Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycanda İranla bağlı qrupun “zərərsizləşdirildiyi” bildirilir

Dövlət televiziyası Milli Təhlükəsizlik Nazirliyinin məlumatına istinadən İranın xüsusi xidməti və “Hizbullah” qrupu ilə əlaqəli dəstənin həbs olunduğunu bildirib.

Qrupun terror aktları hazırlamaq məqsədilə yaradıldığı qeyd olunur.

Televiziya xəbərində bildirilir ki, saxlanılan şəxslər kəşfiyyat məlumatlarının toplanılması ilə yanaşı silah, döyüş sursatı və partlayıcı maddələr tədarük edib.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycanda İranın xüsusi xidmət orqanı olan "Sepah"ın və “Hizbullah”ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirdiyini Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev təsdiqləyib. "Televiziya ilə verilibsə deməli doğrudur" - o, deyib.

Həbslər barədə xəbərlər ötən günlər ərzində yayılıb.

Lakin bu açıqlamanın Nardaranda aparılan həbslərlə bağlı olub-olmadığı qeyri-müəyyən qalır.

Arif Babayev BBC Azərbaycancancanınbu barədə sualını cavablandırarkən deyib: "Bu barədə əlavə şərh verilmir".

Bu arada isə, BBC Azərbaycancaya müsahibəsində Nardaran Ağsaqqallar Şurasından Natiq Kərimov həbslərin fevralın 10-dan aparıldığını deyib. (Videonu izləyin)

O, bu olay barədə yalnız bir neçə gün keçmiş xəbər tutduğunu qeyd edib.

Natiq Kərimovun sözlərinə görə Milli Təhlükəsizlik Nazirliyinə aparılan 20 nəfərdən 11 buraxılıb.

Yerdə qalan 9 nəfərə dair 2-3 aylıq həbs-qətimkan tədbiri seçilib, Nardaran Ağsaqqallar Şurasının üzvü deyib.

İranla Azərbaycan arasında əlaqələr ötən il Bakıda İslam Partiyasının fəallarının həbsindən sonra gərginləşib.