Veqanlara qarşı irrasional nifrətin səbəbi nədir?

  • Zaria Gorvett
  • BBC Future
Veqan

Şəklin mənbəyi, Getty Images

İnsanlar tez-tez veqanların onlarda qıcıq doğurmasından şikayətlənirlər. Sorğulardan birinin nəticələri göstərib ki, bundan daha güclü mənfi emosiyanı onlarda ancaq narkomanlar yaradır. Psixoloqlar heç də həmişə rasional olmayan bu düşüncələrin səbəblərini anlamağa başlayıblar.

2019-cu ilin iyul ayında qurşağa qədər çılpaq, saçları at quyruğu şəklində toplanmış bir şəxs veqan bazarına gəlib başı kəsilmiş dələni hər kəsin gözü qabağında nümayişkaranə şəkildə yeməyə başlayıb. Ağzının kənarları qana bulaşmış bu şəxs deyib ki, ətdən imtina tələblərinə bu şəkildə etiraz edir.

Polis yaxalayana qədər yaxınlığındakı adamlardan biri ondan niyə belə bir etiraz forması seçməsinin səbəbini soruşub: "Nəyə görə belə etdiniz, axı? Mən də ət yeyirəm, amma sizin kimi davranmıram". Doğrudan da, nəyə görə? Bu suala cavab vermək o qədər də asan deyil.

Veqanlığın dünya miqyasında populyarlaşmasına paralel olaraq veqanlara qarşı ironiya və sarkazm dalğası da artır.

Ət yemək, yoxsa yeməmək - bu sual istər virtual, istərsə də real dünyada böyük mübahisələrə səbəb olub. Həm veqanlar, həm də ətyeyənlər bir-birinə qarşı savaşda çox orijinal davranırlar, hətta mətbuatda xəbərlərə mövzu olacaq qədər.

Bu "müharibədə" nələr olmayıb ki? Britaniyalı fermerlərin inək və donuzlarının oğurlanması. Etiraz aksiyasına çıxmış veqanların önündə maralın şaqqalanması. Barselonada bədənlərinə yalançı qan sürtmüş veqanların çılpaq etirazı. Öz konsertində ət məhsullarının satışını istəməyən müğənninin "şərəfinə" provakasiya xarkterli "Morrissi" ət sendviçlərinin hazırlanması.

Əlbəttə, bir-birilə razılaşmamaq insanların təbiətində var. Ancaq veqanlara qarşı aqressiyada rasional yanaşma əlamətləri tapmaq çətindir. İlk baxşıda onlara qarşı elə sadə qıcığı da izah etmək mümkün deyil.

Sorğular göstərir ki, belə yanaşma bir də yalnız narkomanlara münasibətdə sərgilənir. Heyvanlarla qəddar davranışı ətdən imtinanın əsas səbəbi olaraq göstərən veqanlara qarşı da böyük dözümsüzlük müşahidə olunur.

Veqanofoblardan bunun səbəbini soruşsanız, bir xeyli məqbul (həm də qeyri-məqbul) arqument eşidə bilərsiniz. Birincisi veqanların riyakarlığıdır: onların da əli qana bulaşıb, onlar bitkiləri məhv edirlər, avokado yetişdirməyə sərf edilən ekoloji xərclərə görə məsuliyyət daşıyırlar, taxıl bitkilərini qorumaq üçün şöl siçanlarını qırırlar.

Ancaq veqanlar öz prinsiplərinə sadiq qalsalar belə, tənqidlərdən qurtula bilmirlər. Məsələn, bu yaxınlarda Britaniyada bir aktivist bəyan edib ki, ictimai nəqliyyatdan istifadə etməyəcək, çünki həşəratlar maşınların təkərləri altında qalıb məhv olurlar. Bu bəyanat ictimaiyyətdə gülüş və qəzəb doğurub.

