Koronavirus və ev heyvanları: pişikləri necə xoşbəxt etməli

Sobanın yanında uzananpişik

Şəklin mənbəyi, Getty Creative

Şəklin alt yazısı,

Sobanın yanında uzanıb qızınmağı bütün pişiklər xoşlayır

İnsanlar pandemiya dövründə qapalı həyat tərzinə alışmağa başladılar, halbuki bəzi ev heyvanlarında bu alışqanlıq çoxdan var - ən azı insanlar şəhər mənzillərində yaşamağa başlayan vaxtdan.

İtlərin bəxti daha çox gətirib. Adətən, sahibləri onları gündə bir-iki dəfə küçəyə çıxarır. Ancaq pişiklər ən yaxşı halda geniş üfüqü olan pəncərəyə ümid edə bilərlər.

Ona görə yox ki, onların sahibləri qəddar adamlardır, ona görə ki, pişikləri xaltayla gəzdirə bilmək hər adamın işi deyil.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Azad həyatmı, qapalı həyatmı?

İki fərqli baxış

Pişikləri küçəyə buraxıb-buraxmamaqla bağlı iki əks mövqe mövcuddur.

Onlara sərbəstlik verməyin tərəfdarları deyirlər ki, bu heyvanlar azadlığı, təkbaşına gəzib-dolaşmağı sevirlər və pişikləri bundan məhrum etmək onlara ziyandır.

Avropa, ABŞ və Kanadada insanların daha çox şəxsi evlərdə yaşaması bunu təmin etməyi asanlaşdırır - giriş qapısında pişik üçün açılan dəlik onun evə sərbəst girib-çıxmasına, istədiyi yerə gedib istədiyi vaxt qayıtmasına şərait yaradır.

Digərləri isə hesab edirlər ki, pişik yırtıcı heyvandır və hətta ağappaq, yupyumuşaq olanı da il ərzində az qala 200 xırda heyvan və quş öldürə bilər - bunu bu yaxınlarda Avstraliya ekoloqları hesablayıblar.

Avstraliya digər beş qitədəki pişik sahiblərinə nümunə göstərmək məqsədilə "müəyyən ərazidə pişiklər üçün komendant saatı" tətbiq edib - hələ ki, yalnız paytaxt Kanberrada.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Alimlər deyirlər ki, ev həyatı pişiklər üçün qətiyyən ziyanlı deyil

Ancaq bu o demək deyil ki, onları ancaq axşam 7-dən sonra küçələrdən yığmaq lazımdır. Bu, pişiklərin ümumiyyətlə küçəyə buraxılmaması deməkdir - əgər pişik sahibi ekoloji baxımdan mühafizə olunan ərazidə yaşayırsa. Bu qaydanı pozanı 1500 Avstraliya dollarına qədər cərimə gözləyir.

Avstraliya hökuməti bildirir ki, pişiklər şəraitə tez uyğunlaşırlar və evdə yaşamaq onlara heç bir ziyan vurmur.

Pandemiya dövründə ortaya çıxmış suala - dördayaqlı dostlarımızın infeksiya daşıyıcısı olub-olmamasına dəqiq cavab verilmədiyi üçün ehtiyatlı olmaq daha yaxşı variantdır.

Bundan başqa, ekspertlər qeyd edirlər ki, küçəyə buraxılmayan pişiklər daha çox yaşayırlar və nəqliyyat vasitələrinin, digər heyvanların və bəzən hətta insanların da onlar üçün yaratdığı təhlükələrdən daha yaxşı qorunmuş olurlar.

2019-cu ildə Avstraliyada 12 min pişik sahibi arasında keçirilmiş sorğu zamanı məlum olub ki, onların heç də hamısı ev heyvanlarına qulluq qaydalarını yaxşı bilmir. Bu isə öz növbəsində pişiklərin şıltaq və qəliz xasiyyətli olmasına, piylənməsinə və genitouriya unfeksiyalarına yoluxmasına gətirib çıxarır.

Məsələn, pişiklər təbii ehtiyaclarını ödədikləri yerin təmiz olmasını xoşlayır və "kirli" tualetə yaxınlaşmırlar. Ona görə də mənzildə onlar üçün iki və ya daha çox qab qoymaq lazımdır.

Bundan başqa, insanlar kimi, pişiklər də tualetin yaxınlığında yeməyi sevmirlər, ona görə də yemək və tualet qablarını fərqli otaqlara qoymaq lazımdır.

Qapalı həyatı pişiklər üçün necə əyləncəli etmək olar?

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Sahibləri kimi, pişiklərin də psixoloji dəstəyə ehtiyacı var

Genişmiqyaslı araşdırmanın nəticələrinə əsasən hazırlanmış məsləhətlər:

Təmizlik və gigiyena

1. Hər pişiyin iki tualet qabı olmalıdır. Yəni sizin iki pişiyiniz varsa, mənzilinizin fərqli yerlərində üç tualet qabı olmalıdır. Bu qablar üçün ən yaxşı doldurucu gildən hazırlananıdır. Gündə iki dəfə doldurucunun bulaşmış yerlərini yığıb atmaq, həftədə bir dəfə isə tamamilə dəyişmək lazımdır. Qabların birinin üstünü örtülü saxlayın, sonra digəriylə yerini dəyişin - pişiklər müxtəlifliyi sevirlər.

Şəklin mənbəyi, Getty Images

2. Tüklərinin mütəmadi olaraq daranması pişiklər üçün gözəllik salonuna və ya masaj kabinetinə getmək kimi bir şeydir. Bu, həm psixoloji dəstək baxımından onlar üçün faydalıdır, həm də tüklərinin dolaşıb düyünlənməsinə imkan vermir.

