaq professor bunun da xüsusi əhəmiyyət kəsb etmədiyini deyir:

"Bəli, instrumental müşahidənin bütün tarixi boyu belə bir hala rast gəlinməyib, heç yaddaşlarıımızda qalanı da yoxdur. Bu ancaq o deməkdir ki, indiki situasiya son 140 il ərzində baş verməyib. Ancaq biz, məsələn, 160 il əvvəl necə olduğunu bilmirik. Halbuki iqlim dövriliklərinin tarixi onminilliklərlə ölçülür".

Professor Qorbatenko məsələyə münasibətini belə yekunlaşdırır:

"İnsan həyatı çox qısadır və hər birimizin yaddaşında unutmadığımız illər var və ona görə də "Vay, mən heç belə qış görməmişdim" deyə bilirik. Ancaq bu, ciddi arqument deyil, çünki bu cür hallar 60 və ya 100 ildən sonra da təkrarlana bilər və hətta onda da qəti fikir söyləmək mümkün olmayacaq".

Bu barədə daha geniş