Veqanların ittiham olunduğu daha bir məsələ özləri haqqında çox yüksək fikirdə olmalarıdır. Hətta bununla bağlı belə bir zarafat da var: "Məclisdə kimlərin veqan olduğunu necə bilmək olar? - Narahat olmayın! Özləri bunu sizə elan edəcəklər!"

Hədsiz canfəşanlıq da veqanların mənfi xüsusiyyətlərindən biri hesab olunur. Məsələn, tanınmış müğənni Morrissi israr edib ki, onun çıxış etdiyi konsert meydançasının ətrafında ət məhsullarından hazırlanmış ərzaqlar satılmasın. Eyni meydançada çıxış edəcək repersə "Morrissiyə təzim etməmək" üçün konsertini təxirə salıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Bir sorğunun nəticələri göstərib ki, veqanlara mənfi münasibət bəsləyənlər eyni səviyyədə yalnız narkomanlara nifrət edirlər

Onlayn-forumlarda veqanları ələ salırlar: "Onlar veqan olduqlarını adama hər beş dəqiqədən bir xatırladırlar", "Tofudan hazırlanmış basdırma ancaq psixopatların xoşuna gələ bilər".

Veqanlara qarşı nifrətin səbəbi həqiqətən də bu sadalananlardırmı? Bəzi psixoloqlar məsələyə başqa cür yanaşırlar: belə münasibət təhtəlşüurumuzda özünə dərin yer etmiş psixoloji qərəzdir.

ABŞ-ın Kentukki ştatındakı Bellarmin Universitetinin əməkdaşı, sosial psixoloq Henk Rotgerber hesab edir ki, hər şey "Biz niyə ət yeməyə davam edirik" sualının cavabına bağlanır:

"Biz elə bir dövrdə yaşayırıq ki (ən azı Qərbdə), ətin zərəri barədə sübutlar və kitablar çoxalır. Ancaq bizim davranışımız, demək olar ki, dəyişməyib".

O, 2018-ci ildə (Adətən, statistik göstəricilər gecikməylə dərc olunur) ABŞ-da adam başına istehlak edilən ətin ölkə tarixində ən yüksək həddə çatdığına diqqət çəkir:

"Ümumiyyətlə, nə qədər adam ət yeməkdə bir məna görür? Onlar həm ət yeyirlər, həm də özlərini yaxşı adam sayırlar?"

Rotgerber inanır ki, ət yeməyə davam etmək üçün ağlı ciddi ölçüdə gücə salmaq lazımdır.

Xoşbəxtlikdən beynimiz elə bir quruluşa sahibdir ki, bizi qarşılaşmaq istəmədiyimiz hər cür reallıqdan qoruyur. Bunun üçün əlimizin altında çox sayda psixoloji hiylə var.

Siz balıq alıb onu evdə - sevimli balıqlarınızın üzdüyü akvariumun yanında oturub yeyəndə və ya "İnstaqram"da sevimli və komik dovşan şəkillərini bəyənəndən dərhal sonra pörtlədilmiş dovşan əti yeyəndə koqnitiv dissonas hiss edə bilərsiniz. Bu, insanın beynində həyata dair bir-birinə zidd iki baxışın olması vəziyyətidir.

Belə durumlarda heyvanlara olan sevginiz onları yemənizə mane olmur. Yoxsa olur? Bəzi psixoloqlar bunu "ət paradoksu" adlandırırlar. Bəzilərisə daha sərt ifadə işlədirlər: "mənəvi şizofreniya".

Heyvanlara sevginiz onları yemənizə mane olmur. Yoxsa olur?

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Veqanlar deyirlər ki, koqnitiv dissonans heyvanları sevdiyin halda ət yeməyə davam etməkdir

Bütün hallarda koqnitiv dissonans stres yaradır, əsəblərimizi korlyır.

Amma problemi həll etmək, baxışları və ya davranışı dəyişmək əvəzinə, özünün hiss etdiyi diskomforta görə başqalarını günahkar saymaq normal hesab olunur.