3. Pişiyinizi sadəcə yarımfabrikatlarla bəsləməyin, arada çiy ət, məsələn, toyuq budu da verin. Onu çeynəmək həm pişiyin diş ətlərini möhkəmləndirər, həm də xüsusiyyətçilik hissini təmin edər. Pişiyiniz budu yeməzdən əvvəl onu var gücüylə döşəməyə çırpıb "öldürsə", təəccüblənməyin və aşağı mərtəbədəki qonşular səsdən şikayətə gəlsələr, deyin ki, bu, ev heyvanının ruhi və fiziki sağlamlığı üçün vacibdir.

Şəklin mənbəyi, Cats Protection/PA

Şəklin alt yazısı,

Gözəllik salonuna və ya masaj kabinetinə getmək bizim üçün nədirsə, tüklərinin mütəmadi olaraq daranması da pişiklər üçün odur

Hərəkət üçün məkan

4. Pişiklər şaquli səthləri üfüqi olanlardan daha çox sevirlər. Dupleks mənzildə yaşamırsınızsa, evinizə kiçik pilləkan və ya başqa bir qurğu qoyun ki, pişik əvvəl ona, sonra da şkafın və ya soyuducunun üstünə çıxa bilsin.

Onun üçün xüsusi oyun komleksləri alın.

Şəklin alt yazısı,

Pişiyiniz üçün seçdiyiniz yer onun xoşuna gəlməsə, özünə başqa yer tapacaq

5. Pişiklər pəncərə qabağında oturmağı xoşlayırlar, ona görə də evinizin ən azı bir pəncərəsini onun üçün əlçatan edin.

6. Pişiyinizə bir neçə yer düzəldin, yaxşı olar ki, müxtəlif səviyyələrdə - məsələn, xüsusi səbətdə, asma yataqda və ya hamakda.

7. Pişiklərin bədən temperaturu itlərin və insanların bədən temperaturundan yüksəkdir. Ona görə də onlar isti yerləri xoşlayırlar. Pişiyinizə batareyanın yanında və ya eyvanın gün düşən yerində uzanmaq imkanı yaratsanız, sizə çox minnətdar olacaq.

Şəklin alt yazısı,

Pişiklər mənzildə bir neçə qapalı yer tapıb orda oturmağı xoşlayırlar, çünki belə yerlərdə özlərini təhlükəsiz hiss edirlər

8. Mənziliniz yuxarı mərtəbədədirsə, nəfəsliklərə tor vurun, öz "kəndirbazınızı" eyvanın məhəccərinə yaxın qoymayın, çünki hündürlükdən yıxılması ciddi travmalarla nəticələnə bilər.

9. "Dırnaq üçün lövhə" alın. Hansı olur-olsun - uzunu, yastısı və ya divara vurulanı. Əks halda mebellərinizlə vidalaşmalı olacaqsız.

10. Bağçalı həyət evində yaşayırsınızsa, modul pişik meydançası alıb coşqulu, amma təhlükəsiz əyləncə məkanı yaradın.

Şəklin mənbəyi, Vittorio Zunino Celotto/Getty

Şəklin alt yazısı,

Karantin dövründə sahibinin həmişə evdə olmasına alışan pişiklər onun işinə dönməsindən narahat ola bilərlər

Oyundan ibarət həyat

11. Evdə bir və a iki pişiyin olması ideal variantdır. İkisi olsa, daha yaxşı olar, çünki siz evdə olmayanda bir-biriylə oynayarlar.

Tək qalan pişiklər əsasən yatırlar və sahiblərinin qayıtmasını gözləyirlər. Eyni vaxtda üç və daha çox pişik saxlamaq lazım deyil: onların arasında sahiblərinin sevgisini və nüfuz dairələrini bölüşdürməklə bağlı problemlər yarana bilər.

12. Öz əyləncəniz üçün xərclədiyiniz pulları yadınıza salın və pişiyinizə oyuncaq almağa xəsislik etməyin.

Bu oyuncaqların bahalı olması vacib deyil - stolüstü tennis topu, ciyildəyən siçan və bunlara bənzər şeylər onu xeyli sevindirər. Qaçış təkəri kimi lüks trenajorsa pişiyinizi lap xoşbəxt edər.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Ekoloqların sözlərinə görə, pişiklərə sərbəstlik verilsə, ildə 200-ə qədər xırda canlı məhv edə bilərlər. Qapalı həyat şəraitində isə sadəcə müşahidə etməklə də kifayətlənə bilirlər.

13. Sizin dördayaqlı "xəzinəniz" özünə yem tapmaq məcburiyyətində olmasa da, ovçuluq instinkti öləzimir.

Pişiyiniz uyğun olmayan yerdə, məsələn, mətbəx masasının üstündə yem axtarmasın deyə, ona "hiyləli" yemək qabı alın.

Necə ki, siz yemək yeyəndə krossvord doldurmağı xoşlayırsız, qoy, pişiyiniz də bu işlə məşğul olsun.

Şəklin alt yazısı,

Pişiklərin bədən temperaturu bizimkindən yüksək olduğu üçün batareya və ya sobaya yaxın olmağı xoşlayırlar

14. Və ən başlıcası: pişiyinizə vaxt ayırın, onunla oynayın, hətta birlikdə televizora da baxa bilərsiz.

Əlbəttə, sevimli seriallarınız olmamış deyil, ancaq hərdən televizorun pultunu pişiyinizin pəncəsi tərəfə itələyin - YouTube-da pişiklər üçün quşlar, balıqlar və digər xırda canlılarla bağlı xüsusi kanal var.

Birlikdə baxın, bəlkə sizin də xoşunuza gəldi.