Məsələn, brokerlər doğru olmayan investisiya qərarlarına görə birjada pul itirəndə buna görə öz menecerlərini günahlandırırlar. Bu onlara imkan verir ki, itkilərdən sonra da özlərini haqlı hiss edə bilsinlər. Baxmayaraq ki, buna məhz şəxsi qərarları səbəb olub.

Rotgerber deyir ki, ət yemək məsələsində paradoksdan qurtulmaq üçün 15 strategiyadan istifadə olunur.

Məsələn, yediyimiz ətin heyvanlara heç bir dəxli yoxmuş kimi davranmaq olar. Və ya əti əvvəlkindən daha az yediyimizi təsəvvür etmək. Ya da ətin necə əldə edilməsini və bizə gəlib çatdığı hala necə düşməsi prosesini görməzliyə vurmaq olar.

Nəhayət, fermalarda heyvanların xoşbəxt olduğunu əks etdirən şəkillərə baxaraq yediyimiz ətin "humanist" davranılmış heyvanlara aid olduğunu düşünməklə də təsəlli tapmaq olar.

Amma təssəffüf ki, veqanlar öz növcudluqlarıyla dünyanın gözəl təsvirini korlayırlar.

Rotgerber deyir ki, insanlar ət yeməyi ideoloji məsələ hesab etmirlər. Bütün dünyada hökm sürən ət istehlakı vərdişi ətyeyənlərə bunun mənəvi seçim olmasına diqqət etməmək fürsəti yaradır.

Hansısa məclisdə kimlərinsə veqan olduğu üzə çıxanda məlum olur ki, bizim dietamız ümumən qəbul olunmuş yox, ət dietasıdır. Yəni təkcə öz mövcudluqlarıyla veqanlar ətyeyənləri koqnitiv dissonans vəziyyəti yaradırlar və bu onları qəzəbləndirir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Psixoloqlar deyirlər ki, ət yemək vərdişimizə haqq qazandırmaq üçün istifadə etdiyimiz psixoloji hiylələrdən biri də xəyali bir fermadakı heyvanların xoşbəxt görüntülərini əks etdirən şəkillərə inanmaqdır

Belə dissonansa qalib gəlməyin populyar üsulu öz seçimini əsaslandırmaqdır.

Onilliklərlə davam edən psixoloji araşdırmalar göstərir ki, insanlar özlərinə daha çox bəyəndikləri qərarları seçmək imkanı yaradırlar. Əlbəttə, rasional bəraətlər düşünə bilsələr.

Məsələn, hansısa araşdırmanın iştirakçıları yaxşı oxuyacaqlarına inanmaq istəyəndə, keçmişdəki uğurlarını xatırlayırlar, uğursuzluqlarını yox. Yəni öz inamlarını təsdiq etmək tapşırığına yaradıcı yanaşırlar.

Motivasiyalı düşüncə ət yemək tərəfdarlarına heyvan ətiylə qidalanmağın niyə normal, veqanlarınsa niyə anormal olduğunu izah edəcək arqumentlər də tapa bilər.

Pensilvaniya Universitetinin psixoloqu Culiya Minsonun araşdırmasında iştirakçılardan veqanlara münasibətlərini soruşublar. Sonra da xahiş ediblər ki, veqanlarla bağlı assosiya yaradan üç söz desinlər.

İştirakçıların yarıdan bir qədər azı ən azı bir neqativ söz deyib, 45%-i veqanların ictimai xarakteristikasına aid sözləri əlavə edib. Məsələn, onları qəribə, lovğa, mənəviyyat dərsi keçməyə meylli, aqressiv, əsəbi, axmaq və təəccüblüdür ki, hətta sadizmə meylli adlandırıblar.

Veqanların həqiqətən də özlərini ətyeyənlərdən üstün hesab etməsi, əlbəttə ki, onların reputasiyasını yaxşılaşdırmağa xidmət etmir.

Məsələn, vegetarianlar qeyri-vegetarianlara nisbətən daha üstün keyfiyyətlərə malik olduqlarını düşünürlər və təbii ki, bu, ətyeyənlərin onlara qarşı dözümsüzlüyünü artırır.

Qəribədir ki, biz həyata dair tərifəlayiq seçimlər edən şəxsləri rədd edirik

Benua Monen, psixoloq

Araşdırma müəlliflərində vegetarianların haqlı olması qənaəti gücləndikcə, ətyeyənlərlə bağlı daha sərt ifadələr işlədiblər.

"Bir çox araşdırmanın nəticələri göstərib ki, biz mənəvi baxımdan aşağı səviyyədə olan və ya cəmiyyətin belə qiymətləndirdiyi qrupları heç sevmirik. Ancaq qəribədir ki, biz həyata dair tərifəlayiq seçimlər etmiş şəxsləri də rədd edirik" - Benua Monen belə deyir.

Getdikcə daha çox sübut olunur ki, bizimlə eyni mənəvi prinsiplərə sahib olan, ancaq bizdən fərqli olaraq onları axıra qədər müdafiə etməyə hazır şəxslər bizi daha çox əsəbləşdirir.

Ümumiyyətlə, qınanmaqdan qorxmaq hissi özünə münasibətdə səmimi olan, yəni olduğu kimi davranan şəxslərə hörmət hissini üstələyir.

Professor Monen deyir ki, əslində, vegetarianlar ətyeyənlərdən də çox qatı veganlardan ehtiyat edirlər və bu, qınanmaq qorxusunun çox güclü olmasından irəli gəlir:

"Vegetarianlar hesab edirlər ki, heyvanların ət tədarükü üçün bəslənməsində nəsə düzgün olmayan bir şey var. Ancaq bu məsələdə veqanlar onlardan irəli gediblər".

Vegetarianların qorxusu əsassız deyil: araşdırmalar göstərir ki, veqanlar onları riyakar hesab edir.

Araşdırmalar etik prinsiplərə görə veqan və ya vegetarian olanların sağlamlıq problemlərinə görə həyat tərzini dəyişənlərdən daha çox qıcıq doğurmalarının səbəblərini də üzə çıxarıb.

Araşdırmalar göstərir ki, veqanlar vegetarianları riyakar hesab edir

"Heyvanların öldürülməsinə ortaq olmağın yaxşı bir şey olduğunu düşünmürəm. Ancaq siz istədiyiniz kimi davranmalısınız... Mən sizi qınamıram" - Monen belə deyir.

Ət yemək, yoxsa yeməmək seçimin mənəvi tərəfinə toxunmayan mübahisələr o qədər də aqressiv deyil. Məsələn, fermada böyümüş birinin hansısa idiosinkraziya nəticəsində veqan olmasını ətyeyənlər normal qarşılayırlar və belə hallar onları qəzəbləndirmir. Əksinə, "Fermada böyüməməmiz bizim günahımız deyil" arqumenti yaradır.

Qəribədir ki, eyni psixoloji qərəzlilik ucbatından heyvanların əzabını əks etdirən plakat və videoroliklər tam əks olan effek doğurur.

Əlbəttə, bəzi adamlar həmin materiallara baxandan sonra daha az ət yeməyə başlaya bilər. Ancaq öz davranışını dəyişməmək barədə qəti qərar qəbul edənlər daxili diskomfort hissini dəf etmək üçün əti əvvəlkindən də çox yeyər.

Beləliklə, psixloloqların dediyinə inansaq, növbəti dəfə çiy dələ əti yeyən antiveqan aktivistlə rastlaşanda, düşünün ki, ola bilsin, o, ürəyinin dərinliklərində heyvanları sevir, amma hər vəchlə bu sevgini gizlətməyə çalışır.

--

Materialın orijinalını buradan oxuyun BBC Future.